Sirli-sehrli Azərbaycan əfsanələri
I yazı
Eposun kökü olan
"epo" yunanca "söz" deməkdir. Nizamiyə
görə, dünyanın gözünü söz
açıb. Deyəsən, ibtidai insanın fəlsəfi
düşüncə çeşməsinin gözü də
sözlə açılıb. Əsatirin törəməsi
olan əfsanə əsatirlə sözün bir-birinə
qovuşması nəticəsində epikləşərək
bitkin bir janr kimi meydana çıxıb.
Əsatir təbiət hadisələri,
əfsanə isə tarixi hadisə və şəxsiyyətlərə
bağlı yaranıb. Fikrimizi bir az da aydın desək, əsatirin
əsas obyekti təbiət və insan, əfsanəninki isə
cəmiyyət və insan olub. Tarixilik baxımından əsatir
əvvəl, əfsanə isə sonralar yarandığı
üçün zaman keçdikcə əsatirlər daha
çox əfsanələşib.
Əsatirlə əfsanənin
əlaqəsini aydınlaşdırmağın özü belə
möcüzədir. Təbiəti seyr etdikdə gözünə
dənizlər, göllər görünür. Gölün
sahilə yaxın yerində rəngarəng ağ, göy,
sarı zanbaqlara rast gəlirsən, düşünürsən,
bu zanbaqların kökü dənizin dibindədir, ya
divarında? Axı hər bir bitkinin kökü torpağa
bağlıdır. Axı hər bir bitki öz
boyasını, rəngini torpağa bağlı kökündən
alır. Bax, o zanbağın kökü əsatirdir. Gözəlliyi
ilə insanı özünə cəlb edən zanbaq isə
gerçəkliyə bağlı əfsanədir. Daha
doğrusu, şərti olaraq onu deyə bilərik ki,
zanbağın gözə görünməyən,
möcüzəli tərəfi əsatirdir, gözə
görünən, boyalarla, rənglərlə süslənmiş
tərəfi isə əfsanədir. Hər bir bitkinin,
ağacın kökü torpağın üstə dayanır.
Hər ağacı külək, tufan yıxır, ancaq
tufanın təkcə palıd ağacına gücü
çatmır. Palıd ağacının kökü
çox dərindədir. Hətta onun kökündə
cücərib içərisindən
çıxdığı qozanın qabığı çəkmə
kimi ayağında geyincəkli qalır,
çürümür. Bax, kökün
sağlamlığı budur.
Lalə, qızılgül
qan qırmızı boyasını, rəngini haradan alıb?
"Ceyrançöl" əfsanəsinə görə,
düzlərdə bitən lalələr ağappaq olub,
ovçu ceyranı neçə yerindən yaralayıb,
ceyranın qanı ağ laləni qırmızı rəngə
boyayıb. Bu, insanın "təsəvvürdə və təsəvvürün
yardımı ilə" yaratdığı obrazlardır. Həmin
obrazlar insan xəyalı ilə, onun fantaziyası ilə
süslənib. İnsan, onun xəyalı, düşüncəsi,
təbiətə və cəmiyyətə baxışı,
tarixən zehnində yaratdığı etimologiyası
xüsusi bir elmdir. Sarı Aşığın təsəvvürünə
görə, qızılgülü qırmızı rəngə
boyayan bülbülün bağrının qanıdır.
Sarı Aşıq deyir:
Mən aşiqəm,
qanlı gül,
Qanlı danış,
qanlı gül,
Yemiş bülbül
bağrını,
Baxmış ağzı
qanlı gül.
Görürsünüzmü,
Sarı Aşıq insan fantaziyasının məhsulu olan bir əfsanəni
bayatısının məzmununa gətirir, onu formaca gözəl
biçimləndirir, tarixən bəşəriyyətin
yaddaşına həkk ola biləcək ölməz poetik bir
nümunə yaradır. Məlumdur ki, Azərbaycan əfsanələrində
və bayatılarında boynu bükük bənövşə
ayrılıqdan, həsrətdən bu şəklə
düşüb. Bənövşə gah atasını, gah
qardaşını, gah da sevgilisini itirir, boynunu bükük
tutaraq zaman-zaman göz yaşları axıdır. Türkdilli
xalqların dini, dili, bir çox adət və ənənələri
eyni olsa da, onların əfsanələrində bənzərsizlik
var. Məsələn, Qazaxıstanda bənövşənin
yanında düz qamətli "Çiçi mama" adlanan
bir bənövşə növü də bitir.
Çiçi mamadan soruşurlar: - Yanındakı kimdir?
- Qızım Bənövşədir
- deyə cavab verir.
- Bəs onda sən belə
qürurlu, məğrur dayandığın halda, qızın
bənövşə boynunu niyə bükür?
Çiçi mama cavab verir:
- Bəs nişanlı
qız anasının yanında utanıb başını
aşağı tutmazmı?
Bizim "Naftalan" əfsanəmizlə
türkmənlərin "Baharden gölü" əfsanəsi
arasında da müəyyən oxşarlıq var.
"Naftalan" əfsanəsində bədəni yara
tökmüş dəvəni Naftalan gölünün,
başdan-ayağa yara tökmüş, sağalmaz dərdə
mübtəla olmuş oğlanı isə Baharden
gölünün suyu sağaldıb anadangəlmə edirlər.
Xarakterinə, milli adət-ənənələrinə,
coğrafi məkanına, iqliminə uyğun yaxın olsa belə,
hər bir xalqın öz mənəvi dünyası var.
Hətta bir ölkə
daxilində ayrı-ayrı areallarda eyni mövzuya aid bənzərsiz
əfsanələr mövcuddur. Hər çiçəyin,
bulağın, çayın, gölün,
dağın-daşın, qalanın, quşun öz əfsanəsi
var. Xalq əlifbanı bilmədiyi zamanlarda belə,
mühüm hadisələri, əfsanələri sal qayalara,
çiçəklərin yarpaqlarına yazıb.
Axtarışlar, müşahidələr göstərir ki, bu
və digər tarixi abidə uçulub dağıldıqda,
itib batdıqda, izi qalmadıqda onun əfsanəsi də zaman
keçdikcə hafizələrdən silinib unudulur. Tarixi abidələri
qorumaq - qiymətli əfsanələrini, xalqın bədii təfəkkürünü
və tarixini qorumaq deməkdir. Məsələn, Bakıda
"Qız qalası" qalıb, onun əfsanəsi bu
gün də yaşayır. "Səbayıl qalası"
isə yerə gömülüb, yox edilib, əfsanəsi də
onunla bərabər qeybə çəkilib.
Hər bir toponimdə, rəvayətdə
tarixi şəxsiyyətlər özlərinə yer alıb və
orada məskunlaşıblar. Toponimin içərisində bir
toplumun tarixi və ya bir xalqın tarixinin bir parçası
yaşayır. 1903-cü ildə rusların çəkdiyi bir
xəritədə Xoşbulağın adı "Xanbulaq"
kimi yazılıb. Bax, həqiqət budur. Həmin yaylaqda olan
yüz bulağın içərisində bu bulaq bulaqların
xanıdır. Naxçıvanda Şahbuz, Ahdamda Şahbulaq, Kəpəzdə
Xan yurdu, Xan qızının bulağı, Xanbulağın
yaxınlığında Ziyadxan bulağı və buna bənzər
bulaq və yer adları var.
Belə toponimlərdən
birinin məzmunu "Nuhçıxan" əfsanə-rəvayətində
verilib. Rəvayətə görə, Nuh qabaqcadan xəbər
tutur ki, dünya tufanı başlayacaq və yer
üzünü su alacaq. Nuh gəmi düzəltdirir, nəsli
kəsilməsin deyə, hər bir canlıdan cüt-cüt
(erkək-dişi) gəmiyə götürür. Gəmi suyun
üzərində dünyanı dolaşır. Nəhayət,
indiki Naxçıvan ərazisində tufan sakitləşir,
Nuh öz gəmisi ilə bu torpaqda suyun üzündə
görünür. Ona görə, də bura
"Nuhçıxan" adlanır. Gəmi bir dağdan
keçir. Nuh deyir: - Bu dağ Kəmçidir, yəni uca
deyil, zirvəsi kəmdir. İkinci dağa çatanda
dağın şiş bir qayası gəmini deşir və
içəri su daxil olur. Nuh deyir:
- İlan dağdır.
Deşilən yerdə qıvrıl yat, gəmiyə su
dolmasın.
Bəzi tədqiqatçılar
"İnan, dağdır" şəklində bu adın
yozumunu verirlər. Nuh bu dağa "İlan dağı"
adını verib. Çünki gəmini ilan xilas edib. Gəminin
içinə su dolub batmağa qoymayıb. Gəmi Ağrı
dağının başında dayanır. Bəzi tədqiqatçılar
Ağrı dağının Türkiyədə
olmasını nəzərə alaraq əfsanə-rəvayəti
natamam və ya iki hissədən ibarət
danışırlar. Kəmçi, İlan dağı və
Ağrı dağı Türk yurdu olaraq ürəyimiz, xəyalımız,
gözümüz kimi sərhəd tanımayıblar. Bunlar
bütövlükdə Türk yurdunun təbii alınmaz
qalalarıdır.
Tufan sakitləşdikdən
sonra Nuh ilandan soruşur:
- Sənə mükafat olaraq
nə verim?
Cavabında ilan deyir:
- Qoy arı hər yanı
dolaşsın, nəyin əti şirindirsə, mənə xəbər
versin.
Arı canlıları
yoxlayır və insanın ətindən şirin ət
olmadığını aydınlaşdırır. Arı -
İnsan əti, insan əti- deyə-deyə gələrkən,
qaranquş onun danışan dilini kökündən
çıxardır, arı "vız-vız" eləyə-eləyə
qalır, insan ətinin şirinliyini Nuha və ilana
çatdıra bilmir. İlan bu işi qaranquşun törətdiyini
anlayır, qaranquşdan intiqam almaq istəyir, ancaq onu tuta
bilmir, qaçarağına quyruğunu çalır. O
gündən qaranquş insanları özünə dost
seçir və onların eyvanında, damında yuva qurur. Bizə
görə, əfsanə tarix deyil, ancaq əfsanə tarixsiz də
deyil. Hər bir toponim tarixi nişanədir. O özündə
mənsub olduğu xalqın tarixinin bir parçasını,
dilini, dinini və tayfaların adlarını zaman-zaman
yaşadır, daşıdığı məzmununu xalq
etimologiyasının köməyi ilə nəsildən-nəsilə
ötürür. Hər bir toponim sirli-sehirli bir qaladırsa,
onun açarı xalq etimologiyasıdır.
Tovuzdakı Əlibəyli kəndi
haqqında xalqda belə bir rəvayət yaşayır. Nadir
şah Gürcüstanın üstünə birbaşa
hücuma keçir, tələfat verir, qoşun pərən-pərən
düşür. Nadir şah özü də bir
qarının evində daldalanır. Qarı onun
qabağına bir qab südlü yemək qoyur. Nadir şah tələm-tələsik,
qaynar-qaynar südlü yeməyi yeməyə başlayır.
Bunu görən qarı deyir:
- Sən də Nadir şah
deyilsən ki, səbirsizlik edib qoşunu qırdırasan.
Nadir şah soruşur:
- Qarı nənə, Nadirin
yerinə sən olsaydın, necə müharibə edərdin?
- Oğul, qoşunu topa
halında düşmənin qabağına
çıxarmazlar. Düşmən qüvvəni bilər,
gücünü toplayıb səni və qoşununu məhv
edər. Ordunu yüz yerə bölüb hər dağın
dalında bir qüvvə saxlamaq lazımdır. Yeri gəldikdə
biri o birinin harayına çata bilsin. Nadir şah
qarının dediyi kimi qoşunu nizamlayır, hücuma
keçir və döyüşdə qələbə
çalır. O, birbaşa qarının evinə gəlir:
- Qarı nənə,
oğuldan, uşaqdan nəyin var?
- Əli adlı bir oğlum
var, kəndin naxırçısıdır.
Nadir şah kənd
camaatını toplayır, qarının hikmətindən,
uzaqgörənliyindən söz açır. Nəticədə
deyir ki, belə ananın oğluna naxırçılıq
yox, bəylik yaraşır. Bu gündən kəndiniz Əlibəyli
kəndi adlanır, Əli də onun bəyi olur. Əlibəyli
kəndinin adı o gündən Nadir şahdan yadigar qalır.
Əfsanə və rəvayətlərin
yaradıcısı olan xalq ayrı-ayrı hadisələrin,
məsəllərin izahında tarixi həqiqətlərin
pozulub-pozulmamasına, müəyyən mənada təhrif
olunmasına az diqqət yetirsə də, bədii sözün
həqiqətinə həmişə sadiq qalıb.
Salyan rayonunda bir kəndin
adı Xalacdır. Yerli adamlar bu toponimi "xalqı
aç" mənasında yozurlar. Halbuki Xalac Oğuzun 24 nəvəsindən
birinin adıdır. "Gəlin qayaları",
"Çoban daşa dönənlər" bir-birlərinə
bənzəsələr də, Azərbaycanda ayrıca,
Qazaxıstanda isə ayrıca məna daşıyırlar.
Bizdə çobanlar öz səhvləri ucbatından qoyun
sürüləri ilə bərabər daşa dönürlər.
Qazaxın "Yuxdan qız" əfsanəsində atanın
qarğışı ilə qız və onun sevgilisi qoyun
sürüsü ilə bərabər daşa dönürlər.
Qazaxın "Yuxdan qız" və türkmənin
"Firuzə bağı" əfsanələri hər biri
öz-özlüyündə müstəqil bir əsərdir,
ölməz sənət incisidir.
Beşbarmaq dağı
yaxınlığında naşükürlüyü
ucbatından Harunun mal-qoyunu yer aralanır, torpağa
gömülür. Ara-sıra heyvanların çöldə
qalmış quyruqları, qoyunun-qoçun buynuzları
görünür. Daşkənd yaxınlığında
Harunun bostanı yerə batır, ara-sıra burnu sarı
çiçəkli yemiş, xal-xal bəzəkli
qarpızların yaşıl tağları torpaqdan güclə
seçilir. Xeyli aralıda bostançının oturacaq yeri,
uçulmuş damı, içi boş qara bir qazan, yanında
da qab-qacaq görünür. Hər iki əfsanədə hadisələr
eyni cür cərəyan edir. Fərq ondadır ki, Azərbaycanda
Harunun mal-qoyunu, Özbəkistanda isə bağ-bostanı yerə
gömülür. Bütün bunlar genetik əlaqədir - qan
yaddaşında qalan izlərdir.
"Fərhad və
Şirin" əfsanələrinə Güney Azərbaycanın
Ərdəbil, Türkiyənin Amasiya, Azərbaycanın
Oğuz, Şəki və Naxçıvan bölgələrində
rast gəlirik. Adlar eyniyyət daşısa da, hər bir əfsanənin
öz məzmunu, forması və məna çalarları var.
"Koroğlu" əfsanələri epos-dastanın özəyidir,
başlanğıcıdır.
Sədnik Paşa Pirsultanlı,
professor
Xalq Cəbhəsi.- 2010.- 4 avqust.- S.14.