"Ekoloji böhran ifrat həddə çatıb"

 

 Professor Rza Mahmudov: "Dünya təbiəti qorumağa çox gecikir"

 

Yerin fəlakətləri durmadan artır. İstər-istəməz təbiətin harmoniyasının pozulması insana da ciddi təsir edir.

1970-ci ilin 22 aprelindən qeyd edilən Beynəlxalq Yer Günü "beynəlxalqlaşan" təqvimin günlərindən biri olmaqla qlobal fəlakətlərə qucaq açan Yer planetini şübhəsiz, xilas edə bilmir. Bəşərin dərdləri daha dərindir. İndi çoxlu ağac əkmək də dünyanı xilas etmir. Təbii, yaşıllıq gözəl şeydir, ancaq bəşərin ən ciddi problemi olan insan mövzusu həll edilmədiyindən planetin də problemi gündən-günə dərinləşir. İnsan özünü xilas etdiyi dərəcədə Yer planetini də xilas edəcək. Bu, gedişata qətiyyən ritorik yanaşma deyil. Çağdaş gedişat isə problemləri həll etməli olan insanı daim çaşdırmağa çalışır, çaşdırır da. Gedişatı yaradan da, ona təslim olan da insandır. Dünyada ekoloji gərginlik artır, iqlim dəyişmələri get-gedə daha kəskin şəkil almağa başlayır.

Professor Rza Mahmudov bildirir ki, indi dünyada qlobal proseslər gedir. İqlimlə bağlı proqnozların verilməsi müəyyən qanunauyğunluqlara əsaslanır. Dünyada atmosfer temperaturunun ümumi, planetar formada dəyişməsi, hərəkəti, son dövrlərdə iqlim dəyişməsi məsələlərində tendensiyanın dəyişməsi, sürətlənməsi bəzi qanunauyğunluqları pozur. İnsanın təbiətə müdaxiləsi artıb. Ekoloji böhran ifrat həddə çatıb. Əgər hər hansı bir ölkə iqtisadi böhranı müəyyən sərəncamlarla, uzaqbaşı başqa dövlətlərin köməkliyilə qısa müddətə həll edə bilərsə, ekoloji böhranın aradan qaldırılması üçün böyük zaman, eləcə də bütün dövlətlərin əlbir, ardıcıl iştirakı tələb olunur".

Ekoloji böhranı təbii ki, insan yaradır. Bu problemlərin də qarşısını yalnız insan ala bilər. Bu problemlərin indidən sonra daha da dərinləşməsinə yol verməməliyik. Dünyada ekoloji problemlərin artması səbəbindən "parnik effekti" təhlükəsi günü-gündən dərinləşməkdədir: "Hər bir insan görür ki, dünya üzrə baş verən iqlim dəyişmələri prosesi dərinləşir. Nəticədə təbii fəlakətlərin sayı artır. Dünyada hazırda iqlim dəyişmələri nəticəsində baş verən təbii fəlakətlərin 85-90 faizi məhz hidrometereoloji proseslərlə bağlıdır. Qalanı zəlzələ, vulkan və sairlə bağlıdır. Bu proses gedir, istər qeyri-ayrı dövlətlərin iqtisadiyyatına, istərsə də bütün dünya iqtisadiyyatına külli miqdarda ziyan vurur. Tutaq ki, XX yüzilin 60-70-ci illərində təbii fəlakətə dəyən zərərlə bugünkü təbii fəlakətlərdən dəyən zərəri hesablarla yüz milyard ABŞ dolları arasında böyük fərqlər var. Baxmayaraq ki, bu sahədə proqnozlar təkmilləşir, dəqiqləşir, elmi-texniki tərəqqi inkişaf edir".

İqlim dəyişmələrinin əsas səbəblərindən biri iqlim yaradan amillərdir. İkinci səbəb atmosfer sirkulyasiyası, yəni yer kürəsində rütubət dövranıdır. Üçüncü amil atmosferin səth örtüyü problemidir. Bu üç amilin hansısa birində dəyişiklik olmalıdır ki, iqlim yaxşılığa doğru dəyişsin. Bunun mənbəyi isə Günəşdədir. Günəşdə hər hansı dəyişiklik (şüaların düşmə bucağı, Yerdə radiasiya balansı və s. baş verirsə, problemlərin yaranmasına təkan vermiş olur. Səth örtüyü milyon illər ərzində dəyişə bilər, təsiri azdır. Bir sözlə, iqlim dəyişən amillərin əsas mənbəyini Günəş və Yerin qarşılıqlı mövqeyində axtarmaq lazımdır: "İqlim dəyişmələrinin təsir amillərini antropogen və astropogen amillər - Yer atmosferində karbon qazının artması və digər zəhərli qazların konsertrasiyasının artması və atmosferdə parnik effekti yaradır. Bu isə Yerdə radiasiya balansına, Günəş şüalarının düşməsinə və s. səbəb olur. İnsan yaranmamışdan çox-çox əvvəllər Antarktida kimi buzlaqların 3-4 min metr dərinliyindən götürülən buz nümunələrində o dövrün qar, buz əmələ gələn vaxtı kristallarda atmosfer havasının necə olmasını öyrəniblər. Nəticələr göstərib ki, o dövrdə atmosferdə karbon qazı indikindən də çox olub. O zaman antropogen amillərin təsiri demək olar ki, yox dərəcəsindəydi. Əgər karbon qazını təkcə insan faktoru ilə bağlasaq, bu, düz olmaz. Antropogen amillərin iqlim dəyişmələrinə təsirini qəbul edən alimlər isə başqa sübutlar gətirirlər. İnsanların sayının durmadan artması amilinə nəzər yetirsək; əgər 1850-ci ildə Yer kürəsində cəmi 1 milyard insan vardısa, indi bu göstərici 6 milyardı keçib. Təbii ki, Yer kürəsinin əhalisi artdıqca elmi-texniki tərəqqi, texnologiya da inkişaf etməlidir. Nəticədə atmosfer havası çirklənir, ekoloji böhran dərinləşir. Atmosferə külli miqdarda karbon qazı atılır. Günəş şüasının düşmə bucağı dəyişirsə, onun radiasiyasının intensivliyi artırsa, okean sularını belə qızdırırsa, bu, insanların atmosferə atdığı bu və ya digər karbon qazından dəfələrlə çoxdur. Təbii amillər içərisində bu, elmin sübut etdiyi dəqiq nəticələrdir. Yer atmosferi inzibati, belə deyək, dövlət sərhədlərinin tanımır. Yer atmosferi hamınındır, sanki bir evdir".

Hazırda əsas məsələ xüsusilə iri dövlətlərin timsalında bu bəşəri problemlər aradan qaldırılmasıdır. Bəla gözləmir, o, ildən-ilə problem kimi dərinləşir fəsadlarını göstərir: "1306-cı ildə bir London sakini küçədə adi kömür yandırdığına görə onu hakimiyyət edam edib. Yəni sən bu kömürü yandırdığına görə havanı çirkləndirir, insanların rahatlığını pozmaqla əslində cinayət edirsən. Biz demirik ki, o dövrdəki kimi belə qəddar üsullara əl atılsın. I Pyotr zamanında da meşələrin qırılmasının qarşısının alınması ilə bağlı tədbirlər olub. Əslində bu məsələ tarix boyu insanları həmişə düşündürüb".

Bəşər bugünkü səviyyəsində təbiətə qarşı daha amansızdır. Təbiət indi mahnılarda, poeziyada daha çox vəsf edilir: "Dünya təbiəti qorumağa çox gecikir. Hazırda bu sahədəki işlərdən ən vacibi meşələrin artırılmasıdır. Bütün dünyada meşələrin, yaşıllıqların sayının artırılmasına hazırda ciddi fikir verilir. Meşə örtüyü hazırda və eləcə də bundan sonra sözügedən problemin aradan qaldırılması yönündə əhəmiyyətli vasitədir, yeganə təbii müalicədir. Azərbaycan nəinki adi, ümumən içməli su sarıdan korluq çəkən ölkələr sırasındadır. Bir ölkə olaraq çox şeydə baxtımız gətirsə də, bu sarıdan baxtımız gətirməyib. Dünyada su ilə az təmin olunan ölkələrdənik. Kürün aşağı hövzəsində yerləşirik. Burda həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri var. Bizdə Gürcüstandan fərqli olaraq adambaşına 6-7 dəfə az su düşür. Ona görə də hər damcı suyun qədrini bilməli, sudan istifadə məsələsinə ciddi şəkildə yanaşmalıyıq".

İnsanlar hər şeyi öyrəndilər: yeri, göyü, ətrafda baş verən nə varsa, hər şeyi ağıl süzgəcindən keçirdilər. İnsan özünün anatomiyasını da diqqətlə öyrəndi, araşdırdırdı. Ancaq hələ də insan özünün daxili mənəvi dünyasını, ilahi, insani imkanlarını öyrənməyib. Düzdür, insanın daxili dünyası ilə bağlı saysız-hesabsız kitablar yazılıb, dinlərdə, fəlsəfi təlimlərdə bu məqamlara münasibət bildirilib. Ancaq hələ ki, insan sözün böyük mənasında özünü tapa bilməyib. Dünyadan qan-qada qətiyyən əksilmir, əksinə, artır. Gündəlik həyatımızda baş verən gərginliklər, qarma-qarışıq əhvallar, fərəhsiz məqamlar artdıqca insanlar həyat haqqında bilgilərinin haradasa artıq "kara gəlmədiyini" düşünürlər. Görəsən, insanlar mənalı yaşamaq üçün niyə xüsusi cəhd etmirlər? Niyə dünya, yaşamaq gündən-günə bu dərəcədə adiləşir, mənasızlaşır? Əslində insan idrakını mənasız şübhələr burulğanında məngənəyə salmaqla günahı boynundan atmaq cəhdi etmirmi? Əgər adamlar təbiətin onlara verdiyi az ömrü mənalı şəkildə yaşamaq haqqında düşünmürlərsə, o zaman fiziki ömür uzunluğunu insan necə yaşasın? Mahiyyətcə ömrün mənalandırılması imkanı isə həmişə var. Əslində insan təbiətdən ayrılığı dərəcədə ömrünü qısaltdı. İnsanın özünü ruhunun tələbinə uyğun kökləməsindən başqa çıxış yolu yoxdur. Ana təbiətin meşələrini az qala tamamilə məhv edən, içməli sularını kor günə qoyan, təmiz havasını qaraldan insan deyil, bəs kimdir? Bu səbəbdən də yenidən insan-təbiət birliyinin yaranmasına hava-su kimi zəruri ehtiyac var.

Bu gün dünyanın hər yerində şəhərləşmə əhvalı getdikcə daha da artmaqdadır. Çox hallarda bu, əslində qədimlikdən, bəşəriyyətin əvvəlki çağlarından haradasa könüllü şəkildə ayrılmasının əlaməti demək olur. Bu, sübuta ehtiyacı olmayan bir faktdır ki, kənd kənddir, şəhər şəhər. Təbii ki, hər birinin özünəməxsus yeri, insanların yaşam tərzinin qurulmasında, həyata, dünyaya, özlərinə münasibətlərinin qurulmasında əhəmiyyətli mövqeləri var. Məhz elə bu səbəbdəndir ki, heç vaxt aqil insanlar kəndin şəhərdən və ya şəhərin kənddən bu və ya digər səviyyədə, dərəcədə üstünlüyü barədə insanlar arasında təəssürat yaratmağa çalışmayıblar. Kənd əzəldən bəri ilkinliyin, təmizliyin, saflığın, təbiətdən ən gözəl sorağı, rəmzi kimi poeziyada, ədəbiyyatda vəsf olunub, insanların fikirlərini, duyğularını cilalayan bir məkan kimi xarakterizə edilib. Zaman-zaman fikir adamları, yaradıcı insanlar ən çətin məqamlarında kəndə üz tutub, daha doğrusu, təbiətdən ilham alıblar.   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 22 aprel.- S.13.