Ermənilərin Şamaxıda törətdikləri qırğınlar

 

Ataxan Paşayev: "Soydaşlarımızın başına açılan müsibətlər adamı dəhşətə gətirir"

 

1918-1920-ci illərdə ermənilərin soydaşlarımıza qarşı vəhşiliklərindən bəhs edərkən uzun müddət nədənsə onların Şamaxıda törətdikləri vəhşiliklərlə bağlı demək olar, danışılmayıb. Milli Arxiv İdarəsinin rəisi, tanınmış araşdırmaçı Ataxan Paşayev deyir ki, "ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanılır. Bu sənədlər arasında 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi diqqəti cəlb edir. "Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər arasında 7 cild 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərçəkmiş və şahid ifadələri, dindirmə protokolları ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili, mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir".

Komissiyanın ilkin istintaq nəticəsində əldə etdiyi məlumatlar həmin məruzədə şərh olunurdu. Məruzədə deyilirdi ki, Şamaxı şəhəri 2 hissədən ibarətdir: yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsi. Birincidə əsasən ermənilər və malakanlar, müəyyən qədər də müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardır. Erməni və malakanlar hərəsi 6 kənddə yaşayırlar. Həm şəhərdə və həm də kəndlərdə olan müsəlmanlar ermənilər və malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışdılar. Hətta 1905-ci ildə Zaqafqaziyanın bir çox şəhər və kəndlərində ermənilərə qarşı çıxış ediləndə də Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişlər. Bura baxmayaraq, ermənilər müsəlmanlara qarşı gizlində düşmənçilik hissi bəsləyir və 1905-ci ildə "incidilmiş" ermənilərin hayfını çıxmaq üçün əlverişli məqam gözləyirmişlər. 1918-ci il martın 18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırmışlar: "Biz bu günü 12 ildir gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək edə bilməyəcək. Köməyə siz özünüzün müqəddəs Həzrət Abbasınızı çağırın". Həkim Sazanov 1918-ci il martın 19-u gecəsi Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə bir cavab alır: "Müsəlmanlara heç bir rəhm etmək yoxdur. Onların hamısı məhv edilməlidir".

Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkəti hələ I Dünya Müharibəsi başlandığı vaxtlardan özünü büruzə verib. Ermənilər azərbaycanlılara qarşı özlərini çox təkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası oradan getdikdə gizli surətdə silah anbarını ələ keçirərək bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişdilər. Onlar ermənilərdən və malakanlardan ibarət hərbi qarnizon təşkil edib, ora müsəlmanları buraxmamışdılar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, təhqir edir və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silah və sursat gətirib sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi özü ilə bəzən 3 tüfəng gətirmişdi. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürlər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Müsəlmanlar bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Altdan-altdan sürətlə silahlanan ermənilər üzdə özlərini belə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı Mədrəsə erməni kəndində gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri sürətlə toplanmağa başlayırlar. Martın birinci yarısında məlumat alınır ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış 3 minədək Bakıdakı bolşevik hakimiyyəti adından erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman (Azərbaycan türkləri-red.) və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü malakan kəndi Qozlu-Çayda (Xilmilli) olur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və bildirirlər ki, başlıca məqsəd Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edib atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur. Ancaq axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Ancaq ermənilər vədələrinə çox az sonra xilaf çıxırlar. 1918-ci il martın 18-də Şamaxının azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Görürlər ki, şəhər güney tərəfdən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bu hücum soydaşlarımız üçün tam gözlənilməz olur. Ermənilər soydaşlarımızın evlərini talan edir, yandırır, mülki əhalini qəddarlıqla öldürür. Şəhərin ən abad və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulur. Ermənilər və malakanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirlər. Ermənilər evlərə soxulur, onların sakinlərini qətl və qarət edir, sonra isə yandırırlar. Gecə müsəlmanlar təslim olmaq barədə ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır, yanğınlar bütün bölgəyə yayılır və o biri günün səhərinə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır.

Ermənilər insanları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyidlərdən qalaqlar yaranır. Qaniçən ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağlasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirlər. Öldürmək və evlərini yandırmaq hədəsilə ermənilər soydaşlarımızın onların pul və qiymətli şeylərini alır, ancaq çox vaxt bu da onları ölümdən və evlərini yandırmaqdan xilas edə bilmir. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyidləri atılmışdı. Onların döşləri kəsilmiş və ən çirkin üsullarla təhqir olunmuşlar. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyidləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarətlə talan olunmuş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki vəhşilikləri bir neçə gün davam edir. Ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı bir neçə min soydaşımız qətl edilib.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 2 aprel.- S.14.