Musiqi məbədgahının
mehrabı
Bu sözlərin
ünvanı hamının
tanıdığı, sənətinə,
şəxsiyyətinə hörmət
bəslədiyi dünya
şöhrətli müğənni,
dahi sənətkar
SSRİ xalq artisti Zeynəb Xanlarovadır.
Azərbaycan tarixində adlarını
qızıl hərflərlə
həkk edən bir neçə qadın vardır ki, onlardan biri
də məhz, Zeynəb Xanlarovadır. Bu qadını xarakterizə edən üç meyar var: sənət, şəxsiyyət, mərdlik.
Bəli, bu belədir. O, sənətdə
necə zirvədədirsə,
şəxsiyyət kimi
də yüksəklikdədir.
Çəkinmədən daim
haqq sözünü deyən, ədalətsizliklə
barışmayan, sözü
yerli-yerində deyən
mərd azərbaycanlı
qadınıdır.
Sərhədləri dəmir tikanlı məftillərlə əhatə
olunmuş keçmiş
SSRİ dövründə ötən
əsrin 60-cı illərindən
başlayaraq müstəqillik
qazandığımız günə
kimi Zeynəb Xanlarova ifa etdiyi mahnılarında
Azərbaycan adını
dünyaya tanıtdırdı.
Muğam üstə oxuduğu qəzəlləri
və şeirləri ilə Azərbaycan xalqının qəhrəmanlığını,
qeyrətini, mərdliyini,
ölkəmizin füsunkar
təbiətini ustalıqla
milyonlara çatdırdı.
Konsertinə xarici ölkələrdə yaşıyan
azərbaycanlıları da
cəlb etməklə,
onların evini ziyarət etməklə, əslində onlara həm Azərbaycan həqiqətlərini, həm
onların müstəqillik,
hürr yaşamaq arzularını çatdırır,
həm də bir növ diaspora
rəhbəri rolunu oynayırdı.
Asəf Zeynallı
adına musiqi texnikumunda böyük ustad sənətkar Seyid Şuşinsikinin məktəbində musiqi ifaçılığı sənətinin,
muğamımızın sirlərinə
vaqe olaraq öz məlahətli, təkrarsız, şirin, həlim, yeri gələndə zil səsi ilə o, səhnədə, efirdə
zirvələr fəth
elədi, xarüqələr
yaratdı. Haqlı olaraq SSRİ Xalq rəssamı Mikayıl Abdullayev Zeynəb xanım haqqında söz açarkən deyirdi: “Zeynəb Xanlarova Azərbaycan musiqi mədəniyyəti
tarixində bir mərhələdir”.
Zeynəb Xanlarova
Azərbaycan səhnəsinə
yenilik gətirdi. İfa edərkən şuxluq, ritmiklik, canlandırma, oynaqlıq onu digər müasirlərindən fərqləndirdi.
O, səhnədə heç
kimi təqlid etmədi, təkrarlamadı,
heç kimə bənzəmədi. Özünün
əbədi yolunu cızdı ki, uzun onilliklər, elə bu günün
özündə də
neçə-neçə müğənni
və xanəndə nəslinə örnək
oldu, məktəb oldu. O, özünün Leylisi, Əslisi ilə ölməzlik ifasını qazandı.
Ötən əsrdə
Bakı şəhərində
baş vermiş 20 yanvar faciəsində mərdik nümunəsi göstərən Zeynəb
xanım xalqının
o ağır günündə
onun yanında oldu. Şəhidlər ağısı ilə Sovet hökümətinə
üsyan etdi, Azadlıq meydanında bu qətliamı törədən Mixayil Qorbaçova “ölüm”
-deyə meydan oxudu. Bu o vaxt
idi ki, Zeynəb
Xanlarovaya Sosialist Əməyi Qəhrəmanı
fəxri adı verilməsi haqqında fərman imzalanması üçün M.Qorbaçovun
masasında idi. Buna baxmayaraq, Zeynəb xanım öz xalqını seçdi.
20 Yanvar faciəsi
ilə bağlı
1990-cı il yanvarın
22-də Azərbaycan SSR Ali
Sovetinin keçirilən
fövqəladə sessiyasında
bir çox kişi deputatların qorxudan sessiyaya qatılmadıqları halda
Zeynəb Xanlarova digər fədakar deputatlarla birgə sessiyada çıxış
edərək, öz etiraz səsini qaldırdı, qəbul edilən kəsərli, tarixi qərara səs verdi. Həmin sessiyanın videolentə alınıb,
gələcək nəslə
çatdırılmasında məhz Zeynəb xanımın sayəsində
mümkün olmuşdur.
Belə ki, həmin tarixi sessiya Zeynəb xanımı çox çətinliklə Ali Sovetə gətirdiyi şəxsi videokamerasının
hesabına videolentə
alınmışdır.
O, 89 illik həyatının
çoxunu Azərbaycan
xalqının rifahı
naminə, mədəniyyətinin
inkişafı naminə
həsr edən, saysız orden, medallara layiq görülüb. 30 ildən
artıq parlamentdə
millət vəkili kimi məhsuldar fəaliyyət göstərib.
Şərqin ulduzu titulunu qazanan Zeynəb Xanlarovanın yeganə ən ali titulu “Azərbaycan
xalqının Zeynəbi”
fəxri adıdır.
Çünki, xalq onu sevir, daim
hörmət və ehtiramını göstərir.
Zeynəb xanım
nə qədər böyük titullar, mükafatlar sahibi olsa da, o, heç
bir zaman sadəliyini, səmimiliyini
itirmədi. O, biriya, saxta, pedant olmadı.
Sözün əsl mənasında xalqının
Zeynəbi oldu. O, daim doğulub, boya-başa çatdığı
Bakının məşhur
Dağlı məhəlləsi
ilə fəxr elədi. Həm də o, bu gün
özünün suverenliyini
Azərbaycanın bütün
ərazisində bərpa
edən bütöv Azərbaycanla fəxr edir. Bu səadəti,
bu qalibiyyəti bizə bəxş edən Ali Baş
Komandan, Respublika Prezidenti cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə,
mərd və cəsur, qəhrəman oğullarımıza daim öz minnətdarlığını,
həmçinin bir sənətkar, bir ana alqışını bildirir...
Zaman-zaman Zeynəb
xanımın sənəti,
səsi, qazandığı
uğurlar, ondakı qeyrət və s. Azərbaycanın söz ustadlarının, qələm
sahiblərinin serlərində,
yazılarında öz
əksini tapıb. Elə mən özüm də onun haqqında yazılar yazmışam. Lakin, bu gün
məhz söz sərraflarımızın Zeynəb
Xanlarovaya həsr etdiyi sənət nümunələrindən bəzi
parçaları hörmətli
oxucularıma təqdim
etmək istəyirəm.
Zeynəb Xanlarovanın
repertuarında daim xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman
Rüstəmin şeirlərinə
yazılmış mahnılarına
və muğam üstə oxuduğu qəzəllərə rast
gəlirik. Öz növbəsində S.Rüstəm
daim Zeynəb xanımın sənətinə
yüksək qiymət
verirdi. Yurdunun, millətinin ağ gününü görməyəni
daim qələminin gücü ilə tənqid atəşinə
tutan S.Rüstəm illərdir, Zeynəb xanımın ürəklərə
məlhəm gətirən
səsi, pərəstişkarlarına
sevinc payladığı
ürək sözü,
xoş nəfəsi ilə könül rübabının telini vəcdə gətirən,
doğma vətənini
uzaq-uzaq ellərdə
tanıtdıran dünya
şöhrətli müğənnini
öz şeirində belə təsvir edir:
Günəşə qədərdir eşqin, vüqarın,
Şeirdir, nəğmədir
sərvətin, varın,
Sönməz od nəfəsin yad mahnıların
Havaya sovurur
külünü, Zeynəb!
Coşduqca cəh-cəhin dalğalar
kimi,
Gülür dodaqların ilk bahar
kimi,
Xalqınla keçirdin sənətkar
kimi
Gününü, ayını, ilini
Zeynəb.
Sən ey hər millətin
əziz qonağı,
Solmaz ilhamımın mahnılar
bağı
Böyük məhəbbətlə qardaşsayağı,
Öpürəm göyərçin əlini
Zeynəb!
El anası kimi tanınan, “ürəyimdə
bir həsrətin qəmi var” – deyən, hər zaman həyatsevər
qələm ustadımız
xalq şairi Mirvarid Dilbazi də Zeynəb xanımın
səsinin, sənətinin
vurğunu, pərəstişkarı
idi. O, kövrək-kövrək
oxuduqca ürəklərə
od salan, nəğmələri ilə
tamaşaçıları ovsunlayan, ecazkar səsi ilə nəğmələrə, şeirlərə
dönərək könüllərdə
məşəl kimi yanan, şölələnən
Zeynəb xanımı
belə təsvir edir:
Bir bülbülsən gül
bağında,
Söz gül açır dodağında.
Min millətin torpağında
Özü nəğmə olan
Zeynəb!
Hərdən odlu, hərdən
sərin,
Oxuyanda şirin-şirin.
Əfsunuyla nəğmələrin
Canımızı alan Zeynəb!
Sənə oyun da yaraşır,
Oyna, boyun da yaraşır,
Şöhrətin sərhədlər aşır,
Ürəklərə calan, Zeynəb!
Zeynəb
Xanlarava daim repertuarında gözəl
qəlbli ruh şairimiz Ələkbər
Ziyatayın şeirlərinə
yazılmış mahnılara,
qəzəllərə də
geniş yer ayırıb. Onların arasında “Olmalıydın,
olmadın”, “Sənsən
sən”, “Qəlbim gəl deyir”, “Azərbaycanım mənim”,
“Səninləyəm”, “Dilim-dilim
ol, dilim” mahnıları çox populyarlıq qazanıb. Müğənni ilə şair arasında çox möhkəm dostluq və sənət əlaqələri
olub. “Mehri – ülfətdir
şüarım, mən
azərbaycanlıyam” - deyən Ə.Ziyatay Zeynəb xanımı həm də bəhruz xəyallı bir rəssama bənzədirdi.
Şair Zeynəb xanımı elimizin saf məhəbbəti, yurdumuzun şux təbiəti, yüz sehrli nəğmə, Göygöldən axar ağ su, baharın
öz qızı və öz səsi kimi böyük şövqlə
təsvir edir, onu sənət tacı adlandırırdı:
Nəğmə onun üçün
bir kainatdır,
Nəğmə onun üçün
qoldur qanaddır;
Nəğmə onun üçün
əsl həyatdır.
Nəğməsiz heç belə
coşarmı Zeynəb,
Nəğməsiz dünyada yaşarmı
Zeynəb?!
Məhsəti qüdrəti var nəğməsində,
Natəvan həsrəti var nəğməsində,
Həcərin qeyrəti var nəğməsində...
Doğma
xalqdan alıb gücünü Zeynəb,
Daşıyır öz sənət
tacını Zeynəb!
Uşaqlıqdan Zeynəb xanımın
mahnıları ilə
böyüyən, bu ölməz sənətkarın
ecazkar səsinə vurulan, onu özünün
gələcək sənət
yoluna, müğənniliyə
sövq edən tanınmış müğənni,
əməkdar artist Ədilə
Nəzərli-Əflaki ilk sənət
müəlliminin məhz,
Zeynəb xanım olduğunu daim dilə gətirir. Onun valideynləri Zeynəb xanımla bir məhəllədə
yaşayıb. Ona olan
sevgisi də məhz oradan qaynaqlanıb. Ədilə
xanım repertuarına
daim Zeynəb Xanlarovanın oxuduğu mahnıları daxil edib, Zeynəb xanımı səhnə ümmanında bir atəşə bənzədən
Ədilə xanım qəlblər ilahəsi olan dahi sənətkarımıza
həsr etdiyi “Mənim Zeynəbim” adlı şeirində özü, sözü gözəl olan, ucadan-uca, vətənimizin
mərd qızı Zeynəb xanımı belə vəsf edir:
Torpağa bağlıdır nəfəsi
canı,
Dünyaya tanıtdı Azərbaycanı.
Əvəzsiz ifası “Cahargah”ının
Möhrünü vurubdur, mənim
Zeynəbim.
Əlçatmaz zirvəsən musiqimizə,
Böyük məktəb oldun
hər birimizə.
“Millət vəkili” tək məclisimizə,
Doğru
yol göstərən
mənim Zeynəbim.
Səsi
gur şəlalə, sözləri “almaz”,
“Ana” varlığına laqeyd qalmaz.
Xalqına xidməti, bu da
danılmaz
Zinəti
özündən, mənim
Zeynəbim.
Bəli,
iki əsrin, iki minilliyin möcüzəsi sayılan,
öz ecazkar, möhtəşəm, zövq
oxşayan, tamaşaçılarını
musiqi dünyasının
sehrinə aparan, səsi ilə ürəkləri riqqətə
gətirən Zeynəb
Xanlarova haqqında çox deyilib, çox yazılıb və bu davam
edəcəkdir. Onun haqqında cild-cild kitablar çıxacaq, filmlər çəkiləcək,
məqalələr yazılacaq,
dissertasiya işləri
müdafiə olunacaq.
Zeynəb Xanlarovanın
yaradıcılığı bir ümmandır ki, bu gün bu
qısa yazımda onun yalnız bir neçə damlası haqqında söz açdım.
Xoşbəxtliyin, bəxtəvərliyin bir rəmzidir Zeynəb xanım, elə deyilmi? O, bütün bunlara görə, sənətin
zirvələrinə çatdığına
görə xalqına
minnətdarlığını daim dilə gətirir və bu hisslərini özünün də çox sevdiyi və şeirlərinə
bəstələnmiş mahnıları
sevə-sevə oxuduğu
böyük Mikayıl
Müşfiqin aşağıdakı
misraları ilə ifadə edir:
Xəlqilə titrəyən, xəlqilə
gülən,
Vətənçün yaşayan, vətənçün ölən,
Səmimi
bir insan nə bəxtiyardır.
Bu gün də Zeynəb xanım gənclik həvəsilə,
gənclik şövqü
ilə oxuyur, yeni mahnıları ilə onu sevənlərin qəlbinə sevinc toxumu səpir. Bu arada qısa düzəlişlə xalq
şairi Səməd Vurğunun sözləri ilə bu günki yazıma nöqtə qoyuram. “Oxu Zeynəb, oxu Zeynəb qoy səsin, ürəklərdə kaman
kimi titrəsin”.
Qafar Əsgərzadə
Əməkdar jurnalist,
Pedoqogika üzrə fəlsəfə
doktoru, dosent.
Âûøêà.-2025.- 19 ñåíòÿáðÿ (¹35). - Ñ.6.