Onlayn kassalar şəffaflığa
zəmin yaradır
Biznesdə şəffaflığın
təmin edilməsi, korrupsiya və digər neqativ hallarla
mübarizədə fəaliyyətin gücləndirilməsi
məqsədilə elektron vergi
inzibatçılığının tətbiqi, texnoloji təminat
vacib şərtlərdəndir. Vergi sistemində həyata
keçirilən modernləşmə nəticəsində
vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin
bütün mərhələlərində - qeydiyyatdan
tutmuş bəyannamələrin təqdim edilməsi, vergi
ödənişlərindən tutmuş vergi nəzarəti
prosesinədək tam şəkildə eleętron texnologiyalar
üzərindən aparılması ilə bağlı
sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər
görülür.
Nəzarət
sistemi elektronlaşdırılır
Vergilər Nazirliyinin rəqəmsal
texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən
biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda
nəzarət-kassa aparatlarından nazirliyin sisteminə
ötürülən məlumatlar oflayn rejimdə həyata
keçirilir. Bu sahədə şəffaflığın
təmin olunması üçün yaxın gələcəkdə
onlayn kassa aparatlarının tətbiqi
planlaşdırılır. Nazirliyin
informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat
mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir
ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat
məlumatlarının daha dürüst olmasına və
satış mühasibatlığında şəffaflığın
təmin olunmasına şərait yaradacaq. Bundan əlavə, kassa aparatları üzrə
texniki tələblərə yenidən baxılması
planlaşdırılır və bu sahədə dünya təcrübəsi
araşdırılır.
Onlayn kassa nədir?
Bu müasir avadanlıq fiskal
operator vasitəsilə mağazaların nağd, kartlarla və
elektron pullarla edilən bütün satış dövriyyəsi
haqqında məlumat ötürə bilir. Məlumatlar
vergi orqanlarına qəbzlərin elektron surəti kimi daxil olur
və bazada illərlə qorunub saxlanıla bilir.
Onlayn kassalardan mal və xidmətlər
dövriyyəsində şəffaflığı əldə
etmək üçün istifadə olunur. Alıcı
aldığı elektron qəbzlərin
leqallığını istədiyi vaxt yoxlaya bilir. Sistem, həmçinin, vergi uçotunu və gəlirlərin
daxilolmasını mobil tətbiq vasitəsilə xeyli
asanlaşdırır. Elektron qəbzlər
elektron ünvana və ya satıcıdan tələb olunan
istinada yönləndirilir.
Avadanlıqların
alınmasına və onlara xidmətlərin göstərilməsinə
çəkilən xərclər kimi aşkar
narahatlıqlardan əlavə, onlayn kassaların müsbət
cəhətləri də var. Onlayn kassalar analitik alətlərin
satışlarını təchiz etməklə kiçik
sahibkarları məcburi rəqəmsal dövrə aparır.
Dünya təcrübəsi
RBC.ru işgüzar informasiya
portalının məlumatına əsasən, Rusiyada 2018-ci
ilin iyul ayının 1-dən onlayn kassalar ölkə biznesinin
işlətdiyi gündəlik reallıqların bir hissəsinə
çevrilib.
Mövzu ilə bağlı sayta müsahibəsində
OFD.ru fiskal məlumatlar operatorunun direktoru Anton Rumyantsev qeyd edib
ki, hazırda sahibkarların təcrübədə onlayn
kassaların və fiskal məlumatların operatorlarının
onlara verdikləri üstünlüklərdən tədricən
istifadə etməyə başladıqları
görünür. Kiçik biznes kağız
hesabatlılığının və vergi
yoxlamalarının sayının azalması kimi nəzərəçarpacaq
müsbət hallardan əlavə, satış üzrə əlverişli
analitik məlumatların əldə edilməsi və banklardan
sərfəli şərtlərlə kreditlərin
götürülməsi kimi imkanları əldə edir.
Aparılmış əməliyyatlar barədə
məlumatlar kassalara quraşdırılmış xüsusi
fiskal yaddaşların tətbiq edilməsi sayəsində
fiskal əməliyyatlar operatoru vasitəsilə Federal Vergi Xidmətinə
(FVX) daxil olmağa başlayıb.
Belə şəffaflıq
yoxlamalar üçün yerlərə getmək zərurətini
azaldır. «Çek onlayn» kassa texnikalarının təchizatçı
şirkətinin baş direktoru Konstantin Ştikovun bildirdiyinə
görə, 2018-ci ilin birinci rübü ərzində Federal
Vergi Xidmətinin əməkdaşları tərəfindən
şirkətlər üzrə yerlərə yoxlamaya gedənlərin
sayı 26% azalıb.
OFD.ru-nun qiymətləndirməsinə
görə, islahatların sonunda FVX tərəfindən tam
avtomatlaşdırılmış monitorinq Rusiyanın
bütün hüquqi şəxslərinin 60%-ni əhatə
edəcək.
A.Rumyantsev qeyd edib ki, FVX şəffaflığın
artırılması hesabına kütləvi yoxlamalardan konkret
(dəqiq) yoxlamalara keçir ki, bu da öz növbəsində
vergi orqanları ilə qarşılıqlı əlaqə
zamanı şirkətlərə resursların az
sərf olunması və vaxt itkisinin qarşısının
alınması imkanları yaradır.
Kassaların tətbiqinin «əks-təsiri»
ondadır ki, sahibkarlar malların satışı və
qalığı barədə operativ məlumat əldə etmək
imkanı qazanırlar. Bu məlumatları kassanın fiskal
yaddaşından əməkdaşın «şəxsi kabineti»nə
və ya şirkətin CRM sisteminə xüsusi proqram təminatı
vasitəsilə avtomatik boşaltmaq mümkündür.
«SKB Kontur»un
hesablamalarına görə, onlayn kassalara keçmiş və
ya növbəti ildə keçməsi nəzərdə
tutulmuş biznesmenlərin (sahibkarların) minimum 2/3 hissəsi
malların uçotu ilə qismən və ya ümumiyyətlə
məşğul olmayıblar. Onlayn kassaların
yığdıqları məlumatların təhlili imkan verir
ki, sahibkarlar özlərinin marketinq strategiyalarını
qursunlar. Məsələn, ticarət
üçün əlverişli vaxt seçsinlər, müxtəlif
endirimlər və aksiyalar keçirsinlər.
Sistem nəinki mağaza
üzrə orta çek sayını hesablamağı, hətta
hansı malların daha çox satıldığını,
günün müxtəlif vaxtlarında mağazada nə qədər
alıcının olduğunu müəyyən etməyə
imkan yaradır. Satıcı bu məlumatlardan
satışın həcmini artırmaq, daha çox tələb
olunan məhsulların çeşidini genişləndirmək
və ya daha aktiv kassirləri mükafatlandırmaqla həvəsləndirmək
üçün istifadə edə bilər.
İtaliya vergi administrasiyası
müştəriləri ilə iş və satışı
planlama funksiyalarını həyata keçirmək
üçün vergi ödəyicilərinə öz şəxsi
məlumatlarına giriş icazəsi verir. Bundan
başqa, pərakəndə ticarət müəssisələri
və istehlakçılarla əks-əlaqənin qurulması
prosesi də daxil olmaqla, onlayn kassa sisteminin səmərəliliyinin
qiymətləndirilməsi üçün işlək alətlərinin
yaradılmasının zəruriliyinə xüsusi diqqət
yetirilir.
Cənubi Koreyada onlayn kassa
2005-ci ildən kütləvi şəkildə tətbiq olunur. İndiyədək
bütün ölkə bu təcrübəni qəbul edib.
Tipik onlayn kassalar proqram paketinin təmin
olunmasını və ya proqram-aparat kompleksini təmsil edir ki,
bu da bir neçə moduldan ibarət olaraq, bir korpusda
bütün lazımi informasiyaları yerləşdirə
bilir. Ölkədə 2016-cı ildə bu
sistemin tətbiqi nəticəsində pərakəndə əməliyyatlarda
kassa çeklərinin verilməsinə görə
iqtisadiyyatın şəffaflığı 96% artıb.
Qazaxıstanda
alışın sənədləşdirilməsi
üçün real vaxt kəsimində vergi orqanlarına pul
uçotu ilə bağlı məlumat ötürən yeni nəzarət-kassa
maşınları 2015-ci ilin iyul ayından istifadə olunur. Burada məlumat
kassanın maliyyə modulunda şifrələnərək hərəkət
edən açıq yollarla, VPN-dəhliz vasitəsilə
ötürülür. Operator hər bir
kassanın işi ilə bağlı gündəlik uçot
hazırlayır və Qazaxıstanın Dövlət Gəlirləri
Komitəsinin şəbəkəsinə daxil edir. Vergi orqanları sadə veb-interfeys vasitəsilə
operatorun bazasına giriş əldə edir və hər bir
kassanın dövriyyəsini izləyə bilir.
Argentinada kassa aparatlarının
modernləşdirilməsinə 2013-cü ilin dekabrından
başlanılıb. İndi bütün kassalar maliyyə
print-qeydiyyatla təmin edilib ki, bununla da əməliyyatların
elektron möhürlə təsdiqlənmiş jurnalı
aparılır.
İsveçrə
Krallığında, demək olar ki, bütün satışlar
haqqında məlumatı özündə saxlayan kassa aparatlarından
istifadə olunur. Yaddaşda
çeklərin ümumi sayı, əməliyyatların
ümumi məbləği və hər bir satışla
bağlı ayrıca məlumat (qəbzin nömrəsi,
verildiyi gün, saatı, ƏDV məbləği)
saxlanılır.
Macarıstanda 2014-cü ildən
ölkənin Vergi Nəzarət Agentliyi ancaq xüsusi maliyyə
nəzarətinə malik bloku olan kassa aparatlarına lisenziya
verir. Əməliyyatlarla bağlı məlumatlar şifrəli
şəkildə vergi orqanına daxil olur. Maraqlıdır ki, Macarıstanda
ötürücü rolunda mobil operatorlardır. Onlar fiskal məlumatlar operatoru kimi
çıxış edir və bütün ölkəyə
ötürücülüyü var. Bu ölkədə
onlayn kassa sisteminin tətbiqi nəticəsində ƏDV
üzrə vergi fərqi 2013-cü ildən 2015-ci ilədək
21%-dən 14%-ə düşüb, ƏDV
yığımı isə 15%-ə çatıb.
Slovakiyada elektron kassalar
2008-ci ildə yaranıb. 2015-ci il yanvarın 1-dən isə
virtual elektron kassalar dövriyyəyə buraxılıb. Bu veb platforma respublikanın maliyyə şöbələrinə
inteqrasiya olunub. Sistem satıcılar
üçün pulsuzdur və hər bir satıcının
şəxsi kompüterindən, smartfon və planşetindən
giriş mümkündür.
Ekspertlər nə
deyirlər...
Millət vəkili Tahir Mirkişili
bildirir ki, vergi ödəyicilərinin fəaliyyəti
haqqında daha dürüst, çevik və əhatəli məlumat
almaq vergi inzibatçılığının effektivliyini xeyri
artırır: «Bir çox ölkələrdə sınaqdan
keçirilən metod, bir tərəfdən, vergi
orqanlarının daha operativ məlumat əldə etməsinə
imkan yaradır, digər tərəfdən də vergidən
yayınma hallarının qarşısını alır. Sistem həm də sahibkarların marağında
olacaqdır, çünki bu üsul bütün sahibkarlar
üçün bərabər rəqabət şəraiti
yarada bilər. Onlayn kassa metodunun tətbiqində
ən çətin çağırış sistemin
dayanlıqlı olması, müasir platformalara və Big-Data
prinsiplərinə uyğunlaşdırılmasıdır.
Hesab edirəm ki, Azərbaycanda da belə bir innovativ metodu
uğurla tətbiq etmək mümkündür və bu, hər
kəs üçün faydalı ola bilər».
İqtisadçı Rəşad
Əliyev qeyd edir ki, onlayn kassanın vergi orqanı
üçün əlverişliliyi pul axınlarının nəzarətə
götürülməsi və bununla da vergidən yayınma
hallarının aradan qaldırılmasıdır. Həmin
kassalar üzrə həyata keçirilən bütün əməliyyatlar
dərhal vergi orqanının məlumat bazasına
ötürülür. Bununla yanaşı, sistemin tətbiqi
operativ nəzarət və yoxlama işləri
üçün ayrılan insan resurslarının daha səmərəli
istifadəsinə xidmət edir: «Bəzən elə təəssürat
yaranır ki, bu sistemin tətbiqi yalnız vergi
orqanlarının marağında olur. Ancaq bir
şeyi nəzərə almaq lazımdır ki, şəffaf
vergi ödəyiciləri üçün bu sistem daha əlverişlidir.
Həmin vergi ödəyicisi anlayır ki,
sistemin tətbiqi son nəticədə yoxlamaların
azalmasına xidmət edəcək. Sözsüz
ki, şəffaf vergi ödəyicisi vergi yoxlamasından
qorxmur, buna baxmayaraq, hər bir yoxlama həm vergi ödəyicisi,
həm də vergi orqanı üçün lazımsız
vaxt itkisidir. Digər tərəfdən,
onlayn kassanın tətbiqi sahəsində vergi ödəyicilərinin
öz daxili sistemlərində sui-istifadə halları
azalır. Çünki bəzi hallarda
biznes sahibləri işçilərin kassa əməliyyatlarında
nə qədər dürüst olmalarını tam yoxlaya
bilmirlər».
R.Əliyev onu da nəzərə
çatdırıb ki, onlayn kassa sisteminin tətbiqi
alıcılar üçün də yeni üfüqlər
açır.
Onlar lazım gəldikdə çekləri hətta
elektron versiyada ala biləcək, üstəlik, ödədikləri
pulların öz ünvanına çatacağına tam əmin
olacaqlar.
F. İKRAMQIZI
Vergilər. - 2018.-24 oktyabr.- S.4.