Səsinin telləri ilə ürəkləri
riqqətə gətirən sənətkar
İnsanlara xoşbəxtliyin sevincini yaşatmaq, şöhrətin zirvəsində olmaq üçün gəlib dünyaya Zeynəb xanım. Xoşbəxtlik saçan ulduzların işığında. Təmənnasız, əbədiyaşar və əbədibahar bir səadət bəxş edib onu sevənlərə, musiqi aşiqlərinə. Bəli, bu onun alın, tale yazısıdır. Ecazkar səsinin qüdrətilə dinləyicinin qəlbini ovsunlamaq, nüfuz etmək, qəlbləri çırpındırmaq, ürəkləri riqqətə gətirmək bu əfsanəvi xanımın şərəfli missiyasıdır. Uşaqlığımın, gəncliyimin, bu günümün əlçatmaz və əlçatan qüdrətli və dahi sənətkarı, böyük şəxsiyyəti. İlahinin bəşəriyyətə, xalqımıza və xalqın bir zərrəsi kimi mənə bəxş etdiyi nəhəng və əvəzsiz müğənnisi, ölməz, ustad sənətkarı. Nə şanslıyıq deyilmi?
Hələ uşaq ikən, radio dalğalarında, televiziya efirində böyük həvəslə, sevgi ilə dinləyərdim. Çox böyük estetik zövq alardım. Onun oxuduğu mahnıları sevə - sevə əzbərləyər, zümzümə edərdim, özü də Zeynəb xanımın vurduğu bütün xalları da öz yerində. Haqqında ilk dəfə anam Nəcimə Nəzərlidən eşitmişdim. Anamgillə Zeynəb xanım bir məhəllədə yaşayırdılar. Evlərinin arasındakı məsafə təxminən, 50 - 100 metr idi. Anamın söylədiyinə görə onların, bir dəstə qızın – anamın, Zeynəb xanımın, Zərifə Eyvazovanın, Südabə Əliyevanın, Əminə Zeynalovanın uşaqlığı bir yerdə keçib, bir məktəbdə oxuyublar. O zaman Zeynəb xanımın böyük istedada və gözəl səsə malik olması onların diqqətini çəkmişdi. Həm də mehribanlığı, səmimiliyi, hazırcavablığı ilə də seçilirdi. Bu dəstə qızların valideynləri də yaxınlıq edərdi...
Zeynəb Xanlarova Bakının məşhur Dağlı məhəlləsində dünyaya göz açıb. Çox spesifik, ciddi adət - ənənələrə malik, sözə, sənətə, musiqiyə dəyər verən bir məhəllədə. Eləcə də xalqımıza böyük sənətkarlar – dahi Cəfər Cabbarlı, ölməz şair Mikayıl Müşfiq, yazıçı – dramaturq Seyfəddin Dağlı, virtuoz sənətçilər Mehdi və Ələkbər Nəzərli qardaşları, rəssam Nəcəf Rasim Nəzərli, əməkdar rəssam Hacıağa Nəzərli, Akademik Məmməd Arif Dadaşzadə, xalq şairi Cabir Novruz, dünya şöhrətli cərrah, professor Bəybala Abbasov və s. yetirən bir məhəllə. Zeynəb xanım bu ziyalılarla hər zaman fəxr edərdi. Şübhəsiz ki, bu yaradıcı insanların sənəti, şəxsiyyəti, cəmiyyətdəki mövqeyi Zeynəb xanımın yaradıcılığına, sənət aləminə gəlməsinə təsirsiz ötüşmürdü.
Zeynəb xanım uşaqlıqdan çox dərrakəli, mütaliəni sevən idi. Ayrı – ayrı xanəndə və müğənnilərin vallarına qulaq asmaqdan böyük zövq alardı. Atası Yəhya kişi musiqiyə, sözə, sənətə bağlı adam olub. Klassik ədəbiyyatımızdan xəbərdar idi. Füzuli, Vaqif, Sabir, Vahidin vurğunu idi və onların çox şerini əzbər bilirdi. Müşfiq şeriyyatının aşiqi idi. El adətlərini, muğam ustalarını uşaqlarına təbliğ edərdi. Bəlkə, elə Zeynəb xanımın sənətə vurğunluğuna elə bu səbəb olub. Zeynəb xanım televiziya və radioda yayımlanan konsert proqramlarında çıxış edən xanəndə və müğənnilərin ifa tərzinə, səsinə həmişə diqqət yetirərdi. Dini məclislərdə gözəl avazla oxunan mərsiyələr də Zeynəb xanımın diqqətindən kənarda qalmazdı...Bir sözlə, bütün bunlar, eləcə də anası Pəricahan xanımın oxuduğu laylalar Zeynəb xanımı musiqiyə köklədi, gələcək müğənnilik həyatına əbədi bir körpü saldı...
Zeynəb Xanlarova Yasamal rayonundakı, Cəfər Cabbarlı adına məşhur 161 saylı orta məktəbdə təhsil aldı, bilik və bacarığı, nümunəvi davranışı ilə fərqləndi. Məktəbin sevimli şagirdi oldu.
İllər keçdi...Bakıdakı Mərkəzi Pioner və məktəblilər sarayında bədii özfəaliyyət dərnəyinə üzv yazılan Zeynəbin “Cücələrim”i də ilk dəfə xorla oxuması həyatının unudulmaz xatirəsinə çevrildi.
Tale onu öncə Bakı Məktəbəqədər Pedaqoji məktəbinə gətirdi. Burada Zeynəb çalışqanlığı ilə seçildi. Məktəbin bədii özfəaliyyət kollektivinin fəal iştirakçısı oldu.
Günlərin birində Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivlərinə baxış Zeynəb xanımın həyatına işıq saçdı. Münsiflər heyətinin üzvləri olan mötəbər sənətkarlar – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənildi və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə aldı. Dövlət Filarmoniyasında baş tutan konsertdə o, 1-cilik qazandı. Əfrasiyab Bədəlbəylinin təkidi ilə Zeynəb xanım mötəbər musiqi ocağının - Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin tələbəsi oldu. Böyük vokal ustadı Seyid Şuşinskinin sinfində dərs aldı. Muğamın dərinliklərinə baş vurdu, möhkəm biliklər əldə etdi. 1960-cı ildə Zeynəb Xanlarovanın ifasında “Çahargah” muğamı lentə yazıldı.
Elə həmin il, xalq artisti, görkəmli rejissor Şəmsi Bədəlbəylinin xeyir – duası ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaradıcılıq ömrünə qədəm qoydu. Bu gün fəxrlə demək olar ki, Əfrasiyab və Şəmsi Bədəlbəyli qardaşları, Seyid Şuşinski Zeynəb xanımın müğənnilik fəaliyyətində mayak rolunu oynayıb...Zeynəb Xanlarovanın ifasında “Leyli” və “Əsli”, “Şahsənəm” rolları opera tariximizin parlaq səhifələrini təşkil edir. Belə demək mümkünsə, mən Zeynəb Xanlarova “Leyli”sinin “Məcnun”uyam.
Ötən əsrin 70-ci illərindən başlayaraq, Zeynəb Xanlarovanın yaradıcılığı gözlərim qarşısında olub. Çünki, mən onun bəlkə də bir nömrəli fanatıyam. Radio və Televiziyada onun konsertlərini, ifalarını buraxmazdım. Həftəlik proqramda artıq öz qeydlərimi əvvəlcədən aparardım və o günü, o saatı səbirsizliklə gözləyərdim. Hər qastrol səfərindən sonra AzTV-də hazırlanan verilişlərə maraqla tamaşa edərdim. Onun mahnılarını əzbər bilirdim. Onun səsi efirdə gedəndə mən də onunla bərabər oxuyar, Zeynəb xanımın ecazkar musiqili dünyasına səyahətə çıxar, bundan böyük, dərin zövq alardım. Və bu hal bu günə qədər mənimlə yol yoldaşıdır...
Bu ölməz sənətkarla canlı ünsiyyətdə olmaq, onu şəxsən tanımaq və ondan müsahibə almaq mənim arzum idi. İllərlə bu arzu ilə yaşadım. Lakin, heç bir zaman ümidimi üzmədim. Zeynəb Xanlarova mənimçin təkcə müğənni, sənətkar deyil, həm də böyük şəxsiyyət, ictimai xadim, Azərbaycan qadınının ən bariz nümunəsi olub. Onda olan cəsarət, mərdlik, sədaqət, fədakarlıq, sözü üzə demək kimi xüsusiyyətləri heç də hamıya müyəssər olmur.
Zaman keçirdi. Zeynəb Xanlarovanın şöhrəti respublikamızın bütün bölgələrini əhatə edirdi. Keçmiş SSRİ məkanı və xarici ölkələri gəzirdi. Bir sözlə, Zeynəb xanımın səsi, nəğmələri eldən – elə gəzir, milyonların qəlbinə nüfuz edirdi. O, sevilirdi. Fəxri adlar, orden və medallar, mükafatlar onun şöhrətini, ad – sanını daha da ucaldırdı. Təbii ki, mənim Zeynəb xanıma olan sevgim də bu ucalıqda yer alırdı.
1982-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən “Daşkənd payızı” festivalında Zeynəb Xanlarovanın ifası böyük məhəbbət və coşqu ilə qarşılanması ilə yanaşı onun gözəl və mahir virtuozluğu, diqqətəsayan improvizə etmək bacarığı diqqət çəkdi, xoş xatirələrlə yaddaşlara köçdü...
İlk dəfə Zeynəb xanımı canlı olaraq tələbəsi olduğum Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda görmüşəm. 1983 yaxud 1984-cü ildə Azərbaycan Kommunist Partiyasının 1-ci katibi olmuş Kamran Bağırov SSRİ Ali Sovetinə deputatlığa namizəd idi və o, seçicilərlə görüşünü məhz, bu instituta salmışdı. Həmin tədbirin musiqili hissəsində ölməz Zeynəb Xanlarova institutun akt zalındakı səhnəsində öz ansamblı ilə canlı musiqilərlə çıxış etdi. Mən institutun fəallarından olduğum üçün o tədbirdə iştirak edirdim və Zeynəb xanımın ifasını heyranlıqla, sevgi və coşqu ilə dinləyirdim. Sonralar mən həmin səhnədə çıxışlar edərkən Zeynəb xanımın o hərarətini hiss edir, ondan məmnunluq duyurdum.
1986-cı ildə Çernoblda baş vermiş faciədə zərərçəkənlər üçün Zeynəb xanımın Respublika sarayında verdiyi konsertdə iştirak etdim, bu ölməz sənətkarın musiqili dünyasının sehrinə daldım...
Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində respublikada yaranmış ictimai – siyasi böhranda Zeynəb Xanlarova daim fəallıq göstərərək, mövqe nümayiş etdirirdi. O, nəinki təkcə bir müğənni kimi, həm də Ali Sovetin deputatı kimi, ictimai xadim kimi proseslərdən kənarda qalmırdı. Istər meydanda tribunadan, istər televiziyadan, istərsə də Ali Sovetin sessiyasında öz kəskin, qəti fikrini bildirməkdən çəkinməzdi. O zaman tanınmış bəstəkar Rauf Məmmədovla iş birliyi nəticəsində hadisələrin fövqündə “Qarabağ”, “Qalmaz belə, qalmaz dünya”, “Yaşa mənim xalqım” və s. mahnılar yarandı, xalqın yarasına sanki bir məlhəm oldu.
1990-cı il 20 yanvar faciəsində Zeynəb xanımın SSRİ hökümətinə meydan tribunasından etiraz etməsi və ölkə rəhbəri Mixail Qorbaçova “ölüm!” deməsi onun cəsarəti, mərdliyi, qəhrəmanlığı deyilmi? Bu o zaman idi ki, Zeynəb Xanlarovaya “Sosialist Əməyi Qəhrəmanı” fəxri adının verilməsi məsələsi gündəmdə idi. Lakin, xalqın azadlığı, müstəqilliyi, torpaq bütövlüyü onun üçün ən başlıca,prioritet məsələ idi.
Yanvarın 20-də baş vermiş faciə ilə əlaqədar Zeynəb xanımın ifa etdiyi “Şəhidlər” ağısı onun bir ana kimi daxili fəryadı idi.
Yanvarın 22-də keçirilən Ali Sovetin sessiyasında onun iştirakı, ölkə rəhbərliyini pisləyən sənədə imza atması bir fədakarlıq idi. Onun daha bir fədakarlığı da odur ki, fövqəladə vəziyyət şəraitində qadağalara məhəl qoymayaraq, Ali Sovetin binasına öz şəxsi videokamerasını gətirməsi və sessiyanın videolentə alınaraq bu günlərə gəlib çıxması Zeynəb xanımın ən böyük qəhrəmanlıq hərəkətidir.
Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq 1 il oxumaması da onun mərd Azərbaycanlı anası olmasından xəbər verirdi...
1991-ci ildə Zeynəb xanım o zamankı Respublika sarayında 10 günlük konsert verirdi. Hətta, bu konsert tamaşaçıların istəyi ilə 1 gün də artırıldı. Mən yarım gün kassada növbəyə durduqdan sonra ailəm və yaxınlarım üçün bilet əldə etdim. Özümçün isə 3 bilet aldım. (Konsertin açılışı, orta və bağlanış günlərinə) Hər birində iştirak etdim. Zeynəb xanım hətta, konsertdə nəzərdə tutulan 3 saatdan artıq da ifa edirdi. Baxmayaraq ki, o zaman Bakıda komendant saatı tətbiq olunmuşdu. İlahi, Zeynəb xanım o konsertdə böyük ustalıq, əsl sənət nümayiş etdirdi. O zaman hansı hisslər keçirdiyimi yəqin ki, qələmlə yazmaq mümkün deyil. Bu arada Zeynəb xanımın Yəməndə açıq havada 50º istidə verdiyi konserti yada salmamaq mümkün deyil. Cəsarətlə demək olar ki, heç bir dünya müğənnisi belə bir şəraitdə fonoqramla belə oxumazdı. Amma bizim fədakar Zeynəb xanım ilklərə imza ataraq bunu etdi. Elə Əfqanıstanda tankların, silahlıların müşayiətilə verdiyi konsert də Zeynəb xanımın mərd, mübariz və qorxmaz olduğunu bir daha göstərdi. O, Əfqanıstanın o zamankı rəhbəri olan Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görüldü. Keçmiş SSRİ televiziyası bu haqda bir süjet də nümayiş etdirmişdi. Təkcə, bu idimi Zeynəb xanımın fədakarlığı, təbii ki, yox...
1986-1992-ci illərdə Azərbaycan Rabitə Nazirliyinin Rabitə evində çalışırdım. O zamanlar Zeynəb xanım Ü.Hacıbəyov küçəsində “Aynur” məişət evinin yerləşdiyi binada yaşayırdı. Onun evi ilə Rabitə evi arasında məsafə təxminən 300-500m idi. Zeynəb xanıma heyranlığım o qədər böyük idi ki, hər fasilə vaxtı Zeynəb xanımı görmək ümidi ilə onun yaşadığı həyətə gedərdim. Balkona baxardım, maşınını izləyərdim, təki Zeynəb xanımı görüm. Təbii ki, hərdən onu uzaqdan görmək mənə nəsib olurdu. Iş otağımda radio cihazı vardı. Zeynəb xanımın ifalarını mütəmadi dinləyərdim. Bu mənim böyük sənətkara olan sevgimin əlaməti idi...
Yaxşı xatırlayıram. Hələ Sovetlər dönəmi idi. 80-ci illərin sonunda Respublika sarayında partiya və dövlət xadimlərinin iştirak etdiyi tədbirdə Zeynəb Xanlarova Rauf Məmmədovun bəstələdiyi Allahdan istəyi özündə ehtiva edən “Allah” mahnısını ifa etməsi böyük bir rezonans yaratdı. Bəli, bunu etmək üçün gərək sözün əsl mənasında Zeynəb Xanlarova şəxsiyyəti, cəsarəti olmalı idi. O, Alaha sevgisi olan, dininə etiqad edən bir Azərbaycanlı qadını idi və böyük məmnunluqla müqəddəs Kəbə evini ziyarət edib.
1992-ci ildən etibarən, Azərbaycan Televiziyasının ədəbi – dram baş redaksiyasında çalışmağa başladım. Ssenarist, aparıcı kimi arzum Zeynəb xanımla görüşmək, ondan müsahibə almaq idi. Belə bir xoşbəxtlik nəhayət ki, mənə nəsib oldu. Bir gün Süleyman Rüstəm və Ələkbər Ziyatay haqqında verilişin ssenarisini ustadım, baş redaktor, əməkdar jurnalist Mailə Muradxanlıya təqdim etdim. Ssenaridə Zeynəb xanımın nəinki mahnıları, həmçinin, çıxışları da yer almışdı. Mailə xanım ssenariyə “hə” deyəndən sonra rejissor Məhərrəm Bədirzadəyə tapşırıqlar verdi və çəkilişə yollandıq. O qədər həyəcanlı idim ki. Təsəvvürə gətirin, yenicə televiziyada işə başlayasan və müsahibin dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarova olsun. Yol boyu Zeynəb xanımla müsahibədən sonra bölüşəcəyim xoş sözlər haqqında fikirləşirdim. S.Rüstəm və Ə.Ziyatayın Zeynəb xanıma həsr etdiyi şeirləri də əzbərləmişdim... Nəhayət, mənzil başına yetişdik. Ilk dəfə canlı əfsanəni yaxından gördüm. O, bizimlə nəzakətlə, mehribancasına görüşdü. Inanın, mən sevincdən quş kimi uçurdum. Müsahibələri aldım, sonra şeirləri onunçün oxudum, xeyli maraqlı, səmimi, açıq söhbət etdik. Çəkiliş və mini qonaqlıq bitdi. Sağollaşmaq vaxtı çatdı. Mehribanlıqla bizimlə sağollaşırdı. O, qapıdan bizi yola salırdı. Biz də pilləkəndə idik. Birdən özümdən asılı olamayaraq üzümü Zeynəb xanıma tutub, repertuarından mahnı oxumağa başladım:
“Bilməm nədən belə doğmasan mənə,
Bir belə qohumun, yadın içində”.
Zeynəb
xanım bu dəmdə mənə öz ifası ilə
qarşılıq verdi:
“Tək sənin
adını yazmısan gülüm
Qəlbimə min gözəl adın içində”.
Beləliklə, bizim bu ani “duetimiz” sona çatdı. Zeynəb xanım
üzünü Məhərrəm Bədirzadəyə tutub
dedi: “Ay Məhərrəm, bunu hardan tapıb gətirdiz. Nə yaxşı oğlandır. Mahnılarımı əzbər bilir. Mən
onu çox bəyəndim...” O gündən başlanan bu
tanışlıq, istilik, münasibət, ünsiyyət bu
günə qədər davam etməyə başladı.
Zeynəb
xanımın iştirakı, təbii ki, müsahibələri
ilə mənim AzTV-də S.Rüstəm “Qəlbində yaran
varsa da”, Ə.Ziyatay “Bir ürək çırpınsa
şeirlərimdə”, M.Müşfiq “Arzuya bax, sevgilim”, H.Cavid
“Mənim tanrım gözəllikdir”, C.Cabbarlı “Cəfər
təbiətin möcüzəsidir”, Ə.Cavad
“Çırpınırdın, Qara dəniz”, M.Seyidzadə
“Yazdım gözəllər eşqinə”, H.Nəzərli “Rənglərin
sehri”, “Ana laylası” musiqili kompozisiya və s. verilişlərim
işıq üzü gördü. Hazırda
onlar AzTV-nin fondunda saxlanılır. Zeynəb
xanım Yəməndə verdiyi konsertin AzTV-də
versiyasının müəllifi də məhz mən
olmuşam. Yeri gəlmişkən o, Yəməndə
Qızıl medala da layiq görülüb.
Zeynəb xanımla ünsiyyət mənimçin
çox xoş idi. Demək olar ki, mütəmadi olaraq telefon
danışıqlarım olardı. Mən
onunla nəinki çəkilişlə bağlı Bakıda
görüşürdüm, həm də müxtəlif
çəkiliş və tədbirlərlə bağlı
Xızıda da olardıq. Insan kimi
çox böyük dəyərlərə, xasiyyətlərə
malikdir Zeynəb xanım. Çox kövrək,
diqqətcil, ürəyiyanandır. Yaxşı
xatırlayıram, atam dünyasını dəyişəndə,
nəhəng Zeynəb xanım Mailə Muradxanlı ilə
birlikdə evimizə gəldi, hər bir ailə üzvü ilə
mehribancasına görüşdü və öz
üzüntülərini, baş sağlıqlarını
çatdırdı. Təbii ki, onun bu hərəkəti
bizim ailəmiz tərəfindən yüksək dəyərləndirildi.
Mən isə ömrüm boyu bunu unutmuram.
O, çox ürəyi açıqdır. Onunla
ünsiyyət zamanı hər zaman sadəliyini saxlayır,
jurnalisti həyəcan keçirməyə qoymurdu. Sanki qarşısında olan onun illərinin dostudur.
Çox təvazökardır. Xatırlayıram, Mikayıl Müşfiqlə
bağlı ondan müsahibə götürürdüm.
Müsahibənin sonunda bir yerdə Zeynəb xanım
aşağıdakı ifadələri söylədi:
“...Hamımız dünyadan gedəcəyik. Amma
Müşfiq yaşayacaq, öz ölməz sənəti,
şeirləri ilə. Bəlkə, mən də az da
olsa Müşfiq şerlərinə yazılmış
mahnılarda yaşayaram...” İstəyirəm,
hörmətli oxucularım bu fikirlərə diqqət yetirsin.
Bəli, Müşfiq Azərbaycanın
böyük şairidir. Buna söz yox.
Amma, ədalət
xatirinə demək lazımdır ki, Zeynəb xanım da
öz sənətində Müşfiq zirvəsində olan bir
sənətkardır. Lakin, Zeynəb xanım
Müşfiq ruhuna, sənətinə böyük
ehtiramını bildirərək, təvazökarlıq və
sadəlik göstərərək, məhz bu sözləri
söyləmişdir. Bu da Zeynəb
xanımın böyük qəlbə sahib insan olmasından xəbər
verir. Bəli, tam məsuliyyətlə
söyləyə bilərəm ki, Zeynəb Xanlarova dahi
müğənni, nəhəng sənətkar, böyük
şəxsiyyət, əvəzedilməz insandır. Tale elə gətirdi ki, mən Zeynəb xanımla,
onun ailə üzvləri ilə isti münasibətdə
oldum. Bir neçə dəfə Zeynəb
xanımla öz evində görüşmək mənə nəsib
oldu. Övladlarının toyunda seçilmiş qonaqlar
sırasında olmaq şərəfinə nail oldum. Bəzi məsələlərin
həllində Zeynəb xanımın əməli dəstəyini
hiss etdim. Təkcə mənmi?...
Zeynəb Xanlarova gözəl anadır, nənədir. Övladlarına,
ailəsinə bağlı xanımdır. Çevrəsində olanlara imkanı qədər
köməklik göstərir.
30 ildir, Parlamentin
deputatı kimi şərəfli bir vəzifəni
daşıyır. Parlamentdə də o öz
mövqeyini çəkinmədən bildirir,
xalqımızın, dövlətçiliyimizin
taleyüklü məsələlərinin həllində fəallıq
nümayiş etdirir.
Tez-tez xarici səfərlərdə, qastrollarda olur, Azərbaycan
musiqisini özünəməxsus tərzdə böyük
ustalıqla tərənnüm və təbliğ edir. Dünya
tamaşaçılarının, dinləyicilərinin qəlbini
öz ecazkar səsi ilə, gözəl mahnıları ilə
ovsunlayır, onların mənəvi aləminə dərin
estetik təsir göstərir. Estetik mədəniyyətimizin
bir nömrəli daşıyıcısı kimi musiqi mədəniyyəti
xəzinəmizi zənginləşdirir.
Bəli, Zeynəb xanım yaradıcılığı
musiqi mədəniyyəti tarixində əvəzolunmaz mərhələdir. O, səhnəyə musiqili
hərəkət, dinamika gətirdi. O, insanların qəlbinə
yol tapa bildi, onları özünün musiqili sehri
dünyasına cəzb edə bildi. Qəlb
çırpındıran, könül sızıldadan
mahnıları ilə insan qəlbinin rubab tellərini
oynatmağı bacardı. Sağlığında özünə əbədi
heykəl ucalda bildi. Ümumxalq sevgisi, məhəbbəti
qazana bildi. Azərbaycanı dünyaya təkrar
tanıda bildi. Azərbaycanda 2-ci bir sənətkar yoxdur
ki,
mahnıları ilə Yer kürəsini 2-3 dəfə
dövr edə bilsin. Amma, Zeynəb xanım bunu
bacardı.
Keçmiş SSRİ ölkələrindən, eləcə
də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.
Bakının məşhur Dağlı məhəlləsindən,
balaca otaqdan başlanan yaradıcılıq yolu dünyaya
parlaq bir pəncərə oldu, parla q işıq saçdı.
Bax, əsl sənət budur, əsl sənətkar olmaq
budur!
Zeynəb xanım ümumxalq məhəbbəti qazanmaqla
bərabər, daim Ulu Öndər Heydər Əliyevin diqqət
və qayğısı ilə əhatə olundu. Dövlətə, dövlətçiliyə,
iqtidara daim sədaqət nümayiş etdirən Zeynəb
xanım belə bir isti, doğma münasibəti bu gün
dövlət başçımız, əsl sənət
xiridarı, sənətə, sənətkara daim dəyər
verən Respublika Prezidenti İlham Əliyev cənablarından
da görür.
Zeynəb Xanlarova şanslı, xoşbəxt sənətkardır. O, həyatda bütün
mükafatlara, eləcə də Melodiya firması tərəfindən
“Qızıl Val” mükafatına layiq görülüb. Saymaqla qurtaran deyil. Lakin, Zeynəb Xanlarova adı gələndə
hökmən, bu təqdimatı
eşidir və qürur hissi keçirirsən: “SSRİ Xalq
artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”
və “İstiqlal” ordenli sənətkar”. Qürurvericidir,
deyilmi?
Mən də öz növbəmdə şanslı
jurnalistəm, desəm yanılmaram. Çünki, belə
bir dünya şöhrətli sənətkarla, nəhəng
şəxsiyyətlə yaxından tanışam. Onun mənə doğma münasibətini görmək,
ana nəvazişini hiss etmək nəsib olub.
Zeynəb Xanlarova özünün sənət məktəbi
olan bir sənətkardır. Çünki,
neçə - neçə müğənni Zeynəb
xanımı dinləyib sənətə gəlib. Onun kimi oxumağa çalışıblar. Indiki müğənnilərin repertuarını Zeynəb
xanımın ifa etdiyi mahnılar bəzəyir.
Cəsarətlə deyə bilərəm ki, Zeynəb
Xanlarova Azərbaycan musiqi mədəniyyətinə Günəş
kimi doğmuşdur.
Mən, Zeynəb Xanlarovanı Azərbaycan musiqi
ifaçılığı sənəti məbədgahının
mehrabı adlandırıram. Mömin insanlar məsciddə
namaz qılanda üzlərini məsciddəki mehraba tuturlar.
Məhz sənətə gələn gənc
müğənnilər də üzünü Zeynəb
Xanlarova sənətinə, şəxsiyyətinə tuturlar.
Zeynəb Xanlarova sağlığında əfsanəyə
dönən dahi sənətkardır. O, Azərbaycan
musiqi mədəniyyətimizin canlı klassikidir,
matriarxıdır. Qoy səsiniz hər zaman
eşidilsin, canlı ifalarınızla xalqımızı daim
sevindirəsiniz. Məşhur mahnıdakı bu
misraları Sizə şamil edir, hələlik yazıya
nöqtə qoyuram:
Oxu Zeynəb,
oxu Zeynəb
Qoy səsin,
Ürəklərdə,
kaman kimi
Titrəsin.
Hörmətlə,
sənətinə, şəxsiyyətinə böyük dəyər
verən, sənətiniz qarşısında baş əyən
Sizin
Qafar Əsgərzadə,
Əməkdar
jurnalist, pedaqogika üzrə
fəlsəfə
doktoru, “Tərəqqi” medalçısı
Âûøêà.-2016.- 16
äåêàáðÿ.- Ñ. 8-9.