Əbədiyyətə doğru yürüş

 

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun əziz xatirəsinə

 

"Canım Atam və anam. Məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. ...Vətənin dar günündə ürəyim dözmür. ...Şəhid olsam ağlamayın, əksinə sevinin ki, bu mərtəbəyə yüksəldim. Allah böyükdü! Vətən sağ olsun!"

(Mübariz İbrahimovun valideyinlərinə yazdığı son məktubundan)

Az qala hər gün Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı, igidliyi haqqında yazmaq istəsəm də qəzetləri vərəqlədikdən, internet səhifələrini gözdən keçirdikdən sonra fikrimdən daşınırdım. İstedadlarına sayğı duyduğum həmkarlarım, dostlarım Mübarizin qəhrəmanlığı ilə bağlı könlümdən keçənləri məndən öncə qələmə alırdılar. Yazmaq istədiklərimi dostlarımın yazılarından oxuyurdum... və bəzən bu mövzuya toxunmağın gec, bəzən isə tez olduğunu düşünürdüm.

Amma Mübarizin valideyinlərinə yazdığı sonuncu məktubunu oxuduqdan sonra bu böyük Azərbaycan Oğlu haqqında qəlbimə və düşüncəmə əsir edə bilmədiyim bütün duyğularımı, fikirlərimi bahar çiçəkləri kimi kağız üzərinə səpələmək istədim.

Bacardığım qədər...

 

...Ölümünə doğru gedirdi!

Addım-addım...

Səngərlər üzərindən...

Damarlarında qaynayan

Şəhid qanının

Çəkdiyi səsə doğru

Qisas üçün,

Şəhadət üçün gedirdi...

Silahını

Ömür boyu həsrət çəkdiyi,

Yolunu gözlədiyi

İlkson sevdası kimi

Bağrına basıb

Gedirdi...

Ölümə,

Düşmənə,

Məğlubiyyət acısına,

Bir dünya haqsızlığa,

Zülmə,

İstibdada

Qalib gəlmək üçün...

 

Gedirdi...

gözlərində alov saçan intiqam,

Gedirdi...

Damarında fatehlərin qüdrəti.

Gedirdi...

Hədəfində düşməndən öc, qana qan!

Gedirdi...

Sinəsində bir millətin nifrəti

Ayağını düşmənin köksünə bas, deyirdi!

Vətən "Öc al!" deyirdi,

Vətən "Qisas!" deyirdi.

 

Gedirdi...

Addımına "can" deyirdi Qarabağ!

Qəhrəman igidinə baş əyirdi çiçəklər.

Ayağının səsindən vəcdə gəlirdi torpaq,

Şəhidlərin diliylə danışırdı küləklər

Yurduna göz dikənin qəbrini qaz, deyirdi

Vətən "Öc al!" deyirdi,

Vətən "Qisas!" deyirdi.

 

...Yolunu gözləyirdi Qarabağ. Addımlarının hənirtisini Şuşada dərddən, kimsəsizlikdən ikiqat olmuş xarı bülbüllər duymuşdular. Başlarını qaldırıb ümidlə yollara baxırdılar... Babaların qəribsəmiş ruhları güllələnmiş məzar daşlarının içindən keçərək işıq kimi süzülürdü yollarına,

 

"Gəl igidim, gəl", - deyirdi -

"Bu həsrətin belini qır.

Ruhumuza divan tutan

Sərhədlərin telini qır.

 

Az alışıb yan içində,

Od tutacaq can içində...

Xocalını qan içində

Boğanların əlini qır".

 

Dağlar, dərələr, güllər-çiçəklər, hətta viran qalmış evlər, xiffətdən əyilmiş məzar daşları belə Onun yolunu gözləyirdilər.

...Birdən səngərdən bir addım aralıda erməni tapdağından zorla qurtulan qan-qırmızı ləçəkləri "Qisas", -deyə haray çəkən bir çiçək dəydi gözünə. Əyilib qoxladı! 20 illik həsrəti bir udum hava kimi çəkdi sinəsinə... Yerdən bir ovuc torpaq götürüb barmaqları arasında möhkəmcə sıxdı. Sonra bir ovuc Vətən torpağına bələdiyi silahının qundağını sinəsinə basıb ildırım sürətilə qaranlıqları yarmağa doğru, əbədiyyətə doğru yürüdü...               

 

 

Elçin Mirzəbəyli

 

Xalq cəbhəsi.- 2010.- 11 avqust.- S. 3.