Aşıq Ələsgərin
yaradıcılığı
Şair Məhəmməd onun doğma
qardaşıdır
Aşıq Ələsgərin irsini toplayıb tədqiq etmək istəyimin kökü çox əvvəllərə gedib çıxır. Hələ ağlım kəsməyən vaxtlar evimizdə saz havası səslənərdi. Sonradan aşıq sənətinə ciddi şəkildə bağlandım. Təbii ki, burada gendən, nəsildən gələn ənənənin təsiri olmamış deyildi. Aşıq Ələsgərin şeirlərindən bir neçəsi ilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, babamın şeirlərini toplamalı, soydaşlarımıza çatdırmalıyam. Babamın əsərlərini toplamaq istəyim nəsil çərçivəsindən, bir nəvə istəyi ölçüsündən kənara çıxdı, beləliklə də yurdumuza, elimizə gərək oldu. Aşıq Ələsgərin irsini topladıqca və araşdırdıqca həmin dövrü, eləcə də Azərbaycan aşıq sənətinin tarixini, Aşıq Ələsgərdən sonrakı aşıq mühitini diqqətlə öyrənməli oldum. Əks halda Aşıq Ələsgərin Azərbaycan aşıq sənətindəki mövqeyini qiymətləndirmək mənim üçün çətin olacaqdı.
Aşıq Ələsgərin ustadı Aşıq Alı olub. Ancaq onun nəslindən şeirlərini toplayan, ictimaiyyətə çatdıran, tədqiq edən təəssüf ki, olmayıb. Əlimdən gələni etdim ki, Aşıq Ələsgərlə bağlı olan bütün soraqları toplayıb sabaha çatdıram. Uzun müddət Göyçə aşıqları və şairlərinin şeirlərini toplamaqla məşğul olmuşam. 1999-cu ildə "Sazlı-sözlü Göyçə" adlı kitab nəşr etdirmişəm. 34 aşıq və el şairinin həyatı və əsərlərindən nümunələr vermişəm. İlk növbədə Göyçə aşıq mühitinə Aşıq Ələsgərin son dərəcə böyük təsir olub. Aşıq Ələsgər Azərbaycanın böyük şəxsiyyətlərindən biridir. Belə nadir şəxsiyyətlər az-az doğulur. Bu fikri deyərkən qohumluq amilinə qətiyyən söykənmirəm. Aşıq kimi onun misli-bərabəri yoxdur. Həmçinin də o, əvəzsiz ifaçı olub. Burada onun şairliyinin də başqalarından tamamilə fərqli olduğunu görmək mümkündür. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə elə keyfiyyətlər var ki, bunu ancaq övliyalarda görmək mümkündür. Danışırlar ki, Aşıq Ələsgər üz-üzə söhbət elədiyi adamın ürəyindən keçənləri duyurmuş. İndi parapsixologiya haqqında çox danışırlar, babamda parapsixoloqluq güclü imiş. Sonra danışırlar ki, o, yaşadığı ərazidən kənarda baş verəcək hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini bədahətən deyərmiş. Onun alqışı da, qarğışı da təsirsiz ötüşməzmiş. Hansısa işdən narazı qalsaydı, o iş baş tutmazmış.
Babamın əsərlərini topladıqca diqqətlə onları araşdırmışam və müəyyən qənaətlərə gəlmişəm. Mənə elə gəlirdi ki, Aşıq Ələsgər mükəmməl dini mədrəsə təhsili alıb, ancaq şagirdləri ilə, eləcə də atamla söhbətdə mənə aydın oldu ki, Aşıq Ələsgər ümumiyyətlə, yazıb-oxumağı bacarmırmış. Ancaq onun çox güclü hafizəyə malik olması haqqında tanıyanlar heyranlıqla danışırdılar. Bir dəfə eşitdiyi şeiri ömürlük yadında saxlayarmış. Digər tərəfdən də Aşıq Ələsgər daim oxumuş, elmli adamlarla ünsiyyətdə olub. Getdiyi yerlərdə həmişə kitab oxutdurar, onlara diqqətlə qulaq asarmış. Deməli, Ələsgər şeirlərini şifahi şəkildə yaradıb, şübhəsiz ki, özü bunları daim yadında saxlayarmış; maraqlıdır ki, ustadın şagirdlərinin çoxu da savadsız olub. Mənim atam da yazı-pozu bilməyib. Şagirdləri də fitri yaddaşlarının köməyi ilə bu şeirləri hafizələrində saxlayarmışlar.
Babamın toplayıb çap etdirdiyim şeirləri onun yaradıcılığının onda biri də deyil. Danışırlar ki, Ələsgər bir məclisə düşəndə dalbadal onlarla şeir deyər və oxuyarmış. O, hədsiz geniş yaradıcılığa malik bir şəxsiyyət olub, aşıq şeirinin bütün şəkillərində nümunələr yaradıb. Əgər o dövrdə bu şeirlərin heç olmasa, yarısı köçürülsəydi, indi biz bu qədər əziyyət çəkməzdik. Təəssüf ki, Aşıq Ələsgərin yaradıcılığının çoxu it-bata düşüb, digər tərəfdən də onun dövründə kitab bağlamaq, yazı-pozu Azərbaycanın özündə də kifayət qədər ənənə idi. Aşıq Ələsgərin bizə yazılı şəkildə bir şeiri belə gəlib çatmayıb. Nə toplamışamsa, onun şagirdlərindən, eləcə də Aşıq Ələsgəri görmüş şəxslərdən eşitmişəm.
Aşıq Ələsgərin yaradıcılığının yazıya alınması keçən əsrin 30-cu illərindən başlayır. İlk dəfə onun şeirlərini həyatdan çox cavan getmiş mərhum folklarçu Hümmət Əlizadə yazıya alıb. O, bu şeirləri bir neçə dəfə çap etdirib. Həmin toplularda Ələsgərin çox şeiri yoxdur. 1937-ci ildə çıxan kitabda olan səhvlər indiki kimi yadımdadır. O zaman mən 4-cü sinifdə oxuyurdum. Atam mənə həmin şeirləri oxutdurdu, sonra başını buladı. Məlum oldu ki, Hümmət Əlizadə həmin dövrün ab-havasına uyğun olaraq Aşıq Ələsgərin şeirlərindəki dini adları, ifadələri dəyişdirməli olub. Sonralar Aşıq Ələsgərin irsi ilə məşğul olmağa girişdim. 1946-cı ildə folklorçu Əhliman Axundov 15 günlük Göyçəyə gəlmişdi. O, müəyyən şeyləri atamdan soruşdu, öyrəndi, yazdı. Sonradan "Aşıq Ələsgərin yaradıcılığı" adlı dissertasiya müdafiə elədi. Həmin dissertasiyada kifayət qədər səhvlər var. Düzdür, Ə.Axundov Ələsgərin irsinin öyrənilməsində xidmətlər göstərib. Ancaq həqiqət həqiqətdir, demək lazımdır. Məsələn, Aşıq Ələsgərin hərfi mənada ailəsinə - qadınına müraciətlə yazdığı şeir əslində birbaşa onun ailəsinə aid deyil. Burada ustad "Qızım, sənə deyirəm, gəlinim, sən eşit" prinsipinə əsaslanıb. Nənəm Aşıq Ələsgərin adına layiq mərifətli, nəcabətli, ləyaqətli bir qadın olub. Şübhəsiz ki, gərək belə məsələlərdə tədqiqatçı çox diqqətli olsun. Aşıq Ələsgər tarixi şəxsiyyətdir. Onu bizdən 200 ildən bir az müddət ayırır. Hər halda onun sağlığında az qala əfsanələşməsi şəxsiyyətinə, yaradıcılığına olan böyük sayğıdan irəli gəlir.
Bu yöndə araşdırmalar aparmışam, real hadisələrə, olmuşlara əsaslananları, digər tərəfdən də rəvayətlərə söykənənləri ayırmışam. Folklarda rəvayətləşdirmək meyli hədsiz güclüdür. Elə rəvayətlər var ki, bunlarda Aşıq Ələsgərin şəxsiyyətinə toxunan məqamlar açıq-aydın sezilir. Hər halda belə uydurma məqamların geniş şəkildə intişar tapmasına imkan vermək olmaz. Ələsgərin doğulub boya-başa çatdığı torpaq əzəli türk məskəni olan Azərbaycandır. Bu gün həmin torpaqlar ermənilərin tapdağı altındadır. Şübhəsiz ki, təbiəti zəngin olan həmin torpaq, yəni dağlı-daşlı, çaylı, əngin səmalı, bulaqlı Göyçə Ələsgərin fitrətinin inkişaf etməsində əvəzsiz rol oynayıb. Yeri gəlmişkən, bir faktı deyim ki, Aşıq Ələsgərin babaları Güney Azərbaycandan gəlmədirlər. Həmişə Ələsgər deyərmiş ki, bizim babalarımız Arazın o tayından gəlib.
Babamın ölümü də çox maraqlı olub. Danışırdılar ki, o, ölümünü əvvəlcədən duyubmuş. Evdəkilərə deyir ki, bəs hazırlıq görün, mən bu yaxında öləcəyəm. Deyirlər ki, nədən öləcəyini bilirsən? Deyir neçə il qabaq qaçqın düşən vaxtı Allaha yalvardım ki, mənə möhlət versin, indi isə dünyadan getməyin vaxtıdır. Şair Məhəmməd məşhur Aşıq Ələsgərin doğma qardaşıdır. O, qədim Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açıb. Şair 1934-cü ildə dediyi "Baxın" rədifli qoşmasında 77 yaşı olduğunu etiraf edib. Bu şeirdən 3 il sonra el sənətkarının həyatla vidalaşdığını nəzərə alsaq, deyə bilərik ki, o, təxminən, 1857-ci ildə anadan olub.
Şair Məhəmmədin atası Alməmməd kişinin 4 oğlu və 2 qızı vardı. Məhəmməd sonbeşik idi. Alməmməd 8 nəfərlik ailəni dolandırmaqda əvvəllər bir qədər çətinlik çəkib, Kəlbəcərin meşələrindən gətirdiyi ağacdan təsərrüfat alətləri (çömçə, qaşıq, çanaq, nəhrə, kürək, şana, boyunduruq və s.) düzəldib satmağa məcbur olub. O, oğlanları böyüyəndən sonra mal-heyvanı artırıb, bir dəyirman tikib, ailənin güzəranını xeyli yaxşılaşdırıb. Alməmməd özü dəyirmanda durur, Ələsgər aşıqlıq edir, Salahla Xəlil əkin-biçinlə məşğul olurdular. Qoyunları otarmaq isə Məhəmmədin öhdəsinə düşmüşdü. Qardaşlar ayrılıb, hərəsi bir ev sahibi olandan sonra da Məhəmməd uzun müddət çobanlıq edib. Bu səbəbdən ona "Çoban Məhəmməd" də deyirdilər.
Məhəmməd
sevib-seçdiyi Sərvinaz adlı bir qızla evlənmişdi. Tale ona 2 qız, 1 oğul bəxş eləmişdi.
Bədbəxtlikdən uşaqların
üçü də
bir ilin içində xəstələnib
öldülər. Bu dərdə
dözə bilməyən
ana da çox
yaşaya bilmədi. Belə bir müsibətdən
qəm dəryasına
qərq olan Məhəmməd daha ailə qurmaq istəmədi; uzun zaman subay qaldı.
Nəhayət, qohum-qardaşın
danlamasından, öyüd-nəsihətindən
sonra Bahar adlı bir qadınla
evləndi. Şair Məhəmmədin bundan sonrakı həyatı da əzab-əziyyətli keçdi. Ermənilərin
1918-ci ildə türklərə
qarşı törətdikləri
qırğınla əlaqədar
Məhəmməd də
Göyçəni tərk
etməyə məcbur
oldu. O, 1917-ci ildə vəfat eləmiş qardaşı Xəlilin 5 nəfərlik ailəsini də öz ailəsi ilə birlikdə Kəlbəcərə
köçürüb 1921-ci ilə qədər orada yaşadı. Məhəmməd qaçqın
olduğu müddətdə
Xəlilin 18 yaşlı
oğlu Nəcəfi
(Aşıq Nəcəfi)
də yanına alaraq xırda alverlə məşğul
oldu.
Ermənistanda Şura
hökuməti qurulandan
sonra bütün göyçəlilər kimi
Məhəmməd də
ailəsini doğma yurda qaytardı. Yoxsul həyat keçirən və bir neçə il yenə alver
etməyə məcbur
olan Məhəmməd
sonra bir dəyirman tikib gəliri ilə ailəsini dolandırmağa
başladı. Az keçmişdi, kolxoz quruluşu meydana çıxdı. Məhəmməd
kolxoza yaxınlaşmaq
istəmədi. 1933-cü ildə
onu məcburən kolxoza yazdılar, minbir əziyyətlə başa gətirdiyi dəyirmanı əlindən
alıb kolxoz mülkiyyətinə çevirdilər,
özünü də
dəyirmandan kənarlaşdırdılar.
Məhəmməd çıxılmaz
vəziyyətdə qaldı.
Kolxoz idarə heyətindən rayon rəhbərliyinə
dəfələrlə etdiyi
şikayət bir nəticə vermədi. Nəhayət, o, çox kasıblığını, dəyirmandan
başqa heç bir dolanışıq vasitəsinin olmadığını,
beş nəfərlik
ailənin ( 3 oğlu vardı) dözülməz
maddi ehtiyac içində yaşadığını
bildirən geniş məzmunlu bir ərizə yazdırıb
Ermənistan Ali Məhkəməsinə
göndərəndə, yuxarıda
adını çəkdiyimiz
"Baxın" rədifli
şeirini də zərfin içinə qoydu. Şeir o vaxtı Ali Məhkəmədə
işləyən azərbaycanlıların
xoşuna gəlmişdi.
Odur ki, dəyirmanı bir mülk kimi Məhəmmədə qaytarmasalar
da, özünü dəyirmançılığa bərpa elədilər. Bundan sonra Məhəmməd
çox ömür sürmədi. O, 1937-ci ilin
yayında dünyasını
dəyişdi. Onu Aşıq Ələsgərin
qəbrinin yanında dəfn elədilər.
Gənc yaşlarından
atası Şair Alməmmədin və qardaşı Aşıq Ələsgərin təsiri
ilə şeir qoşmağa başlayan Məhəmməd istedadlı
bir el şairi kimi püxtələşmişdi.
Onun "çoban"
adı unudulmuşdu. Hamı ona "Şair Məhəmməd"
deyirdi.
Şair Məhəmmədin
ədəbi irsi çox zəngin olub. Lakin yazı-pozu
bilməyən bu el şairinin şeirləri vaxtında qələmə
alınmadığına görə,
böyük bir qismi unudulub. Biz onun 70-dən artıq müxtəlif şəkilli
şeirini və dastanlarını Aşıq
Nəcəf və Aşıq Talıbın hafizəsindən yazıya
almışıq. Şair
Məhəmmədin şeirləri
duzlu-məzəlidir. Hələ
heç bir el şairində rast gəlmədiyimiz qəribə
bir yumor, zarafatla deyilmiş xalq ifadələri onun yaradıcılığı
boyu uzanıb gedir.
Şairin əsərlərindən
tək-tək nümunələr
müxtəlif mətbuat
səhifələrində dərc
edilib.
Şair Məhəmmədin
əlimizdə "Şair
Məhəmmədin Qars
səfəri" (bunu
bəzi aşıqlar
"Şair Məhəmmədlə
Sərvxuraman xanım"
da adlandırırlar),
"Şair Məhəmmədin
Yalanbol səfəri"
və "Şair Məhəmmədin çuxa
əhvalatı" adlı
üç dastanı
var. Sonrakı iki dastan Məhəmmədin qaçqın olduğu zaman və Şura
hökumətinin ilk illərində
keçirdiyi ağır
güzəran, maddi və mənəvi sıxıntılarla əlaqədar
yaradılıb. Ancaq aşıqlarımızın repertuarında
daha çox yer tutan "Şair Məhəmmədin
Qars səfəri"
dastanının əsasında
heç bir real həyat hadisəsi durmur. Bu dastan bütövlükdə şair
xəyalının məhsuludur.
İslam Ələsgərov,
araşdırmaçı,
Aşıq Ələsgərin nəvəsi
Xalq Cəbhəsi.-
2010.- 6 avqust.- S.14.