Quba soyqırımı "Genoside" sənədli filmində

 

 Qənirə Paşayeva: "Gənclər təşkilatları və elektron KİV-lər filmin yayılmasında maraqlı olmalıdır"

 

Dünən Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində daha bir addım atıldı. Avrasiya Beynəlaxq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanan "Soyqırım" adlı sənədli filmin Trend Xəbərlər Şirkətində ingilis dilində təqdimat mərasimi keçirildi.

Tədbirdə çıxış edən Avrasiya Beynəlaxq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Günel Paşayeva bildirdi ki, sözügedən filmin azərbaycan dilində təqdimatı mart ayında keçiriləcək. Onun sözlərinə görə, "Soyqırım" filminin ingilis dilində tərcüməsi 1918-ci ilin 31 martında azərbaycanlıların soyqırımını dünya ictimayyətinin diqqətinə çatdırılması baxımından mühüm bir layihədir. G.Paşayeva filmdə 1918-ci ildə martın 31-də Qubada erməni daşnaqlarının törətdiyi soyqırım zamanı valideynlərini, doğmalarını, yaxınlarını itirən və həmin dəhşətli hadisələrin canlı şahidi olan insanların taleyindən bəhs etiyini söylədi: "Film yüzlərlə nüsxə çoxaldılıb. Yaxın günlərdə dünyanın bir sıra ölkələrində təqdimetmə mərasimi keçiriləcək. "Genoside" sənədli filminin yaxın günlərdə ABŞ-da və Avropanın bəzi ölkələrində təqdimatını həyata keçirəcəyik. Filmi beynəlxalq ictimayyətə yayılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, xarici ölkələrə, QHT-lərə, diaspor təşkilatlarına göndəriləcək".

Filmin çəkilişi üçün maliyyə dəstəyi ayıran Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Fərasət Qurbanov öz növbəsində bu filmin Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması yönündə mühüm sənəd olduğunu vurğuladı. Onun sözlərinə görə, hələ SSRİ dövründə dədə-babalarımız ermənilərin azərbaycanlılara qarşı soyqırım həyata keçirməsi ilə bağlı danışırdı: "Bu yöndə yazılı materiallar yox səviyyəsində idi. İndi isə bu kimi filmlər çəkilir. Bu isə dünya ictimayyətinin diqqətinə çatdırır ki, ermənilər terrorçudur. Onlar günahsız insanlara olmazın zülm və işgəncələr verib".

Daha sonra tədbirdə çıxış edən filmin baş məsləhətçisi, millət vəkili Qənirə Paşayeva qeyd etdi ki, bu film 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımla bağlı ilk filmdir. Onun dediklərinə görə, bu kimi filmlər ermənilərin apardığı saxta soyqırım siyasətinin əssasız olduğunu sübut etməyə töhvə verəcək: "Bu cür filmlərin sayının çoxaldılması olduqca vacib və əhəmiyyətlidir. Bu yöndə QHT-lər də iş aparır. Belə işlərin dünya miqyasında həyata keçirilməsində Heydər Əliyev Fondunun gördüyü işlər əsl örnəkdir. Filmin geniş arenada yayılması üçün gənclər təşkilatları və KİV-lərin də mühüm rolu var. Onu da əlavə edim ki, ölkənin aparıcı elektron KİV-lərində bu kimi filmlərin yerləşdirilməsi məqsədəuyğun olar".

Çıxışı davam etdirən tarix elmləri doktoru, professor, filmin elmi rəyçisi Musa Qasımlı da bildirdi ki, "Soyqırım" filminin mühüm özəlliyi burada tarixin olmasıdır: "Burada tarix və arxiv materialları ilə yanaşı canlı tarix də var. Canlı tarixin işıqlandırılması, baş verən soyqırım hadisələrinin onların dilindən verilməsi çox mühümdür".

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2010.- 15 aprel.- S.13.