112
yaşlı Azərbaycan kinosu
Dünən Azərbaycan kinosu günü idi. Kino bəşər mədəniyyətinin hərtərəfli,
geniş inkişaf etmiş sahəsidir.
Bu gün bəşəriyyət
özünün indiyə
qədərki çağlarla
müqayisədə ən
yüksək inkişaf
mərhələsinə qədəm
qoyub. Elm-texnikanın, sənətin
inkişafı insanların
hüdudsuz, qarşısıalınmaz
arzularının ifadəsi
kimi meydana çıxır. Gerçəklikdə, gündəlik yaşam tərzində arzularının
əksər hallarda həyata keçmədiyini
görən insan incəsənətin müxtəlif
sahələrinə daha
çox meyl edib. İnsan özünün əsrarəngiz hisslərini,
duyğularını bədiyyatın
geniş imkanlarından
istifadə etməklə
gerçəkləşdirməyə çalışdı.
Hələ 19-cu yüzilin lap sonlarından
başlayaraq bəşərin
incəsənətdə yeni
bir yaradıcılıq
meydanı yarandı: bu, artıq özündə incəsənətin
bütün başqa yaradıcılıq sahələrini
məharətlə birləşdirirdi.
Kino ilk mərhələdə
daha sirli bir yaradıcılıq sahəsi idi. Fotoqrafiyanın kəşfindən sonra kinonun meydana
çıxması incəsənətin
imkanlarının hüdudsuzluğunu
sübut etdi. Ekranda canlı hərəkətlər, insanın
müxtəlif həyat
lövhələrini canlandırması,
danışan təbiət,
bir sözlə, tamaşaçının özünü
həyatdakına oxşar,
ancaq çox hallarda gerçək həyatda arzulanan, di gəl ki,
gerçəkliyini tapmayan,
kinoda qəhrəmanların
şəxsində yaşanan
hadisələrin içində
görmək sanki qəribə, davamlı bir sirr yaradırdı.
Bu gün dünyada
kino sənətinin yaranmasından ötən
yüzildən çox
müddətdə çəkilən
saysız-hesabsız filmlərin
olmasına baxmayaraq yenə də kino sənəti hamı üçün olduqca maraqlıdır.
Çünki həyat daim
sirlərlə dolu bir məzmunda davam edir, kino
sənəti də bunu məharətlə özündə yaradıcı
səviyyədə canlandırır.
Azərbaycan kino sənətinin
bu mənada dünya kino sənətinin ən gözəl cəhətlərinin
yaşadıcısı kimi
özünün 112 illiyini
qeyd etməsi sevindiricidir. Ötən müddət
ərzində Azərbaycanın
milli filmləri hər bir soydaşımızın
ağlında və ürəyində silinməz
izlər buraxıb, neçə-neçə nəsillər
milliliyin ayrı-ayrı
cəhətlərini bu
filmlərdə görməklə
ruhunu ardıcıl kökləyib.
Ədəbiyyat və İncəsənət
Arxivinin direktoru Maarif Teymur arxivdə
kino sənətimizə
dair xeyli sənədlərin saxlanıldığını
bildirir: "Arxivimizdə
incəsənətimizin müxtəlif
sahələrinə dair,
o cümlədən kino
sənətimizə aid xeyli
sənədlər saxlanılır.
Onu da qeyd
edim ki, kino sənətilə bağlı yaradıcı
insanlarımızın bir
çoxunun arxivdə
şəxsi fondları
yaradılıb, bu fondlarda həm aktyorların, bəstəkarların,
həm də rejissorların, rəssamların,
ümumiyyətlə, bu
sahədə çalışanların
həyat və yaradıcılığına dair
kifayət qədər
soraqlar var. Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Dağıstanlı, Ülvi
Rəcəb kimi sənətkarların yaradıcılığında
kino sənəti mühüm yer tutub. Rza Təhmasib 20-ci yüzil
Azərbaycan kinosunda həm tanınmış kino rejissoru, həm
kino aktyoru, həm də kino rəssamı kimi məşhur
olub. Abbas Mirzə Şərifzadə ilə bağlı
da arxivimizdə xeyli soraqlar var. Həmçinin Leyla Bədirbəylinin,
Nəcibə Məlikovanın, Atamoğlan Rzayevin,
Hüseynağa Sadıqovun və başqalarının kino
yaradıcılığına dair materiallar diqqəti cəlb
edir. Tamamilə unudulmaq təhlükəsilə
üzləşən 50-ci illərin kino rəssamı Cəbrayıl
Əzimovun tərtibatçı-rəssam kimi yaradıcılığına
dair faktlar araşdırıçılarını gözləyir.
Arxivdə "Ögey ana" filminin
yaradıcılarından biri olan H.İsmayılov haqqında
da sənədlər saxlanılır. Bəşir
Səfəroğlunun da kino yaradıcılığı bu qəbildəndir.
Rəşid Behbudovun kino
yaradıcılığına dair faktlar çox
maraqlıdır. Məşhur hind aktyoru və
rejissoru Rac Kapurun Azərbaycanla bağlı şəkilləri
də diqqəti cəlb edir. Məlumdur ki,
Rac Kapurun Rəşid Behbudovla dostluğu olub. Həsənağa
Salayevin, Şəmsi Bədəlbəylinin, Ədil İsgəndərovun,
Əli Zeynalovun, Mirvari Novruzovanın, Şahmar Ələkbərovun,
Mehdi Məmmədoun və başqalarının şəxsi
fondları yaradılıb. Həmçinin Cəfər
Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasına aid olan bütün yaradıcılıq sənədləri
arxivimizdə mühafizə olunur. Kinofilmlərə musiqi yazan
bəstəkarlardan Cahangir Cahangirov, Əfrasiyab Bədəlbəyli,
Niyazi, Tofiq Quliyev, Arif Məlikov, Aqşin Əlizadə və
başqalarının yaradıcılıhından
qırmızı xətlə keçib. Rəssamlardan Qəzənfər
Xalıqov, Tahir Salahov və başqalarının kino
yaradıcılığı daim araşdırılacaq".
Kinoşünas Aydın Kazımzadə isə Azərbaycan
kinosunun indiyə kimi böyük uğurlara imza
atdığını bildirir: "Azərbaycan kinosunun əsl
yaşının - 112 illiyinin Azərbaycanın müstəqilliyi
dövründə dövlət səviyyəsində qəbul
edilməsi böyük hadisədir. Müstəqillik
dönəmindən sonra Azərbaycan kinosunun istiqaməti dəyişib.
Artıq Azərbaycanın kinoçuları
sovet dövründən fərqli olaraq müstəqil şəkildə
öz sözlərini deyirlər. Artıq
kinoçularımızın başı üzərində
sovet ideologiyası yoxdur. Müasir dövrdə
də kino sənətində daim yeni ideya
axtarışları davam etməkdədir. Şübhəsiz, sənətkarlarımız
zamanın nəbzini tutmağa çalışırlar.
Sovet dövründə dövlət filmin pulunu
verirdi və bununla da həm də ideologiyasının kinoda
ifadəsini diktə edirdi. Ancaq indi sənətkarlarımız
azaddırlar, digər tərfdən də xalqın, dövlətin
mənafeyini hər şeydən uca tuturlar. Hələ də Azərbaycan filmlərinin əksəriyyəti
dünya kino bazarına çıxa bilmir. Təbii ki, dünya kino bazarına xüsusilə
indiki vaxtda çıxmaq çox çətindir. Burada texniki və sənət şərtləri
çox yüksəkdir və sərtdir. Kino
sənəti hazırda biznes mahiyyəti kəsb edir. Əgər çağdaş dövrdə kinomuz
bunu nəzərə almasa, sözünü deyə bilməyəcək".
A.Kazımzadə Azərbaycan kinosunun 112 illliyinin tarixi əsaslarının
ictimaiyyətə çatdırılmasında fəaliyyətinə
görə özünü xoşbəxt hesab edir: "112 il əvvəlki
kino lentlərini Fransadan gətirmişik. Artıq
həmin lentlər əlimizdədir. Bu, dünya kino
tarixindən 2 il sonraya təsadüf edən
bir tarixi məqamdır. 1898-ci ilin əvvəlindən
artıq Bakıda filmlər çəkilirdi. Avqustun 2-də
isə Bakıda yerli mövzularda çəkilən bu filmlərə
baxş olub . Rejissoru isə
Aleksandr Mixayloviç Mişon idi".
Azərbaycanda bu gün serialların milli
kinonu sığışdırdığı, milli əhvallara
ziyan vurduğu heç kəsə sirr deyil. Seriallar qətiyyən kino
inciləri deyil. Hadisə uzandıqca daha
da mahiyyətsizləşir. Onsuz da Azərbaycanda
dəb düşən serialların qətiyyən mövzu
orijinallığı yoxdur. Bu filmlərdə
həyat hadisələri daha çox təhrif olunur, milli mənəviyyatımıza
olmazın ziyan dəyir. Məsələ
burasındadır ki, təkcə bu cür filmlər yox,
ümumiyyətlə, hazırda telekanallarda nümayiş
etdirilən filmlərin əksəriyyəti mahiyyətcə məzmunsuz,
insani siqlətdən tamamilə uzaqdır. Görəsən, bütün filmlərin Azərbaycan
ictimaiyyətinə təqdimi çoxmu zəruridir?
Sosioloq Əhməd Qəşəmoğlu bu barədə belə
düşünür: "Şübhə etmirəm ki, bir
azdan ağıllı tamaşaçılar seriallara
münasibətdə daha ciddi seçimlərini edəcəklər,
yəni onlar hər seriala baxmayacaqlar"."Maraqlar dəyişəndir,
amma torpaq əbədidir"
Elçin Qaliboğlu
Xalq cəbhəsi.- 2010.- 3 avqust.- S. 14.