Bəşəriyyətin ən böyük kəşflərindən biri - kitab

 

Professor Bayram Allahverdiyev: "Kitab cəmiyyətin maddi və mənəvi həyatının məhsuludur"

 

Bəşəriyyətin ən böyük kəşflərindən biri olan kitab haqqında çox yazılıb. Elmi-texniki tərəqqi nə qədər inkişaf etsə də, kitabı əvəz edən bir vasitə olmayacaq. Aprelin 23-ü Dünya Kitab günüdür. Kitab haqqında ürəklə danışmağa dəyər. Düzdür, indi kitab adına adamlara hər şey təqdim edirlər.

Hər nəşr olunan kitab biçimli nəsnə mahiyyətcə kitab deyil.

Əsl kitab insana həqiqətin yolunu göstərməlidir. Bu gün elm-texnika daha da inkişaf edir; indi internet insanların həyatının ayrılmaz bir parçasına çevrilib, elektron kitabxanaların əhəmiyyəti barədə gecə-gündüz danışılır. Di gəl, kitabla canlı ünsiyyətin yerini heç nə vermir. Canlı təmasda duyğusallıq da internet zövqünə oxşamır, ondan həmişə güclü olur. Kitab oxumaq ənənəsi insanın var olması, özünütəsdiqi yolunda ən əhəmiyyətli məqam, vasitədir. Təbii ki, hər kitabı ömrün yolgöstərəni hesab etmək olmaz. Xüsusən indi kitab adına, biçimi standartlara cavab verən, əksinə, məzmunca insan həyatını alt-üst edən çoxlu cəfəngiyyat yığınına da rast gəlmək çətin deyil. Bir cümləsi ilə günlərlə fikirləşməyə, ömrü boyu yol getməyə tamarzı olduğumuz kitabların sayı indi daha da azdır. Təkcə adamların məhz hansı mövzulu kitablara üstünlük vermələrini təhlil etmək yetər ki, maraq dairələri haqqında tam təəssürat formalaşsın.

Professor Bayram Allahverdiyev deyir ki, bütün dövrlərdə, xüsusilə indiki şəraitdə kitabın cəmiyyətdəki rolu və əhəmiyyəti çox artıb. Bu, kitabın müxtəlif məlumatı, biliyi, elmi dünyagörüşü, ictimai-siyasi problemləri və s. özündə əks etməsi ilə əlaqədardır: "Kitabın bu xüsusiyyəti onun öyrənilməsini, təbliğini və yayılmasını qarşıya qoyur. Kütləvi məlumat vasitələrindən biri kimi kitabdan istifadə edilməsi daha da genişlənir. Kitab cəmiyyətin maddi və mənəvi həyatının məhsulu olmaqla yanaşı, sosial həqiqətin obyektiv və subyektiv hadisəsdir. İqtisadiyyatın, elmin, mədəniyyətin, əxlaqın, tərbiyə və təhsilin inkişafına güclü təsir göstərən vasitələrdən biridir. Buna görə də ayrı-ayrı cəmiyyətlərdə, ictimai-iqtisadi quruluşlarda, müxtəlif dövlətlər və xalqlar kitabın yaranmasına, inkişafına, formalaşmasına, nəşr edilib yayılmasına və istifadə edilməsinə böyük əhəmiyyət veriblər. Kitab tədricən çox inkişaf edib, kəmiyyət, keyfiyyət, məzmun, forma, həcm, bədii və poliqrafik tərtibat cəhətdən dəyişkənliyə, inkişafa və artıma malik olub".

Şübhəsiz, bəşər kitaba qədərki mərhələsində uzun bir formalaşma dövrünü keçməli olub. Yazı materialları, onların meydana gəlməsi və inkişafı bəşəriyyətin kitaba qədərki dövrünü, bu dövrün bütün çətinliklərini özündə ehtiva edir. Araşdırmalara görə, qədim Şərqdə ilk öncə daşdan, sal qayalardan yazı materialı kimi istifadə etmişdilər. Məsələn, Bisütun dağı üzərindəki 115 metr hündürlüyündəki qayada fars hökmdarlarının, o cümlədən I Daranın (e.ə. 521-486) qəhrəmanlıqlarını vəsf edən min sətirdən ibarət yazı var. Qədim Şərqdə yüzlərlə belə daş kitabələr saxlanılıb. Məbədlərin və şah saraylarının divarlarında belə yazı nümunələri çoxdur. Daş üzərində ilk yazı kitabənin 5-6 min il tarixi var. Qədim Misirdə yazı materialı kimi papirusdan istifadə edilib. Hil çayının sahillərində 3 metr hündürlüyündə bitən bu bitkini yerli əhali "papiur" -"çaydan çıxan" adlandırmışdı. Bu yazı materialı xüsusi reseptlə hazırlanırdı və əsasən sarı rəngli parçaya bənzəyirdi. Bu, qədim misirlilərin kağızı idi. Vərəqələri nəzərdə tutulan formatda kəsir, birini digərinə yapışdırmaqla uzun papirus kağızı əldə edilir, sonra bükülərək rulon halına salınırdı. Ən böyük rulon 100 metr uzunluğunda olub. Bizə gəlib çatmış papirus rulonu Londondakı Britaniya muzeyində saxlanılır. Bu, 2-ci Ramzes dövrünün salnamə toplusudur. Bunun uzunluğu 46 m, eni 40 sm-dir. Adətən papirusdan hazırlanan yazı materialının uzunluğu 20 vərəq olurdu, başqa sözlə, 8-12 metrdən uzun olmurdu. Əgər bu ölçüdə material yazılması nəzərdə tutulan mətn kifayət etmirdisə, lazım olan qədər vərəq əlavə edilirdi. Misirdə istehsal edilən papirusun çoxlu növləri olmuşdu. Papirus vərəqləri bir-birindən nazikliyi və bədiiliyi ilə fərqlənirdi. B.Allahverdiyev deyir ki, e.ə. 4-cü minillikdə misirlilər bu əhəmiyyətli yazı materialını ixtira ediblər. Papirus insanlara 4 min il xidmət etmişdi: "B.e.ə 3-cü əsrə qədər papirus əsas yazı materialı olub. Amma 8-ci əsrdən Misirdən başqa ölkələrə papirusun aparılması dayandı. Bu, hər şeydən əvvəl ərəblərin Misiri işğal etmələri ilə əlaqədar idi. Belə ki, ərəblər Avropaya papirus və perqamentə nisbətən daha əlverişli və ucuz yazı materialı olan kağızı gətirmişdilər".

Papirus kağızla müqayisədə yazı materialı kimi o qədər də əlverişli deyildi: "Papirus kağızla müqayisədə kövrək idi, həm də möhkəm və davamlı deyildi, müəyyən müddətdən sonra papirus çox quruyur və ovxalanıb tökülürdü. Bu isə papirus üzərində yazılmış mətnin tam saxlanmasına mənfi təsir göstərirdi. Digər tərəfdən papirus üzərində yazılmış mətni qatlamaq və yaxud dəftər şəklində tikmək mümkün olmurdu. Papirusun yalnız bir üzündə yazılırdı. Ancaq papirus qədim Şərqdə uzun müddət istifadə olunmuşdu. Bizim eranın əvvəllindən təxminən 1000 ilə kimi bütün Avropa ölkələrində yazı qamışa bənzər qələmlə yazılırdı".

Perqament adlandırılan yazı materialının necə meydana gəlməsi də maraqlıdır. Dünyanın qədim ölkələrindən olan Kiçik Asiyanın Ellen dövlətinin Perqam şəhərində müxtəlif heyvan dərisindən xüsusi texnologiya əsasında yazı materialı (e.ə. 2-ci yüzildə) hazırlanıb. Bu yazı materialı şəhərin adı ilə "perqament" adlandırılıb. Perqamenin b.e.ə. 2-ci yüzildə yaranmasına baxmayaraq, müxtəlif ölkələrdə heyvan dərisi üzərində yazı yazmağın tarixi qədimdir. Qədim və ilkin Azərbaycan kitabı "Avesta"nın 12 min inək dərisi üzərində yazılması bu tarixin qədimliyini təsdiq edir. Uzun müddət papirus və perqament paralel olaraq yazı materialı kimi istifadə edilib. Uzun müddət dünyanın, xüsusilə Yaxın Şərqin və Orta Asiyanın ən qiymətli elm, ədəbiyyat, incəsənət əsərləri perqament üzərinə yazılıb, yayılıb. Perqament möhkəm və davamlı yazı materialı olsa da çox baha başa gəlirdi. Bəşəriyyət sonradan daş, bürünc, mis lövhəciklərdən, sümükdən, pambıqla hazırlanmış parçadan və s.-dən istifadə edərək nəhayət, kağızın istehsalına gəlib çıxdı: "B.e.ə. 5-4-cü yüzillərdən çinlilər ipək üzərində yazmağa başladılar. Nəhayət, kağızın istehsalı üçün b.e.ə. 3-cü yüzilə kimi çox axtarışlar və təcrübələr aparıldı, ipək qırıntısından parça hazırlandı. Bu parça üzərində tük qələm, fırça ilə yazmaq çox asan idi. Ancaq bu yazı materialı da baha başa gəlirdi. Salnaməçi Fan b.e.ə. 5-ci yüzildə kağızın meydana gəlməsi ilə bağlı ətraflı məlumatı salnamədə yazıb. Yazır ki, Tsay Lun ağac qabağından, çətənə bitkisindən, əskidən kağız istehsal etməyin mümkünlüyü barədə imperatora məlumat verir. İmperator bu işdən çox razı qalır. Araşdırmaçılar təsdiq edirdilər ki, Tsay Luna kimi Çində qeyd edilən materiallar əsasında e.ə. 2-ci yüzildə kağız istehsal edilib. Lakin Tsay Lun bu istehsal prosesini təkmilləşdirib və keyfiyyətli kağızı 105-ci ildə istehsal edib".

Kağızın meydana gəlməsi qədim dünya ölkələrində və antik cəmiyyətdə kitabın, eləcə də kitabxanaların yaranmasına mühüm təsir göstərir. B.Allahverdiyevin fikrincə, Şumerlər qədim Şərqdə zəngin mədəniyyət yaratmış və inkişaf etmiş xalqlardan olub. İki çay arasında (Dəclə və Fərat) məskunlaşan şumerlər zəngin yazı və kitab mədəniyyətinə malik olmuşlar. Daş və gil lövhəciklər üzərində yazılmış bu mətn və kitabların nümunələrinin saysız-hesabsız nüsxələrini 200 ildən çoxdur ki, arxeoloqlar tapmaqda, alimlər isə araşdırmaqdadırlar. Tapılan yazı mətnləri və kitab nümunələrinin hədsiz çoxluğu şumerlərin təhsilə, elmə, yazı və kitab sənətinə nə qədər böyük qiymət və əhəmiyyət verdiklərini təsdiq edir. Yazı və kitab nümunələrinin araşdırılması əsasında alimlər müəyyənləşdiriblər ki, şumerlərin zəngin mədəniyyəti e.ə. 4-cü minilliyin sonunda yaranmağa başlayıb. 3-cü minilliyin sonu və 2-ci miniliyin başlanğıcında şumerlərin mədəniyyətinin varisi kimi çıxış edən akkadlar da bu mədəniyyətin daha da inkişaf etməsinə və zənginləşməsinə səy göstəriblər. Akkad hökmdarı Böyük Sarqonun (e.ə. 2316-2261) hakimiyyəti illəri şumer dili sıradan çıxır və ölü dilə çevrilir. Qədim iki çaya arasında müxtəlif dillərdə danışan (şummer, akkad, hurri, turuk, elan, subir) xalqlar yaşayırdılar. Həmçinin burada kassilər, aramilər, xaldlar, kutilər, lullubilər, turukilər kimi tayfalar da olub. Şərait tələb edirdi ki, müxtəlif dillərin qarşılıqlı lüğətləri: şumer-akkad, şumer-akkad-hurri və s. tərtib edilsin. Belə lüğətlərin çoxu tam şəkildə bizə gəlib çatmayıb.

Bəşəriyyətin keçmişi ilə bağlı soraqlar ən təkmil köklü, soraqlı şəkildə şumerlə bağlı mənbələrdə öz ifadəsini tapıb: "Şumer kitablarında, ümumiyyətlə, mətnlərdə müəllif göstərilməyib. Görünür, qədim dövrlərdə dildən, ağızdan-ağıza söylənən, yayılan əsərlər yazıya alınıb. Çox ehtimal ki, bu işi mirzələr, mətn köçürənlər yerinə yetiriblər. Elmi tədqiqatlarda belə bir fikir də mövcuddur ki, qədim zamanlarda şamanlara, ozanlara bənzər dastançılar, nağılçılar varmış. Və ədəbi əsərlər, dastanlar onlardan birinin söyləndiyi şəkildə yazıya alınıb. Məktəblərin, təhsilin yaranması əlyazma, daş və gil kitablarının inkişafına müsbət təsir göstərib".   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 21 aprel.- S.14.