Etnotoponomik
abidə
Qazax etnotoponiminin kökündə digər türk
tayfalarıyla yanaşı, "xəzər
möhürü"nün də dayandığını
etiraf etmək lazımdır
"Qazax"
söz-adının mənşəyinə dair
araşdırmalarda müxtəlif məzmunlu fikir və
mülahizələr geniş yer tutur.
Azərbaycanda, Qazaxıstanda, Rusiyada bi
çox görkəmli araşdırıcı alimlər bu
sözün açımıyla bağlı həm bir-birinin
üstünə düşən, həm də bir-birindən
fərqli ideyalar irəli sürüblər. Azərbaycan
türklərinin soykökünün yorulmaz tədqiqatçısı
Mirəli Seyidovun "Azərbaycan" jurnalının 1981-ci
il tarixli II sayında və "Azərbaycan xalqının
soykökünü düşünərkən" adlı əsərində
(1989. s.90-118) "Qazax" söz-adıyla bağlı elmi- nəzəri
cəhətdən tutumlu araşdırması bu sahədə
atılan mühüm addım kimi diqqəti cəlb edir. Mirəli
Seyidov "Qazax" sözünün açımından bəhs
edən təxminən yüzdən artıq mənbədən
yararlanaraq edərək fikrini aşağıdakı kimi
ümumiləşdirir: "Qazax sözü 200 ildən
çoxdur ki, araşdırıcıların diqqətindən
yayınmır. Hə üçün bu
müddətdə "Qazax" söz-adı
araşdırıcılara təslim olmamışdır?
Bunun deyəsən, bir səbəbi vardır.
Araşdırıcılar söz-adın ilkin mənasında
deyil, bizcə, onun sonradan qazandığı mənalara əhəmiyyət
vermişlər" (s.90). Yəni bu sözün sonradan
qazılmış "elindən ayrı
düşmüş", "sərgərdan gəzən",
"ucalıq", "sərhəd gözətçisi",
"dəli atlı", "azad adam", "tabe
olmayan", "yüksəklik" və s. mənaları
"Qazax" sözünün ilkin, həqiqi mənasını
çox mürəkkəb bir məcraya yönəldib. Mirəli
Seyidov bu sözün Qazax xalqı, Don kazakları
ilə oxşar adlılıq ilgisindən yan keçməyin
mümkünsüz olduğuna diqqəti çəkib. O, XVIII
əsr rus tədqiqatçıları N.Georgi, Y.O.Rozner,
İ.V. Zasedelova və başqalarının "Don
kazaklarının rus və tatar qarışığı
görünüşləri var" kimi mülahizələrindən,
rus knyazlarının poloveslər adlanan qıpçaqları
hərbi yürüşlər zamanı icarəyə
götürdükləri (s.100) haqqında tarixi həqiqətlərdən
bəhs edib. Mirəli Seyidov akademik Ziya Bünyadovun "Azərbaycan
VII-IX əsrlərdə" əsərindəki "ərəb
müəllifi Əl Kufiyə görə, (IX əsr) 731/732-ci
ildə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd
hərbi qərargahını Kasalda (Kazaxda) yerləşdirdi.
O, Kasaldan Daryal keçidi vasitəsilə xəzərlərin
diyarına hücuma keçirdi" (s.110) kimi məlumata da
diqqət yetirir. Əl Kufini məlumatı,
Qazaxın tarixini 732-ci ildən hesab etmək cəhdi sonradan
yanlış fikirlərin meydana gəlməsinə səbəb
olub. Qazaxların və xəzərlərin etnik mənsubiyyəti
nəzərə alınmayıb. Ərəblərin Kasalı
(Qazaxı) işğal etdikləri tarix Qazaxın yaranması
tarixi kimi qeyd edilib.
2007-ci ildə nəşr olunmuş "Azərbaycan
toponimlərinin ensiklopedik lüğəti"ndə deyilir:
"Qazax VII əsrdə meydana gəlmişdir. Bu toponim
özündə qıpçaq mənşəli Qazax etnik
birliyinin adını əks etdirir. Qazaxlar buranın qədim
sakinləridir. Ancaq qıpçaqların müəyyən
hissəsi buraya sonralar da gəlmişdir" (s.45). Lüğətdə
"Qazax" sözünün ilkin mənasının etnonimlə
bağlı olduğunun göstərilməsi məqsədəuyğundur.
"Qazax VII əsrdə meydana gəlmişdir" fikri isə
ərəblərin Qazaxda hərbi qərargah qurması
haqqında tarixi məlumatın təkrarıdır.
Qazaxların birmənalı şəkildə qıpçaq
etnik birliyinə daxil edilməsi mülahizəsində də
mübahisə doğuracaq məqamlar vardır. Ona görə
də tarixi-etnoqrafik mənbələrdə "Qazax"
söz-adı ilə bağlı fikirlərə müraciət
etməyi lazım bildik. Məlum olduğu kimi, bu sözün
tərkibcə, kas/kaz, kas/xaz birləşmələrindən əmələ
gəldiyini Azərbaycan alimləri ilə yanaşı, digərləri
də təsdiqləyiblər. Qazaxıstan alimlərindən
A.Əbdülrəhmanov "Qazax" sözünün kas/sak
etnonimlərinin birləşməsindən əmələ gəldiyini
və xalq adını ifadə etdiyini əsaslandırmağa
diqqət yetirib. "Qazax" toponiminin etnodilçilik
mövqeyindən tədqiqi bu sözün həqiqi mənşəyini
öyrənməkdə başlıca amil olduğunu
özünü göstərməkdədir.
Görkəmli
dilçi Ə.Dəmirçizadə "Kaspi"
etnotoponimindən bəhs edərkən göstərir ki, bu
söz tayfa adını əks etdirir. Alim daha irəli gedərək
Xəzər adı ilə Kaspi adı ilə eynilik olduğunu
bildirir: "Kaspilər və xəzərlər, kalar və
kas/xaz-lar eyni tayfadır. Bu adlardakı "pi",
"ar" şəkilçiləri cəmlik bildirir"
(Ön söz. 1968. s.29-30). Buradan aydın olur
ki, Xəzər dənizinin dərinliyində tükənməz
sərvətlər mövcud olduğu kimi, xəzərlər
də Azərbaycan türklərinin təşəkkülündə
fəal iştirak etmiş türk etnoslarından biridir. Əsrlərin
dolanbaclarında itib-batmaq zorunda qalan xəzər tayfa
birliyinin izlərini bu gün Bütöv Azərbaycanda daha
çox rast gəlmək mümkündür. Belə izlərdən
biri də "Qazax" söz-adı ilə
bağlıdır.
Tarixçi
Rəşid İsmayılov 1923-cü ildə nəşr
edilmiş "Azərbaycan tarixi" əsərində
yazır: "Xəzər tayfasının əxlafı olan
Qazax...türkləri Qafqaz dağlarının cənub vadilərində
yurd salmışdılar" (s.17). Türkiyəli
alim M.F.Lırzıoğlu Qazax və Borçalıdan bəhs
edərkən göstərir ki, bu iki xalq Kuman-Xəzər
uruğundan sayılırlar. Ərəb tarixçisi İbn
Xordadbeh IX əsrdə "Arran, Sizran, Əs- Sisakan vilayətlərini
"Xəzərlər ölkəsi" kimi tanıdıqlarını
qeyd edib ("Azərbaycan VII-IX əsrlərdə", s.173). Eradan
əvvəl 331-ci ildə İsgəndərin Daranın
ordusunu Qavqameldə döyüşündə məğlub
etməsindən bəhs edən mənbədə Cənubi Azərbaycanın
skif (isgid), sakasin və Kaspiana (Xəzər) torpaqları
haqqında məlumat verilir. Tarixçi Herodotun
yazdığına görə, eradan əvvəl IX-VII əsrlərdə
isgid tayfalarının güclü dalğası olan saklar qədim
Qafqazın, Azərbaycan ərazisinin sakinləri idilər
(Herodot. İstoriya. "Nauka".L.1972,
s.75).
Tədqiqatçı müəllim Ayaz Əhmədov
yazır ki, Ön Asiyada, Urmiya ətrafında
yaşadıqları dövrdə subi (sabir), suvar adıyla
tanınan tayfalar Midiya dövründə sak (şişpapaq
sak) adlanan kaspilər (xəzərlər) Şimali Qafqaza və
Orta Asiyaya köçməmişdən əvvəl Cənubi
Qafqazda və Cənubi Azərbaycanda məskunlaşmışlar
("Azərbaycan müəllimi", 2003, 22-28 avqust). 1728-ci
ildə tərtib edilmiş "Dəftəri müfəssəli
əyaləti Tiflis"də Qazaxın dörd nahiyəyə:
"İncu", "Ağstav", "Türk" və
"Suvar" nahiyyələrinə bölündüyü
qeyd olunub. Deməli, Suvar (sabir) etnonimi XVIII əsrə qədər
öz varlığını hifz etmiş və tariximizin təkzibedilməz
şahidinə çevrilib. Bu şahidlik sak etnoniminin Qazax
söz-adı ilə əlaqəsi haqqında ehtimalları
gücləndirir.
Tarixi mənbələrdə eradan eradan əvvəl
sak, skif (isgid), işğuz (oğuz), hun, xəzər, kaspi,
qıpçaq, nəhayət, poloves adlanan türk tayfaları
müxtəlif adlar danışasalar da bir-birilə
qırılmaz tellərlə bağlı oub, bir vəhdət
təşkil ediblər. Bu tayfalarla bağlı
araşdırmaları nəzərdən keçirdikdə
olduqca düşündürücü faktlar diqqəti cəlb
edir.
Görkəmli
etnoqraf Qiyasəddin Qeybullayev yazır: "Saklar (skif tayfaları)
miladdan qabaq VII əsrdə Cənubi Qafqazda çarlıq
yaratmışlar. Çarlığın mərkəzi indiki
Gəncə bölgəsini əhatə edən Sakasena idi.
Bibliyada Sakasena Aşkenaz (işquz-oğuz-Ə.F) adı ilə
qeyd olunmuşdur (Azərbaycan türklərinin təşəkkülü
tarixi,1994.c.160).
Türklük, milli kimlik
düşüncəsinin öndərlərindən olan
O.Süleymenovun "Az-Ya"(1975) əsərində
şumer-türk dilləri arasında ilişgilərin ortaya
çıxarılması etnodilçilik tarixində yeni mərhələnin
başlanğıcı kimi türkologiyada sonsuz canlanmaya səbəb
olub. İkiçayarası (Dəclə və Fərat) ərazidə Mesopotomiyada meydana gələn Şumer-türk dil və
adət-ənənə ilişgiləri türk
tayfalarının Altaylardan köç etməsi haqqında
Avropa, rus, fars və başqa tarixçilərin üç əsrə
yaxın bir müddətdə kök salmış "nəzəriyyələrini"
kökündən sarsıdıb. Nəticədə
"Eradan əvvəl Azərbaycanda, bütövlükdə
Ön Asiyada konkret soy adından asılı olmayaraq türklərin
məskun olması artıq heç bir şübhə
doğurmur" (A.Məmmədov "Oğuz səltənəti".
1992.s.151) fikrinin doğulmasına zəmin yaradıb.
Antropoloq
alim Kərəm Məmmədov tədqiqat nəticəsində
müəyyənləşdirib ki, Azərbaycan bütün
türklər üçün filtrasiya məkanı olub:
"Türk irqi dünyaya Azərbaycandan yayılıb. Sibirin
dərinliklərinə qədər gedib çatıb". Alim fikrini Azərbaycan dilində tələffüz
zamanı "y" səsindən daha çox istifadə
edilməsini qıpçaq deyimi, sözlərin sonunda "gəleyəm",
gedeyəm" deyilməsini bulqar, "gələcəyəm",
"gedəcəyim"i isə oğuz tələffüzü
kimi səciyyələndirir ("Xural" qəzeti, 2007-ci
il, 21-27 avqust). Göstərilən mənbələr
Qazax etnotoponiminin mənşəyinin araşdırılmasında
ümumtürk tarixinə istinad edilməsinin başlıca
amil olduğunu ortaya qoyur.
Vaxtıyla
pantürkist xofunun təsiri altında Qazax etnotoponiminin,
türklük tarixini, etnolinqvistika həqiqətini nəzərə
almadan tədqiq olunması bir sıra subyektiv mülahizələrin
meydana gəlməsilə nəticələnib. "Azərbaycanın
coğrafi adlar" (1972. s.67) kitabında deyilir: "Qazax-xalq
adıdır. Qazaxlılar Azərbaycana XI əsrdə
köçmüşlər. Gürcüstana etdikləri hərbi
xidmətə görə onlar Qazax mahalında (qəzasında)
yerləşdirilmişlər". Sovet
tarixşünaslığının Azərbaycan xalqına qərəzli
münasibəti tam çılpaqlığıyla bu cümlələrdə
öz əksini tapır. Digər elm sahələrində də
buna bənzər, yanlış, milli dövlətçiliyimizə,
mənəviyyatımıza yadlığı ilə
seçilən mülahizərələ rast gəlmək
olur. Gürcü çarı II Georginin XI əsrdə
Qazaxları Şimali Qafqazdan dəvət edərək Şərqi
Gürcüstanda yerləşdirməsi haqqında fikir də
həqiqətə uyğun deyildir.
Tarixçi-qorqudşünas alim
Hüseynqulu Məmmədov "Dədəm Qorqud keçən
yerdi bu yerlər" ("Azərbaycan" jurnalı, 1990, 2-ci
sayı. s.162-174) əsərində polyak alimi İ. Şopenə
əsaslanaraq qeyd olunan fikirləri təkzib edir. İ.Şopen
göstərib ki, II Georgi ona yaxından kömək etdiklərinə
görə Şimali Qafqazdan deyil, Qazax əyalətindən
1451 ailənin Gürcüstanda yerləşdirilməsinə
nail olub. İ.Şopen 480 Qarapapaq, 98 Qafarlı, 12
Qarabağlı, 12 Əli Şərurlu və s. adlı ailəni
Qərbi Gürcüstana dəvət edildiyini də yazıb. Beləliklə, tarixi-etnoqrafik və dilçilik elmlərinə
dair mənbələrə əsaslanaraq zamanın müxtəlif
dönəmlərində boy verib, parlamış eyni
köklü türk tayfalarının etnik-genetik varisi olan
qıçaq-oğuz mənşəli qazaxların ərəb
işğalından minillər qabaq Cənubi Qafqazın daimi
sakinləri olduqlarına şübhə yeri qalmayıb.
Azərbaycan dilinin dialekt və şivələrində,
folklor örnəklərində oğuz-qıpçaq
tayfalarının dil xüsusiyyətləri üst-üstə
düşdüyü üçün türkoloqlar Tofiq
Hacıyev və Kamil Vəliyev "Azərbaycan dil tarixi"
(1983.s.36) əsərində "oğuz-qıpçaq dilləri"
ifadəsini işlətməyi lazım bilməyib,
"oğuz-qıpçaq dili" ifadəsini daha
düzgün sayıblar. Bu mülahizə və
aşağıda qeyd edəcəyimiz digər mənbələr
"Azərbaycan toponimləri ensiklopedik lüğəti"ndə
işlənən "qıpçaq mənşəli Qazax
etnik birliyi" ifadəsinin özünü tam şəkildə
doğrultmadığını göstərir. Çünki
50 milyonluq Azərbaycan türkü kimi Aran və
Dağlıq Qazax da eyni soylu, eyni köklü türk
tayfalarının daimi və əzəli məskəni olub.
Tarixşünaslıqda
türk tayfa birlikləri birinci minilliyə qədər daha
çox hun adı ilə tanınıblar. Romalı Yevseniy
İveroni IV əsrdə şahidi olduğu bir hadisə
haqqında yazır ki, "bütün Şərq, Qafqaz
hunların hücumundan dəhşətə gəldi. Onlar İsgəndər bəndini aşaraq sasaniləri
və bizansları öz təsirləri altına aldılar,
Sonra Suriyanı, Misiri, Finikiyanı, Fələstini
çalıb-çapıb Dərbənddən keçərək
yenidən Abşerona, öz yerlərinə, Xəzər sahillərinə
gəldilər (S.Kazımova, III-VIII əsrlərdə Azərbaycanın etnomədəni və sosial iqtisadi tarixi,
rus dilində, B. 1993, s.45). Bu tarixi məlumat Azərbaycanın
hun, qıpçaq, xəzərlərin və başqa türk
tayfalarının məskəni olduğunu bir daha təsdiqləməkdədir.
Eyni zamanda "xəzər" sözünün
"Kazar" şəklində ifadə edildiyi və
"kassar" kimi tələffüz olunduğuna dair bilgilər
də məlumdur. Belə mülahizələr Qazax
sözünün mənşəcə daha qədim köklərə
malik olduğunu göstərir.
Xəzər
dənizinin Quzğun dənizi adı ilə məlum
olduğun da tarixşünaslıqda qeyd olunub. Bu sözün
ilk mənasının etimoloji cəhətdən quz-qun tərkibindən
ibarət olduğu (quz-oğuz, qun-hun) diqqəti cəlb edir. Ə.Dəmirçizadə
və şərqşünas V.V.Bartold qaz/kas hissəciklərini
nəzərdə tutaraq Qafqaz etnotoponiminin də türk mənşəli
olduğu fikrini irəli sürüblər. Beləliklə,
quz/qun, qaz/kas, kas/xaz-ın eyni sözün fonetik
parçaları olduğu ideyası özünü daha
çox doğruldur. Bu toponim hissəsiciklərinin özəyində
isə "oğuz" etnonimi dayanır. Deməli,
ən qədim türk etnosu oğuz digər tayfaların
yaranmasında ulu başlanğıc olub (bax.T.Hacıyev...Azərbaycan
dilinin tarixi.1983, s. 27).
Buradan
aydın olur ki, türk tayfaları Azərbaycanda bir vəhdət
təşkil ediblər. Odur ki, yalnız qıpçaq, yaxud
yalnız oğuz mənşəli türklərdən şərti
mənada söhbət açmaq mümkün ola bilər. Buna
görə də Azərbaycan türklərinin təşəkkülündə
islamaqədərki dövrdə əsas rol oynayan
hun-qıpçaq tayfa birlikləri kimi, islamı ilk dəfə
qəbul etmiş oğuz tayfaları da bizim üçün
ulu əcdad olaraq, qürur mənbəyidir. Birinci
minillikdə Şimali Azərbaycanda xristianlığın
yayılmasına qarşı ciddi müqafimət göstərən,
əslində buna imkan verməyən, sasanilərin
farslaşdırma siyasətini puça çıxaran Ön
Asiyada, Qafqazlarda türklüyün himayəçisi rolunu
davamlı olaraq yerinə yetirmiş hun-qıpçaq, hun-oğuz
xəzərlər (kasinlər) də ulu əcdad kultunu
yerinə yetiriblər. Tarix boyu Daryal və Dərbənd
keçidləri Qafqazın Şimalı ilə Cənubunu
birləşdirən ümid körpüləri rolunu
oynayıb. Şimali və Cənubi Azərbaycan türkləri
ilə eyni soydan olan xəzərlər ərəb
işğalına qarşı əsrlərlə müharibələr
aparıb, özlərinin türk varlıqlarını
şərəflə qoruyublar. Onlar 730/31-ci illərdə ərəblərə
qarşı 300 minlik qoşun çıxarıb, onları
Diyarbəkrə, Mosula qədər təqib ediblər.
Professor
Nizami Cəfərov Azərbaycanda məskunlaşmış
savir, bulqar, xəzər türklərindən bəhs edərkən
yazır: "Görünür, IX əsrdəki məşhur
Babək hərəkatında həmin türklər də bu və
ya digər dərəcədə rol oynamışlar" (Azərbaycanşünaslığın
əsasları, s.101, B.2002). Döyüşkən, mərd və
qürurlu xəzərlər min ildən artıq bir dövrdə
rusları Volqanın aşağılarına, Qara dəniz və
Xəzər dənizi arasındakı torpaqlara buraxmayıblar.
Bununla da türk-islam dünyasına əvəzsiz xidmət
göstəriblər. Xəzər padşahı Yusifin bir məktubunda
deyilir ki, "mən rusları gəmilərə minib
İsmayıl övladının üstünə getməyə
qoymuram...Mən onlarla müharibə edirəm. Əgər mən
onları bir saat (rahat) buraxsam, onlar bütün İsmayıl
övladını Bağdada qədər məhv edərlər
(Z.Bünyadov "Azərbaycan VII-IX əsrlərdə",s.113).
Ziya Bünyadovun xəzərlər haqqında verdiyi bu məlumat
xəzərlərə yeni münasibətin
başlanğıcı kimi qəbul edilə bilər.
Son
dövrdə ulu əcdadlarımız haqqında həqiqətlərin
olduğu kimi təqdim edilməsinə meyl özünü
daha çox büruzə verir. Tədqiqatçı Nizami Məmmədovun
serb yazıçısı Milorad Raviçin XX əsrin 80-ci
illərində yazdığı "Xəzər
sözlüyü" romanına dair mülahizəoləri bu
münasibətin bariz ifadəsi kimi diqqəti cəlb edir.
Milorad Raviçin möhtəşəm əsərində bəşər
tarixində mühüm rol oynamış və tarix səhnəsində
unudulmaqda olan xəzər türklərinə dərin məhəbbət
və sayğısını ifadə edib. Müəllifə
görə, roman lüğət (sözlük) deyil və bədii-puğlisistik
məzmun da daşımır. Roman əslində tarixi mənbələrə
əsaslanan mühüm sənəddir. Nizami Məmmədov
yazır: "Milorad Raviçin özünün və digər
xalqların nəslində xəzər möhürü
axtarır və sən də bundan qürur duyursan. Bir sözlə,
Milorad Raviç "Xəzər sözlüyü"
romanı ilə sanki türk unutqanlığına ciddi
eyhamlar vurur" ("Azərbaycan" jurnalı, 2006-cı
il, 8-ci sayı. s.161). Bu fikir bizi tarixi keçmişimiz
haqqında diqqətli olmağa, onu yenidən daha dərindən
öyrənməyə səsləyir.
Qazax
etnotoponiminin həqiqi mənşəyinin kökündə
digər türk tayfalarıyla bərabər, xəzər
möhürünün də mövcud olduğunu etiraf etmək
lazımdır. Avropalı serb oğlu Milorad
Raviç öz nəslinin kökündə "xəzər
möhürü" axtarırsa, Azərbaycan türklərinin
təşəkkülündə "Türk
tayfalarının oğuz-qıpçaq qrupuna mənsub
olan" (Azərbaycan tarixi 1994. s.247) xəzərlərin də
iştirak etdiyindən qürur hissiylə
danışmaqdan nəyə görə çəkinməliyik?
Qırmızı imperiya dövründə
bolşevik-daşnak ideologiyasının keşiyində
dayanan, xristianlığa xidmət edən Azərbaycan
tarixşünaslığında saxta və zərərli
"nəzəriyyələr", "konsepsiyalar" toxuyan
bəzi qeyri-milli tarixçilərə "Xəzər
sözlüyü" romanı, zənnimcə, ən
tutarlı cavab kimi qiymətləndirilə bilər. Bu
möhtəşəm əsər türk kimliyimizin etnomədəni
səviyyəsinin daha dərindən dərk olunmasına
mühüm töhfələrdən biridir. Türk irqinin Azərbaycandan
dünyaya yayıldığı haqqında həqiqəti bir
daha təsdiqləyən tarixi-publisistik mənbədir. Məhz
belə mənbələr Qazax etnotoponiminin mənşəyinə
dair həqiqətin ortaya çıxmasına zəmin
yaradıb. Tarix səhnəsindən silinib
getmiş bir türk qövmü (xalqı) haqqında Xəzər
etnomədəni vahidi vasitəsiylə xeyli məlumat əldə
etdiyimiz kimi, beş minillik şumer-türk ilişgilərindən
üzü bəri sak, hun, isgid, işquz (oğuz), kaspi (xəzər),
qıpçaq və başqa adlı, eyni soylu türk
tayfalarının etnik varisliyi haqqını yaşadan kas/sak tərkibli
Qazax söz-adının həqiqi mənşəyini dərk
etməyimiz tam dolğunluğuyla üzə
çıxıb.
Fazil Əliyev,
filologiya elmləri namizədi
Xalq cəbhəsi.- 2010.- 25 avqust.- S. 13-14.