TQDK keçid
ballarını müəyyənləşdirib
Bölgələrdə 130-dək sənəd qəbulu komissiyaları yaradılıb
2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsilli müəssisələrə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır. Ərizə qəbulu elanının tam mətni "Abituriyent" jurnalının 2-ci sayında nəşr olunub. Ötən gün TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov keçirilən mətbuat konfransında bildirib ki, bu il ali və orta ixtisas məktəblərinə qəbul planının ötən ilki səviyyədə saxlanacağı gözlənilir. Onun sözlərinə görə, 2010-2011-ci tədris ili üzrə qəbul planının dəqiqləşdirilmiş sayı və ixtisaslar üzrə bölgüsü yaxın vaxtlarda açıqlanacaq: "Eyni zamanda TQDK ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə keçid ballarını müəyyənləşdirib. Belə ki, III ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən, digər qruplarda isə 250-dən az olmayan abituriyentlər buraxılacaq. Bu zaman abituriyentlərin hər imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bal 10-dan az olmamalıdır. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi təyinatlı ali məktəblərə sənəd verən abituriyentlər ilk növbədə həmin ali məktəbin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Keçid ballarının indidən aşığı salınması çətindir. Bu abituriyentlərin imtahan göstəricilərindən asılı olacaq. Müsabiqədə iştirak edən abituriyentlər kifayət qədər olarsa, imtahan şərtləri dəyişməyəcək. Hər halda TQDK daha səviyyəli abituriyentlərin ali məktəblərə qəbul olunmasını istəyir".
Arzu Bağırovun sözlərinə görə, TQDK tərəfindən abituriyentlərin daha asan sənəd verə bilmələri üçün bütün bölgələrdə 130-dək sənəd qəbulu komissiyaları yaradılıb: "Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 30-dan mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. SQK-lar hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək fəaliyyət göstərirlər. Abituriyentlərin daha asan sənəd verə bilmələri üçün bütün bölgələrdə 130-dək SQK yaradılıb. Orta məktəbləri bu il qurtaran abituriyentlər sənədlərini təhsil aldıqları rayonların orta məktəblərində yaradılan SQK-larda verə bilərlər. Artıq Bakı üzrə 22 belə məntəqə yaradılıb. Əvvəlki illərin məzunları, ali, orta ixtisas təhsili müəssisələrinin məzunları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanlarına buraxılan abituriyentlər ərizələrini bölgələrdəki ali məktəblər də daxil olmaqla müxtəlif ali məktəblərdə yaradılan SQK-larda verə bilərlər. 16 yaşı hələ tamam və şəxsiyyət vəsiqəsi olmayan abituriyentlər üçün ayrıca SQK-lar yaradılıb. Bununla belə, ali məktəblərdə yaradılan SQK-larda hərbi masalar da fəaliyyət göstərir".
A.Bağırovun dediklərinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər TQDK-da, Gürcüstanda yaşayan azərbaycanlılar Qazax Təhsil Şöbəsində, Dağıstanda yaşayan azərbaycanlılar isə Qusar Təhsil Şöbəsində yaradılan SQK-da sənədlərini verə bilərlər: "Xüsusi təyinatlı ali məktəblərə sənəd vermək istəyən abituriyentlər üçün isə həmin ali məktəblərdə SQK-lar yaradılıb. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dilindən imtahanlar mayın 23-ü və iyunun 20-də keçiriləcək. Mayın 23-də imtahan verən abituriyentlər elektron ərizələrini mayın 14-dək təsdiq etdirməlidirlər. Ali məktəblərin 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 4-də, 1-ci ixtisas qrupu üzrə iyulun 11-də, 4-cü ixtisas qrupu üzrə iyulun 17-də, 2-ci ixtisas qrupu üzrə isə iyulun 23-də keçiriləcək. Builki ali və orta ixtisas məktəblərinə tələbə qəbulu planı artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub. Ancaq plan yerləri işçi formasında olduğundan bu il ali və orta ixtisas məktəblərinə nə qədər tələbənin qəbul ediləcəyi hələ məlum deyil. 2010/2011-ci tədris ili üzrə qəbul planının dəqiqləşdirilmiş sayı və ixtisaslar üzrə bölgüsü yaxın vaxtlarda açıqlanacaq. Orta məktəblərin builki məzunlarının buraxılış imtahanlarının nəticələri iyunun 25-dək bəlli olacaq. Həmin tarixədək attestat almaq hüququ qazanan məzun-abituriyentlərin siyahısı Təhsil Nazirliyi tərəfindən TQDK-ya təqdim ediləcək. Bundan əlavə, qəbul imtahanlarına hazırlaşan abituriyentlərin qarşısında duran mühüm vəzifələrdən biri də tələbə qəbulu qaydaları, sənəd qəbulu prosedurları, imtahanda davranış qaydaları ilə diqqətlə tanış olmaq və bunlara ciddi əməl etməkdir. Ancaq tələbə qəbulu təcrübəsi göstərir ki, abituriyentlərin heç də hamısı həmin qaydalara tam riayət etmir və nəticədə bundan özləri zərər çəkirlər. Odur ki, jurnalın bu rubrikasında ötənilki qəbul kampaniyasında abituriyentlər tərəfindən ən çox yol verilən səhvlər və qayda pozuntuları nəzərə çatdırmaqla, bunları təkrarlamamağı tövsiyə edir".
Ülviyyə Şamilqızı
Xalq Cəbhəsi.- 2010.- 21 aprel.- S.13.