Qeyri-maddi mədəni irsin qorunması problemi

 

 Azərbaycan xalqının milli özünəməxsusluğunun ən vacib konponenti onun mədəni irsi, o cümlədən folklorudur

 

Qloballaşma və inteqrasiya fonunda hər bir xalqın milli özünəməxsusluğunu şərtləndirən ən vacib amil kimi mədəni irsinin tədqiqi və mühafizəsi dünyanı düşündürən aktual mədəni problemə çevrilib. Azərbaycan ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərtilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayır və dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir. Sözügedən konsepsiya uzunmüddətli, davamlı fəaliyyət tələb edən bir strategiyadır. Konsepsiyanın 2-ci bölməsi Azərbaycanın milli maraqlarına həsr edilib. Sənəddən məlum olur ki, Azərbaycanın milli maraqlarının əsas istiqamətlərindən biri də böyük bir coğrafiyanı əhatə edən dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun möhkəmləndirilməsidir.

 

Qanunvericilik bazası

 

Azərbaycan xalqının milli özünəməxsusluğunun ən vacib konponenti onun mədəni irsi, o cümlədən, qeyri-maddi mədəni irsin mayasını təşkil edən folklorudur. Bu mənada Azərbaycan xalqının folklor nümunələrinin hüquqi qorunması problemi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının əsas hədəflərindən biri hesab olunur. Bundan başqa Azərbaycanın milli qanunvericilik sisteminə daxil olan "Folklor nümunələrinin hüquqi qorunması haqqında" qanun (16 may 2003-cü il) milli səviyyədə qeyri-maddi mədəni irsin qorunmasına hüquqi təminatlar yaradır. Ancaq son illər YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ardıcıl müzakirələr aparması və bir sıra sənədlər qəbul etməsi milli qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradır. Sözügedən təkmilləşdirilmə prosesini şərtləndirən əsas amillərdən biri də folklorşünaslığın elmi-nəzəri problemləri ilə bağlıdır.

"Folklor" dedikdə nə başa düşülür? Sovet ədəbiyatşünaslığında "folklor" dedikdə əksər hallarda yalnız şifahi xalq ədəbiyyatı nümunələri başa düşülüb. Ancaq aşağıda təfsilatı ilə verilmiş YUNESKO-nun tövsiyyələrində folklor (qeyri-maddi mədəni irs) dedikdə şifahi xalq ədəbiyyatını da özündə ehtiva edən daha geniş və əhatəli incəsənət nümunələri nəzərdə tutulur. YUNESKO-nun 2003-cü ildə qəbul edilmiş "Qeyri-maddi irsin qorunmasi" haqqında Beynəlxalq Konvensiyanın 2-ci bəndi məhz təsviri sənətlərə həsr edilib. Göründüyü kimi, folklor nümunələrinə verilmiş anlayışlardakı uyğunsuzluqlar Azərbaycan folklorşünaslığının yeni elmi-nəzəri konsepsiyasının hazırlanması problemini aktuallaşdırır. Hazırda ali məktəblərdə tədris olunan şifahi xalq ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi dərsliklərində folklor nümunələri dedikdə şifahi xalq ədəbiyyatı başa düşülür.

"Folklor nümunələrinin hüquqi qorunması haqqında" qanunun 1.0.1-ci maddəsində Azərbaycan folkloru nümunələrinin anlayışı verilib: "Azərbaycan folkloru nümunələri (bundan sonra folklor nümunələri) - Azərbaycan xalqı, onun ayrı-ayrı fərdlər tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələrini, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılıq nümunələri".

Adıçəkilən qanunun folklor nümunələrinə verdiyi anlayışın təkmilləşməyə ehtiyacı olması faktı açıq-aydın görünməkdədir. Bundan başqa sözügedən milli qanunvericilikdə YUNESKO tövsiyələrində adıçəkilən bir sıra anlayışlar ümumiyyətlə, qeyd edilməyib. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş Konvensiyasında epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunub. Ancaq sözügedən milli qanunvericilikdə epos söyləyənlərin anlayışı verilməyib. Bu tipli nümunələrin sayını artırmaq olar.

 

Mədəniyyətimizin dünyada təbliği

 

Folklorşünaslığın elmi-nəzəri problemləri ilə məşğul olan Seyfəddin Rzasoy "Mifologiya və folklor: nəzəri-metodoloji kontekst" əsərində folklora belə tərif verir: "Folklor: etnik-mədəni düşüncənin tarixi diaxronik təzahürü kimi struktur düşüncəsidir; milli özünüifadənin total düşüncə sisteminin əsas paradiqmalarından biridir; total-etnik düşüncənin statusal tipi baxımından bədii estetik xarakterlidir; düşüncə hadisəsi kimi dünya modelidir (mənaların paradiqmasıdır); mətn kimi folklor düşüncə modelini əks etdirən obyektdir; janr kimi gerçəkliyi bütövlükdə universumlaşdıran janrlar sistemidir".

İki mühüm sənəd - Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi istiqamətindəki problemləri və hədəfləri müəyyən etməklə mədəni irsin mühafizəsi və tədqiqi üçün hüquqi təminatlar yaradır. Azərbaycanda elm strategiyasının həyata keçirilməsi YUNESKO-nun da diqqət mərkəzindədir. Adıçəkilən təşkilat elm strategiyasının reallaşdırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə bir sıra görüşlər keçirməkdədir. Bu sıradan YUNESKO-nun məsul şəxsləri ilə AMEA-nın prezidenti akademik Mahmud Kərimov arasında keçirilən görüş və fikir mübadilələri çox əhəmiyyətlidir.

Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı milli fəaliyyətlərə diqqət yetirək. 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri elan olunub. 28 sentyabr-2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun qeyri maddi-mədəni qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramı qeyri maddi-mədəni irsin reprezentativ siyahısına daxil edilib. Hazırda isə "Azərbaycan xalçaları" adlı obyektlərin həmin siyahıya salınması ilə bağlı iş aparılır. YUNESKO ilə əməkdaşlığın yüksək səviyyədə qurulması bu sahədə sistematik işin aparılmasına öz töhvələrini verib. Xüsusilə Bakıda I Beynəlxalq Muğam Festivalının keçirilməsi dünyada mühüm mədəniyyət hadisələrindən biridir. Bundan başqa AMEA-nın Folklor İnstitutu, Mərkəzi Budapeşt şəhərində yerləşən Avropa Folklor İnstitutu, Azərbaycanın Macarıstandaki səfirliyi və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan xalqının iki böyük epik mədəniyyət abidəsi olan "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının macar dilinə tərcümə edilməsi bu sıradan görülən mühüm işlərdəndir. AMEA Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılovun təşəbbüsü ilə "Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması strategiyası" adlı sənədin hazırlanması bu sahədə aparılan işə gözəl töhvədir.

 

Xalqımızın mədəni irsi özgəninkiləşdirilir

 

Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə və mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşıb. Bu hal xüsusilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəklində həyata keçirilib. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar: şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin, o cümlədən, dastanlar, nağıllar və s. mənimsənilməsi; xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın mənimsənilməsi; milli musiqi alətlərimizin, o cümlədən, balaban, kamança, saz və s. mənimsənilməsi; Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi; Azərbaycan xalçalarının mənimsənilməsi. Yuxarıda qeyd olunan kateqoriyaya daxil olan mədəniyyət nümunələri, o cümlədən, "Koroğlu" və "Aşıq Qərib" dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları "İran xalçaları" adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin" beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəkilini alıb.

Bundan başqa Azərbaycan folklor nümunələrinə bir çox hallarda ölkə daxilində ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qeyri-qanuni istifadə hallarına rast gəlinir. Belə ki, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən milli folklor nümunələrinə əmtəə nişanları alaraq onların yayım və istifadə hüququna məhdudiyyətlər qoyurlar. Göstərilən hallar daha çox uşaq folkloru nümunələrinə münasibətdə rast gəlinir.

 

Görüləcək işlər

 

Azərbaycan folklor nümunələrinin milli reyestrinin aparılmasına dair vəzifələri aşağıdaki kimi qruplaşdırmaq olar: folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericiliyin təkminləşdirilməsi; folklor nümünələrinin milli siyahıya alınmasına dair fəaliyyətin nazirliklər, agentliklər, ixtisaslaşdırılmış elmi-tədqiqat institutları arasında koordinasiya edilməsi; Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələrlə bağlı elmi-tədqiqat istiqamətlərinin müəyyən edilməsi; folklorşünaslıq qarşısında yeni vəzifələrin müəyyən edilməsi ilə bağlı AMEA-nın Folklor İnstitutunun strukturunun təkmilləşdirilməsi və yenidən formalaşdırılması; orta təhsil müəssisələrində folklor dərsliyinin hazırlanması; folklor nümunələrinin dünya dillərinə tərcümə olunması; YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil olunmuş folklor nümunələrinin (muğam və aşıq musiqisi) siyahısının hazırlanması; folklor studiyasının yaradılması və milli adət-ənənə ilə bağlı sənədli filmlərin çəkilişi; beynəlxalq elmi konfranslar və festivalların keçirilməsi.

Azərbaycan folklor nümunələrinin milli reyestrinin aparılmasına dair məqsədləri isə aşağıdaki kimi qruplaşdırmaq olar: folklor nümunələrinin əhatə dairəsinin müəyyən edilməsi; folklorşünaslığın elmi-nəzəri problemlərinə dair konsepsiyanın hazırlanması; folklor nümunələrinin milli siyahıya alınmasının hüquqi bazasının və təminatların yaradılması; Azərbaycan folklor nümunələrinin mühafizəsinin təmin edilməsi; folklor nümunələrinin milli siyahıya alınması və dövlət reystrinin aparılması; folklor nümunələrinin müasir informasiya texnologiyalarına uyğun qorunması ilə bağlı texniki vasitələrin tətbiqi; Azərbaycan Milli Folklor Arxivinin və Muzeyinin yaradılması.

 

 

Səməd Vəkilov

 

Xalq Cəbhəsi.- 2010.- 13 aprel.- S.14.