Cümhuriyyət parlamentində ən gənc deputat

 

"İstiqlal bəyannaməsi"nin mətnini Rəhim bəy Vəkilov hazırlayıb

 

Azərbaycanın görkəmli siyasi xadimi Rəhim bəy Əliağa oğlu Vəkilov 1898-ci ildə Qazax rayonundakı Salahlı kəndində mülkədar ailəsində anadan olub. 12 yaşında ikən Bakıdakı texniki təmayüllü Realnı məktəbə qəbul olunur. 1916-cı ildə bu məktəbin tam kursunu bitirəndən sonra 9 saylı Rus-Tatar məktəbində xalq müəllimi kimi fəaliyyətə başlayır. Eyni zamanda tələbə təşkilatlarında fəal iştirak edir. Ümumqafqaz tələbə təşkilatı adlanan təşkilatın işində fəaliyyət göstərən Rəhim bəy Vəkilovun milli-demokrat yönümlü ilk milliyyətçi baxışları formalaşır. Həmin vaxtlar Gəncədə 1918-ci ilin aprel-may ayları Azərbaycan Xalq Cümhuriyyətinin maarif naziri, 1919-cu ilin aprelindən 1920-ci ilin martına qədər nazirlər şurasının sədri olmuş Nəsib bəy Yusifli tərəfindən Türk Ədəmi Mərkəziyyət partiyası yaradılır. 1917-ci ildə Müsavat Türk Ədəmi Mərkəziyyət partiyaları vahid təşkilatda birləşəndən sonra 1917-ci il sentyabrın 21-31-də keçirilən qurultayda birgə yaradılan mərkəzi komitəyə M.Ə.Rəsulzadə, M.N.Hacınski, X.Rəfibəyli, N.Yusifbəyli, Ş.Rüstəmbəyli, M. Vəkilov, A.Ağazadə, M.Axundovla yanaşı R.Vəkilov da daxil edilir. Müsavat partiyası təkcə Bakıda deyil, bütün Azərbaycanda böyük siyasi qüvvəyə çevrilir. Gənc Rəhim bəyin bu təşkilatın siyasi xadimləri ilə birlikdə MK-da təmsil olunması onun milli-demokratik hərəkatdakı xidmətlərinin məntiqi nəticəsi idi. R.Vəkilov 1918-ci ilin əvvəllərində Müsavat partiyasına daxil olur, 1918-ci ilin iyulunda Müsavat partiyasının MK yanında siyasi işlər komissiyasının rəhbəri təyin olunur. Sonralar Rəhim bəy bu partiyadan Zaqafqaziya Seyminə seçilir, seymdə Azərbaycan fraksiyasının başında duran divanın üzvü olur.

1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın "İstiqlal bəyannaməsi"ni qəbul edəndə onun tərkibində Rəhim bəy Vəkilov da var idi. Bəyannaməni imzalayanlardan biri Rəhim bəy Vəkilov olur. Onu da qeyd etmək lazımdır ki, "İstiqlal bəyannaməsi"nin mətni onun tərəfindən hazırlanıb. Rəhim bəy Vəkilov 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinə üzv seçilir. O, parlamentdə ən gənc deputat olaraq parlamentin katibi seçilir. Parlament debatlarında həmişə fəal iştirak edən Rəhim bəy Vəkilov problemlərlə yerindəcə tanış olmaq məqsədi ilə tez-tez Azərbaycanın müxtəlif bölgələrinə baş çəkir. O, hökumətin orqanı olan "Azərbaycan" qəzetinin redaksiya heyətinə daxil edilir. Redaksiya heyətinin üzvü olmaqla yanaşı, onun səhifələrində müntəzəm olaraq maraqlı yazıları ilə çıxış edir. Rəhim bəy Vəkilov sülh danışıqlarının uzandığından, türk komandanlığının fikrincə, Zaqafqaziya komissarlığı danışıq aparmağa səlahiyyətli şəxs olmadığından, Zaqafqaziyanın müstəqilliyini elan etmək tələb olunmasından yazır, bu qəzetin 28 may 1919-cu il tarixli yubiley sayında dərc olunmuş, Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin öyrənilməsində qiymətli bir mənbə olmaqla yanaşı, tarixşünaslıq baxımından maraqlı olan "Azərbaycan Cümhuriyyətinin yaranma tarixi" adlı məqaləsində yazırdı:

"Zaqafqaziyanın müstəqillik aktını elan etməklə Türkiyə ilə sülh bağlamaq həm bütövlükdə Zaqafqaziya üçün, həm xüsusilə seymin müsəlman sektoru üçün qətiyyən arzu edilməyən konfliktdən qaçmaq olardı. Türkiyə cəbhəsində müharibəni qurtarmaq məsələsi onların qarşısında bütün ciddiliyi ilə dururdu yubanmadan həllini tələb edirdi.

Türkiyədə doğmalıq hisslərindən ilhamlanan Zaqafqaziyanın türk əhalisi öz ağır vəziyyətinə fiziki mövcudluğu üçün yaranmış təhlükəyə görə öz nümayəndələrinin vahid Zaqafqaziya respublikası ilə həmrəylik mənafe birliyini rəhbər tutmasını da qiymətləndirməyə bilməzdi. Elə bu səbəb - müsəlman əhalisini öz yeganə xilaskarı kimi Türkiyəyə bel bağlamağa ruhlandırırdı. Sülh danışıqlarının başlanmasının ilk günlərindən müsəlman əhalisinin separat nümayəndəlikləri əvvəl Trabzona, sonra isə Batuma İstanbula axışmağa başlayırlar. Onlar məşhur "İlhaq" şüarını irəli sürürdülər. Seymin müsəlman fraksiyası öz xalqının Türkiyəyə münasibətdə bu əhval-ruhiyyəsini nəzərə almaya bilməzdi. Bu isə Zaqafqaziya Seyminin Trabzon konfransından sonra aprelin əvvəllərində Türkiyə ilə hərbi əməliyyatlara yenidən başlamaq qərarı ilə bağlı müsəlman fraksiyalarının əksəriyyəti tərəfindən qəbul edilmiş qətnamədə öz əksini tapdı..."

Zaqafqaziya seymində müsəlman fraksiyalarının sayı 4 idi: 1) Federalistlərin türk demokrat partiyası "Müsavat" ona qoşulan demokratik bitərəflər qrupu; 2) "Müsəlman sosialist qrupu", 3) Rusiya müsəlmançılığı ("İttihad"); 4) Sosial-demokrat (Menşevik) "Hümmət" partiyası. Rəhim bəy Vəkilov "Müsavat" demokratik bitərəflər qrupuna daxil idi. Partiyaların bu siyahısı seymin 1918-ci il 28 fevral tarixli iclasında təstiq olundu, lakin sonralar bu siyahıda müxtəlif dəyişikliklər edildi, bir partiyadan başqa partiyaya keçmək halları baş verdi. Rəhim bəy Vəkilov bu barədə belə deyir: "Beləliklə, birdən-birə 4 partiya ilə təmsil edilən türk xalqı bizim Zaqafqaziya gerçəkliyi şəraitində qaçılmaz hadisə olan seymə sirayət etmiş milli mübarizədə əlverişsiz vəziyyətə düşmüş oldu. Partiyalara parçalanmış türk xalqı öz qonşularının vahid partiyada birləşmiş qüvvələri qarşısında ən az müqavimətli tərəfə çevrildi".

Bütün partiyaların ümumi razılığı ilə müsəlman fraksiyalarının birləşmiş iclaslarının rəyasət heyəti kimi "Müsavat" fraksiyasının demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti qəbul edildi: M.Ə.Rəsulzadə - sədr, M.Y.Cəfərov Nəsib bəy Usubbəyov - onun müavinləri, M.Mahmudov Rəhim bəy Vəkilov katiblər idi. Tiflisdə yeni yaranan dövlətlər üçün beynəlxalq ənənənin tələb etdiyi bütün lazımi işləri gördükdən sonra Milli Şura hökumət öz fəaliyyətini daha da genişləndirmək üçün iyunun 16-da Gəncəyə köçdü. Burada 1918-ci il iyunun 17-də sayca yeddinci iclasda Rəhim bəy Vəkilov katib seçilir. İclasda hökumətin istefası qəbul ediləndən sonra Müvəqqəti hökumət təsdiq edilir.

Sonralar onun partiya ilə münaqişəsi baş verəndə deputatlıq səlahiyyətindən imtina edərək parlamentdən gedir. Lakin partiyada fəaliyyətini davam etdirərək onun bəzi tapşırıqlarını yerinə yetirir. Sovetləşmədən bir neçə gün əvvəl sovet hakimiyyətinə meyl göstərən qrupa qoşulur. 1920-ci ilin aprelində Qızıl ordu Azərbaycana doğru irəliləyəndə ordunun inqilabi şurası ilə danışıqlar aparmaq üçün Rəhim bəy Vəkilov bir neçə nəfərlik deputat qrupunun tərkibində bolşeviklərlə müştərək işlərin şərtləri barəsində danışıqlar aparmaq üçün Şimali Qafqaza - Serqo Orconikidzenin yanına gedir. Pyatiqorskda onlar Sergey Mironoviç Kirov Budu Mdivani ilə görüşürlər. Burada müəyyən anlaşılmazlıq üzündən həbs olunurlar. Lakin bir aydan sonra azad edilirlər.

Azərbaycan sovetləşəndən sonra Rəhim bəy siyasi fəaliyyətini gizli şəkildə yenə davam etdirir. Bəzi məlumatlara görə Məhəmmməd Əmin Rəsulzadənin Bakıdan qaçışını təşkil edənlərdən biri Rəhim bəy olub. Rəhim bəy Vəkilov 1922-ci ilin sentyabrında savadını artırmaq məqsədi ilə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı Müsavat partiyasının işlərinə rəhbərlik edir. 1923-cü ilin yayında müsavatçıların ilk kütləvi həbsləri nəticəsində Rəhim bəy Vəkilov da həbs olunaraq sürgün edilir. Sürgündən sonra bir müddət Bakı-Culfa dəmiryolu idarəsində inzibati şöbə rəisi kimi fəaliyyət göstərir. Sonralar xüsusi xidmət orqanları tərəfindən müntəzəm təqib edildiyindən 1934-cü ildə intihar edir.

Rəhim bəy Vəkilov Salovkidə Musavatçı həmkarları ilə sürgündə olanda həmin vaxtlar gürcü yazıçısı Konstantine Qamsaxurdiya onunla bir düşərgədə olub. Məşhur gürcü yazıçısı ictimai xadimi, Gürcüstan Elmlər Akademiyasının üzvü, Şota Rustaveli adına Dövlət mükafatı laureatı Konstantine Qamsaxurdiya öz xatirələrində məhz Rəhim bəy Vəkilovla əlaqələrindən, onun nəcib keyfiyyətlərindən ürəkdolusu söhbət açır.

 

 

Mirzə Məmmədoğlu

 

Xalq Cəbhəsi.- 2010.- 29 aprel.- S.14.