Tənha ağac
hekayə
Fəridə bu gün yuxudan erkən qalxmışdı. Oğlu Pərviz birinci sinfə gedəcəyindən onun axşamdan ütüləyib hazırladığı məktəbli paltarlarını yenidən gözdən keçirdi. Birinci sinif üçün lazım olan dərs ləvazimatlarının hamısını axşamdan çantaya yerləşdirməsinə baxmayaraq, yenə də çantanın içinə nəzər yetirdi. Düz bir həftə bundan əvvəl babası Pərvizlə birlikdə məktəbli yarmarkasından ona məktəb üçün nə lazımdırsa, hamısını almışdı. Fəridə: - “Hər şey qaydasındadır”,- dodaqaltı pıçıldayıb mətbəxə keçdi. Çaydanı su ilə doldurub qazın üstünə qoydu, soyuducudan yağ, pendir çıxarıb masanın üzərinə düzdü. Fikirli olduğundan anasının nə vaxt mətbəxə daxil olmasını belə duymamışdı:
-Sabahın xeyir, qızım. Pərvizi oyadım?- deyən, anası kətili çəkib oturdu.
-Sabahın xeyir, ana. Qoy yatsın, hələ tezdir. Saat yeddidə oyadaram.
Fəridənin gözlərinin qızartısı anasının gözündən yayınmadı:
-Yenə nə olub, ağlamısan, hə?
-Yox, ağlamamışam. Gecəni narahat yatmışam.
-Bəlkə
o it oğlu girib yuxuna? Hə...Nəzəri deyirəm ey, o
qurumsağı. Bəlkə zəng eliyib səni narahat eləyir,
xəbərimiz yoxdur?
Fəridə
də kətili çəkib anası ilə üzbəüz
oturdu:
-Yox, ay
ana, Nəzəri axırıncı dəfə məhkəmədə
gördüyümdür. Bu günə qədər bir dəfə
də olsun zəng eləməyib. Bu gün
ayrılmağımızın düz beş ili tamam olur.
Düz beş ildir ki, mən də Pərvizi aldadıram.
-Yaxşı
ki, görməmisən. Boyunu yerə soxum onun kimi atanın. Elə
ərin olmağından olmaması yaxşıdır. Oğlu
birinci sinfə gedir, amma bir dəfə də olsun, onunla bu
günə qədər maraqlanmayıb. Sən də
başlamısan ki, Pərvizi aldadıram, bu nə deməkdir?
Fəridə
ayağa qalxıb iki stəkan çay süzdü, birini
anasının, o birini isə öz qabağına qoydu.Yatan
oğlunu oyatmamaq üçün pıçıltı ilə
danışmağa başladı:
-Bilirsən
ana, məni narahat edən başqa şeydir. Dünən
yatmazdan əvvəl Pərviz məndən soruşdu ki, ana,
sabah atam məktəbə gələcək, hə?
-Niyə
soruşdu ki? Nəyə görə sabah? Sən nə cavab
verdin?
-Bilirsən
ana, Pərviz ayaq tutub həyətdə uşaqlarla oynayandan bəri
mənə tez-tez bu sualı verirdi ki, ana, atam nə vaxt gələcək?
Mən də o vaxtlar onu ovundurmaq üçün deyirdim ki, sən
məktəbə gedəndə gələcək. Bax indi məktəb
vaxtı da gəlib çatdı. Pərviz bu gün birinci
sinfə gedəcək. Buna həm sevinirəm, həm də
ki, onun mənə verə biləcəyi suallardan narahatam. Bu
gün onun üçün çox unudulmaz bir gündür.
Mən ona nə cavab verim, nə qədər yalan deyim,
özüm də bilmirəm. Hər dəfə televizorda xəbərlərə
baxanda deyir ki, ana, bəs müharibə nə vaxt qurtaracaq,
atam nə vaxt qayıdacaq? Mən də bu günə qədər
çiyinlərimi çəkməklə birtəhər
suallardan yayınırdım, ya da deyirdim ki, sən birinci sinfə
gedəndə gələcək. Bəs birdən yenə xəbər
alsa, mən bu gün ona nə deyim?
-Mən sənə
vaxtında deyəndə ki, uşağı aldatma, ona
düzünü de, sən razı olmadın. İndi də
qalmısan vurnuxa-vurnuxa.
-Ana,
axı mən Pərvizə deyə bilməzdim ki, sənin atan
başqasını...
Atasının
oyanıb mətbəxə gəldiyini görən Fəridə
sözünü yarımçıq kəsdi. Atası sakitcə
qaz peçinə yaxınlaşaraq siqaretini yandırdı və
pəncərəyə yaxınlaşıb nəfəsliyi
açdı. Ərinin dinmədiyini görən arvad
üzünü qızına tutub daha da
qızışdı:
-Niyə
deyə bilmirsən? Denən də. Denən ki, sənin atan
oğraş çıxdı, denən ki, gedib yanı
küçüklünün birini aldı. Denən də, niyə
demirsən ki, sənin atan özündən beş yaş
böyük arvadın puluna görə gedib girib onun evinə?
Nə vaxta qədər uşağı aldadacaqsan ki, atan müharibədədir...
Bunun bir axırı olmalıdır, ya yox?
Sonra
üzünü ərinə tutaraq əlavə etdi:- Kişi,
sən niyə danışmırsan, bəlkə düz demirəm,
hə?
Kişi
siqaretinin tüstüsünü dərin bir qullabla sinəsinə
çəkdi, sonra kötüyünü külqabında
söndürərək arvadına dedi:
-Nəzər
yoxdur! Ölüb Nəzər! Ölən adam haqqında isə
nəsə danışmaq mənasızdır.
-Ölüb?
Nə vaxt ölüb, a kişi? - arvad çaşqın halda
soruşdu.
-Ölüb!
Elə bu gün ölüb! - kişi əsəbi səslə
cavab verdi.
-Allah
ağzından eşitsin, a kişi,-deyərək əllərinin
hər ikisini göyə qaldıran arvad, ərinin nə
dediyini sanki indi anladı.
Mətbəxin
qapısına söykənib yuxulu gözlərini balaca əlləri
ilə ovuşduraraq bayaqdan onlara qulaq asan Pərvizin səsi hər
üçünü çaşdırdı:
-Ana, mən
məktəbə gecikmərəm ki?
Fəridə
çaşqın halda cəld ayağa qalxıb oğlunu
qucaqladı:
-Yox,
gecikməzsən. Otur səhər yeməyini ye, sonra da bir yerdə
məktəbə gedərik.
Baba dediyi
sözləri nəvəsinin eşitdiyindən pərt olub bir
anlıq özünü itirdi, sonra Pərvizin alnından
öpüb mətbəxdən çıxdı...
Pərviz
anasının əlindən tutub məktəbə
yaxınlaşanda artıq birincilər sıraya
düzülmüşdülər. Fəridə kimisə
görürmüş kimi qəfil dayandı, arxasını məktəbə
tərəf çevirib oğluyla üzbəüz durdu və
son dəfə oğlunun köynəyini səliqəyə
saldı, əli ilə başına tumar çəkib
üzündən öpdü:
-Hə,
oğlum, sən get sinif yoldaşların dayanan çərgədə
dur.Sən içəri keçənə qədər bax, mən
o tənha ağacın yanında dayanacağam. Dərsin
qurtaranda da səni yenə orda gözləyəcəyəm.
Get oğlum, sənə uğurlar.
Pərviz
bir anlıq anasına qısıldı və sonra sakit səslə
dilləndi:
-Ana, sənə
bir söz demək istəyirəm, olar?
Fəridənin
rəngi allandı, ürəyi şiddətlə
döyünməyə başladı. Pərvizin ona nə deyəcəyini
təxmin etdiyindən heç bir söz demədən susdu. Pərviz
kipriyini qırpmadan düz anasının gözlərinin
içinə baxırdı. Keçən saniyələr Fəridəyə
saatlar qədər uzun göründü və özündən
asılı olmayaraq oğlunun qarşısında yerə
çökdü. Pərviz əllərini anasının
boynuna sarıyıb üzündən öpdü və
başını onun sinəsinə söykəyərək
pıçıltıyla dilləndi:
-Ana,
qurban olum, sən heç vaxt ölmə, yaxşımı?
Pərviz
anasının cavabını gözləmədən məktəbə
sarı qaçdı və sinif yoldaşları dayanan cərgəyə
qoşuldu. Əlində videokamera tutan bir kişi həvəslə
uşaqları, məktəbi və müəllimləri
bayaqdan bəri kameranın yaddaşına
köçürürdü.O ən çox kameranı Pərvizin
yanında dayanan qıza tərəf tuşlayır və onun
yaxşı görünməsi üçün arabir
saçlarına,yaxalığına əl gəzdirirdi:
-Sevinc,
qızım, belə ciddi dayanma, gülümsə də bir
az.
Sevincin
atası qızını çəkdikdən sonra
kamerasını məktəbin tribunasında təbrik nitqi
söyləyən direktora tərəf yönəltdi.
Sevinc
yanında dayanan Pərvizin qoluna toxunaraq soruşdu:
-Sənin
adın nədir?
-Pərviz.
-Mənim
də adım Sevincdir.
Pərviz
arxası onlara tərəf dayanmış və çiynində
kamera olan kişini başı ilə göstərərək
dedi:
-Hə
bilirəm, atan sənin adını çəkəndə eşitdim.
Sevinc
gülümsəyərək dilləndi:
-O mənim
atam deyil ki... Anam istəyir ki, mən ona ata deyim, amma mən
ona Nəzər əmi deyirəm. Nənəm deyir ki, o mənim
ögey atamdır... Sən də məktəbə atanla gəlmisən?
-Yox, mən
anamla gəlmişəm. Mənim də atamın adı Nəzərdir,
amma o...
Bu zaman
Sevincin atası kamerasını onlara tərəf çevirərək
dedi:
-Oğlum,
bir az Sevincə yaxın dur, sizi bir yerdə çəkilm.
Sevinc Pərvizin
ona yaxınlaşmasını gözləməyərək
özü ona sığındı.
Kamerası
işlək halda olan Sevincin atası Pərvizlə danışmağa
başladı:
-Sənin
adın nədir,oğlum?
Sevinc Pərvizin
dillənməsinə imkan verməyərək özü onun əvəzinə
cavab verdi:
-Onun
adı Pərvizdir. Atasının da adı Nəzərdir, lap
sənin adın kimi.
Kişi
maraqla dilləndi:
-A, nə
yaxşı, adaşımdır ki... Hardadır,
çağır onu da gəlsin, səninlə bir yerdə
çəkim, yadigar qalsın.
Pərviz
kişinin gözlərinin işinə baxaraq cavab verdi:
-Mən
anamla gəlmişəm. Mənim atam ölüb.
-Ananın
adı nədir? Bəs indi o hardadır?-Sevinc Pərvizdən
soruşdu.
Pərviz
Sevincin sualına həvəslə cavab verdi:
-Anamın
adı Fəridədir. Bax, dayanıb ordakı tənha
ağacın yanında.
-Nə qəşəng
adı var sənin ananın, - Sevinc dilləndi.
-Anamın
özü də qəşəngdir, onun adını Eldar
babam qoyub, mənim adımı isə atam, - deyərək Pərviz
qürurla gülümsündü.
Kişi Pərvizin
sözlərindən duruxdu, bir anlıq kamerasını
çiynindən aşağı salıb, Pərviz göstərən
istiqamətdə olan tənha ağaca tərəf baxdı.
Amma ağacın yanında heç kəs yox idi. Kişi diqqətlə
Pərvizə baxaraq nəvazişlə əlini onun
çiyninə qoyub titrək səslə soruşdu:
-Pərviz,
bəs sənin atan nə vaxt ölüb?
-Bu
gün!..-Pərviz qətiyyətlə ona cavab verdi.
Pərvizin sözündən kişi diksinən kimi olub, bir-iki addım geri çəkildi. Əlindəki videokameranın yerə düşərək sınmasına məhəl qoymadan tənha ağaca doğru addımlamağa başladı...
Arif Ərşad
Вышка.- 2021.- 12-18
fevral.- S.11.