“Vışka”: keçmiş
ilə gələcək arasında informasiya
körpüsü
Azərbaycanın rusdilli mətbuatının
flaqmanlarından biri “Vışka” qəzetinin
90 yaşı tamam olur
Martın 1-də Azərbaycanın qocaman dövri nəşrlərindən birinin – “Vışka” müstəqil ictimai-siyasi qəzetinin 90 yaşı tamam olur. Azərbaycanın rusdilli oxucularının neçə-neçə nəslinin sevimlisi olan bu qəzet 1928-ci ildən nəşr edilir. Şəxsən mənim üçün əsl jurnalistika məktəbi olmuş “Vışka” heç vaxt, heç bir səbəbdən asılı olmayaraq oxucularla əlaqəsini kəsməyib.
Mən bu qəzetə onun “qızıl dövründə” gəlmişdim. Nəşrin indiki baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, “Qızıl qələm” mükafatı və Ali Media Mükafatı laureatı, 1995-ci ildən bu günə qədər “Vışka”nın səmimi yaradıcı kollektivinə fasiləsiz rəhbərlik edən Mədinə xanım Həsənova bir əsrə yaxın tarixi olan qəzetin həmin dövrünü məhz “qızıl dövr” adlandırır. Yeri gəlmişkən, mən o vaxt bu gözəl kollektivə qəbul edildiyimə və bir jurnalist kimi formalaşmağıma görə məhz Mədinə xanıma borcluyam.
“Vışka”nın “qızıl dövründə” bu kollektivə istedadlı jurnalist, bacarıqlı təşkilatçı, xeyirxah yoldaş, gənclərin hamisi Gennadi Qriqoryeviç Qluşkov rəhbərlik edib (1973-1984-cü illər). Gennadi Qluşkov hələ o illərdə yaşadığı ölkənin dilini bilməyin vacibliyini başa düşür və Azərbaycan dilini öyrənirdi.
Həmin illərdə bizim redaksiyada Yuri Katkov, Osman Mirzəyev, Zaur Qədimbəyov, Vasili Zaytsev, Moisey Qoldberq, İradə Vəkilova, Faiq Zəkiyev, Dilbər Axundzadə, İshaq İnjaşvili, Vaqif Əliyev, Vladlen Busalayev, Əhmədxan Həmidov kimi işinin ustası olan jurnalistlərlə yanaşı, Oleq Neçipurenko, İbrahim Şükürov, Natalya Tahirova, Şamil Məcidov, Firəngiz Xancanbəyova, Rəhman Məmmədov, Nəcəf Nəcəfov, Azər Mürsəliyev, Rauf Talışınski və bir sıra digər gənc jurnalistlər işləyirdi.
Qəzetin baş redaktoru Mədinə Həsənova bu nəşrin yaranma tarixindən söhbət açaraq deyir: “Vışka”nın yaranma tarixi hələ 1927-ci ilin mayında başlanmışdı. 1928-ci il yanvarın 4-dən fevralın 8-dək qəzetin məqsədləri, vəzifələri, tirajı, formatı və dövriliyi müəyyən edildi. Yeni qəzetin adını xeyli götür-qoy etdilər. Variantlar çox idi: “Jelonka”, “Burovaya”, “Za neft”. Sonda “Vışka” adı üzərində dayandılar. Bu ad özü onu göstərir ki, yeni kütləvi informasiya vasitəsi ötən əsrin əvvəlində respublikada neft sahəsinin inkişafını işıqlandırmaq, “qara qızıl” hasil edən qəhrəman Azərbaycan neftçilərinin adi iş günlərindən yazmaq məqsədilə yaradılır. 1928-ci il martın 1-də səhər “Vışka” qəzetinin 15 min nüsxəsi Bakının və keçmiş SSRİ-nin bir sıra başqa şəhərlərinin qəzet köşklərinə daxil oldu. Qəzetin ikinci nömrəsi 20 min, üçüncü nömrəsi isə 25 min nüsxə tirajla çıxdı. 1929-cu ildə “Vışka”nın tirajı artıq 45 min nüsxəyə çatmışdı”.
M.Həsənovanın sözlərinə görə, o, “Vışka” qəzetinə rəhbərlik edən ilk qadın olmayıb: “İkinci Dünya müharibəsi illərində, kişilər cəbhəyə gedəndə “Vışka”nın məsul redaktoru Zoya Nikolayevna Belyayeva olub. Həmin illərdə bizim qəzetin ən parlaq səhifələri yaranır, fədakar Azərbaycan neftçilərinin səyləri sayəsində cəbhənin yanacaqla fasiləsiz təmin edilməsi barədə hər gün oxuculara məlumat çatdırılırdı”.
O vaxtadək Bakıda yayılan “Vışka” 1963-cü il mayın 1-dən etibarən böyük formatda nəşr edilməyə başlanır və şəhər qəzetindən respublika əhəmiyyətli gündəlik mətbu nəşrə çevrilir. Bu hadisə “Vışka”nın həyatının 36-cı ilində baş verir. O vaxt Azərbaycan KP MK-nın sənaye və tikinti üzrə katibi vəzifəsində çalışan məşhur neftçi Əli Cabbar oğlu Əmirov bu məsələdə çox böyük rol oynayıb.
1990-cı ilə qədər hər gün nəşr edilən və 120 min nüsxə, bəzən daha böyük tirajla keçmiş Sovet İttifaqının bütün ərazisində, həmçinin ABŞ, Avstriya, Almaniya Federativ Respublikası, İsveçrə, İsrail, Bolqarıstan, Polşa, Kuba, İran, Türkiyə, Suriya, Yəmən və başqa ölkələrdə yayılan bu nəşrin sayəsində dünya Azərbaycan neftçiləri tərəfindən dənizdə qazılmış və fontan vurmuş ilk neft quyusu, sahildən xeyli uzaqda, dirəklər üzərində salınmış şəhər – əfsanəvi Neft Daşları, Xəzərin təkindən “qara qızıl” çıxaran fədakar insanlar, sənayenin digər sahələrində, mədəniyyət, elm sahələrində qazanılmış uğurlar, habelə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti öyrənir.
Qəzetin güclü beynəlxalq əlaqələri vardı. Almaniya ilə sıx əlaqələr bu baxımdan xüsusi yer tuturdu. 1931-ci il aprelin 1-də Azərbaycan neftçiləri beşillik planın iki il yarıma yerinə yetirilməsi barədə raport verəndə Almaniyadan “Vışka”ya təbrik teleqramı gəldi, üç aydan sonra isə minlərlə bakılı fəhlə Almaniyadan gələn nümayəndə heyətini qarşıladı.
Öz tarixinin bütün dövrlərində ölkədə ən mühüm mətbu nəşrlərdən biri olmuş “Vışka”nın cəmiyyətdə mövqeyi heç vaxt zəifləməyib. İnformasiya əsri, internet əsri adlanan indiki dövrdə də bu qəzetin öz oxucuları var. İstər yaşlı nəslə mənsub oxucular, istərsə də gənclər arasında yenə populyar olan “Vışka”nın səhifələrində aktual mövzulara həsr edilmiş materiallarla yanaşı, operativ xəbərlər, tarixi məlumatlar da yer alır.
Mən bu redaksiyanın
kandarından ilk dəfə daxil olanda kollektiv
yubiley şənliklərini gözləyirdi.
1978-ci ildə 50 illik yubiley
münasibətilə “Vışka” Qırmızı Əmək
Bayrağı Ordeni ilə təltif edildi. Bir il
sonra bu ordeni “Vışka”nın bayrağına
respublikanın rəhbəri, ümummilli lider Heydər Əliyev öz
əli ilə taxdı. O
vaxt mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi
idim. Məhz həmin əlamətdar
günlərdə bu çoxmillətli yaradıcı
kollektivin üzvü oldum və bu
kollektiv mənim öz peşəm üzrə formalaşmağıma
çox kömək etdi.
1990-cı ildən “Vışka”
müstəqil nəşrdir. Mədinə
Həsənova həmin
günləri xatırlayaraq
deyir: “Bu, redaksiyamız
üçün ən
çətin dövr
idi. Kim bilir,
1993-cü ildə Heydər
Əliyev respublika rəhbərliyinə qayıtmasaydı
bu qəzetin aqibəti necə olacaqdı. 1996-cı ildə Yeni Azərbaycan Partiyasının
ilk iclaslarının birində
Ulu Öndər bizim qəzetin taleyi ilə maraqlandı. “Vışka”nın çox pis vəziyyətdə olduğunu biləndə Dövlət Neft Şirkətinə (SOCAR) qəzetin
maliyyə problemlərini
həll etməyi tapşırdı. 1999-cu ildən
SOCAR “Vışka”nın
rəsmi həmtəsisçisi
oldu.
1997-ci ildə “Vışka”
respublika KİV-ləri
arasında birincilər
sırasında kompüter
vasitəsilə səhifələnməyə
başladı. 1999-cu ildən
qəzet iki dildə - Azərbaycan və rus dillərində
nəşr olunur.
Yeri gəlmişkən,
sovet dövründə
“Vışka”nın baş redaktorunun müavini olmuş Osman Mirzəyev hələ o vaxt bu qəzetin Azərbaycan dilində də nəşr olunmasını arzulayırdı.
(Xatırladaq ki, 1991-ci ildə içərisində Azərbaycanın
görkəmli dövlət
xadimləri və jurnalistlərin olduğu helikopterin Qarakənd səması üzərində
ermənilər tərəfindən
vurulması nəticəsində
həlak olanlardan biri də Osman
Mirzəyev idi).
Hazırda “Vışka” həftədə
bir dəfə A3 formatlı 16 səhifədə
çıxır.
2001-ci il martın
1-də qəzetin saytı
da yaradılıb. Mədinə xanım deyir: “Bu tarixi “Vışka”nın ikinci doğum günü hesab etmək olar. Qəzetin elektron versiyası
sayəsində Azərbaycan
neftçilərinin bu
nəşri dünyanın
müxtəlif guşələrində
yaşayan çoxsaylı
oxucular arasında əlaqə vasitəsinə
çevrilmək imkanı
əldə edilib”.
Qəzet öz qədim ənənələrinin çoxunu
bu gün də qoruyub saxlayır. Belə ənənələrdən biri
“Vışka”nın nəzdində 1963-cü ildən
fəaliyyət göstərən
“Rodnik” (“Çeşmə”)
ədəbi birliyidir.
Yeri gəlmişkən, bu ədəbi birliyi yaratmaq təşəbbüsünü
irəli sürmüş
Əli Əmirov özü də yaxşı şeirlər
yazırdı. Qəzetin səhifələrində
“Rodnik” rubrikasında dərc olunan şeirlərin müəllifləri
peşəkar şairlər
deyil, neftçilər,
pedaqoqlar, mühəndislər,
alimlər və tələbələrdir.
Bu gün hansı
mövzular qəzet üçün prioritet olaraq qalır? Mədinə xanım mənim bu sualımın cavabında bildirdi ki, neft və
qaz, hava və dəniz nəqliyyatı, ictimai-siyasi
həyat, elm və təhsil, mədəniyyət
və turizm kimi mövzular bu gün də
aktualdır.
Qəzetin baş redaktoru
“Vışka”nın hər bir nömrəsinin
aktuallığının və
mövzu müxtəlifliyinin
təmin olunmasına kömək edən müəlliflərə, həmçinin
qəzetin layihələrində
iştirak etməklə
onu “üzdə saxlayan” tərəfdaşlara
minnətdarlığını bildirdi.
Mədinə xanım bu qəzetlə bağlı gələcək planları barədə danışarkən 1996-cı ili xatırlayır: “Mən Heydər Əliyevə söz verdim ki, bu qəzeti qoruyub saxlayacağam. Onun “Bacararsanmı?” sualına cavabım belə oldu: “Çalışaram”. O isə gülərək dedi: “Sən gərək belə cavab verəydin: bacararam”. Mənim planım - vaxtilə məhv olmaq həddinə çatan və şəxsən Azərbaycan xalqının Ümummilli Liderinin xilas etdiyi bu qəzeti qorumaq, onu gələcək nəsillər üçün keçmişlə gələcək arasında informasiya körpüsü kimi saxlamaq, “Vışka”ya, eləcə də bu redaksiyada çalışmış, bu qeyri-adi nəşri qoruyub saxlamaqda bizə kömək etmiş insanların hamısına həsr olunan kitab nəşr etməkdir. Həmin kitab, demək olar ki, yığılıb, yalnız son ştrixlər qalır”.
Biz də “Vışka”nın kollektivini bu şanlı yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, onlara uğurlar və firavanlıq diləyirik!
Laçın Sultanova
AZƏRTAC-ın müxbiri
Âûøêà.-2018.- 20 àïðåëÿ.- Ñ.8.