28 Aprel işğalından 90 il ötür
O dövrdə Azərbaycana
yeridilən imperiya qoşunlarının sayı
300 minə çatmışdı
90 il əvvəl - 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olundu. Azərbaycanın sovet imperiyasının tərkibində olduğu 71 il ərzində hər il 28 aprel təntənə ilə keçirilərdi. Ölkəmiz Sovet imperiyası dövründə xeyli mənəvi basqılara da məruz qaldı.
Milli məfkurəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atdı. Mahiyyətcə çar Rusiyasının müstəmləkəçilik siyasətini həyata keçirən bolşeviklər Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində onu daim yıxmağa cəhd edirdilər.
28 Aprel fəlakəti reallaşmaya bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan səbəbləri niyə vaxtında görə və qarşısını ala bilmədik? Xalq niyə Demokratik Cümhuriyyəti sözün əsl mənasında müdafiə etmək qüdrətində olmadı? Hər şeydən əvvəl ona diqqət yetirmək lazımdır ki, I Dünya Müharibəsinin sonuna yaxın Avropada, habelə dünyanın başqa bölgələrində, eləcə də Qafqazda geosiyasi durum gərginləşmişdi. Qərb dünyası bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, digər tərəfdən də Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı. Çünki ortada Rusiyanın imperiyaçılıq xəttinin cani-dildən qoruyucusu olan bolşevik Rusiyası var idi. Siyasətin öz dili olur. Qərb bu məkanın Rusiyaya güzəştə gedilməsini məqbul saydı.
28 Aprel fəlakətimiz birdən-birə yaranmadı. Bu fəlakət əslində türkü sevməyənlərin xəbis niyyətlərində yaşayırdı.
Türkün qədim dövlətçilik ənənəsi ölmədi: bu, 1918-ci il mayın 28-də Milli Cümhuriyyətimizin elanı ilə bir daha öz təsdiqini tapdı. Hər halda belə bir gərgin zamanda cümhuriyyəti nəinki elan etmək, üstəlik də onu 23 ay yaşatmaq hünər idi. Ancaq Müsavat hökuməti təəssüf ki, gördüyü böyük işin dəyərini kütlələrə istənilən səviyyədə anlada bilmədi. Əgər bu, baş tutsaydı, o zaman milli dövlətimizin ömrü daha uzun ola bilərdi. 23 ay ərzində Cümhuriyyətin daxilində müxtəlif qüvvələr tərəfindən çoxlu iğtişaşlar törədildi. Təbiidir ki, bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə tərəfli mübarizə aparmasına səbəb olurdu. Müsavatçılar hökuməti tək qura bilmədilər, müxtəlif siyasi qüvvələrlə əməkdaşlığa getməli oldular. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir vəziyyətdə ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi. "Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə" şüarı cəlbedici səsləndiyi dərəcədə milli dövlətimizi yıxacaq bir təhlükəli güc halına gəlirdi. Azərbaycanın daxilindəki müxtəlif əqidəli bəzi şəxslər son məqamda satqınlıq etdilər.
Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin gərəkliyini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illər ərzində tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dövrün inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 30-cu illərdə bu şəxslərin demək olar hamısını sovet ideologiyası fiziki cəhətdən məhv etdi.
28 Aprel fəlakəti həm də Güney Azərbaycanda məşhur Xiyabani hərəkatının süqut etməsindən az sonraya təsadüf edir.
Tarixçi Tofiq Həsənov hesab edir ki, Rusiya nə yolla olur-olsun, Azərbaycanı almaqda israrlı ki: "28 Aprel fəlakətinin qarşısını almaq mümkün deyildi. O dövrdə Türkiyənin də vəziyyəti hədsiz gərgin idi. Türkiyəyə gedəcəyini deyən ruslar Bakıda ilişib qaldılar. Bir azdan Azərbaycana yeridilən imperiya qoşunlarının sayı 300 minə çatdı.
1,9 milyon əhaliyə ordu zülm etməyə başladı. Bu qədər əsgərin yemək-içmək qayğıları vardı. Əsgərlər qaçaq-quldurluqla məşğul olurdular".
Fəlakət yeni fəlakətli hallar yaratdı: 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə ürəyini məhv etdilər. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən vəhşi üsullara əl atıldı. Təəssüf ki, hələ də soydaşlarımız 28 Aprel fəlakətinin yaratdığı fəsadları, Demokratik Cümhuriyyətin süqutunu tam anlamayıblar. Xalq o zaman xalq olur ki, fəlakətindən güc almağı bacarır, sarsılmır. Fəlakətindən güc almayan xalq əslində özünün yeni-yeni fəlakətlərini yaradır. 28 Aprel fəlakəti bir dərs olaraq bizdən qarşıda gözlənilən yeni-yeni təhlükələri qabaqcadan görməyi, ona qarşı durmağı tələb edir.
Professor Qüdrət Əbdülsəlimzadə: "28 Aprel facəsi tariximizin acı səhifələrindən biridir. Əlbəttə, hər bir ölkənin problemləri, onun azadlıq yolundakı fəaliyyəti həmişə çoxsaylı çətinliklərlə müşaiyət olunur. Xarici mənbələr çox vaxt Oktyabr inqilabını inqilab kimi yox, çevriliş kimi qələmə verirlər. Yəni 1917-ci ilin oktyabrında Rusiyada demokratik hökuməti çevriliş yolu ilə ələ keçirdilər. Bununla da dünya iqtisadiyyatı və təsərrüfatı iki yerə - kapitalist və sosialist təsərrüfat sisteminə ayrıldı. O zamandan başlayaraq dünyanı təsir dairələrinə cəlb etmək uğrunda mübarizə başlandı. Rusiyada hakimiyyət başına gələn bolşeviklər təbiidir ki, təkcə öz əraziləri ilə kifayətlənə bilməzdilər. Onlar çar Rusiyasının əvvəlki ərazilərini də ələ keçirmək istəyində qəti idilər. Bolşevik Rusiyası müxtəlif yollardan istifadə etməklə Qafqazı ələ keçirmək uğrunda mübarizəyə başladı. Vaxtilə arxivdə məşğul olarkən o dövrkü Rusiyanın "QOELRO" (ölkənin elektrikləşdirilməsi) planı ilə bağlı sənədləri nəzərdən keçirərkən maraqlı faktla qarşılaşdım. 1920-ci ilin martında hazırlanmış planla bağlı məşhur iqtisadçı Q.M.Krjijanovski yazır ki, biz bu planı Qafqaza da aid etmək istəyirdik, ancaq Qafqaz hələ əlimizə deyildi. Lenin ona deyir ki, siz hökmən Qafqazı da bu plana aid etməlisiniz, Qafqaz bizim olacaq".
O dövrdə Azərbaycanın daxilində birlik yox idi: "Daxildə müxtəlif partiyaların, hərəkatların ictimai qüvvələrin birliyi yaranmadı. Bolşeviklərin erməni daşnaklarla həmrəyliyi nəticəsində yeritdikləri siyasi xətt açıq-aşkar Bakını Azərbaycandan ayırmaq məqsədinə xidmət edirdi. Getdikcə bu cür cəhdlər artdı və Demokratik Cümhuriyyətin süqutu ilə nəticələndi".
28 Aprel fəlakətindən dərs almaq məsələsi ilə bağlı danışan Q.Əbdülsəlimzadə hesab edir ki, ölkələr üçün həmişə müxtəlif yönlərdən təhlükələr olub və olacaq: "Böyük dövlətlər həmişə siyasi xətlərini davam etdirmək inadı ilə yaşayırlar. Kiçik dövlətlər isə həmişə böyük dövlətlərə yarınmaq siyasəti yürüdürlər. Belə bir vəziyyətdə xarici və daxili təhlükələrə qarşı dövlətin həmişə ayıq olması gərəklidir. 28 Apreldən həm daxili qüvvələrin birliyi baxımından, həm də xarici təhlükəyə qarşı uzaqgörən siyasi nəticə çıxartmaq olar".
"28 Aprelin təkrar olunacağına inanmıram". Professor Aydın Abi Aydın isə bu fikirdədir: "İndiki dövrdə bu, ümumiyyətlə, mümkün deyil".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 28 aprel.- S.14.