"Molla Nəsrəddin" jurnalının 104 yaşı tamam olur

 

 Mirzə Cəlil anlayırdı ki, Azərbaycan türkünü ayıltmaq üçün sadə dildə danışmaq lazımdır

 

1-ci yazı

 

Aprelin 7-si "Molla Nəsrəddin" jurnalının 104 yaşı tamam olur. "Molla Nəsrəddin" jurnalının xəlqi ruhumuzda, ictimai düşüncəmizin inkişafında oynadığı rol həmişə uca və dəyərli olub. Adətən hər bir xalqın həyatında onun fikri təkamülünə, xəlqi inkişafına yardımçı və qanad ola biləcək əlamətdar hadisələr olur. XX yüzilin əvvəllərində dünyanın demək olar, bütün bölgələrində xalqlar, dövlətlər öz tarixi taleləri uğrunda yeni səviyyədə mücadiləyə qalxmışdılar. Dünyanın siyasi xəritəsində olduqca əhəmiyyətli bir bölgədə yerləşən Azərbaycanın ötən yüzilliklər ərzində yığılıb qalmış hər mənada problemləri daha da düyünlənmiş, gərginləşmişdi. Çar Rusiyası Qafqazda mənəvi, ictimai tarix baxımından hər mənada zəngin keçmişə, qədimliyə malik olan Azərbaycan türklərinin idraki vüsətdən, döyüşkənlikdən məhrum vəziyyətdə qalmaları üçün əlindən gələni edirdi. Ancaq Azərbaycan türklərilə müqayisədə gürcülərə və ermənilərə seziləcək dərəcədə müəyyən imtiyazlar verilirdi. Çarizm daim azərbaycanlılar arasında müxtəlif vasitələrlə mövhumatı alışdırır, digər tərəfdən də onu rusçuluğun təsiri altına salmağa çalışırdı. Hələ 1875-ci ildə böyük çətinliklər bahasına işıq üzü görən Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti çox keçmədi ki, qapandı. 19-cu yüzilin sonlarına doğru Azərbaycanda sırf xəlqi yöndə, soydaşlarımızın ruhuna təsir edə biləcək səviyyədə qəzetlərin çıxması üçün cəhdlər və müəyyən mənada gerçəkliklər oldu. XX yüzilin ilk illərində işıq üzü görməyə başlayan "Şərqi Rus" qəzeti bu mənada əvvəlkilərdən bir az irəli gedə bildi. Ancaq o dövrdə çıxan qəzet və jurnalların halını müqayisə edəndə bu qənaətə gəlmək olur ki, "Molla Nəsrəddin" jurnalı nəinki öz zamanında, hətta indi - tarixi keçmişə çevrilmək gerçəkliyində belə özünəməxsusluğunu və bənzərsizliyini qoruyub saxlamaqdadır.

"Molla Nəsrəddin" sözün böyük mənasında ənənə yarada bildi. Bu, əvvəlki yarımçıq zövqlərə, istəklərə, əməllərə qətiyyən oxşamırdı. İlk növbədə Mirzə Cəlilin timsalında xəlqi istək və əməl o səviyyədə təbii şəkildə gerçəkləşdi ki, indi "Molla Nəsrəddin" reallığına tarixi prinsiplərlə qiymət verdikdə əksər hallarda təbiiliyin və zamana dov gəlmək məharətinin gedişlərini açıq-aydın görürük. "Molla Nəsrəddin"in yarandığı dövr hədsiz gərginliklərlə dolu idi. Rusiyada inqilabi ideyalar geniş vüsət almışdı, İranda azadlıq hərəkatı alovlanırdı. Avropada yeni mütərəqqi fikirlər daha da alışır, ounun təsiri bütün Şərqə yayılırdı. Belə bir zamanda Mirzə Cəlil çoxillik cəhdlərdən sonra "Molla Nəsrəddin" adlı məcmuənin yaranması yönündə istəklərini məharətlə gerçəkləşdirdi. Jurnalın adının yaranması deyilənə görə, sırf təsadüf nəticəsində olub. Mirzə Cəlil güçədə gedirmiş. Aylardan bəri nəşr etmək istədiyi jurnala məzmunlu bir ad axtarırmış. Qəfildən "Molla Nəsrəddin" adı ağlına gəlir və hesab edir ki, təkcə Azərbaycanda deyil, Türk Dünyasında və Şərqdə folklordan gələn bu məşhur ad altında jurnalın çıxması daha məqsədəuyğun ola bilər. "Molla Nəsrəddin"i çıxarana qədər Mirzə Cəlil artıq mükəmməl yazıçılıq və qəzetçilik təcrübəsinə malik idi. Onun xoşbəxtliyi bir yazıçı olaraq həyat hadisələrinə, ictimai-siyasi gedişata dərindən bələd olması, gerçəkliyi özünəməxsus satirik üslubda ifadə edə bilmək qüdrətində idi. 1906-cı il fevral ayının 21-də Cəlil Məmmədquluzadə Tiflis qubernatoruna müraciət edir. Ondan "müsəlman ədəbiyyatında əfsanəvi təlxək kimi tanınan" "Molla Nəsrəddin" adlı satirik jurnal çıxarmağa razılıq verməsini xahiş edir. Əvvəllər "Novruz" adlı qəzet çıxarmaq istəyinin boğulmasından sonra görünür ki, Mirzə Cəlilin karına fikirlərini daha məharətli, ustalıqla ifadə etməsi gəlir.

Mart ayının 17-də "Molla Nəsrəddin"i nəşr etməyə razılıq verilir. Sonralar Mirzə Cəlil bu barədə yazırdı ki, "Molla Nəsrəddin"i zəmanə özü yaratdı. O, "Molla Nəsrəddin" jurnalının ilk sayını çıxarmaq yönündə olduqca gərgin çalışır. Həhayət, aprelin 7-də jurnalın ilk sayı işıq üzü görür. Məlumdur ki, hər bir işin başlanğıcı çox çətin olur. Əslində jurnalın ilk sayının uğurlu olması onun sonrakı uğurunun təməlini yaratmış oldu. Jurnalın üz qabığında təsvir olunan karikaturada Molla Nəsrəddin dərin yuxuya dalmış soydaşlarımızı göstərərək gülürdü. Təsvir olunanlardan bir neçəsi dərin yuxuya dalmış, biri durub gərnəşir, digəri isə yenidən yatmağa hazırlaşırdı. Bu, jurnalın qayəsini, məqsəd-məramını son dərəcə anlaşıqlı şəkildə ifadə edən məharətli bir karikatura idi. Əsəri milliyyətcə alman olan karikaturaçı-rəssam Oskar Şmerlinq çəkmişdi. Şübhə etmək olmaz ki, rəssama ideyanı məhz Mirzə Cəlil vermişdi. Jurnalın ilk sayı min tirajla nəşr olunmuş, yarısı Mirzə Cəlilin özü demişkən, bir günün ərzində günortayadək Tiflis şəhərində satılmışdı.

Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalını Tiflisdə çıxarması hər halda təsadüfi deyildi. O dövrdə Tiflis Rusiya imperiyasının Qafqazda mərkəzi idi. Burada elm, mədəniyyət, maarif müəyyən səbəblərdən daha çox inkişaf etmişdi. O dövrdə Azərbaycan ziyalılarının tanınmış nümayəndələrindən olan Məmmədağa Şahtaxtinski, Ömər Faiq Hemanzadə, Səmədağa Qayıbov və başqaları burada məskunlaşmışdılar. Cəlil Məmmədquluzadə Tiflisi bir çox səbəblərdən "Molla Nəsrəddin" jurnalının fəaliyyət göstərməsi üçün əhəmiyyətli hesab edirdi. Bu barədə yazırdı: "Tiflis Bakı, Batum şəhərlərinin arasındadır. Tiflisdən Naxçıvana və Ordubada əl yetirmək olur. Buradan Culfaya və oradan Araz nəhrini keçib bir günə İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib çatırsan. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın Aşqabad, Mərv və qeyri yerlərinə xəbər yetirmək mümkündür. Dağıstan da bu yavıqdadır". Tiflisdə yaşayan çoxlu soydaşlarımızın həyat tərzi, qayğıları Mirzə Cəlili daim narahat edir, onu yazmağa sövq edirdi: "Tiflisin Şeytanbazarında rast gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar edirdi. Material o qədər idi ki".

Hər halda o, jurnalı çıxarmaq üçün hər cür çətinliklərdən keçdi, sonrakı mərhələlərdə də jurnalın çıxmasına mane olan bütün əngəllərin qarşısını məharətlə aldı: "Müqəddəs Davud küçəsində yaşamağım məcmuənin sərbəstliyinə böyük təsir bağışladı. Bura gürcü məhəlləsi idi və müsəlmanların əlləri çatmayan bir yer idi".

Mirzə Cəlil anlayırdı ki, uzun müddət düşünməkdən belə məhrum edilmiş Azərbaycan türkünü ayıltmaq, nəyisə ona başa salmaq üçün mümkün qədər daha sadə dildə danışmaq lazımdır.

Bu mənada o, jurnalın 11-ci sayında yazırdı: "Keçən nömrədə xəbər vermişdik ki, uzun məqalə əvəzinə idarəmizə müxtəsər xəbərlər yazıb göndərsinlər. Çoxları bizim bu tələbimizi başa düşməyib soruşurlar ki, necə yazaq? Bu səbəbə yalandan bir neçə əhvalat öz yanımızdan düzəldib yazırıq...

Məsələn: İrəvan: metrik şəhadətnaməsi, 6 ay, bir kəllə qənd, Molla Cəlilə də bir abbası çay pulu. Dəxi belə yazılsa, kifayətdir. Çünki irəvanlılar özləri bilər ki, mətləb nədir". Mirzə Cəlil daim ana dilimizin saflığı uğrunda mübarizə aparırdı. Bu mənada o "Füyuzat" jurnalının dilini nöqsanlı hesab edirdi: "Osmanlının məşhur və müqtədir şairlərinin qəliz, ibarəli yazmağı zərbi-məsəl olubdur. Ərəb dilini qurdalayıb ərəb lüğətlərindən elə bir az eşidilən və az işlədilən sözlər tapıb işlədirlər ki, çox vaxt lüğət kitablarında da o sözlər işləmirdi".

Onun Əli bəy Hüseynzadə ilə görüşündə bu məqamı xatırlaması təsadüfi deyil. "Xatiratım" əsərində yazır: "Əli bəy Bakıdan axırıncı dəfə Türkiyəyə köçüb gedən vaxt idarəmizə də təşrif gətirdi. Söhbət dildən düşdü, möhtərəm ədibimiz mənə belə dedi: "Yaxşı yazırsınız". Əli bəy mənə dediyi sözü təkrar və təsdiq etdi: "Açıq yazmağı da bacarmaq lazımdır".

"Molla Nəsrəddin" jurnalının Tiflisdə 8 sayının çap olunması son dərəcə əhəmiyyətli idi. 20 fevral 1921-ci ildə Təbrizdə "Molla Nəsrəddin"in ilk sayı işıq üzü görüb. Burada Mirzə Cəlil çox böyük basqılara məruz qalır. Sovet dövründə "Molla Nəsrəddin" jurnalı çıxmağına davam edir, ancaq hər halda bu, artıq əvvəlki "Molla Nəsrəddin" jurnalı deyildi. Çünki sovet ideologiyası hər şeydə öz mizan-tərəzisini qurmuş, istəklərini diqtə etməyə başlamışdı.

Ötən 104 il ərzində Azərbaycan mətbuatı bir çox cəhətlərdən peşəkarlığa, professionallığa yüksəlsə də, hər halda etiraf etməliyik ki, milli dərdlərimizin "Molla Nəsrəddin" sayağı ifadəsini aşa bilməmişik. İnkişafın qaydasıdır ki, daim yeni nəsil yeni-yeni nailiyyətlərə yetməlidir. Təəssüf ki, qazandığımız maddi və mənəvi nailiyyətləri nəinki artıra, heç istənilən səviyyədə qoruya da bilmirik. Bugünkü Azərbaycan jurnalistikasına, publisistikasına "Molla Nəsrəddin"sayağı dərdkeşlik, təəssübkeşlik hava, su kimi gərəklidir. "Molla Nəsrəddin" məcmuəsi obrazlı desək, xalq ruhundan, folklorundan bəhrələnməklə öz fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq imkanı əldə etmişdi. Mirzə Cəlilin yaradıcılığında xalq ruhundan, yaradıcılığından bəhrələnmə hədsiz güclü idi. O, uzun illər ərzində zəngin həyat təcrübəsi əldə etmiş, sonradan bunları məharətlə yaradıcılığa gətirmişdi. Mirzə Cəlil yaradıcılığında insanlara çatdırmaq istədiyi məqamları məharətli şəkildə ifadə edirdi.

 

 

(Ardı var)

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 6 aprel.- S.14.