Qobustanda korporativ tədbir

 

Kollektivdə komandaqurma fəaliyyətinin artırılması, motivasiya səviyyəsinin yüksəldilməsi, əməkdaşlıq və sağlam mühitinin inkişaf etdirilməsi məqsədilə təşkil edilən korporativ tədbirlər işçilərin istirahətinin səmərəli təşkili ilə yanaşı, onların bir-birlərinə qarşı səmimiyyətini, şəbəkələşməsini və ünsiyyətini artırır, mühitində peşəkar əlaqələrin möhkəmləndirilməsinə səbəb olur. Vergilər Nazirliyinin öz əməkdaşları üçün təşkil etdiyi mədəni istirahət proqramları çərçivəsində oktyabrın 20-də Qobustan dövlət tarixi-bədii qoruğuna - Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi məkana səfəri də bu baxımdan səmərəli və yaddaqalan oldu.

Yolboyu əməkdaşlar arasında keçirilən interaktiv oyunlar, maraqlı viktorinalar vaxtımızın səmərəli və şən keçməsinə səbəb olmaqla yanaşı, həm də müəyyən biliklər əldə etməyimiz üçün bir vasitə oldu. Korporativ komanda oyununda təqdim olunan ümumi sual bloku dünya məşhurlarının həyatı, tarixi məkanlar və tikililərlə bağlı maraqlı hadisələri əhatə edirdi.

Nəhayət, paytaxt Bakıdan 56 km aralıda yerləşən Qobustan qoruğuna çatdıq.Tur iştirakçıları əvvəlcə Qobustan qapalı interaktiv muzeyinə daxil olaraq, Qobustanda yerləşən Böyükdaş, Kiçikdaş, Cınqırdağ, Şonqardağ dağlarında daş dövründən tutmuş bütün sonrakı dövrlərdə insanların sıx məskunlaşması, qayaüstü rəsmlər, məzar daşları və çox aydın görünən qədim kromlexlər (oymalar) haqqında məlumat aldılar. Burada 537 hektar əraziyə səpələnmiş petroqliflərin sayı 400 mindən çoxdur. İştirakçılar interaktiv təsvir vasitəsilə tanınmış Norveç tədqiqatçısı və səyyahı Tur Heyerdalın Qobustan petroqliflərini bir neçə dəfə tədqiq etməsi və qayaların üzərindəki qayıq təsvirlərinin bütün dünyada ən qədim təsvir olduğunu sübuta yetirməsi barədə məlumatlandırıldı.

Sonra açıq səma altında yerləşən «Qobustan» Tarixi-İncəsənət qoruğuna maraqlı ekskursiyamız başladı. Sirli mağaralarla, «Xoşbəxtlik» daşı, qayaüstü cizgi-təsvirlərlə, yazı və piktoqramlarla, «Fulminata» (ildırım sürətli) ləqəbli Roma imperatoru Domisianın legionu tərəfindən qoyulmuş, üzərində latın dilində yazılar həkk olunmuş daş lövhələrlə tanış olduq.

 

Tur iştirakçılarının təəssüratları...

 

Tural Hüseynov: «Həqiqətən də çox gözəl səfər idi. Sanki həyatımda yeni bir səhifə açıldı. İstərdim ki, bu cür ekskursiyalar Azərbaycanın bütün guşələrinə təşkil edilsin. Bütün bunlar, əlbəttə ki, kollektivdə daha səmimi və sağlam münasibətlərə səbəb olur».

Rəşad Qarayev: «Bu gün nazirliyin bir qrup əməkdaşı çox maraqlı bir tədbirdə iştirak etdi. İstər yolboyu keçirdiyimiz viktorinalar, Qobustan qoruğunda keçirdiyimiz maraqlı anlar heç vaxt hafizəmdən silinməyəcək».

Ramiz Qasımzadə: «Səfər təəssüratım çox gözəldir. Bu cür sosial layihələrin həyata keçirilməsinə görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Belə tədbirlər işçilərin əmək qabiliyyətini daha da yüksəldir, əməkdaşlar arasında sosiallaşmaya, ünsiyyətin artmasına, səmimi münasibətlərə səbəb olur ki, bu da dolayısı ilə kollektivdə daha məhsuldar işgüzar mühitin yaranmasına gətirib çıxarır».

Almaz Quliyeva: «Bu cür sosial tədbirlər kollektivin əmək məhsuldarlığının yüksəlməsinə, əhval-ruhiyyənin yaxşılaşmasına çox gözəl təsir edir. İnsanlar vaxtlarını səmərəli keçirməklə yanaşı, bir-birini daha yaxından tanıyırlar, səmimi münasibət qururlar».

Günay Ağayeva: «Belə tədbirlər qədər davamlı olsa, əməkdaşlar arasında bir o qədər mehribanlıq, ünsiyyət, səmimiyyət yaranar. İndi biz yeni həftəsinə daha yüksək əhval-ruhiyyədə qayıdacaq, daha pozitiv ab-havada işləyəcəyik».

Elmir Ramazanov: «Maraqlıdır ki, bu səfərdə iştirak edənlərin əksəriyyəti adi vaxtlarda bir-birini gördükdə, bəlkə heç salamlaşmırdılar da. Amma indi hamı birlikdə deyib-gülür, əylənir, gözəl ünsiyyət qurur».

Arif Baxışzadə: «Fərqli bir gün keçirdik. Gündəlik gərginlikdən, həftənin stresindən bir qədər uzaqlaşdıq. Davamlı olmasını istərdik».

Nazlı Rəhimova: «İlk dəfə olaraq bu cür korporativ tədbirdə iştirak edirdim. Çox şadam ki, belə bir kollektivdə çalışıram».

Ayşən Məmmədova: «Bugünkü səyahətimizdən çox razı qaldım. Kollektivimizdə indiyədək də səmimiyyət var idi, amma bu tədbir vasitəsilə münasibətlərimiz daha da istiləşdi. Düzü, ilk dəfədir Qobustana gəlirəm, bu baxımdan da təşkilatçılara təşəkkür edirəm. Bu tədbiri həm Azərbaycanımızın yenidən kəşfi, həm gözəl səyahət, eləcə də mehriban görüş adlandırardım».

Ramil Nəcəfov:»Tədbir çox gözəl təşkil olunmuşdu. Düşünürəm ki, Azərbaycanın gəzməli-görməli yerlərinə bir neçə günlük tur-gəzintilər işçilərin istirahət günlərini daha səmərəli keçirməsinə kömək edərdi».

 

Fəxriyyə

 

Vergilər.- 2018.-24 oktyabr.- S.6.