Qədim musiqi alətlərimiz
Onların bərpası Azərbaycanın
musiqi mədəniyyətinin bənzərsizliyini sübut edir
Hər bir xalqın bəşər mədəniyyəti süfrəsinə təqdim etdiyi özünəməxsus töhfələr olur. Özünəməxsusluq çətin işdir.
Bu, milliliyin təsdiqi olduğu dərəcədə həm də bəşəridir. Azərbaycan tarixinin kədərli səhifələri çoxdur. Tarixən həyatımızın demək olar, bütün sahələrində yaratdıqlarımızın çoxunun yiyəsi ola bilməmişik. İtirmişik, sonra ayılmışıq, bərpa etməyə çalışmışıq. Azərbaycanın qədim musiqi alətlərinin bərpası bu qəbildəndir.
Musiqişünas Abbasqulu Nəcəfzadə deyir ki, Azərbaycan muğamlarının YUNESKO tərəfindən "Bəşəriyyətin şah əsəri" elan olunması ümumilikdə Azərbaycan mədəniyyətinin dünyada etiraf olunmasıdır: "Azərbaycanda ötən yüzilin sonları, 80-ci illərin əvvəllərində bir neçə folklor ansamblı, o cümlədən Baba Mahmudoğlunun "Dastan", Sidqi Mustafayevin "İrs", Ələkbər Əsgərovun "Dügah" ansamblları yarandı. Milli Konservatoriyada ilk dəfə olaraq balaban sinfi açıldı. Balabanda dünya bəstəkarlarının musiqilərini məharətlə ifa edən istedadlı nəsil yetişir. Ümumiyyətlə, bərpa olunmuş bütün alətləri tədrisə salmaq lazımdır".
Bu gün ermənilər
daha da həyasızlıq edərək Azərbaycanın milli
musiqilərilə yanaşı həm də musiqi alətlərini
öz adlarına çıxırlar. A.Nəcəfzadə ermənilərlə
sözün əsil mənasında idrak savaşının
aparılmasını, onların daim məntiqlə
susdurulmasını gərəkli hesab edir: "Bu
istiqamətdə ardıcıl olaraq internet saytları
açılmalıdır. Əlimizdə tutarlı faktlar var,
heç bir xalq mənəvi sərvətlərimizə şərik
çıxa bilməz. Əgər bir musiqi alətinin
özünəməxsusluğunu sübut etmək istəyirsənsə,
o zaman əlində ədəbi-arxeoloji, etnoqrafik, tarixi mənbələr
olmalıdır. Xəlqi ruhumuzla bağlı belə mənbələr
Azərbaycanda kifayət qədərdir. Təsadüfi deyil ki,
Azərbaycan dünyanın ən qədim mədəniyyət
mərkəzlərindən sayılır. Qavaldaş
dünyanın ən qədim, nadir alətlərindəndir.
Onun üzərindəki rəsmlərin yaşı azı 10
min il əvvələ gedib çıxır. Bu, Azərbaycan
mədəniyyətinin qədimliyini göstərir.
1962-66-cı illərdə amerikalı arxeoloqlar tərəfindən
Güney Azərbaycandan - Cığamışdan
tapılmış saxsı qabın üzərində 8
minillik tarixi olan kiçik orkestr rəsmi həkk olunub. O deməkdir
ki, 8 min il əvvəl indiki deyimlə desək, qədim Azərbaycan
ərazisində ansambllar mövcud olub. Orada qopuza bənzər,
habelə çəng, buynuza bənzər nəfəs,
qoşanağara, nağaraya bənzər, təbiləbənzər
zərb alətlərinin cizgiləri təsvir edilib".
O dövrdə YUNESKO-nun nəşrində
bu barədə məlumatın getməsi
sensasiya doğurub: "Ermənilər özləri üçün uydurma tarixlər yazırlar, ancaq bu barədə faktı amerikalı mütəxəssislər müəyyənləşdiriblər. "Kitabi-Dədə Qorqud"da 10-a yaxın çalğı alətinin adı çəkilir. Bu alətlərin yaranma tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. Bir sıra musiqi alətləri də var ki, onların xalqımızın nümayəndələri tərəfindən yaradılması şübhəsizdir. Səfiəddin Urməvi nüshəd və nuğda adlı alətləri icad edib, sonradan həmin alətlər unudulub. Əbdülqadir Marağalının "çini kasa sazı" kasalardan ibarət alətdir. "Sazi-əlvah" da maraqlı çalğı alətidir. Avropada bu tipli alətin ilk dəfə 14-cü yüzildə Ə.Marağayi tərəfindən yaradıldığı çox zaman deyilmir. Şah İsmayıl Xətainin atası Şeyx Heydər tənburun bir növü olan çahar tarı icad edib. Tənburun digər növü şeştar da 17-ci yüzildə yaşayan müğənni Əlixan Təbrizi tərəfindən icad edilib. Şirvanda musiqişünas Rzaəddin Şirvani şeşxanə alətini icad edib. Bu alətlərin eskizləri dövrümüzədək gəlib çıxıb".
Alətyaratma bu gün də davam edir: "Mərhum Qasım Qasımov 10-a yaxın əsasən simli musiqi aləti hazırlamışdı. Tanınmış kamançaçalan Munis Şərifov ney-kaman adlı alət yaradıb. Bu, kamançadır, rekonstruksiya edilib, səsi ney səsinə yaxınlaşdırılıb. El sənətkarı Əlicavad Cavadov mükəmməl olmasa da, etnoqrafik baxımdan maraqlı alətlər yaradıb. Səyavuş Kəriminin layihəsi əsasında bir neçə musiqi aləti təkmilləşdirilib". A.Nəcəfzadənin özü çaqanaq adlı aləti bərpa edib, habelə onun əsasında daha iri formalı bəm çaqanaq hazırlayıb.
Azərbaycan milli nəfəs alətlərinin tanınmış ifaçısı İlham Nəcəfov dünyanın müxtəlif ölkələrində Azərbaycanın milli nəfəs alətlərini təmsil edib. Eləcə də o, milli nəfəs alətlərimizi (balaban, ney və s.) tədris edir. Deyir ki, ney alətində çalmaq elə də asan deyil. Hətta 6 aya kimi adamın başı demək olar, fırlanır: "Tələbələrimə deyirəm ki, başlanğıcda belə hallarla qarşılaşdıqda qətiyyən ruhdan düşməyin. Hey elə bir musiqi alətidir ki, bunu çalanda, eləcə də dinləyəndə sanki bütün şər qüvvələr səndən uzaqlaşır. Firidin Şuşinski yazır ki, Cəlil Məmmədquluzadə gözəl ney çalarmış. Habelə Mirzə Abdulla adlı şəxs 1914-cü ildə bir konsert zamanı neydə gözəl bir rəqs ifa edib. Aşıq Nəcəfqulunun da neydə gözəl çalmağı varmış. Hey zurna və balabanla müqayisədə çətin ifa olunur. Bu səbəbdən də ondan toylarda, el şənliklərində demək olar, istifadə olunmayıb. Ancaq yaxşı əlamətdir ki, Azərbaycan neyi günümüzə qədər gəlib çıxa bilib".
Ermənilərin Azərbaycanın milli musiqi alətlərinə sahiblik iddiası günü-gündən artır. "İpək Yolu" layihəsində Şərq ölkələrinin birgə konserti zamanı ora bir erməni də özünü qata bilmişdi. Etirazımızı bildirəndə ki, axı Ermənistanın "İpək Yolu" layihəsinə dəxli yoxdur, onların musiqiçisi burada necə təmsil oluna bilər? Amerikalıların cavabı bu oldu ki, ermənilər bu layihəyə dəstək veriblər, biz onlara bir söz deyə bilmərik. Həmin proqramda çıxış edən erməni Ermənistanın konservatoriyasının müəllimi idi. Onun ifası hədsiz zəif idi, xüsusən nəzəri cəhətdən ifası tələblərə cavab vermirdi. Ermənilər 1977-ci ildə Bakıda "Balaban məktəbi" adlı dərslik buraxıblar. Kitabın rusca adı isə "Şkola dlya duduka" kimi təqdim edilib. Ermənilər balabana "duduk" deyirlər. O zaman ermənilərin bu hərəkətinin qarşısı alınmayıb. Hüseyn Cavidin ev-muzeyində bir əlyazmaya rast gəldim. Üstündə "S.Əbdülsəlimov "Balaban məktəbi" yazılmışdı. 1935-ci ildə yazılmış dərsliyin əvvəlində protokollar diqqəti cəlb edir. Üzeyir bəyin həmin əlyazma üzərində qeydləri var. Orada "Şkola dlya duduka" yazılıb, ancaq Üzeyir bəy "duduk"un üstündən xətt çəkib, "balaban" yazıb. Həmin soydaşımızın o zaman tərtib etdiyi dərslik repressiya ucbatından işıq üzü görməyib".
Bu gün soydaşlarımızın yaddaşında neçə onillərdən bəri qədim ruhumuzun, milli musiqimizin cəhətlərini özündə gözəl yaşadan "İrs" folklor ansamblının adı hamıya yaxşı tanışdır. Ansamblın yaradıcısı və bədii rəhbəri Sidqi Mustafayev bildirir ki, "İrs" ansamblı yarandığı vaxtdan bəri Azərbaycanın qədim, zəngin musiqi mədəniyyətini, ruhunu yaşatmağa çalışıb, bu gün də həmin inadla və inamla fəaliyyət göstərir. "İrs" ansamblı qədim musiqi alətlərimizi, sazı, dilrubanı, cürə sazı, zurnanı, nağaranı, qoşanağaranı, zərb və başqa musiqi alətlərini tamamilə milli ruhumuzun, musiqimizin qədim, əbədiyaşar tələbləri üstə köklədi, özündən sonra gələnlərə nümunə oldu. S.Mustafayev uzun müddət axtarışlar aparıb, evlərdə olan qədim musiqi alətlərinin tapılması, ansambla gətirilməsi yönündə ciddi fikirləşib. O, bu məqsədlə qədim musiqi alətlərimizdən qalan yeganə soraqları axtarıb tapıb. Ansambl Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib, habelə adət-ənənələri, meydan tamaşalarını öyrənib, təkmilləşdirib. Bu gün ansamblın repertuarında təkcə qədim musiqilər və qədim meydan tamaşaları yox, qədim muğam-dəstgahlarımız da var.
Ötən müddət ərzində "İrs" çoxlu çətinliklərdən keçib, hətta bir müddət fəaliyyətini dayandırmağa məcbur olub.
Ancaq bütün hallarda o, mövcudluğunu qoruyub saxlaya bilib. Ansambl Sidqi müəllimlə mərhum bəstəkar Rəşid Nəsiboğlunun birgə səyi nəticəsində yaranıb, araya-ərsəyə gəlib: "Ansambl yaranmazdan qabaq indiki Bakı Musiqi Akademiyasında təhsil alırdım. Rəşid Nəsiboğlu da burada bəstəkarlıq şöbəsində oxuyurdu. Eyni zamanda hər ikimiz Bakıxanov qəsəbəsindəki 4 saylı musiqi məktəbində müəllim işləyirdik. Bizim dostluğumuz o vaxtdan başlandı. O zaman mənim "Təravət" adlı ansamblım var idi. Rəşid Nsiboğlu gözəl mahnılar yazırdı. Bir gün indiki "İrs" ansamblını yaratmaq ideyasını Rəşid Nəsiboğlu irəli sürdü. 1977-ci il idi. İdeya hər ikimizin ağlına batdı, ancaq belə bir ansamblı yaratmaq doğrudan da çətin idi. Ona görə də çoxlu fikirləşməli, axtarmalı olduq".
5 il
ansamblın formalaşması üçün gərgin
axtarışlar aparılıb. S.Mustafayev deyir
ki, musiqi alətlərinin repertuarı müəyyənləşdirildikdən
sonra onlara ansamblın tələblərinə uyğun
musiqiçilər axtarmaq lazım gəlib. Bu prosesdə S.Mustafayev illərlə
hazırladığı tələbələrini ansambla dəvət
etmək qərarına gəlib və fikrində
yanılmayıb. Ansambl bir müddətdən
sonra başqa problemlərlə üzləşib. Statusu və yeri əlindən alınıb. Bu mərhələdə ansambl yenidən məşqlərini
Balaxanıda keçirməli olub, ruhdan düşməyib.
Bir müddətdən sonra AMEA-nın Ədəbiyyat
İnstitutunun nəzdində fəaliyyət göstərən
"Folklor" Elmi-Mədəni mərkəzinin İçərişəhərdəki
otaqlarından birində məskunlaşıb. Bir neçə ildən sonra həmin mərkəz
AMEA-nın müstəqil elmi-tədqiqat institutuna
çevrildi, hazırda ansambl Folklor İnstitutunda daha
yaxşı səviyyədə fəaliyyət göstərir.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 10 aprel.- S.14.