Güney Azərbaycanda ilk demokratik milli hökumət
Şeyx Məhəmməd
Xiyabani: "Haqqı verməzlər, haqqı almaq
lazımdır"
I yazı
Güney Azərbaycanın
azadlığı uğrunda imperializmə və despotizmə
qarşı mübarizədə Xiyabani (1879-1922) xalqımızın
yetirdiyi böyük şəxsiyyətlərdən biridir.
Xiyabani inqilabi fəaliyyətə 1905-1911-ci illər Səttarxan
hərəkatı zamanı başlayıb. Azərbaycanın
görkəmli alim, siyasətçi və mütəfəkkir
oğlu Şeyx Məhəmməd Xiyabani 1879-cu ildə Təbriz
yaxınlığındakı Xamnə qəsəbəsində
anadan olub. O, Xamnədə məktəbi bitirdikdən sonra
Mahaçqalada ticarətlə məşğul olan atası
Hacı Əbdülhəmidin yanına gedir, bir müddətdən
sonra Təbrizə qayıdır, ilahiyyatla məşğul
olur, dini elmləri öyrənməyə başlayır: Təbrizin
tanınmış islamşünas alimi, ruhani Əngəcinin
yanında oxuyur, onun ən sevimli tələbələrindən
olur, müctəhidlik dərəcəsinə yüksəlir,
habelə Mirzə Əbdüləlinin yanında astronomiya və
riyaziyyata dair bilgiləri mənimsəyir. Xiyabani bəlağətli
nitqi, natiqlik məharətilə təbrizlilərin hörmət
və məhəbbətini qazanır, "Xiyaban" məhəlləsində,
"Hacı Kərimxan" məscidində axund, imamcümə
və vaiz olur. O, çıxışlarında insan
haqlarından, azadlıqdan söhbət açaraq təbrizliləri
məlumatlandırır, milli oyanışa səsləyir,
dünyagörüşlərini zənginləşdirirdi. Onun
aforizmləşən bir sözü var idi və həmişə
çıxışlarında deyirmiş: "Haqqı verməzlər,
haqqı almaq lazımdır".
Xiyabani minbərdən dini
moizələrlə bərabər azadlıq və
demokratiyanı yaymaq üçün bir təbliğat
tribunası kimi istifadə edirdi. 1908-1909-cu illər Təbriz
üsyanı zamanı Xiyabani bir tərəfdən əlinə
silah alır, o biri tərəfdən Azərbaycan Vilayət Əncümənindəki
çıxışları ilə fəaliyyət göstərir,
çoxsaylı tədbirlərin təşəbbüskarı
olur. 1909-1911-ci illərdə fəaliyyət göstərən
II İran Məclisinə Azərbaycandan seçilən
inqilabçılar və ziyalılar arasında yer alır.
1909-cu ildə Tehranda yaradılmış Demokrat
Partiyasının üzvü kimi bu partiyanı məclisdə
də təmsil edirdi. 1911-ci ildə parlament buraxıldıqdan
sonra Tehranda keçirilən mitinqdə hökumət əleyhinə
çıxış edir.
İran hökumətinin demokratik
qüvvələrə qarşı əsaslı tədbirlər
görməyə başladığı zaman İranı tərk
edir, müəyyən müddət Vladiqafqaz və Peterburqda
mühacirətdə yaşayır. Rusiyada olarkən rus siyasi
düşüncəsilə
Xiyabaninin fəaliyyətinin əsas
hissəsi 1917-ci ildən başlayır. Rusiyadakı inqilablar
Güney Azərbaycana da sirayət etdi, burada gizli təşkilatların
sayı çoxaldı. Xiyabani Demokrat partiyasının Azərbaycan
Vilayət Komitəsinə rəhbərlik edərkən
İsmayıl Nübari, Məhəmməd Əli
Badamçı, İsmayıl Əmirxan, Əli Əskər Sərtibzadə,
Əhməd Kəsrəvi və başqaları ilə əməkdaşlıq
edir. 1917-ci il aprelin 9-da o, sonralar öz siyasi fəaliyyətinin
məramnaməsinə çevrilən "Təcəddüd"
("Yeniləşmə") qəzeti nəşr etdirir.
"Təcəddüd"də o, jurnalist həmkarları,
silahdaşları ilə birlikdə xalqda milli şüurun
oyanması, maariflənməsi, dirçəlməsinə
yönəlmiş, bu ideyalara, məqsədlərə xidmət
edən xüsusi dəyərə malik yazılarla
yaradıcılıq və fəaliyyət dairəsini
genişləndirir.
Demokrat Partiyasının Azərbaycan
şurasının 1917-ci ilin avqustundakı iclasında sərbəst
fəaliyyət göstərəcək Azərbaycan Demokrat
Partiyasının (Firqəsinin) yaradılması və onun Mərkəzi
Komitəsinin Xiyabaninin başçılığı ilə
toplanması qərara alındı. Partiyanın konfransında
Mərkəzi Komitəyə, yerli və əyalət əncümənlərilə
keçiriləcək seçkilərə hazırlaşmaq
tapşırıldı. Partiyanın məqsədləri də
dəqiq müəyyənləşmişdi: "Konstitusiyada
müəyyən edilmiş hüquqların və
azadlıqların həyata keçirilməsi uğrunda
mübarizə aparmaq; vilayət və qəza əncümənlərilə
keçiriləcək seçkilərdə əhalinin
demokratik təbəqələrindən olan nümayəndələrin
seçilməsinə çalışmaq; İranın tərkibində
Cənubi Azərbaycanın muxtariyyət alması, ölkənin
iqtisadi və mədəni həyatının demokratik əsasda
yenidən qurulması uğrunda mübarizə aparmaq".
Xiyabani rəsmən iqtidarda
deyildi, ancaq Azərbaycanda hər şeyi nəzarətində
saxlayırdı. Bir ilə yaxın davam edən bu dövr ərzində
Azərbaycan faktiki olaraq ADP tərəfindən idarə
olunmuşdu. Osmanlı ordusunun gəlişindən sonra vəziyyət
dəyişir. Osmanlı ordusu Məcdüssəlmənəni
Azərbaycana vali təyin edir. Güney Azərbaycanının
Osmanlı ordusu tərəfindən tutulmasına etiraz edən
Şeyx Məhəmməd və silahdaşları həbs
olunurlar. Onlar müəyyən müddət Qarsda
saxlanıldıqdan sonra fars əyalətlərindən birinə
sürgün edilir və Osmanlı ordusu tərəfindən
ADP dağıdılır.
1918-ci ildə Osmanlı
ordusu Güney Azərbaycanı tərk edir. Xiyabani vətənə
dönərək ADR-i və "Təcəddüd" qəzetini
bərpa edir. Bu dövrdə ADP-də fikir
ayrılığı yaranır. Partiya Xiyabaninin və doktor
Zeynalabdin xanın rəhbərlik etdiyi iki bölümə
ayrılır. Bu bölümlər "Təcəddüdiyun"
və "Tənqidiyun" adlanırdı. Xiyabaninin əleyhdarları
onun partiyanı demokratik metodlarla idarə etmədiyini söyləyirdilər.
Onlar Mirzə Tağı xan Rəfətin yenidən partiyaya qəbul
olunmasına etiraz edirdilər. Mirzə Rəfət Osmanlı
ordusu Azərbaycanda olduğu dönəmdə "Azərbaycan"
qəzetini çıxarmışdı. "Tənqidçilər"
(Tənqidiyun) belə hesab edirdilər ki, o, osmanlılarla əməkdaşlıq
etdiyinə görə partiya sıralarında ola bilməz.
Xiyabani bu etirazları qəbul etmədi və Mirzə Rəfəti
yenidən "Təcəddüd"ün baş redaktoru təyin
etdi. Xiyabani əleyhdarları partiyanın yalnız Azərbaycan
partiyası olmasına qarşı da
çıxırdılar. Əhməd Kəsrəvi də
"Tənqidçilər" qrupuna daxil idi.
1919-cu ildə İngiltərə
ilə Vüsuqüddövlə arasında 1907-ci il müqaviləsini
əvəz edən bir müqavilə bağlandı. Bəyannamədə
deyilirdi: "İran dövlət başçıları məşrutə
qanunlarını ləğv etdilər, xalqın tələbatını
qəbul etmirlər". Bəyannamədə xəbərdarlıq
edilirdi ki, biz qiyam odunu bütün İranda
yandıracağıq, ADP daha kəskin mövqe tutaraq Tehran
hakimiyyətinə qarşı mübarizəyə
başlayır. Tehrandan Təbrizə göndərilmiş
Bifinin yoldaşları geri qaytarılır. Təbriz hakiminin
müavini Əminilmülk və maliyyə rəisi Tərcümanüldövlə
Azərbaycandan gedib, Demokrat Partiyası tərəfindən
nümayəndələr təyin edilirlər.
1920-ci ilin mayında Təbrizdə
ADP-nin rəhbərliyi ilə böyük mitinq təşkil
edilir. Mitinqdə imperialistlərin və İran irtica qüvvələrinin
əleyhinə mübarizəni daha da gücləndirməyə
çağırışlar səslənir. Mitinqin
iştirakçıları təklif edirlər: "Azərbaycan
bütün İran tarixi boyu həmişə azadlıq
uğrunda öncül olub. Bu münasibətə görə
də "Azərbaycan" əyaləti yerinə
"Azadıstan" adlanması daha düzgündür".
Bu təklif mitinq iştirakçıları tərəfindən
qəbul edilir. Mitinqdən sonra qiyamın əks-sədası,
istiqlaliyyət dalğası bütün güney şəhərlərinə
yayılır, hərəkatın milli coğrafiyası
genişlənir: Zəncan, Marağa, Miyana, Əhər, Xoy və
daha sonra Ərdəbil də azadlığa səs verir.
1920-ci ilin 22 iyununda ADP
ümumi səslə Milli hökumətin strukturu haqqında qərar
qəbul edir və Şeyx Məhəmməd Xiyabani Milli
Hökumətin sədri seçilir. Həmin gün Xiyabani
hökumət başçısı kimi Alaqapıya
köçür. Bu, Güney Azərbaycan tarixində
yaranmış ilk demokratik milli hökumət idi.
"Azərbaycan"
toponimi, sözü bütün lövhələrdə,
dövlət sənədlərində "Azadıstan əyaləti"
kəlməsi ilə əvəzləndi.
Xiyabani "Alaqapı"da
Milli Hökumət başçısı olduğu az müddətdə
Təbrizdə bir çox islahatlar aparır. Eləcə də
jandarm təşkilatını genişləndirərək
öz rəhbərliyi ilə Milli Qvardiya yaradır.
Tanınmış maarifpərvər Əbülqasim Fyuzatı
maarif müdiri təyin edir. Məktəblərdə təhsilin
Azərbaycan dilində keçirilməsinə göstəriş
verir. Bakıdan "İddihadiyeyi-İraniyan" məktəbindən
müəllimlər dəvət edir. Bütün idarə
işləri, sənədləşmələr, mətbu
nümunələr, mitinq və çıxışlar
doğma dilimizdə aparılır.
Azadıstan dövlətinin
ömrü çox uzun sürmədi. Müstəqillik elan
ediləndən 6 ay sonra 1920-ci il sentyabrın əvvəllərində
təzəliklə vali təyin edilmiş Hidayət
Müxbirisəltənə Təbrizə tərəf hərəkət
edir. Təbrizə girməzdən əvvəl o, mülkədarları
öz tərəfinə çəkir. Hücumdan əvvəl
Amerika və İngiltərə konsulluqlarını xəbərdar
edir. Sonra müqavimətsiz Təbrizə soxulub kazak dəstələri
ilə birləşir. Kazakların bir dəstəsi Xiyabaninin
iqamətgahına hücum çəkir. Döyüşlər
dörd gün davam edir. Sentyabrın 14-də Xiyabani
öldürülür.
Ş.M.Xiyabani öz
xalqının və Vətəninin vurğunu idi. O,
xalqının müstəqil yaşaması,
azadlığı uğrunda canını qurban verdi. Xiyabaninin
ictimai-siyasi fəaliyyəti, fəlsəfi görüşləri,
publisistikası, ümumiyyətlə,
yaradıcılığı layiqincə öyrənilməyib,
ətraflı tədqiq və təhlil edilməyib.
Doğrudur, onun həyatı, siyasi fəaliyyəti haqqında
müəyyən araşdırmalar aparılıb. Bu sahədə
ilk əsər Qulam Məmmədlinin 1949-cu ildə çap
olunmuş "Xiyabani" kitabıdır. Kitabda 1917-1920-ci illərdə
Cənubi Azərbaycanın milli azadlıq hərəkatından
geniş söhbət açılır. Tədqiqatçı
mövzu ilə bağlı zəngin materiallara istinad edir.
Kitab boyu Xiyabani şəxsiyyətinə dərin məhəbbət
görürük. Q.Məmmədlidən əvvəl rus sovet
mətbuatında Xiyabaninin siyasi fəaliyyətini əks etdirən
A.A.Vinoqradovun "Fars Azərbaycanında inqilabi hərəkat",
Q.Q.İlyinskinin "Şeyx Məhəmməd Xiyabani"
adlı məqalələri mövcuddur. Ancaq ilk dəfə
Xiyabaninin keçdiyi mübarizə yolu, siyasi fəaliyyəti,
nitqlərini əks etdirən tədqiqat müəllifliyi Q.Məmmədliyə
nəsib olub. Bu əsər Xiyabaninin həyatı və şəxsiyyəti,
siyasi fəaliyyəti haqqında yazılmış ilk tədqiqat
işi kimi dəyərlidir. Xiyabaninin tədqiqatçıları
sırasında filologiya elmləri doktoru Qafar Kəndlinin
adını çəkməmək günah olar. 1961-ci ildə
"Azərbaycan" ruznaməsinin nəşriyyəsi kimi
çap olunan Xiyabaninin "Azərbaycan və Azərbaycanın
demokratik qüvvələri" adlı kitabına mərhum
alim Qafar Kəndli Herisçi Şeyx Məhəmmədin həyatı
və ictimai fəaliyyətini əks etdirən "Ön
söz" yazıb. Bu yazı Xiyabani haqqında qələmə
alınan ən tutarlı, ən səviyyəli, əhatəli
məqalələrdən biridir.
(Ardı var)
Vüqar Əhməd,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2010.- 30 aprel.- S.14.