Sirli-sehrli Azərbaycan əfsanələri
II yazı
Xalq arasında çox az-az eşidilən bir məsəl var: "Nə dərin dəryaya gir, nə də Xızır İlyası çağır". Xızır İlyasın Aşıq Qəribi üç aylıq yolu, üç günlük yol edib Hələbdən Tiflis şəhərinə ağ-boz atın belində gətirdiyini bilirik, Buğacın yarasına ana südü ilə dağ çiçəyinin dərman olduğunu-dediyini bilirik, "Arzu-Qəmbər" dastanından öldürülmüş Qəmbəri Xızırın diriltdiyini bilirik, aşiqlərə və məşuqlara Xızır tərəfindən buta verildiyini də bilirik. Ancaq Xızırın dərin dəryalarda batanları xilas etməsi, ölümdən qurtarması bizim üçün təzədir.
"Yetim Aydın" dastanına görə Türkmən aşıqları Urşanla Qurşan ozanların son nümayəndəsi Dədə Qürbət, Dədə Gügü (bəlkə də güzgü) və Dədə Heykəllini sazla-sözlə bağlamaq üçün Dərbəndə gəlirlər. Deyişmə zamanı Urşan və Qurşan məğlub olur. Evində qaldıqları gənc oğlan ozanları bağlayıb Türkmən aşıqlarının sazlarını özlərinə qaytarır. Ancaq Yetim Aydın Urşanla Qurşandan ayrılmayıb, "Mən də sizinlə gedəcəyəm"- deyir. Yetim Aydın o qədər çirkin, başı keçəl oğlan olduğundan onu Türkmənistana aparmaq istəmirlər. Onu aldadıb Miskincə dağlarına qara göndərirlər. Xızır İlyas yandan peyda olur, Yetim Aydını dağın qarlı zirvəsinə qaldırır. Yetim Aydın yorulub başını qarın üstünə qoyub yatır. Oyanıb başını, üzünü qarla yuyur, o qədər gözəlləşir ki, başına tük gəlir, telli bir oğlan olur. Buluddan bəzəkli bir yaylıq düşür. Yetim Aydın bir yaylıq qar götürür. Xızır İlyas yenə peyda olur. Atın tərkində onu Urşanla Qurşana çatdırır. Yetim Aydının gözəlliyi onlara möcüzə kimi görünür. Yetim Aydın az bir zamanda Qazaxıstanda və Orta Asiyada ustad aşıq kimi məhşurlaşır. Hazırda onun məzar kümbəzi Qaraqalpaqla Türkmənin sərhəddindədir. Məzar Qaraqalpağın mərkəzi Nuksusa yaxındır. Hər ilin mayında qazax, uyğur, qaraqalpaq, türkmən, özbək, tacik, qırğız akın və baxşıları Yetim Aydının məzarını ziyarətə gəlirlər. Görürsünüzmü, bu dastanda da Xızır İlyasın bir əlaməti aşkar olur.
Hər ilin avqust ayında istidən torpağın dodaqları cadar-cadar olanda Xızır İlyas ağ-boz atı ilə Şəmkirin Şiştəpə kəndindəki uca bir təpənin başında peyda olur. Xızır İlyasın saçları qar-qırov bağlayıb, ağ-boz atın yalmanı, quyruğu qardır. Nalı qardır, bədəni qarla-buzla örtülüb, Xızırın atı üç dəfə keşnəyir, bununla da isti aran torpağına bir sərinlik gəlir. Əsatir və əfsanələrə baş vurduqda Xızır İlyasın bir əlaməti, bir keyfiyyəti, bir möcüzəsi üzə çıxır.
Xalq yozumu, xalq etimologiyası bir nəfərin, iki nəfərin ağlının məhsulu deyil, bir toplumun düşüncəsidir. Vaxtı ilə əsatirlər nəzəriyyəsinin yaradıcıları (Alman alimlərindən Vilhelm və Yakov Qrimm qardaşları) folklor örnəklərində və xalq mərasimlərinin özülündə əsatir axtaranda bəzi tədqiqatçılar buna etiraz edirdilər. Bir halda ki, bəşəriyyətin ilk uydurması, fantaziyasının məhsulu əsatirdir, onu özündən sonra yaranan epik və lirik əsərlərin mayası kimi qəbul edib, əldə edilmiş mərasim materialları ilə müqayisəli şəkildə tədqiq etmək olar.
Azərbaycanın Oğuz bölgəsində qədim mərasimin yaddaşlarda möhkəm bir izi qalıb: "Barama yığımından sonra bir gəlin və yeddi qız "Pirpalıd" dağında maraqlı bir mərasim icra edirlər. Gəlin mis, ancaq qalaylanmamış qabı əlində döyəcləyir, yeddi qız isə başında içi barama dolu bir məcməyini bir əli ilə tutur, o bir əli ilə isə gülgəzi yaylığı havada yelləyir, cərgə ilə rəqs edirlər. Qızlar bir-bir axar çaya enir, ovuc-ovuc baramanı suya atır və hər dəfə bu sözü təkrar edirlər:
- Al, bacım, al!
Barama qurtaran kimi arxasınca gülgəzi yaylığı axıdırlar. "Guya qızlar "Pirpalıd" dağında gül-çiçək seyrinə çıxıblarmış. Sudan sarı saçlı bir qız çıxır, çiçək dərən qızlara barama qurdunun toxumunu verir və deyir:
- Aparın bunları tut yarpağı ilə becərin, ipək əldə edin. Baramadan hazırlanmış gülgəzi yaylıqlardan hər il məhsul vaxtı mənə pay gətirin, məni yad edin. Həmin vaxtdan o yerdə kök atmış palıd ağacı "Pirpalıd" adlanır, buraya o qızın şərəfinə hər zaman ziyarətə gəlirlər. Həmin ayin hər il təkrar icra olunur.
Qax rayonunun İlisu kəndi yaxınlığında Zoğal piri var. Hər təzə toy edən oğlan sevgilisinə aldığı parçanın hər birini ölçüdən bir qədər artıq alır. Toya bir həftə qalmış qumaşların hər birindən bir parça götürüb, Zoğal pirinə gedir, zoğal ağacını toy olan qız kimi bəzəyirlər. Hər toyu olan gənclər köhnə parçanı söküb yenisi ilə əvəz edirlər. Əfsanəyə görə, Arandan olan bir oğlan Dağıstanın dağ kəndlərindən bir qızı götürüb qaçırır. Qız istiyə dözməyib ölür. Üstündə bir zoğal ağacı bitir. Guya ağacın qoşa-qoşa bitən zoğalları qızın yaqut sırğalarıdır. O zamandan nakam qızın üstə bitmiş zoğal ağacını bir pir kimi ziyarət edirlər. Əlbəttə, bir-iki nümunə ilə bu mövzunu əhatə etmək olmaz.
Etnoqraf, adət-ənənələrimizin araşdırıcısı olan Səyyaf Paşayevin arxivində pirlər və xalq mərasimləri haqqında daha dəyərli örnəklər saxlanmaqdadır. Bu toponimlər neçə-neçə nəsilin müşahidəsindən keçib, neçə-neçə müdrik insanın qənaəti ilə yaranıb. Əfsanələr, xüsusən də rəvayətlər toponimlərin öyrənilməsi üçün bol-bol material verir. Əfsanə və rəvayətlərdə xalqın milli əlamətləri, xarakteri və psixologiyası, sevincli və qəmli günləri yaşayır. Yurdumuzun zəngin faunası, flora örtüyü olduğu kimi, folklor örtüyü də var. Ceyranlar, cüyürlər, pələnglər, eləcə də bulaqlar, çaylar, göllər, rəngarəng çiçəklər, nəğməkar quşlar haqqında xalqımızın yaratdığı elə dəyərli əfsanə və rəvayətlər var ki, onların hər biri xalq tərəfindən yaradılmış sənət inciləridir. Onlar xalq təfəkküründən bədii boyalar, rənglər alıb, bununla da öz gözəllikləri ilə ürəklərə yol tapıblar.
Gəzdiyim, gördüyüm, gül-çiçəyini dərdiyim İsmayıllıdakı Babadağının, Şamaxıdakı Dədəgünəşin, Qarabağdakı Ərgünəşin hər birinin öz adı ilə bağlı əfsanələr var. Gəncənin Xan bağında, Nizami kinoteatrının ətrafında Ərgüvən ağacının, Göygöl meşələrindəki bəzək ağacı Doqquzdonun, Qarabağdakı Xarıbülbül və Xanımsallandı çiçəyinin həzin və lirik rəvayətləri mövcuddur. Hətta Ərgünəş dağı ilə Ərgüvən ağacı arasında sevgi macərası var. Ərgüvən nadir ağacdır. Yazda təkcə yarpaqları yox, bədəni, qolları (gövdəsi və budaqları) yaquta bənzər muncuq kimi topa-topa qırmızı çiçəklərlə bəzənir və sanki ətrafdakı ağaclara deyir:
- Ərim gəlsin, məni görsün. Odur ki, adı Ərgüvən qalıb.
Doqquzdon bəzək ağacının yazda budaqları lopa-lopa ağ güllər bitirir. Vaxtı ilə İspaniyada və Azərbaycanda ərə gedən qızların gəlinlik tacları onun çiçəkləri ilə bəzədilib. Servantes "Don-Kixot" əsərində gəlinlik tacının Doqquzdon çiçəyi ilə bəzədildiyini təsvir və tərənnüm edib. Bəlkə də "gözəllik ondur, doqquzu dondur" mənzum atalar sözünün bir qanadı doqquzdonla bağlıdır.
Bioloqlar özləri də təsdiq edərlər ki, doqquzdon ya qızıl, ya da qızıl mineralları üstə bitir. Bir Azərbaycan rəvayətinə görə, bir kasıb oğlan və qıza doqquzdon çiçəyi ilə bəzədilmiş paltarla toy etmək istəyirlər. Lopa-lopa ağ güllər açmış Doqquzdon ağacının başına dolanırlar. Birdən oğlanın gözü ağacın dibində xəzinəyə sataşır. Oradan tapdıqları pulla özlərinə toy edib firavan yaşayırlar.
Yurdumuzda, xüsusən Tovuzda və Qaxda bizə məlum olan "Torpaqqala"lar var. Tovuzun dağ zonasında Torpaqqala adlı kənd də var. Tovuzun Qaraxanlı kəndinin Kürə yaxın əkin sahələrində bir "Torpaqqala" da mövcuddur. Bunlar haqqında çox məzmunlu əfsanə və rəvayətlər yaşamaqdadır. Torpaqqala kəndində Zərdüştilik dövrünün pəhləvanı Salsal yaşayıb. Onun atdığı beş-on tonluq daşlar yal-yamacda bu gün də durur.
Qaraxanlı "Torpaqqala"sının isə Dağyunusa (Babil hökmdarı Diaqyanusa) məxsus olduğu söylənilməkdədir. Dağyunusun adı ilə bağlı yerlərdə, qalalarda həmişə onun pulları tapılır.
Naxçıvandakı Əsabül-Kəhf, Daşkəsəndəki "Qara inək" zağası, Tapan kəndi yaxınlığındakı qəbristanlıq, daş üzərindəki at şəkli Dağyunusun və onun qoşununun adı ilə bağlıdır. Şumer mədəniyyəti haqqında yazılı mənbələrdə xeyli məlumat var. Hətta qeyd olunur ki, "Dədə Qorqud" on iki boydan ibarət olduğu kimi, Şumer-akkad dastanı olan "Bilqamıs"da on iki gil lövhə üzərində yazılıb. Şumerin paytaxtı Uruq şəhəridir.
Tarixi məxəzlərə görə, Şumerlər əvvəl Dəclə-Fərat çayları qovşağında, sonra Orxon-Yenisey qovşağında və nəhayət, Kür-Araz qovşağında yaşayıblar. Azərbaycanda və onun folklorunda Şumerlərin hansı nişanələri qalıb? Mən Gəncənin Şahsevənlər küçəsində, Bağbanlar qəsəbəsində və Tərtər bölgəsində Uruq adlı yaşlı qadınlara rast gəlmişəm. Göyçə ilə Daşkəsən arasında Ur dağı var. Qoşqar dağının lap zirvəsində illərlə xarlayıb qalan qar zolaqları yaxınlığında Ur kəklikləri yaşayır. Bu kəkliklər ev toyuğundan xeyli böyük, hind quşundan isə xeyli kiçikdir. Göyə uçanda qoşa-qoşa uçurlar. Onlardan birini tutub zirvədən üç yüz, dörd yüz metr aşağı endirdikdə dərhal ölür. Kəsilmiş Ur kəkliyinin dənliyindən qarın altından yenicə çıxmış cürbəcür bənövşələr və çaxmaq daşı çıxır. Deməli, onlar qida maddəsi kimi qarın altından çıxan bənövşələrdən, onları həzm etmək üçün çaxmaq daşından və su əvəzinə qardan istifadə edirlər.
Hər toponimin, qədim əfsanə və rəvayətin üzərində bir duman yatır. Duman diqqətimizi çəkib gözəllik bəxş etsə də, tarixi yadigar olan bu sərvəti görə bilmirik. Orada bir dünyamız yatır. Bu dumanı azacıq tərpətdikdə yurdumuza, onun əsrarəngiz əfsanə və rəvayətlərinə heyran qalırıq. Yurdumuzun tarixi, keşməkeşli günləri haqqında tarixi yazılı məxəzlərin öz sözü olduğu kimi, "tarixə yoldaşlıq edən" (M.Qorki) folklorumuzun da bədii boyalara bürünmüş, rəngarəng qüdrətli sözü var. Qazax bölgəsinin İncə dərəsində Küyküy dağı, İsmayıllı bölgəsində isə Fit dağı ara-sıra qəribə səslər çıxarırlar. Küyküy dağından səs-küy, Fit dağından fit səsləri eşidilir. Yerli inanclara görə, fit səsinə geri dönmək olmaz, hətta onun səsini eşidən insan əlinin birini ayağının altına qoyub sıxışdırmalıdır. El arasında "Dil otu yemisən, dil-boğaza qoymursan" zərbi-məsəli tez-tez işlədilir. Görəsən, belə bitki var, yoxsa bu da "Soğan yeməmisən, için niyə göynəyir?", "Ayran içməmisən, için niyə qıjqırıb?" məsəlləri kimi bədii məcazi və ya ideomatik ifadədir?!
Kəpəzdəki "Qanlı Daş"a, Göyçənin Məzrə kəndindəki
"Qanlı daş"a
çəkiclə vurduqda,
Naxçıvandakı Ordubadın Aza kəndinin
yuxarı hissəsində Tək Arqalı ağacının bir budağını kəsdikdə daşlardan və ağacdan
qan sızır, qan
damcıları tökülür. Bütün bunlar təbiətin
möcüzəsidir. Uzaq-uzaq qərinələrdən,
əsrlərdən gələn əsatirlərin, suda bitən zanbaqların kökü,
kökünün altındakı torpaq görünmədiyi kimi,
həmin əsatirlərin də başlanğıc nöqtəsi
görünmür. Biz
bu əsatirlərin mahiyyətini,
yaşatdığı fantaziyaları, möcüzələri,
əsatirlərin törəməsi olan əfsanələrin
köməyi ilə öyrənə bilirik.
Çünki əfsanələr öz işıqlı gerçəkliyi ilə
həqiqəti bizə anladır.
Sədnik Paşa Pirsultanlı,
professor
Xalq Cəbhəsi.- 2010.- 5 avqust.- S.14.