Böyüklər üçün
ibrət, gənclər
və uşaqlar üçün həyat dərsi
Yazıçı
Arif Ərşadın yeni
Hekayələr kitabı çapdan
çıxıb
Arif Ərşadla tanışlığım çox gec cəmi 5-6 il əvvəl olub, ancaq istedadlı, maraqlı bir yazıçı kimi onu çox tez, qısa müddətdə tanıdım. Ən əsası onun həqiqətən əsl yazıçı, həm də özünəməxsus bir dəsti-xətti olan yazıçı olduğuna qətiyyətlə inandım.
Yalnız sonralar, ara-sıra qəzetlərdə, saytlarda rast gəldiyim hekayələrini, publisistik yazılarını oxuduqdan sonra bildim ki, o, ədəbi aləmdə artıq kifayət qədər tanınan qələm adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü imiş.
Arif Ərşad maraq doğuran bir-neçə hekayə kitablarının, povest və roman müəllifidir. Onun yaradıcılığı haqqında ilk olaraq bunu deyə bilərəm ki, onun qələmə aldığı hər bir hekayəsi oxunaqlı, yaddaqalandır. Ona yalnız bir irad bildirmək olar: hekayələrində bəzən elə mövzulara toxunur və elə gözlənilməz psixoloji-dramatik reveranslar edir ki, oxucuların emosiyaları buna tab gətirmək gücündə olmur. Bu baxımdan demək olar ki, Arif Ərşad daha çox yazıçı-psixoloqdur.
Arif Ərşad kənd və şəhər həyatına yaxşı bələd olduğundan, müxtəlif xarakterli adamlara özünün yazıçı binoklundan diqqətlə baxa bildiyindən hər bir hekayəsi həyatın maraqlı, düşündürücü ştrixlərlə əksidir. Məhz düşündürücü! Çox zaman da oxucunu təsirli həyat məqamları ilə üzləşdirib, onu həyəcanlandıran, kövrəldən, dünyaya, cəmiyyətə, dosta-doğmaya böyüdücü linzadan baxmağa, insanlarla münasibətdə hər addımda daha diqqətli və qayğıkeş, daha humanist olmağa səsləyən ştrixlərlə zəngindir onun hekayələri. Bu da yəqin ki onun C.Cabbarlı, Y.V.Çəmənzəminli, A.P.Çexov kimi görkəmli yazıçıların yaradıcılığı ilə mükəmməl tanışlığından, həyata və dünyaya məhz onlar kimi dərin qatlara nüfuz etmək istəyindən, bacarığından irəli gəlir. Və bu istək onu öz fərqli yaradıcılıq yolu olan, həm qəhrəmanları ilə, həm də oxucuları ilə çox sadə və səmimi, xalqın danışdığı dildə danışan bir yazıçı kimi sevdirir. Və ən əsası odur ki, Arif Ərşad öz hekayələrini təhkiyə üslubunda elə maraqlı qurur ki, onun heç bir hekayəsini axıracan oxumadan kənara qoymaq olmur.
Arif Ərşadın mövzu diapazonu ailə-məişət mövzularından tutmuş vətənpərvərlik, müharibə mövzularına qədər genişdir. Onun mehriban, xoşbəxt ailə-övlad münasubətlərindən bəhs edən Ailə hekayəsi olduqca xoş təəssürat yaradaraq, Azərbaycanda o cür mehriban ailənin, qayğıkeş ata-ananın daha çox olması istəyi-arzusu yaratsa da, Tənha ağac və Rəqs edən qızcığaz hekayələri eyni mövzuya həsr edilərək, ata xəyanətinin nəticəsi olaraq ailə özülünün dağılması ucbatından abırlı-həyalı, sədaqətli, qayğıkeş ananın və bütün varlığı, gələcək həyatları ilə ona sığınan günahsız övladların daxili iztirablarını qabarıq şəkildə, kövrək duyğularla çatdıraraq, böyük, acı təəssüf hissi doğurur.
Yazıçının Babamın xalçası hekayəsi də təsirli olmaqla yanaşı, ata-anaya, baba-nənəyə olan təbii övlad sevgisini bütün rəngləri-çalarları ilə, dolğunluğu ilə diqqətə çatdırır. Belə ki, sevimli babası, sonra da əziz, istəkli nənəsi dünyadan köçərkən onların babanın xalçasına bükülərək evdən çıxarıldığını görən nəvə ata-anasına da belə acı taleyin qismət olmasını görmək istəməyərək, günahı xalçada görərək, onu xəlvətcə götürüb həyətin dalda bir yerində yandıraraq, xısın-xısın ağlayır. Tüstünü görüb, tez o tərəfə qaçan ata-anası gözü yaşlı halda, fikirli-fikirli yanan xalçaya tamaşa edən uşağın gözlənilməz hərəkətinin səbəbini başa düşərək, onu danlamadan sakitcə yanında əyləşib, qucaqlayırlar. Hekayə uşağın dilindən bu sözlərlə qurtarır: Mən çox sevinirdim gələcəkdə atamı, anamı əlimdən ala biləcək bu xalçanın yanmasına... çox sevinirdim.
Arif Ərşadın Qaşqa quzu, Cırılmış şalvar, Yuxu, Büllur külqabı, bugünümüzdən bəhs edən Poçt şöbəsinin koronaviruslu günləri və digər hekayələri də səmimi ailə-övlad münasibətlərindən söz açmaqla insanpərvərliyi, qayğıkeşliyi ön plana çəkir, bununla özünün də həssas, böyük ürək sahibi olduğu çox aydın şəkildə duyulur. Cırılmış şalvar hekayəsinin balaca qəhrəmanı, atası Qarabağ müharibəsində həlak olmuş Familin bir vaxt atasının onun üçün aldığı şalvarı samokat sürərkən cırıldığından peşman olaraq, ağlaya-ağlaya Mən böyüyəndə əcgər olacam, atamı öldürənləri öldürəcəm... Atam sağ olsaydı, mənə təzə şalvar alardı deməsini qəlb ağrısıyla eşidən həyət qonşusu Əli babanın Familgilə guya qonaq gələrək, ona məktəbli paltarı hədiyyə etməsi xalqımıza xas olan qayğı və xeyirxahlığın nümunəsi kimi xoş hisslər oyadır və tərbiyəvi əhəmiiyyət daşıyır.
Poçt şöbəsinin koronaviruslu günləri hekayəsi də xeyirxahlıq, humanistlik baxımından olduqca diqqtəlayiqdir. İşsiz qalan, koronavirysa görə verilməli olan 190 manat üçün günlərlə poçt şöbəsinə ayaq döyən, lakin elektron siyahı üzrə adına pul oturmayan tənha qadının çıxılmaz vəziyyətini görüb, yalandan onun adına pul gəldiyini deyib, öz cibindən ona müavinət verən poçt rəisinin (o, elə yazıçının özüdür!) humanistliyi, xeyirxahlığı da böyük rəğbət doğurmaqla xalqımızın çətin anlarda hər zaman bir-birinə dayaq durmasını yüksək insani keyfiyyət kimi diqqətə çatdırır.
Arif Ərşadın Ata xeyir-duası, İydələr çiçəkləyəndə, Qurbanlıq quzu, Qismətdən qaçmaq olmaz, Məhbus qadınların bayramı, Büllur külqabı, Qarabağ uğrunda xalqımızın qəhrəmanlıq mübarizəsindən bəhs edən Dağlarda döyüş, Torpağa qarışan qan və digər hekayələri onun yazıçı kimi daha dəyərli əsərlər yaradacağına, müasir ədəbiyyatımızda özünə layiq mühüm yer tutacağına qəti inam yaradır. Ona bu yolda yeni, böyük uğurlar arzulayırıq!
Rəhman ORXAN.
Âűřęŕ.- 2021.- 12-18 fevral.- S.11.