"Molla Nəsrəddin" jurnalının 104 yaşı tamam olur

 

 Mirzə Cəlil incə yumorla xalqın fəlakətlərinin səbəblərini göstərirdi

 

2-ci yazı

 

(Əvvəli ötən sayımızda)

 

"Molla Nəsrəddin" jurnalı Mirzə Cəlilin həyata, dünyaya münasibətinin təkmil ifadəsi kimi meydana çıxdı. O, elə bir gərgin zamanda fikirlərini demək üçün məhz satira yolunu seçdi. O dövrdə yazıçı-şair daha çox eləsi hesab edilirdi ki, yazılarında ərəb-fars sözlərini bolluca işlətsin, yazdıqları daha çox mürəkkəblik ifadə etsin. Ancaq Mirzə Cəlil bütün bu çərçivələri dağıtdı, ədəbiyyatı xüsusən dil etibarilə xalqa yaxınlaşdırdı. Böyük yazıçı incə yumorla xalqın fəlakətlərinin səbəblərini göstərməyə çalışırdı.

Mirzə Cəlil hekayə yaradıcılığında da özünəməxsus idi. Hər bir hekayəsində cildlərlə kitabın deyə bilmədiyini deyə bilirdi. Bu, Mirzə Cəlilin böyüklüyü, az sözlə çox fikir ifadə edə bilməsi demək idi. Ümumiyyətlə, zamanımız elədir ki, hazırda özünəməxsus söz demək tamamilə çətinləşib. Hər halda insanın yaradıcı imkanları genişdir. Baxır kim o imkanları necə aşkara çıxarır. Mizə Cəlil sözün böyük mənasında xalqdan gəlirdi, həyatdakı eybəcərliklərlə barışa bilmirdi. "Molla Nəcrəddin"də ilk şeir nümunəsini yazmaqla əslində özü demişkən, Sabirləri axtarırdı. Məhz jurnalın istədiyi şairlər başda Sabir olmaqla meydana çıxdılar. Əslində "Molla Nəsrəddin"çilərin meydana çıxması xəlqi tələbatdan irəli gəlirdi. Xalq yüzillər ərzində məğlubiyyətlərinə, acılı-şirinli günlərinə rəğmən bütün məqamlarda özünün nikbin ruhunu folklorunda ifadə edib. "Molla Nəsrəddin" məcmuəsi xəlqi soraqlardan bəhrələnməklə öz dövründə xalqın inkişafını yaratmaq üçün əlindən gələni edirdi. Bu, o demək idi ki, "Molla Nəsrəddin" jurnalı xəlqi inkişafı yaratmaq inadında qətiyyən qeyri-ciddilik göstərmirdi. O, kütlənin avamlığını daim qamçılayır, avamlığı yaradan amillərlə döyüşürdü. "Molla Nəsrəddin" jurnalının karikatura sahəsində başladığı əməllər silsiləsi sonradan Azərbaycanda bu sahədə yenilik kimi uğurla davam etdirildi. Bu mənada Əzim Əzimzadə kimi "Molla Nəsrəddin"çi rəssamımızın ötən yüzilin əvvəllərində meydana çıxması ciddi yaradıcılıq hadisəsi idi. Karikatura janrı son dərəcə gərəkli bir yaradıcılıq növü kimi avamlığın, cəhalətin döyülməsində mühüm rol oynadı. Məhz Mirzə Cəlilin ustalığı sayəsində elə bir jurnal meydana çıxdı ki, o dövr üçün Azərbaycan cəmiyyətində milli problemlərimizin həlli yönündə satirik jurnalın etməli olacağı bütün işləri görmək qüdrətində bir nəşr kimi təkcə Azərbaycanda deyil, Şərqdə tanındı. Mirzə Cəlilin İranda "Molla Nəsrəddin" jurnalının bir neçə sayını çıxarması da təqdirəlayiqdir.

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur "Molla Nəsrəddin" jurnalının yaranması ilə bağlı Mirzə Cəlilin dediyi fikri misal gətirir: "Molla Nəsrəddin"i məni əhatə edən ziyalılarla birlikdə ərsəyə gətirdim, özüm isə ağsaqqal oldum". Maarif Teymur Cəlil Məmmədquluzadənin irsinin toplanmasında, ömrünün ayrı-ayrı məqamlarında xatirə yazılar formasında sabaha çatdırılmasında mühüm xidmətləri olan Əziz Şərifin xidmətlərini yüksək qiymətləndirir: "Əziz Şərif yazırdı ki, Cəlil Məmmədquluzadə mənə ədəb-ərkan, necə yaşamağı öyrətdi. Mirzə Cəlilin əsərlərinin rus oxucularına çatdırılmasında da Əziz Şərifin böyük rolu olub".

Mirzə Cəlil ömrünün, yaradıcılığının ayrı-ayrı dövrlərilə bağlı qiymətli soraqlar Ədəbiyyat və İncəsənət Arxivində qorunub saxlanılır: "Cəlil Məmmədquluzadənin ədəbi irsinin ən işıqlı soraqları fondumuzda qayğıkeşliklə qorunur. Əziz Şərif Cəlil Məmmədquluzadə ilə bağlı hələ onun sağlığında topladığı qiymətli sənədləri böyük bir qayğıkeşliklə qoruyaraq arxivimizə təhvil vermişdi. 1933-cü ildə Əziz Şərif Həmidə xanımın məsləhətilə bir siyahı tərtib etmişdi. O siyahıda Cəlil Məmmədquluzadəyə aid olan bütün əşyalar və sənədlər öz əksini tapıb. Əziz Şərif 1910-cu ildən 1987-ci ilə kimi yazdığı gündəlikləri Cəlil Məmmədquluzadənin ömrünün və yaradıcılığının araşdırılması ilə bağlı qiymətli soraqlarla zəngindir. 45 cildlik gündəliklərdə onun 1932-ci ilə, yəni Cəlil Məmmədquluzadənin vəfatına qədərki dövrdə yazdıqları sözügedən mövzunun araşdırılması baxımından çox əhəmiyyətlidir. Ümumiyyətlə, həmin gündəliklərdə "Molla Nəsrəddin"çilərin hər biri ilə bağlı maraqlı təəssüratlar var. Əziz Şərif Cəlil Məmmədquluzadənin həm atası Qurbanəli Şərifzadəyə, həm də özünə yazdığı məktubları çox səliqə ilə qoruyub, bu günə çatdırıb. Jurnalın 1911-ci il komplektində Mirzə Cəlilin yazdığı avtoqrafda deyilir: "Bu kitabı hamıdan çox sevdiyim və candan istədiyim Qurbanəli Şərifzadəyə təqdim edirəm ki, bizlər olmayanda oğlanlarımız xatırlayıb bizi yad etsinlər".

Mirzə Cəlil jurnalın maraqlı alınması üçün hər şeyi yüz ölçüb bir biçmişdi. Bu barədə yazıçı özünün "Xatiratım" əsərində hər şeyi yerli-yataqlı təsvir edib: naşir və baş redaktor Cəlil Məmmədquluzadə min bir zəhmətlə aldığı "Qeyrət" mətbəəsində silahdaşı Ömər Faiq Nemanzadə ilə səhərə qədər fəhlə kimi çap maşınını da işlətmişdi. Birinci nömrənin üz qabığında yatmış insanlar təsvir olunmuşdu. Əslində bununla milləti ayıltmaq istəyən Mirzə Cəlil Molla Nəsrəddinin dilindən karikaturanın altından "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" yazmışdı. Təbii ki, o dövrdə camaatın böyük əksəriyyətinin savadsız olmasına baxmayaraq, jurnal böyük maraqla qarşılanmışdı, elə ilk sayından oxucu rəğbəti qazanmışdı. Bu səbəbdən də jurnalın ikinci sayı 5 min tirajla çap olundu.

Mirzə Cəlilin "Molla Nəsrəddin" jurnalı millətimizin dərdlərindən hali olması, taleyinin yiyəsi olmasında əhəmiyyətli iş gördü. Onun yazdıqları uzun müddət millətimiz üçün aktuallığını saxlayacaq. Təəssüf ki, biz həmişə daha çox dərdi təsvir etməyə meylli olmuşuq, bu səbəbdən də dərdimiz ölməyib, amma dərdlilərimiz ölüb gediblər. Mirzə Cəlilin qələmi, "Molla Nəsrəddin" jurnalı milləti dərdindən üstün olmağa, taleyi ilə barışmamağa, qaranlıq dünyasını ruhu ilə işıqlandırmağa çalışırdı. "Molla Nəsrəddin" məktəbi sıradan bir ədəbi məktəb deyildi, çünki gerçək dərdlərdən yoğrulan qələm sahibləri millətin problemlərini sadə, anlaşıqlı bir dildə yazmağı bacarırdılar, o deməkdir ki, hər şeydən əvvəl dərdi ürəkdən yaşayırdılar. Bu səbəbdən də jurnalın bütün sayları əl-əl gəzirdi. "Molla Nəsrəddin"in nəşrindən sonra jurnalın ətrafında satirik realist - mollanəsrəddinçi ədəbi mühit yarandı: C.Cabbarlı, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Ə.Sabir, Ə.Qəmküsar, M.S.Ordubadi kimi Azərbaycan ədəbiyyatının simaları bir əqidə üçün M.Cəlilin ətrafında birləşdilər. Bu şəxslərin millət uğrunda xidmətləri ancaq təmənnasızlığa əsaslanırdı. "Molla Nəsrəddin"in 25 illik (1906-1931) fəaliyyəti dövründə yalnız M.Ə.Sabirə ayda 10 manat qonorar verilib. Bu, şairin jurnalın ikinci sayından başlayan əməkdaşlığından ölümünə qədər davam edib.

Tanınmış araşdırmaçı, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin tərtibatında və şərhləriylə nəfis şəkildə, yüksək poliqrafik tərtibatla işıq üzü görmüş "Molla Nəsrəddin" jurnalının nəşri tarixindən" kitabında ilk dəfə olaraq canlı arxiv sənədləri ilə kitab biçimində sistemli şəkildə tanış oluruq. Giriş sözündə A.Paşayev "Molla Nəsrəddin" jurnalının əhəmiyyətindən, tarixi xidmətlərindən danışır, qeyd edir ki, nəşrinin ilk günlərindən cəsaətli tənqidinə görə jurnal dəfələrlə bağlanıb, ayrı-ayrı nömrələri müsadirə olunub, redaktorları məhkəmə məsuliyyətinə cəlb edilərək cəzalandırılırdı. Bunun əksinə olaraq isə jurnalın dostları - Azərbaycanın mütərəqqi ziyalıları onu daim müdafiə edib, hər cür təqiblərdən qoruyublar. Kitabda rəsmi sənədlər məcmuəsi təqdim olunur. Jurnalın nəşrinə aid sənədlər ciddi maraq doğurur. Kitabın axırında jurnalın təqibinə səbəb olmuş karikaturalar da oxuculara təqdim olunur. Sənədlərin əsilləri sırasında Mircə Cəlilin jurnalın rəsmi icazəsi üçün yazdığı ərizə diqqəti cəlb edir. Maarif Teymur A.Paşayevin bu mövzuda kitabının çapını "Molla Nəsrəddin"çiliyə yeni töhfə hesab edir: "Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın təməl daşlarının əsasını qoyan "Molla Nəsrəddin" jurnalı, onun naşiri Cəlil Məmmədquluzadə barədə yüzlərlə məqalə, onlarla kitablar yazılıb. Arzu edərdim ki, oxucular "Molla Nəsrəddin" jurnalının nəşr tarixindən" adlı kitabı tapıb oxusunlar. Oxuduqca da düşünsünlər: Mirzə Cəlil mətbuat və ədəbiyyat tariximizdə yeni dövr açan sevimli "Molla Nəsrəddini" necə ərsəyə gətirdi? Kitabda 125 sənədin arxiv terminlərinin zərgər dəqiqliyi ilə hər bir sənəd üzərində işlənməsi sənədşünas alimin milli köklərə bağlılığını göstərir. Müəllif həm Azərbaycan dövlət arxivlərində, həm də Gürcüstan dövlət arxivlərində C.Məmmədquluzadənin imzası ilə yuxarı çar məmurlarına, idarələrinə göndərilmiş bütün 125 ("yüz iyirmi beş") rəsmi sənədlərin orjinallarını işləməklə yanaşı, həm də ixtisar olunmadan nəşrə hazırlayıb". M.Cəlilin tükənməz enerjisi ilə müəllif idarələrə yazdığı ərizələri, habelə hökumət, jandarm, polis və xüsusilə də senzura idarələrinə yazdığı sənədlər də maraqlıdır ki, bu nəşrə həmin sənədlər olduğu kimi daxil edilib. Bu gün arxiv sənədlərini orijinal formada çatdırmaq isə fədakarlıq tələb edir. Hətta məkrli düşmənlərimizi orijinal arxiv sənədləri ilə susdurmaq olar. Bu baxımdan kitabda verilmiş karikaturalar da fikrimizin əyani sübutudur".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 7 aprel.- S.14.