Türkiyə ədəbiyyatı

 

Onun tarixi keçmişi şifahi xalq ədəbiyyatı ilə bağlıdır

 

I yazı

 

Türkiyə ədəbiyyatının çox qədim tarixi var. Bu ədəbiyyatın tarixi keçmişi şifahi xalq ədəbiyyatı ilə bağlıdır. Həm də Türkiyə ədəbiyyatı dar məhəlli çərçivədə yaranmayıb, böyük bir coğrafi ərazini əhatə edir. Qədim türk xalqlarının yaşadığı ərazilər onun ana vətəni sayılır. Altaydan başlamış Qafqaza, Balkanlara qədər yaşayan türksoylu xalqların yaratdığı böyük ədəbiyyat da ümumtürk mədəniyyətinin sərvəti hesab olunur.

Türkiyə ədəbiyyatının tarixi türk xalqlarının ədəbi yaradıcılığı ilə sıx bağlıdır. Buna görə də belə demək olar ki, ən qədim dövrlərdə yaranmış şifahi ədəbiyyat müştərək ədəbiyyatdır. Tarixi mənbələrdə qədim türk ədəbiyyatının ilk nümunələrinin formalaşması e.ə. I minilliyin əvvəllərinə təsadüf edir. Türkiyə ədəbiyyatında folklor ənənələrindən istifadə olunmaqla yaranan nümunələr Anadoluda yaşayan türklərin yaratdığı milli sərvətdir. Türkiyə folklorunda şifahi yaradıcılıq nümunələrinə keçmiş qədim mifləri, əsatirləri, əfsanə və rəvayətləri, inanclar sistemini, əmək nəğmələrini, mövsüm və mərasim nəğmələrini, kiçik süjetli dastanları və s. misal göstərmək olar. Bu bədii nümunələr də ümumtürk folklorundakı mətnlərin variantı kimi, bəzən də Anadoluya məxsus mətnlər kimi özünü göstərməkdədir. "Ergenekon", "Köç", "Boz qurd" kimi dastanlar ümumtürk səviyyəsində yayılmaqla həm də Anadolu türklərinin tarixi mübarizəsini əks etdirir. Türk mifoloji-bədii düşüncəsinə boz qurd hakimdir. Bu dastanlarda boz qurd qədim türklərin təfəkkürünün məhsulu kimi onların azadlıq uğrunda mübarizəsinin önündə gedir. Türkiyə türklərinin mifoloji ədəbiyyatı boz qurdsuz düşünülmür. Boz qurd türkün hamisidir. Onlar öz soyköklərini boz qurdla bağlayırlar. Müxtəlif dövrlərin türk elmi və bədii ədəbiyyatında da boz qurd kult səviyyəsində qiymətləndirilib.

Türkiyə ərazisində yaşayan qədim oğuz türklərinin dini inanclarında təkallahlılığa meyl güclü olub. Onlar Göytanrıya sitayiş ediblər. Bu inam onların ədəbiyyatında da özünü göstərib. Türkiyə şifahi xalq ədəbiyyatı ənənəvi yolla nəsildən-nəsilə ötürülüb. Bu ədəbiyyatın xeyli hissəsi unudulduğundan onun yaşını hesablamaq çətindir. Tarixdən əvvəlki dövrdə prototürklərin bədii yaradıcılığı varislik ənənəsi yolu ilə şifahi ədəbiyyat və əski əlyazmalarda bugünkü türk xalqına çatdırılıb.

 

Türkiyə türklərinin şifahi poeziyası

 

Şərqdə şifahi və yazılı ədəbiyyatın yaşı minillərlə hesablandığı halda Türkiyə ədəbiyyatı cavan hesab olunur. Türk oğuz tayfalarının Kiçik Asiyaya gəlişindən sonra (XI - XIII əsrlər) türk ədəbiyyatı və poeziyası bu ərazilərdə formalaşmağa başlayıb. Bizans imperiyasının süqutundan sonra Türkiyədə həm dövlətçilik, həm də ədəbi fəaliyyət güclənməyə başlayıb. XIII əsrdə Osmanlı dövlətinin yaranmasından sonra türk mədəniyyəti şifahi ənənə üzərində ucalıb. Oğuzların Mərkəzi Asiyadan Kiçik Asiyaya gəlişindən sonra özləri ilə gətirdikləri şifahi bədii yaradıcılıq da inkişaf etməyə başlayıb. Türkiyə ədəbiyyatı qonşu İran, Azərbaycan, özbək ədəbiyyatları ilə bir sırada yayılıb. Türkiyədə şifahi və yazılı ədəbiyyatın toplanması və öyrənilməsi işinə hələ orta əsrlərdə başlanılıb. Bu ədəbiyyatlar təzkirə formasında olub.

Kiçik Asiya türklərinin şifahi poeziyası və dastançılıq ənənəsi Oğuz hekayətlərindən gəlir. Türk tayfalarının erkən şifahi yaradıcılığını öyrənmək üçün M.Kaşğarlının "Divani lüğət-üt-türk" əsəri başlıca rol oynayır. O, ensiklopedik biliyə malik şəxs olub. Mahmud Kaşğarlının astronomiya sahəsində də çalışmaları var. O, ilk dəfə olaraq türk dillərində ulduz bürclərinin adları əsasında illərin dövri adını (siçan, öküz, bəbir, timsah, ilan, at, qoyun, meymun, toyuq, it, donuz) verib. Türklərin nəğmə repertuarı qəhrəmanlıq nəğmələri, elçilik nəğmələri, əmək nəğmələri, məişət nəğmələri, sənət-peşə nəğmələri, oyun nəğmələri, mövsüm-mərasim nəğmələridir ki, türk ədəbiyyatında, eləcə də Azərbaycan ədəbiyyatında bu nəğmələrin bəziləri boy adlanır. Belə nəğmələrin ən bariz nümunəsini "Kitabi-Dədə Qorqud" dastanında görürük. Belə nəğmələr ümumi Oğuz ellərinə aid olduğundan "Oğuznamə" də adlanır. "Oğuznamə"lərin ən birinci əsəri əlimizdə olan ilk nümunə kimi "Oğuz Kağan" dastanıdır.

 

Sufi ədəbiyyatı

 

Sufizm türk ədəbiyyatında çox qədim zamanlardan özünə yer edib, bütövlükdə türk dünyasını əhatə edib. Sufizm İslamın qəbul edilməsi ilə əlaqədar olaraq Xorasan və Mavərənnəhrə qədər geniş ərazilərə yayılıb. Türküstan ərazisində müsəlmanlığın yayılmasında təsəvvüfi ideyaların rolu böyük olub. Sufi dərviş və şairlər yeni ideya və fikirlərlə türk xalqlarının rəğbətini qazanırlar. Türklər onlara "ata", "baba", "dədə", "xoca" və s. adlar verirlər. Bu təsəvvüfü öyrədən dərvişlər xüsusilə Fərqanə, Buxara, Daşkənd, Kaşkar, Səmərqənd kimi mədəniyyət mərkəzlərində yetişiblər. Bunların arasında Arslan Baba, Qorqud Ata, Çoban Ata kimi xalq arasında böyük hörmət sahibi olan müqəddəsləşdirilmiş övliyalar da var. Türk xalqlarının həyatındakı sufi ideyalarından və sufi şairlərdən danışmaq üçün əvvəlcə təsəvvüfün nə olduğunu bilmək lazımdır. İslam Şərqində orta əsrlərə aid bədii söz sərvətinin mühüm bir qolunu təriqət ədəbiyyatı təşkil edir. Ümumiyyətlə, təriqət ədəbiyyatı bu dövrün bədii-fəlsəfi düşüncəsində, dini-ədəbi məfkurəsində o qədər önəmli yer tutur ki, bütün orta əsrlər müsəlman aləminin söz sənətini və bədii sərvətini təriqət ədəbiyyatı olmadan təsəvvür etmək mümkün deyil. Bu tipdə yazılan əsərlərin həm kəmiyyəti, həm də keyfiyyəti o dərəcədə diqqətəlayiqdir ki, bunsuz İslam Şərqi yoxsul və ən dadlı meyvələrini itirmiş bağa bənzəyərdi. Təriqət ədəbiyyatında iki cərəyan vardı: sufizm (təsəvvüf) və hürufizm.

Təriqət əhlinin, sufilərin və irfan sahiblərinin yığışdığı, ilahi bilik aldığı, ilahi hikmət və Allah sevgisini öyrənib anladığı məkan təkkələrdir. Bunlara zaviyə və ya xanəgah, təriqət əhlinin ifadələri ilə isə meyxana deyilir. Sufizm şəriətin əmr və qadağalarını yumşaltmağa, Allaha sevgiylə qovuşmağa yönələn bir sistem olub, müsəlman xalqların ədəbiyyatlarında dərin izlər buraxıb. Sufizm və ya təsəvvüf mahiyyət etibarilə eyni mənanı ifadə edən anlayışlardır. Eyni inanc sistemini adlandırmaq üçün bu anlayışların hər ikisindən istifadə olunur. Sufizm orta əsrlərdə islam aləmində geniş yayılmış dini, fəlsəfi, mistik, mənəvi-əxlaqi düşüncələr və davranış qaydalarıdır. Bütün bunlar bir sistem təşkil edir. Bu terminlərin mənası və mənşəyi barədə müxtəlif mülahizələr söylənilir.

1. Ən çox üstündə dayanılan fikrə görə, "sufi" sözü ərəbcə "yun" və ya "qaba yundan hazırlanmış parça" mənasını verən "sof" ("suf") sözündən yaranıb. Bu deyilənləri deyənlərə isə sufi deyirlər.

2. Məhəmməd Peyğəmbərin zamanında onun məscidində yaşayan, vaxtını ibadətlə keçirən səhabəyə "Əshabi-Suffa", ya da "Əhli-Suffa" deyilirdi. Bu sufilər özlərini dünya nemətlərindən məhrum etmişdilər.

3. Könül təmizliyinə malik olduqları üçün təsəvvüf əhlinə sufi deyilirdi.

4. Sufi sözü yunanca "sofiya" sözündən götürülüb "düşüncə", "hikmət" mənasını ifadə edir.

Təsəvvüfdə varlıq və yaradılış sisteminə nəzər salaq. Təsəvvüfdə vahid dini anlayışa görə varlıq ilahi və maddi olmaqla 2 yerə ayrılır. İlahi və maddi olmaqla ayrılan bu varlıqların hər birinin təsəvvüfdə xüsusi yeri var. İlahi varlığa vacib aləm, qeyb aləmi, mələklər aləmi, maddi varlığa isə mümkün aləm, şəhadət aləmi, mülk aləmi də deyilir. Allahın ad və sifətləri qeyb aləmində, bütün ruhlar və s. isə Cəbərut və Mələkut aləmində yerləşir. Sonuncu aləm isə maddi dünyadır. Təsəvvüfdə yaradılış nizamı belədir: Allah - Söz - külli-əql - külli-nəfs - maddi varlıq (və insan). Allah mütləqdir. Allah söz (əmr) deyib və öz hökmünü söz kimi əks etdirib. Həmin əmrdən sonra yaranan ilkin xilqət məhz əqli-külldür. Bu zaman Məhəmməd peyğəmbərin nuru nəzərdə tutulur. Allahdan sonrakı həqiqətdir. Bundan sonra külli-nəfs, yəni itmiş göylər səltənəti, kainatdakı başqa mövcudluqlar, 4 ünsür və bunlardan ibarət Yer kürəsi yaradılır. Bunlar da 3 şeyin - cansız varlıqların, bitkilərin və heyvanların qərarlaşmasından yeni bir sistem yarandı. Bu sistemin öz fəlsəfəsi vardı. Həmin fəlsəfə vəhdəti-vücud adlanır. Bu fəlsəfənin yaradıcısı XII-XIII əsrlərdə İspaniyada yaşamış və "Şeyxi-əkbər" ("Böyük şeyx") ləqəbi ilə tanınan Mühyəddin ibn əl-Ərəbidir. Bu nəzəriyyəyə görə maddi və mənəvi gerçəkliyi özündə ehtiva edən tək bir varlıq var.       

 

 

Ramil Əliyev,

filologiya elmlər doktoru

 

Xalq cəbhəsi.- 2010.- 11 avqust.- S. 14.