"Avropada ən güclü
özüməm"
Sona
Əhmədli: "İnsan ilk növbədə, özünə
qalib gəlməlidir"
"Futbolçularımızdan
heç birinin də adını bilmirəm"
Müsahibimiz 2004-cü il Rotterdamda Yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalçısı, "Yaşar Doğu" turnirinin qızıl mükafatçısı, Aprelin 18-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən güləş üzrə Avropa çempionatının 59 kiloqram çəki dərəcəsində qızıl medalçısı Sona Əhmədlidir. O, 1988-ci il oktyabrın 5-də Bakıda dünyaya gəlib. 1999-cu ildən idmanla məşğul olur.
Raifə Həsənova
- Sona xanım, yarışla bağlı təəssüratlarınız necədir?
- Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Avropa çempionatı ilə bağlı çox xoş təəssüratlarım var. Həm qızıl medal qazandığıma, həm də xüsusən finalda çoxsaylı azarkeşlərimin böyük dəstəyinin şahidi olduğuma görə yarış
çox yaxşı təsir bağışladı. Hiss olunurdu ki, mənə azarkeşlik edənlər udmağımı məndən çox istəyirdilər. Sözsüz ki, qalibiyyətim mənə və azarkeşlərimə böyük ruh yüksəkliyi verdi. Eyni zamanda, çempionatın son dərəcə yüksək səviyyədə təşkili də sevindirici hal kimi yadda qaldı.
- Çıxışdan əvvəl hansı hissləri keçirirdiniz?
- Yarışdan əvvəl həmişəki kimi böyük həyəcan hissi keçirirdim. Avropa çempionatı ildə bir dəfə keçirildiyi üçün idmançının həyəcanı daha da şiddətlənir. Ona görə də səhər oyanandan həyəcan məni üstələmişdi. Bu dəfə isə Avropa çempionatı Bakıda keçirildiyindən hamı məndən qızıl medal gözləyirdi. Bu isə mənim üçün ikiqat məsuliyyət idi. Əvvəlki turnirlərdə rəqiblərimin əksəriyyətini udub qızıl qazandığıma görə bu dəfə hamının məndən yalnız çempionluq gözləməsi təbii idi.
- Sizcə, qələbə üçün əsas nədir?
- Zalda məşq eləyən və qələbə qazanmaq istəyən hər bir idmançının birinci ürəyi, ikinci isə özünə inamı olmalıdır. Əlbəttə, burada böyük təcrübə də mühüm rol oynayır.
- Qazandığınız qızıl medalı kimə həsr edirsiniz?
- Qazandığım qızıl medalı xalqıma həsr edirəm. Qeyd etməliyəm ki, prezidentimizin yüksək diqqət və qayğısından sonra sərbəst güləş üzrə qadınlardan ibarət yığma komanda artıq daha da inkişaf edib. Artıq regionlarda da bütün cavanlar böyük səylə bu idmana həvəs göstərir. Dövlət başçısının hətta Avropa çempionatına gəlib bizim yarışları izləməsi bizə böyük dəstək oldu, qələbə əzmi, böyük ruh verdi. Mənə mənzil orderi verildi və "Tərəqqi" medalı ilə təltif olundum.
- Uşaqlığınızın ən böyük arzusu nə olub?
- Uşaqlıqda idmana sonsuz
həvəsim var idi. Yəqin ki, elə ən böyük
arzum idman olub. Görünür, bu gün məni bu səviyyəyə
gətirib çıxaran da həmin arzumdur. Əvvəl
cüdo ilə məşğul olurdum. 2007-ci ildə Bakıda
keçirilən dünya çempionatında mənə
güləşməyi təklif etdilər. Gördüm ki, bu
yığmada daha yaxşı məşqçilər var,
idmana münasibət də xoşuma gəldi. Ən əsası
bir idmançı kimi mənə böyük ümidlər bəslədilər,
inandılar.
- Orta məktəbdə
yaxşı oxumusunuz?
- Yox, yaxşı
oxumamışam. Belə də, orta səviyyədə. Amma
idmana gələndən sonra, deyərdim ki, heç
oxumamışam. Peşəkar idman insanın vaxtını
tamamən alır. Mən də vaxtımın çoxunu məşqlərə
sərf etdiyim üçün pis oxumuşam.
- İdmanda çətinlikləriniz
nə ilə bağlı olub?
- İdmanın digər sahələrdən
əsas fərqi ondadır ki, biz fiziki gərginliyə daha
çox məruz qalırıq, çox işləyirik. Buna
görə də bütün bunlara tab gətirmək
üçün ilk növbədə iradəli olmaq
lazımdır. Zalda da rəqiblərinə uduzanda əsas odur
ki, sınmayasan. Yenidən mübarizəyə başlamaq
üçün özündə ruh tapmalısan. Digər tərəfdən,
idmançı bütün əziyyətlərə
qatlaşaraq son nəfəsinə kimi mübarizə
aparmalıdır, məşq etməlidir.
- Mentalitetimizdə zərif
cinsin idmanla məşğul olmasına heç də
yaxşı baxılmır...
- Bu cür fikirlər məni
hər zaman qıcıqlandırır. Bilmirəm hansı səbəbə
görə məhz güləşin adı gələndə
mentalitet yada düşür. Bizim çox bacarıqlı
xanımlarımız var ki, artıq siyasətdə də
öz sözlərini deyiblər. Müasir Azərbaycan
xanımları kişilərdən də artıq işlər
görür. İdmana gəldikdə isə, mən deyərdim
ki, mentalitetlə qadınlar arasında güləşi bir səviyyəyə
gətirmək olmaz. Çünki mən məşqdə
ancaq qızlarla gücümü sınayıram. Qızlarla
oğlanların şöbəsi ayrıdır. Gündəlik
rəqiblərim də qızlardır. Əksinə, fikrimcə,
mentalitetimizin qorunub saxlanmasına məhz idman kömək
göstərə bilər. İdmançılar əsgər
rejimində çalışırlar. Ona görə də
başqa şeylərə heç vaxt da olmur. Səhərdən
axşama qədər yalnız idmanla məşğul oluruq.
Digər tərəfdən, hər bir düzgün sənətdə
insan öz mentalitetini, dinini qoruyub saxlaya bilər.
- İdman sizə nə
verib?
- İdmanla məşğul
olandan bəri özümdə böyük güc hiss edirəm.
Bu idmana gələndə özümü güclülər
arasında görmək, sınamaq istəyirdim. Həyatda nəyə
qadir olduğumu sübuta yetirməyə
çalışırdım. Görüm ki, mən bu
işin öhdəsindən gələ bilərəm, ya yox?
İdmanda hansı pilləyə layiq olduğumu özüm
üçün yəqin etmək istəyirdim. Həyatda idman
mənə güc, inam verib. Artıq həyata daha təcrübəli
insan kimi baxıram. Hər bir problemə daha dözümlü
olmuşam. İdmanın çətinliklərini dəf etdikdən
sonra artıq həyatdakı problemlərə qarşı
müqavimətim güclənib.
- Sizcə, Azərbaycanda ən
fəal idmançı kimdir?
- Məncə,
cüdoçu Kifayət Qasımovadır. O, cüdo üzrə
çox ciddi nəticələr verir. Ölkəmizə bu
cür medallar qazandıran ilk qızımızdır.
Taekvandoda qızlarımızda bir fəallıq görmürəm.
Futbolda, ümumiyyətlə, heç kimi tanımıram. Son
vaxtlar voleybol yığmamız çox zəif
çıxış edir. Şahmatçımız Şəhriyar
Məmmədyarovu da güclü və fəal idmançı
kimi tanıyıram. Güləşdə klassiklərdən
Elçin Həsənov, Həsən Həsənov çox zəhmətkeş
idmançılar kimi yadımda qalıb. Onlar qələbəyə
çox can atırlar. Bir də ki, klassiklərdə
nizam-intizam çox yüksək səviyyədədir. Sərbəst
güləşçilərdən ibarət yığma
komandamız isə sırf azərbaycanlılardan ibarət
olduğu üçün daha çox xoşuma gəlir. Ola
bilsin, çempionatla bağlı başım çox
qarışdığından
idmançılarımızın hamısının
adını bilmirəm, əməyini görmürəm.
- Məşqçilərinizin
işindən razısınız?
- Güləş
Federasiyası bizim üçün çox gözəl
kollektiv yaradıb. Hər bir iş qaydaya uyğun həyata
keçirilir. Məşqçi zalda nizam-intizamı
düzgün quranda müsbət nəticə də əldə
etmək olur. Təlim-məşqlərimiz vaxtında
keçirilir. Məşqçilərimizlə bağlı
heç bir problemlə qarşılaşmırıq. Şəxsi
məşqçim Arif Fərmanov isə məşqin hər
dəqiqəsində yanımda olur. Güləşin sirlərini
də o mənə öyrədib. Onun sayəsində bu səviyyəyə
gəlib çatmışam.
- Ən güclü rəqibiniz
kimdir?
- Avropada ən güclü
özüməm. Ona görə yox ki, bu dəfə
çempion olmuşam. Keçən il də çempion ola
bilərdim. Ümumiyyətlə, iki ildir əla formadayam. Sadəcə,
keçən il, ola bilsin, psixoloji səbəblərə, ya
da hərarətim olduğuna görə çempionluğa
imza ata bilmədim. Belə şeylər olur. Çox vaxt
idmançı formada olsa da, bunu yarışda lazımi səviyyədə
göstərə bilmir. Avropada özümü bir nömrəli
güləşçi hesab edirəm. Dünyada isə ilk rəqibim
məni udan yaponiyalı Esida Saori olub. Məğlub edə bilmədiyim
yeganə rəqibim odur, vəssalam. Mənim ən
güclü rəqibim odur. Bilirsiniz, 7 qat dünya
çempionuna qarşı güləşmək həqiqətən
də çətin görünür. Məncə, həmin
görüşdə üzərimə düşən
işi gördüm. Əslində, ona qalib gələ bilərdim.
Lakin görüşdən öncə əhval-ruhiyyəm
qaydasında deyildi. İndi düşünürəm ki, bəlkə
də onu keçə bilərdim. Ona qarşı heç bir
səhv buraxmaq olmaz. Esida güləşdə hansısa
ehtiyatsızlığı bağışlamır.
- Güləşdən
bezdiyin vaxtlar olub?
- Əziyyətli vaxtlarda,
alınmayan məqamlarda çox bezirəm güləşdən.
Hərdən özümə deyirəm ki, sənin
üçün vacib idi bu idmana gəlmək. Ancaq əsl
idmançı məhz bu kimi halları dəf edə bilsə,
bir çox uğurlara nail ola bilər. Məncə, insan ilk
növbədə, özünə qalib gəlməlidir.
Özü ilə bacaran idmançı rəqiblərinin
hamısını üstələyəcək.
- Ən çox sevdiyin
müğənni kimdir?
- Bir müğənninin
ifasını çox dinləyə bilmirəm. Aygün
Kazımovanın, Röyanın mahnılarını xoşlayıram.
Ancaq musiqinin dəlisi deyiləm. Son vaxtlar isə bəlkə
də psixoloji yorğunluqla əlaqədar olaraq beş dəqiqədən
artıq mahnıya qulaq asa bilmirəm. Beynim artıq səs
götürmür.
- Boş
vaxtlarınızı nəyə sərf edirsiniz?
- Bir az vaxt tapan kimi
özümə geyim, bəzək əşyaları seçmək
üçün üz tuturam mağazalara.
Alış-veriş etmək artıq sevimli hobbimə
çevrilib.
- Ev işləri ilə məşğul
olursunuz?
- Evdə iş görməklə,
ümumiyyətlə, aram yoxdur, sevmirəm. Xoşlayıram
ki, mənə qulluq eləsinlər.
- Ailəlisiniz?
- Hələ ki, ailəli
deyiləm, subayam. Yaxın gələcəkdə ailə
qurmaq fikrim yoxdur.
- Sizə sataşan olur?
- Olur. Elə hallar olub ki,
oğlanlar küçədə mənə sataşıb.
Ancaq belə məqamlarda güləşdən çox istifadə
etmirəm.
- Pul hər şeyi həll
edir?
- Mənim üçün
pul ən axırıncı yerdədir. Doğrudur,
idmançının həyatında maliyyə böyük
rol oynayır. Ancaq, məncə, idmançı təkcə
pula görə mübarizə aparmır. Eyni zamanda, pul qazanmaq
əlbəttə ki, yaxşıdır. Bilirsiniz, pul gəldi-gedərdir.
Əsas odur ki, bir yerdə yaşadığın, işlədiyin
insanlar arasında səmimi münasibətlər qurulsun.
İnsanların bir-birini başa düşməsindən
gözəl nə ola bilər? İnsanlar arasında
mehribanlığa, düzgünlüyə böyük önəm
verirəm. İnsanlar arasında yalana yer olmamalıdır.
Bundan başqa, böyük bir sevginin olduğu yerdə pul ən
axırıncı amildir. Qarşılıqlı hörmət,
məhəbbətin olduğu ailə, məncə, pulsuz da
keçinər. İnsan pulsuz da çox xoşbəxt ola bilər.
Fikrimcə, indiki zəmanədə pul heç də hər
şeyi həll eləmir.
- Axırıncı dəfə
nə vaxt ağlamısınız?
- Sonuncu dəfə
yarışqabağı idi, zalda ağlamışdım. Məşqçim
mənə bir-iki fəndləri dedi, məni ağlamaq tutdu
ki, bu səhvləri edirəmsə, necə çempion
olacağam. Bu, mənə çox təsir elədi,
özümü saxlaya bilməyib, ağladım.
- Ən böyük arzunuz nədir?
- Bundan sonra ən
böyük arzum dünya çempionu olmaqdır. Heç
olmasa, bir dəfə dünya çempionu olmaq istərdim. Mən
hissə-hissə düşünürəm. Avropa
çempionu oldum, indi isə dünya çempionatı barədə
fikirləşirəm. Olimpiada medalına gedən yolu qət
etmək olduqca çətindir. Amma istənilən halda, buna cəhd
göstərmək lazımdır. Ümumiyyətlə, həyatda
ən böyük arzum xoşbəxt olmaqdır. Xoşbəxtliyi
isə hər şeyə, işimə, ailəmə, həyat
quracağım insana qarşı sevgidə görürəm.
Sevgi insanı xoşbəxt edir. Bir də istərdim ki, ətrafımdakı
insanlar saf olsun.
- Bildiyimə görə,
namaz qılırsınız...
- 2004-cü ildən namaz
qılmağa başlamışam. Mən
mövhumatçı deyiləm. Amma ibadətə
bağlı insanam. Əslində, idmana gələndən
sonra məndə ibadətə həvəs, maraq oyandı. Əvvəllər
din haqqında danışılanlara inanmırdım. Mənim
əslim, köküm hamısı namaz qılıb. Məncə,
insan həmişə görüşdüyü insanlara bənzəməyə
başlayır. İdmançılarımızın əksəriyyəti
namaz qılır, oruc tutur. Buna görə də
idmançılar arasında dini söhbətlər çox
olur. Əvvəllər fikirləşirdim ki, idmanı atandan
sonra vaxtım olanda ibadətə başlayacağam. Bir gün
isə yuxumda gördüm ki, dünyanın
dağılmasına, axirətə üç gün
qalıb. Mən isə Allah qarşısında nə cavab verəcəyimi
bilmirəm. Yuxuda başlayıram kitablar axtarmağa, öyrənməyə,
amma heç nə alınmır. Bu yuxudan sonra mənə əməlli-başlı
qorxu gəldi. Özü də bu yuxunu bir neçə dəfə
gördüm. Fikirləşdim ki, doğrudan da Allah insan
üçün hər şey yaradıbsa, gün ərzində
insanın ibadətə 15-20 dəqiqə vaxt ayırmaması
böyük günah olar. İndi Tanrıya şükürlər
olsun. Həyatımda birinci yeri Allah tutur. Ən çətin
məqamlarımda mənə Allah kömək olub. Ətrafımda
nə qədər insan olsa da, birinci öz yanımda Allahı
görürəm. ictimai-siyasi
vəziyyət və cari məsələlər müzakirə
olunub.
Həsənova Raifə
Xalq Cəbhəsi.- 2010.- 27 aprel.-S.11.