Abidin atası və
əmisi Qarabağ qazisi, özü isə Vətən şəhidi oldu
Vətən - sadəcə coğrafi sərhədləri olan bir məkan deyildir. Vətən - xüsusi sevgi ilə əzizlənən,
süslənən, sinəsində
övladların daim rahatlıq tapdığı,
xoşbəxt yaşadığı
ulu, gözəl bir məkandır! Vətən torpağı
bizim üçün
səcdəgahdır, toxunulmazdır,
müqəddəsdir. Vətən
bizim üçün
ona görə müqəddəsdir ki, əsrlərdən bəri
bu yurd uğrunda
minlərlə igid oğul şəhid olub, bu torpağa
onların qanı tökülüb, torpağın
canına hopub. Şəhid qanı ilə suvarılan torpaq bizim üçün
müqəddəsdir, hər
zaman qeyrət, şərəf ünvanımızdır.Əsl
vətənpərvər o kəslərə
demək olar ki, onlar vətəni
bütün qəlbi,
canı və qanı ilə sevir. Onun azadlığı
və istiqlaliyyəti
uğrunda hər an döyüşə atılmağa, lazım gəldikdə canını
belə qurban verməyə hazırdır.
Vətən dəyişmir,
satılmır, köhnəlmir,
qocalmır. Bu müqəddəs məkanda
keçmişimizlə gələcəyimiz
qovuşur. O əbədi
və əzəlidir.
Onun göylərində
əcdadlarımızın ruhları dolaşır. Vətən sevgisi, Vətənə məhəbbət
insanın daxilindən,
qanından, ulularımızın
ruhundan gəlir. Vətən sevgisi insana ana südü,
ata nəfəsi ilə verilir. Vətən sevgisi ana sevgisi qədər
müqəddəsdir. Hər
kəs öz sevgisi, məhəbbəti,
varlığıyla Vətənini
öz qəlbində,
milli mənliyində daim yaşatmalıdır.
Yaşatmalıdır ki,
Vətən yaşasın.
Döyüşçü üçün isə Vətən sevgisinin ən ali məqamı
şəhidlikdir. Şəhidliyin
məqamı və zamanı isə əvvəlcədən bəlli
olmur. Şəhidlik uca Allahın bir insana verdiyi
ömür payını
könüllü olaraq,
qəlbən inanaraq, müqəddəs amal uğrunda gözlənilmədən
fəda etməsidir, məqamı gələndə
qəhrəman oğulların
öz ömürlərini
Vətənə bağışlamalarıdır.Qəhrəmanlıq
təsadüfi
olmur. Qəhrəmanlıq
- insanın qanına ana südü , ana laylası
ilə, atanın mərdlik, kişilik ruhu ilə ötürülür.
Məqamı gələndə
isə bir işıq kimi parlayaraq, sabahın yollarını aydınladır.
44 günlük Vətən
müharibəsində məhz
bu cür igidlər vətənpərvərlik
nümunəsi göstərdilər.
30 ilə yaxın düşmən tapdağı
altında qalan Qarabağ torpaqları işğaldan azad olundu. Şəhidlərimiz,
ölümün bir addımlığında təsadüfən
sağ qalmış qazilərimiz bu zəfər salnaməsinə
öz igidlikləri, hünərləri ilə
şanlı səhifələr
yazdılar.Qarabağın
azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq
göstərən bütün
igid əsgərlərimiz
əsl vətənpərvər
olduqlarını sübut
etdilər. Ölümün
gözünə dimdik
baxaraq, ölümsüzlük
qazandılar. Belə mərd igid, cəsarətli, qeyrətli,
şəhidlik zirvəsinə
ucalmaqla əbədiyyətə
qovuşan oğullarımızdan
biri də Oğuz rayon Dəymədərə kəndindən
olan şəhid Abid Məmmədovdur. Doğulduğu gündən
Vətənin müqəddəsliyini
hər an daha
dərindən dərk
etməyi doğma evində öyrəndi. Abid hələ dünyaya gəlməmişdən
erməni qəsbkarları
Qarabağ torpaqlarına
göz dikib, min fitnə-feillə doğma yurd yerlərimizi zəbt etmək xülyasına düşmüşdülər. Erməni vəhşilərinin
murdar əlləri doğma Qarabağ torpaqlarına doğru uzananda minlərlə
vətənpərvər gənc
Vətənin müdafiəsinə
qalxmış, silaha sarılaraq, cəbhə bölgəsinə üz tutmuşdu. Həmin illərdə könüllülərin
içərisində Abidin
atası Asif və əsgərlik xidmətində olan əmisi Araz da vardı. Birinci Qarabağ müharibəsində Asif
1992-ci ildə Ağdərə
və Füzuli uğrunda gedən döyüşlərdə igidlik
göstərmişdi. Lakin
döyüşlər zamanı
səhhətində yaranan
problemlərə görə
üç aydan sonra müalicə almaq üçün Füzulinin Qaraxanbəyli kəndindəki qospitala göndərilmiş, sonra
isə aldığı
ağır yaralara görə ordudan tərxis olunmuşdu.Abidin
əmisi Araz isə cəbhə bölgəsində - Ağdərədə
əsgərlik xidmətini
davam etdirmiş, sonra isə Füzulinin yuxarı Abdurahmanlı kəndində
düşmənlə üzbəüz
mövqelərdəki döyüşlər
zamanı igidlik, şücaət göstərmişdi.
Həmin ağır döyüşlərdə şəhidlərimiz,
yaralılarımız az
olmamışdı. 1994-cü ili yanvar ayının
26-da Aşağı Abdurahmanlı
kəndi uğrunda gedən döyüşlərdə
ayağından yaralanan
Araz da digər
yaralılarla birgə
sanitar postuna aparılıb ilkin yardım göstərildikdən
sonra Beyləqana, daha sonra Saatlı
qospitalına müalicəyə
göndərilmişdi.
Şəhidliyə gedən yol...Atasının və əmisinin hələ 1-ci
Qarabağ müharibəsində
göstərdikləri şücaətlər barədə
hələ uşaqlıqdan
eşitdiyi söhbətlər
Abidin vətənpərvərlik
ruhunda böyüməsində
ilk təkan olmuşdu. Yəni ki, onun vətənpərvərlik
duyğuları, vətəni
sevmək, qorumaq hissləri hələ uşaq yaşlarından, böyüdüyü evdən
boy verməyə başlamışdı. O böyüdükcə düşmənə
olan nifrəti də böyümüş,
atasının və əmisinin düşmənlə
apardığı mübarizənin
yarımçıq qalması
həmişə onu narahat etmişdi. Orta məktəbi bitirib hərbi xidmətə getdiyi zaman ürəyində pöhrələnən Qələbə
arzusunu reallaşdırmaq
üçün nümunəvi
xidmət etmiş, komandanlığın “təşəkkürnamə”sini qazanmışdı. Ağdamın
orta Qərvənd kəndi yaxınlığında
əsgərlikdə olduğu
zaman tibbi sanitar kimi xidmət
edən Abid, komandirin dediyinə görə daim səngərlərə baş
çəkir, yaralılara
yerindəcə ilkin yardımlar göstərirdi.
İlyarımlıq əsgəri
xidmətini şərəflə
yerinə yetirdikdən
sonra ordudan tərxis olunaraq doğma kəndə qayıdır.Abid kəndin gəncləri arasında öz ağır təbiəti,
ağayanalığı, dürüstlüyü,
eyni zamanda mehribanlığı, səmimiyyəti və yaraşıqlılığı ilə seçilirdi. İstər ailədə,
istərsə də evdən kənarda, işlədiyi kollektivdə
böyük-kiçik yerini
bilməsi, işgüzarlığı
və bacarığı
ilə hamının sevimlisi olmuşdu. O, hərbi xidmətdən sonra Oğuz şəhərində yerləşən
Qarğıdalı emalı
zavodunda operator köməkçisi işləməyə
başlayır. İşə
məsuliyyətlə yanaşması,
işgüzarlığı və səmimiyyəti onu kollektivdə hamının sevimlisinə
çevirir.Abid bütün gənclər
kimi həyat eşqi ilə yaşayır, sevir və sevilir. Bu sevgi uğurlu
izdivacla nəticələnir.
O, ailə quraraq, ömür boyu ona vəfadarlıq edəcək xanımı
ilə gözəl, məsud günlərini yaşayır. Aylar sonra onun valideynləri
ilə bir ocaqda həyatının ən gözəl, xoşbəxt günlərinə
daha bir sevinc əlavə olunur. O, 2020-ci ildə yeni ilin ilk
saatlarında ata olmağın xoşbəxtliyini,
bəxtəvərliyini yaşayır.
Hər zaman məsuliyyətli olan Abidin ata kimi
məsuliyyəti daha da artır. Onun ailəsi xoşbəxt, bəxtəvərlik
dolu günlərini yaşayırdı. Balaca Əlinin hər bir hərəkəti evdə sevinclə, fərəhlə izlənilirdi.2020-ci ildə bütün dünyada pandemiya elan edildikdən sonra hər kəs karantin qaydalarına uyğun olaraq yaşamağa çalışırdı. İl ağır gəlsə də, Abidin anası Rübabə ana yeni ilin
ilk saatlarında ona balaca Əli
kimi gözəl bir nəvəni bəxş edən həmin ildən, Allahdan çox razı idi....Həmin il
iyul ayının 12-də
baş verən Tovuz hadisələri hamı kimi Abidi və onun
yaşıdlarını, ailəsini
də sarsıdır.
Minlərlə könüllü
Ali Baş Komandanın əmrini gözləyir ki, silaha sarılaraq, illərlə ermənilərə
qarşı ürəklərinə
dolmuş qəzəb
və nifrətlərini
qalxan edərək, düşmənin başına
endirsinlər. Digər
yaşıdları kimi
Abid də könüllülər sırasına
yazılır. Və çox keçmir ki, vətənini sevən bütün
qəhrəman oğullar
təlim-məşqlər üçün
hərbi komissarlıq
tərəfindən hərbi
xidmətə çağırılır.
Abid 2016-ci ildə
Ermənistanla Azərbaycan
arasında baş verən Tovuz hadisələri - dörd günlük müharibə
zamanı da təlim-məşqlərə cəlb
edilmiş, sonra isə evə buraxılmışdı. Sentyabrın
21-də yenidən təlim-məşqlərə
qatılan Abidin ailəsi yenə də onun təlimlər
bitdikdən sonra evə qayıdacağını
düşünürdülər.2020-ci ilin
sentyabrın 27-də düşmənin
silahlı qüvvələrinin
cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə
cavab olaraq, Azərbaycan Ordusu sonradan ”Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı.
Həmin gün səhərdən ermənilər ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərinə
və yaşayış
məntəqələrimizə qarşı genişmiqyaslı
hücumlar etdi. Buna cavab olaraq
ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarla
Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.Həmin gün
Abidin də olduğu topçu taqımı Murov istiqamətində gedən döyüşlərdə
igidliklə iştirak
edir. Böyük ruh yüsəkliyi ilə başlayan, illər idi ki üəklərdə qövr edən yaralarımızın intiqamı
üçün torpaqlarımızın
bütövlüyü uğrunda
gedən döyüşlər
bütün cəbhə
boyu olduğu kimi bu istiqamətdə
də düşmən
ordusunun məğlub olaraq torpaqlarımızdan
qovulması ilə nəticələnir. Murovdağ
istiqamətində bir
neçə gün ərzində neçə
yüksəkliklər düşməndən
təmizlənir. Həmin
döyüşlərdə Abid də cəbhə
yoldaşları ilə
birgə mərdliklə
vuruşur. Toptuşlayıcı
briqadada köməkçi
kimi xidmət edən Abid hələ sentyabrın
21-dən başlanan təlim-məşqlər
zamanı fürsət
düşdükcə ailəsi
ilə əlaqə saxlamağa imkan taparaq, tezliklə görüşəcəklərini söyləyir. Müharibənin
ilk günlərindən
düşmənə qan
udduran yenilməz ordumuz hər gün qələbə xəbərləri ilə
xalqı sevindirir, daha əzmlə döyüşlərə atılırdı.
Muharibənin dördüncü
günü hər kəs yorğun halda olduğundan ana torpağın qoynunda azacıq da olsa dincəlmək
istəyirlər. Lakin
gecə ikən məkrli düşmən
həmin taqımın
yerini dəqiqləşdirir.
Oktyabr ayının
1-də səhər saatlarında
düşmən Abidgilin
mövqeyini minaatanlardan
və başqa atıcı qurğulardan atəşə tutur.Abid
yuxulu olduğundan əvvəlcə nə baş verdiyini anlamır. Düşmən
tərəfin atdığı
minamyot qəlpələri
dolu kimi onların üzərlərinə
yağır, zərbənin
gücü Abidi Murov dağının Şişqaya deyilən yerində qayaya çırpır. Yanındakı
döyüş yoldaşına
ancaq “mənə
nə oldu?” deyə bilir. Həmin vaxt xeyli şəhidlərimiz,
yaralılarımız olur.
Çox keçmədən
komandanlıq yaralıları
və şəhidləri
“KamAZ”la döyüş
bölgəsindən uzaqlaşdırır.
Yaralılar Gəncədəki
qospitala aparılır.
Abid hələ yolda, maşında ikən, xəstəxanaya çatmadan dünyasını
dəyişir.Təəssüf
ki, evdə ana-atanı, övladını,
əzizlərini qoyub Vətən torpaqlarının
azadlığı, bütövlüyü
uğrunda döyüşlərə
atılan qəhrəman
oğullar düşmən
hiyləsi nəticəsində
həlak olurlar. Əlbəttə, onlar müharibənin nə olduğunu bilirdilər. Bilirdilər ki, döyüşə gedib,
geri dönməmək
də var. Və o Murov igidləri xalqımıza
işıqlı sabah,
övladları üçün
azad, bütöv bir yurd miras
qoymaq üçün
uf belə demədən Vətən,
torpaq uğrunda şirin canlarından keçdilər.Deyirlər,
müharibədə atılan
ilk güllə anaların ürəyinə
dəyir. Vətən
müharibəsində də
minlərlə ananın
ürəyi tikə-tikə,
parça-parça oldu.
Güllələr təkcə
döyüşən oğulların
ömrünü deyil,
anaların, neçə-neçə
ailənin də xoşbəxtliyini dəlib
keçdi.Abidin anası necə gün övladından xəbər ala bilmir. Rübabə ana həyəcanla televizordan qələbə
xəbərlərini izləyir,
şəhid xəbərlərini
də ürək acısı ilə qarşılayır.Abidin əmisioğlu onun yaralı ola biləcəyini bildirir. Abidin atası, əmisi və digər qohumlar bütün qospitalları
və xəstəxanalarda
onu aramaq üçün döyüş
zonasına yollanırlar.
Hərbi komissarlıqdan
xəbər alırlar.
Yalnız axtarışın
ikinci günü Araz əmi Abidin
cəsədinin Gəncədəki
qospitalın yanındakı
morqda olduğunu öyrənir. Asif ata bu xəbəri
eşidəndə sanki
onurğa sütunu qırılır....Abid oktyabrın
4-də doğma kəndində
- Oğuz rayonunun Dəymədərə kənd
qəbristanlığında dəfn olunur. Abid Məmmədov böyük izdihamla, kədər və qürur hisslərinin qarışığı ilə
əbədi mənzilinə
köçür.Abid kimi minlərlə gənc geriyə baxmadan, torpaqlarımızın
müdafiəsi və
bütövləşməsi üçün, həyatlarının
gənc çağında,
qönçə vaxtında
Vətən üçün
canlarını, ömürlərini fəda etdilər. Onlar şəhid oldu ki, xalqımız vətən torpağında
şərəflə, qürurla
yaşasın.Abidin anası Rübabə ana ilə görüşümüz
zamanı Abid haqqında bunları söylədi: “Abid çox təmiz ürəkli, tərbiyəli,
ədalətli
oğlan olub. O, mənim ilk övladım idi. Mən analıq sevincini ilk dəfə
Abidin sayəsində,
o, dünyaya gələndə
duymuşam. Ondan başqa yalnız bir qızım var. Vaxtilə çox mehriban ailəmiz olub - danışan, deyən, gülən... Heç vaxt nə ailə
daxilində, nə də kiminləsə problemimiz olmayıb. Abid də elə
oğlan idi ki, heç kəslə işi olmazdı. Hər adamla da ünsiyyət
qurmazdı. Çox ağıllı, tərbiyəli,
mərd, işgüzar
oğul idi.Döyüş
yoldaşları Abid barədə yalnız xoş xatirələr danışırlar. Çox
az müddət birlikdə olsalar da, o, özünə böyük hörmət qazanmağı bacarmışdı.Abid
gülüşü ilə
seçilərdi. Tanışları
ona “gülən oğlan” deyə müraciət edirdilər.
İndi nə gülüşü gəlir,
nə səsi eşidilir...Maşın həvəskarı idi. Avqust ayında sürücülük vəsiqəsi
almışdı, maşın
almaq istəyirdi, qismət olmadı, sentyabrda müharibəyə
getdi. 2 ilə yaxın idi ki, ailə qurmuşdu.
Bir övladı var. Abid oğluna
həddən çox
bağlı idi. Döyüş yoldaşlarından
biri danışırdı
ki, şəhid olduğu gün hamı yemək yesə də, nədənsə Abid yeməyibmiş. Ondan niyə yemədiyini soruşanda, “Əli yadıma düşüb,
yaman darıxmışam”
deyib. Hər dəfə telefonla danışanda yoldaşına
deyərdi ki, mən yaxşıyam, əsas oğlum üçün narahatam.“İndi mən də, atası da yalnız onun bircə balası üçün
yaşayırıq. Bundan
sonra nə qədər ömrümüz
var, ona həsr edəcəyik, - deyir Rübabə ana. - Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr
edirəm. Gec, ya tez, oğluma
qovuşacam. Bəlkə
də, təsəllim
yalnız budur".Rübabə ana! Abidlə təkcə siz yox, bütün
Oğuz eli, Azərbaycan fəxr edir, qürur duyur. Əlbəttə, Qələbələr
qansız-qadasız, itkisiz
qazanılmır. Hər
yeni döyüşdə
yeni qəhrəmanlar üzə çıxır.
Sizin kimi anaların əllərindən
öpürük, qəhrəman
övladlar yetişdirdiyiniz
üçün. Nə
qədər ki sizin kimi mərd
analar Abid kimi cəsur, qorxubilməz qəhrəman
oğullar böyüdür,
bizim doğma Vətənimiz heç vaxt düşmənə boyun əyməyəcək,
güclü dövlətimiz
sarsılmayacaq. Şəhidlərimizin
isə əbədi yeri ürəklər olacaq. Abidin arzusu Qarabağı düşmən tapdağından
təmizləyib, qürurla
evinə, elinə dönmək idi. Bu arzusuna çatmasa
da Vətən torpaqlarının işğaldan
azad olunmasında, Bayrağımızın qədim
yurd yerlərində yenidən dalğalanmasında,
böyük Zəfərimizin
qazanılmasında Abidin
də payı var.
Allah böyük
Qələbə sevincini
bizə yaşadan bütün şəhidlərimizə
rəhmət eləsin!
Dövlətimiz Vətən müharibəsi
qəhrəmanlarının hər birini döyüşlərdəki şücaətinə,
rəşadətinə görə
layiqincə qiymətləndirmiş,
onları yüksək
orden və medallarla təltif etmişdir. Azərbaycanın
ərazi bütövlüyünün
bərpa edilməsi uğrunda gedən döyüşlər zamanı
göstərdiyi igidliyə
görə Abid Məmmədov ölümündən sonra
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə
“Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Abidin ən
ali mükafatı, yüksək adı isə, əlbəttə,
şəhidlik adıdır.
Şəhid - əbədiyyəti
qazanan deməkdir.
Mehparə
BƏKİROVA
Âûøêà.- 2023.- 24 íîÿáðÿ,¹44.-
Ñ.11.