Soyqırım Günü Qubada anılıb
Kütləvi məzarlıqda soyqırım
monumental abidəsi ucaldılacaq
Martın 31-də Parlament Jurnalistləri Birliyinin (PJB) təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici və yerli KİV nümayəndələri Quba şəhərindəki soyqırım məzarlığını ziyarət edib. Nümayəndə heyətinə rənbərlik edən PJB-nin sədr müavini Aqil Aslan açıqlamasında bildirdi ki, təşkilat ermənilərin Azərbaycanda törətdikləri soyqırımları dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra tədbirlər həyata keçirməkdədir. O, jurnalistləri Qubadakı azsaylı millətlərin nümayəndələri ilə də görüşdürdü. A.Aslan qeyd etdi ki, 1918-ci ildə ermənilər Qubada Azərbaycan türkləri, müsəlmanlarla yanaşı, digər millətlərin nümayəndələrini də qətlə yetiriblər: "Odur ki, Qubadakı tədbirimizə yəhudi, tat və rus icmalarının nümayəndələrini də dəvət etmişik ki, onlar da Quba sakinləri kimi erməni vəhşilikləri barədə həqiqətləri mətbuat vasitəsilə bütün dünyaya çatdıra bilsinlər".
Soyqırım qurbanlarını ziyarət edən millət vəkili Vahid Əhmədov jurnalistlərə açıqlamasında vurğuladı ki, 1918-ci ildə Azərbaycanda komissar işləmiş Stepan Şaumyanın rəhbərliyi altında ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirilib. Onun sözlərinə görə, S.Şaumyanın göstərişi əsasında Bakı və ölkənin cənubunda Lalayan, şimal bölgəsində isə Amazasın başlıçılığı erməni dəstələri tərəfindən azərbaycanlılar qətlə yetirilib: "Tarixi sənədlərdə bu faktlar öz əksini tapıb. Lakin 2007-ci ildə Qubada kütləvi məzarlıq aşkar edildi və həmin dövrdə insanların kütləvi şəkildə qırılmasının şahidi olduq. Bunlar yalnız bir quyudan aşakar edilənlərdir və yəqin ki, memorail kompleks tikildikdən sonra ikinci quyu da açılacaq. Faktiki olaraq qubalılara soyqırım nəticəsində çox böyük əzab və əziyyətlər verilib. Bu insanlar Amazas tərəfindən hamama doldurularaq, par buraxılaraq məhv edilib. Sonradan isə həmin insanların meyitləri üzərində nizələrlə, qılınclarla, küt alətlərlə vəhşilik həyata keçirilib. Bununla kifayətlənməyən ermənilər Qonaqkənd istiqamətində hərəkətə başlamış və Şamaxıdakı ermənilərlə görüşmək məqsədilə irəliləyiblər. Lakin onların qarşısı alınıb".
31 mart qurbanları ilə bağlı Qubadakı soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin qarşısında keçirilən mitinq təşkil edildi. Mitinqdə çıxış edən Quba rayon icra hakmiyyətinin başçısı Rauf Həbibov qeyd etdi ki, həmin dövrdə Quba şəhərində 105 ev və digər tikililər yandırılaraq ermənilər tərəfindən məhv edilib. Onun dediyinə görə, Quba şəhər stadionunun yenidənqurulması işləri zamanı aşkar olunan kütləvi məzarlıq ermənilərin törətdikləri soyqırımın ən bariz nümunələrindən biridir: "Kütləvi məzarlıqda soyqırım monumental abidəsinin yaradılması üçün yaxın vaxtlarda tikinti işləri başlanacaq. Aşkar edilən kütləvi məzarlıq sürüşmə zonasında yerləşir və həmin ərazi Qudyalçay tərəfindən yuyulur. Buna görə də həmin ərazidə böyük texnika çayın məcarsını dəyişmək işi ilə məşğul olur. Yəqin ki, hava şərati imkan verən kimi biz bu tikintinin təməl daşını qoyacağıq".
R.Həbibov soyqırım hadisələri zamanı Qubada erməni cəlladları tərəfindən oğurlanan və qarət edilən əmlakın həmin dövrün vəsaiti ilə 4 milyon manat, 4,5 milyon manat məbləğində daş-qaş, 25 milyon manat məbləğində isə digər əşyalar olduğunu tədbir iştirakçılarının diqqətə çatdırdı: "Çox təssüflər olsun ki, son dövrlər bəzi ölkələrin parlamentləri tarixi hadisələrə qeyri-obyektiv yanaşaraq, qondarma erməni soyqırımı adlanan həqiqətdən uzaq, cəfəng məsələni müzakirəyə çıxararaq, ədalətsiz qərarlar qəbul edirlər. Hər kəs bu məsələyə ikili standartlardan kənar yanaşmalıdır. Əslində erməni fitvasına və riyakarlığına çevrilən siyasətçilər anlamalıdırlar ki, istər 1918-ci ildə, istərsə də ondan əvvəlki və sonrakı dövrlərdə yüzminlərlə azərbaycanlıları vəhşiliklə qətlə yetirən, şəhərləri və kəndləri yerlə-yeksan edən məhz ermənilərdir. Dünya ictimiayyəti baş verənlərə obyektiv və ədalətli münasibət bəsləməli, ermənilərə layiq olduğu yeri və münasibəti göstərməlidirlər. Əks halda bəşəriyyət erməni-daşnak ideologiyasının və vandalizminin daha neçə-neçə məkrli və cinayətkar əməllərinin şahidi ola bilər".
Prezident Admnistrasiyasının ictimai siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev bildirdi ki, XXI əsrin əvvələri də XX əsrdə olduğu kimi gərgin mübarizələrlə dolu dövrdür. Onun fikrincə, ermənilər o dövrdə olduğu kimi bu gün də azərbaycanlılara qarşı məkrli niyyətlərini davam etdirirlər: "Ona görə də biz azərbaycanlılar bir daha XXI əsrin əvvələrində tariximizi dərindən öyrənməliyik, keçmiş dönəmlərdə başımıza gətirilən oyunların mahiyyətindən xəbərdar olmalıyıq. Ən başlıcası təşkilatlanmaq, ermənilərin planlarından məlumatlı olmaq, dünyada gedən informasiya müharibəsində fəal olmaq və ciddi şəkildə bu mübarizəyə qoşulmalıyıq. Bu gün görülən işlər nəticəsində dünyadakı diasporamızın işi fəallaşıb və azərbaycanlılar dünyanın hər yerində istər Xocalı, istər işğal edilən torpaqlarımızla, istərsə də Qubada aşkar edilən kütləvi məzarlıqla bağlı çox böyük işlər həyata keçirir. Bütün bunlar çox böyük əhəmiyyətə malik olan siyasi məsələdir. Bizim şəhid olan insanların məzarı önündə görə biləcəyimiz ən böyük iş onların ruhunu şad etmək üçün başlarına gətirilən faciələri dünya ictimaiyyətinə çatdırmaqdır. Hər bir kəsi bu işdə fəal olmağa çağırıram".
Bundan sonra çıxış edən Quba rayon Qırımızı qəsəbə bələdiyyəsinin sədri Nisim İliloviç Nisimov yüz illərlə burada yaşayan dağ yəhudilərinin digər millətlərlə mehribancasına yaşadığını söylədi. Onun sözlərinə görə, 1918-ci ildə Azərbaycanda törədilən soyqırımda azərbaycanlılarla yanaşı yəhudilər də qətlə yetirilib: "Yaşlı insanlar, qadınlar və uşaqlar məhv edilib. Bu məsələlərə aydınlıq gətirilməsində gecikmişik, lakin soyqırım məsələsinin gündəmə gətirmək heç vaxt gec deyil. Çalışmalıyıq ki, bütün dünya Azərbaycanda, Qubada kütləvi şəkildə insanların soyqırıma məruz qoldığını bilsin. Əlbəttə, biz dağ yəhudiləri olaraq bu soyqırım məsələsini dünyadakı yəhudi diasporasına yayılmasına çalışırıq və bu barədə məlumatlar veririk. Bu informasiyalarda Qubada törədilən soyqırım vaxtı nəinki azərbaycanlılar, eləcə də dağ yəhudilərinin də məhv edildiyini diqqətə çatdırırıq. Eyni zamanda dünya bilməlidir ki, ermənilərin həyata keçiridiyi soyqırım Azərbaycanın hər bir tərəfində baş verib".
Bu günlərdə İsrail parlamentində qondarma erməni soyqırımı layihəsinin gündəmə çıxarılması ilə bağlı jurnılistlərin sualını cavablandıran N.Nisimov əlavə etdi ki, ermənilərə qarşı heç bir soyqırım olmayıb, əksinə, soyqırım ermənilər tərəfindən azərbaycanlılara və burada yaşayan digər millətlərə qarşı həyata keçirilib: "Əlbəttə, bir yəhudi kimi bunu qəbul etmirik. Elə bir həftə olmur ki, xaricdən qonaqlarımız olmasın və onları sübut kimi həmin kütləvi məzarlıqla tanış edirik, ermənilərin pis əməllərini açıb göstəririk. Əmin olun ki, tapılan qalıqlar öldürülən insanların bir hissəsidir və bu məzarlıqlar aşkar edildikcə dünya ermənilərin törətdiyi soyqırımın şahidi olacaq".
Ülviyyə Şamilqızı
Xalq Cəbhəsi.- 2010.- 2 aprel.- S.14.