Şirvan saz havalarının mahir ifaçısı

 

Aşıq Mirzə Bilal Azərbaycanın hər yerində sevilirdi

 

Professor Seyfəddin Qəniyev 40-dan çox kitab, onlarla məqalə, tezis və oçerklərin müəllifi, Yazıçılar və Aşıqlar Birliklərinin üzvüdür. Şirvan folklorunun, Şirvan aşıq sənətinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığının araşdırılaraq öyrənilməsində böyük xidmətləri var. O, Şirvan aşıq sənətinin tanınmış nümayəndələrinin irsini hərtərəfli araşdırıb. Habelə o, uzun müddət elmi ictimaiyyətə məlum olmayan aşıqların həyat və yaradıcılığını da araşdırıb, bu günə qalan nə irsləri varsa, bir yerə yığıb, toplu halında nəşr etdirib.

Şirvan aşıq mühitinin nisbətən yaxın dönəmindən danışarkən yadımıza ilk növbədə XIX yüzilin sonu, XX yüzilin 30-cu illərində yaşamış məşhur sənətkar aşıq Mirzə Bilal düşür. Onun aşıq sənətində etdiyi yeniliklər, yaratdığı saz havaları, bağladığı dastanlar, ümumiyyətlə, zəngin repertuarı haqqında danışmaq, bu barədə bilgiləri sabaha çatdırmaq qarşımızda bir insani borc olaraq durur. Ümumiyyətlə, xəlqi qədimlik o zaman tam mənasıyla yaşayır və ürəklərdə təsdiq olunur ki, hər bir milli soraq böyük bir sevgi və diqqətlə qorunsun, sabaha çatdırılsın. Aşıq Mirzə Bilal haqqında bu gün biz daha çox onun bilginliyi sarıdan - yəni dastançılığı, şairliyi, yaratdığı havacatlar əsasında danışırıq. Təəssüf ki, Mirzə Bilalın ustad səsi bizə gəlib çatmayıb. 1937-ci ildə bolşevik represiyasının qurbanı olmuş aşıq haqqında uzun müddət danışmaq yasaq olub. Ancaq xalqın yaddaşında Aşıq Bilalla bağlı yaşayan gözəl xatirələr var. S.Qəniyevin Mirzə Bilalla bağlı qənaətləri maraqlıdır: "XIX yüzilin axırlarında Şamaxı ədəbi mühiti yetkin çağlarını yaşayırdı. Belə bir mühitdə Şamaxıda maarif, məktəb və mədəniyyət, elmi, pedaqoji ictimai həyatda xüsusi rol oynayan ziyalılardan M.Ə.Sabir, M.Hadi, A.Səhhət, Camo Cəbrayılbəyli, Sultan Məcid Qənizadə, Hacı Səid Ünsizadə, Mahmud bəy Mahmudbəyov və başqaları ilə aşıq Bilalın ünsiyyətdə olması şübhəsiz, dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərib: "Təsadüfi deyil ki, Seyid Əzimin məktəbini uğurla başa vuran Bilal dostları arasında Mirzə Bilal adı ilə tanınır, sevilir. O, ustadı Seyid Əzimdən ərəb və fars dillərini mükəmməl öyrənir, eləcə də klassik poeziyaya dərindən bələd olur. Aşıq Bilal Şirvanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsəndən muğam sənətinin sirlərini yaxşıca öyrənir. O, məhz ustadı Aşıq İbrahimin məsləhətindən sonra 35 ildən artıq bənzərsiz xanəndə kimi bütün Qafqazda, İranda məşhurlaşmış Mirzə Məhəmmədhəsənin yanına gəlir: "Məclislərində iştirak etdiyi, səsindən doymadığı məşhur xanəndəyə ürəyinin istəyini açır. Mirzə Məhəmmədhəsən o zaman bir neçə dəfə bu cavan aşığı dinləmişdi, səsini bəyənmişdi. Həmin vaxtdan Bilal Mirzə ilə ilə məclislərə gedir. O, ustadının məharətlə oxuduğu "Şur", "Rast", "Humayun", "Segah", "Şüştər" muğamları ilə ona imtahan verir, halallıq alır. Bu vaxtdan başlayaraq el məclislərinə həm aşıq, həm də xanəndə kimi getməyə başlayır. Deyilənə görə, Mirzə Bilalın həm də xanəndə kimi gözəl səsi var imiş. Aşıq Bilal artıq məşhurlaşır: o, Azərbaycanın hər yerində sevilirdi. Səsi-sorağı el-obanı başdan-başa bürüyən, özünəməxsus üslubu, yolu, şeir yaradıcılığı, repertuarı olan və klassik Şirvan aşıq mühitinin qədim ənənələrini öz sənət dünyasında yaşadan aşıq Bilal cavan yaşlarında ustadlar cərgəsinə qoşulur. O, həm də Şirvan saz havalarının mahir ifaçısı və bilicisi olur, özü də neçə-neçə havalar bəstələyir".

S.Qəniyev deyir ki, Mirzə Bilal həm də Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı bəzi məsələlərə şeirlərinin dili ilə münasibətini ifadə edə bilib. O, 1918-ci ildə ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırım zamanı doğma Qəşəd kəndində əhalinin faciəyə düçar olmaması üçün əlindən gələni əsirgəməyib, kəndin könülləri ilə birgə çoxunu qırğından xilas edib. Qeyd edək ki, bu kənd ermənilər tərəfindən yandırılıb, əhalinin bir hissəsi isə öldürülüb. O, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Şamaxı İcraiyyə Komitəsinə üzv seçilib, 6-7 kəndə nümayəndə təyin edilib. Onu 1937-ci ilin iyununda həbs edirlər, bütün əmlakı müsadirə olunur, illər ərzində ustadlardan topladığı Şirvan aşıqlarının şeirlərini, dastanları, özünün yazdığı yüzlərlə şeir olan dəftərləri, hətta cürə sazını da aparırlar. 1937-ci il noyabrın 26-dan 27-sinə keçən gecə ən yüksək cəza olan güllələnməyə məruz qalır. Aşıq Mirzə Bilalın sənət dostları və şagirdləri çox olub. Məlumdur ki, Şirvan aşıq mühitinin özəlliklərindən biri aşığın məclisi ansamblla - balabançı, dəmkeş, xanəndə, qoşanağara (nağara) ilə idarə etməsidir: "Aşıq Bilalın ansamblında iştirak edib kamil sənətkar dərəcəsinə yüksəlmiş insanların bir qrupunun adı məlumdur. Balabançı dəmkeşlər məşhur ustad balabançı kalvalı Əli, qonaqkəndli Cənnətalı, şamaxılı Ağababa, Musa, nağaraçılar - dədəgünəşli Ağasıxalı, ağsulu Tapdıq, xanəndələr - çopur Zeynal, cəyirli Abbas və başqaları.

Bilalın yaxın dostlarından biri məşhur balabançı Əli Kərimov olub. O, 1874-cü ildə Şamaxı qəzasının Kalva kəndində anadan olub. O, cavan yaşlarından məşhur olub. Aşıq Bilalın Mirzə Məhəmmədhəsənlə dostluğu, Mahmud ağanın musiqi məclislərində vaxtaşırı iştirakı Əli kişinin sənətini daha da püxtələşdirib. Ustadın balabanda ifa etdiyi "Şur", "Rast", "Humayun", "Cahargah", "Şüştər" bu gün onu daim sevənlərin xatirəsində yaşayır. Ustad balabançı ən çox Mirzə Bilalla yoldaşlıq edib. Bu illər ərzində onlar biri-birlərindən çox şey öyrənmişlər. Ustad sənətkarlar Şirvan aşıq sənətini 40 il ərzində ən uca zirvələrə qaldırmışlar. Ə.Kərimov dostu həbs olunandan sonra uzun müddət toylara getmir. Ustad sənətkar 1960-cı ildə 86 yaşında vəfat edib".

Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri də Aşıq Şakirdir. Onun yaradıcılığında aşıq sənətinin bir neçə cəhəti ifadəsini tapıb. Ümumiyyətlə, Şirvan aşıq məktəbinin özünəməxsus cəhətləri çoxdur. Burada aşığın fitri rəqqaslığı, digər tərəfdən balabanın müşayiətilə ansambl şəklində çalıb-oxuması özünəməxsus keyfiyyətlərdən biri kimi xarakterizə edilə bilər. Aşıq Şakirin yaradıcılığını xüsusi şəkildə araşdırmış S.Qəniyev onun zamanında və indi də "Şirvanın bübülü" kimi ad çıxardığını deyir: "Bu ustad sənətkar təkcə Azərbaycanda deyil, Gürcüstan, Dağıstan, Orta Asiya, habelə İranda da məşhur idi. Dəfələrlə onun məclislərində iştirak etmiş, Şirvan aşıq sənətinin çoxlu nümayəndələri, aşıq havacatları haqqında ondan müəyyən məlumatlar əldə etmişəm".

Aşıq Şakirin səsində fitri bir ahəng, sənətin sirlərinə məharətli bələdlik vardı. Səs hədsiz doğma, axıcı və özünəməxsus idi: çağırdıqca çağırır, sanki bitib-tükənmək bilmirdi. Ötən yüzilin 70-ci illəri Şakirin səsinin ən yetkin, coşub-çağlayan vaxtları idi. Şakirin səsi, sözü kamil çağında idi. 30 ildən çox idi ki, el məclislərində oxuyurdu. Artıq Şakir bir ustad sənətkar olaraq Şirvan aşıq məktəbinin tacına sahib olmuşdu. Şakirin sənəti, şəxsiyyəti haqqında eld-obada əfsanələr yaranmışdı. Ancaq S.Qəniyev təəssüflənir ki, vaxtında bu sənətkarın el şənliklərindəki çıxışlarını mükəmməl şəkildə lentə almaq mümkün olmayıb. Əgər bu olsaydı, indi həmin çağları daha yaxşı xatırlamaq mümkün olardı. Sənətkarın özünəməxsus keyfiyyətlərini sadalayan araşdırmaçı qeyd edir ki, Şakirin səsində şirinlik vardı: "Çətini o, məclisə girənəcən idi. Meydanda bütün vücudu səsə, sehrə dönürdü. Onda doğrudan da səs sarıdan ilahi bir vergi var idi. Elə hey coşub-çağlayırdı, bitmək bilmirdi. Bu sənətin ruhuna dərindən bələdliyi vardı. Toyxana yerbəyer olandan sonra məclisə daxil olar, camaatla böyük ehtiramla salamlaşar, sonra isə sazı köynəkdən çıxarıb oxumağa başlayardı. Sazın və balabançı Həsrətin müşayiətilə toyxananı iki dəfə o baş bu başa dövrə vurar, var-gəl edərdi. Hiss olunurdu ki, o, bu müddətdə bir daha oxumaq, söz söyləmək üçün köklənir. Aşığın uca boyuna uyğun tikilmiş libası diqqəti xüsusi cəlb edirdi. Adətən o da bütün aşıqlar kimi məclisi ustadnamə ilə açırdı. İştirak etdiyim bütün məclislərdə müşahidə etdim ki, Şakir ilk ustadnaməsini Aşıq Bilaldan, klassik aşıqlardan, sonrakı ustadnaməsini isə ona bu sənəti öyrətmiş göyçaylı Mürsəldən söyləyərdi".

Aşıq sənətinin dünyaya təqdiminin yeni bir mərhələsinin başlandığı dönəmdə bu sənətin mahiyyətinin ilk növbədə özümüzə geniş səviyyədə aydınlığı gərəkdir. S.Qəniyev bildirir ki, ötən yüzilin 50-ci illərindən sonra Aşıq Mirzə Bilal sənətini yaşadan, onun ocağından sazın səsini yenidən aləmə car edən oğlu Aşıq Ağaların xüsusi xidmətləri olub. Ağlı söz kəsəndən evlərində həmişə saz səsi eşidib, nağıllara qulaq asıb, atasının ifasında eşitdiyi dastanlarla Tufarqanlı Abbas, Xəstə Qasım, Şirvanlı Qəhrəman Şah, Barıdday Soltan dünyasına qonaq getmiş aşiqlərin saf və təmiz məhəbbətinin şahidi olub, qibtə edib o ülvi məhəbbətə. Həmin vaxtdan aşıqlıq sənətinə həmişəlik bağlanıb: "Aşıq Ağaların sevgisi ilk növbədə vətən-yurd sevgisidir. Azərbaycan aşıq şeiri obrazlarının sadəliyi ilə daim seçilib. Ancaq bu sadəliyin altında dünyanın ən səmimi həqiqətləri ifadə olunub. Türk dünya yaranandan təbiətin vurğunu olub. İnamlarında təbiəti, onun ağacını, suyunu, meyvəsini, vüqarlı dağlarını, heyvanlarını, gözəl quşlarını müqəddəsləşdirib. Türkün təbiətə vurğunluğu onun bütün tarixi boyu özünü aydın şəkildə büruzə verib. Bu, aşıq poeziyasında xüsusilə aydın şəkildə görünür".

Həmişə ermənilər türkün maddi və mənəvi soraqlarını imkan tapdıqca acgözlüklə mənimsəyib, "özlərininki" ediblər. Şirvan folklor soraqlarının beləcə ermənilər tərəfindən "özələşdirilməsi" barədə faktlar var. S.Qəniyev deyir: "Şamaxının vaxtilə ermənilər yaşayan Sağyan, Mədrəsə, Zarxı və başqa kəndləri var. Bu ərazilərdə xeyli türk ruhlu qədim abidələr mövcuddur. Kəlaxana kəndində 17-18 yüzillərə aid türbə var. Hələ o vaxtı bic ermənilər həmin türbələrin üzərindəki kitabəni tamamilə silmişdilər. Bir neçə dəfə həmin türbələrin şəklini kitablarımda çap etdirmişəm, ancaq üstündə nə yazıldığını təəssüf ki, bilmək olmur. Ermənilər zaman-zaman xüsusən mənəvi sərvətlərimizə qarşı daha aqressiv hücuma keçiblər, bu sahədə də "özəlləşdirmə" işləri aparıblar. Hələ 19-cu yüzildə çap edilən məcmuələrdə ermənilər Azərbaycan folklorunun nümunələrini həyasızcasına "erməni folkloru" kimi təqdim ediblər, mətndə müəyyən "erməniləşdirmə" işi aparıblar. O mətnləri oxuyanda gün kimi aydın olur ki, bunların erməni ruhuna qətiyyən aidiyyəti yoxdur".

Bu günlərdə 58 yaşı tamam olan S.Qəniyevi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.  

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 3 aprel.- S.14.