Heç bir qüvvənin
əlində vasitə ola bilmərik"
İsmayıl Ömərov: "Biz həmişə kütlənin vətəndaşa,
xalqa, millətə çevrilməsinə
hesablanmış verilişlərə üstünlük
veririk"
Azərbaycan İctimai Televiziyasının (İTV)
baş direktoru İsmayıl Ömərovun APA-ya müsahibəsini
ixtisarla oxucularımıza təqdim edirik
- İctimai TV 5 il üçün qarşıya
qoyulan missiyanı yerinə yetirə bildimi? İctimai
Teleradionu həqiqətən də ictimaiyyətin
televiziyası adlandırmaq olarmı?
- İctimai
Televiziyanın ötən 5 ilini uğurlu adlandırmaq olar.
Televiziyanın bu günki modeli böyük auditoriya tərəfindən
qəbul olunur, bəyənilirsə, deməli, İctimai
Teleradio ictimaiyyətin televiziyasıdır. Bəlkə də
bu sualı ictimaiyyət nümayəndələrinə
ünvanlamaq daha doğru olardı. Amma bizim yerli və beynəlxalq
həmkarlarımızın rəyinə, eləcə də
ayrı-ayrı sorğuların və monitorinqlərin nəticəsinə
istinad etsək, sualınıza müsbət cavab vermək
olar.
- Yaxın vaxtlarda İctimai Televiziyada hansı yeni
layihələr görə biləcəyik?
- Biz əvvəllər
layihələrimiz barədə öncədən danışırdıq,
mətbuatdan bu barədə verilən sualları
cavablandırırdıq. Amma bildiyiniz kimi, İctimai
Televiziyanın hətta efirdə olan layihələri belə bəzən
oğurlanır. Ona görə də layihələrimiz tam
hazır olandan sonra, anonsunu efirə verib bu barədə
danışırıq. Bu, həm də
tamaşaçılarımız üçün bir
sürpriz olur.
- Yeri gəlmişkən, mətbuatda tez-tez bəzi
kanallarda İctimai Televiziyanın proqramlarına bənzərlik,
ideyalardan istifadə ilə bağlı müzakirələr
olur...
- Bunu təbii
qarşılayırıq və qısqanclıqla
yanaşmırıq. Onsuz da hər verilişin xüsusi
tamaşaçı auditoriyası var. İndiki çox
ayıq seyrçilər anındaca bilirlər ki, bu fikir, bu
görüntü, bu təqdimat hansı mənbədən
götürülüb. Əgər bizdən nəyisə
götürüb, bizə bənzəmək istəyən
varsa, lap yaxşı. Qoy olsun.
- İctimai Televiziyanın fəaliyyəti birmənalı
qarşılanmır. Xüsusən müxalifət təmsilçiləri
televiziyanın fəaliyyətini kəskin tənqid edərək,
cəmiyyətin bütün təbəqələrinə, əsasən
də müxalifətə yer ayırmadığını
irad tuturlar. Buna münasibətiniz? Niyə İctimai
Televiziyanın efirində müxalifət liderləri az
görünür?
- Mən deməzdim az
görünürlər. Müxalifət nümayəndələri
daim İctimai Televiziyanın bu və digər proqramlarına dəvət
olunur, polemikalarda iştirak edir, onların mövqeyi
işıqlandırılır. Bundan başqa, müxalifət
partiyalarının elə bir tədbiri olmur ki, o, İctimai
Televiziyanın efirində işıqlanmasın. Bu gün
ayrı-ayrı qüvvələr İctimai Televiziyaya təsir
edərək, əlavə efir vaxtı udmaq istəyirlər.
Necə deyərlər, İctimai Televiziyadan, onun imicindən
bir tribuna kimi istifadə etməyə
çalışırlar. Amma bu, "İctimai Televiziya
haqqında" qanuna və ictimai yayımın prinsiplərinə
tam ziddir. Biz siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin
bütün zümrələrinə həmişə bərabər
imkan yaratmışıq və bu imkandan hamı bərabər
yararlana bilər. Bu, həmişə belə olacaq. Bu dəyişməz
prinsipi ATƏT-in bu günlərdə keçirdiyi dəyirmi
masada da bir daha bəyan etdim. Biz heç bir qüvvənin əlində
vasitə ola bilmərik.
- Qarşıdan parlament seçkiləri gəlir.
İctimai Televiziya seçkilərlə bağlı hansı
layihələr həyata keçirəcək?
- İctimai Televiziya
artıq seçkilərlə bağlı layihələrin
yayımına başlayıb. Hazırda seçici fəallığını
artırmaq üçün İctimai Televiziyanın efirində
"Xalq seçir" proqramına start verilib. Bu, maarifləndirici
proqramdır. Hər dəfə seçkilərdən öncə
Mərkəzi Seçki Komissiyası ilə birlikdə
seçicilərin maarifləndirilməsi və onların
seçkiyə daha fəal qoşulması üçün bu
cür proqramlar yayımlayırıq.
- İctimai Televiziyanı başqa kanallardan fərqləndirən
nədir?
- İctimai
Televiziyanın xəlqiliyi, milliliyi, ailəviliyi, maarifləndirici
missiyası və daim ucuz şoulardan qaçması bizi digərlərindən
fərqləndirir. Bizim proqramlar heç vaxt kütləyə
hesablanmır. Əksinə, biz həmişə kütlənin
vətəndaşa, xalqa, millətə çevrilməsinə
hesablanmış verilişlərə üstünlük veririk.
İctimai Televiziya cəmiyyətin intellektual səviyyəsinin
yüksəlməsi yönümündə aparılan işə
dəstək verir. Çox təəssüf ki, Azərbaycanın
efir məkanında insanları primitivləşdirən,
onları vətəndaş məsuliyyətindən
uzaqlaşdıran ucuz, bayağı şoular hələ də
qalmaqdadır. Bu bizim mənəviyyatımıza böyük
zərbə vurur.
- Sizi nə qədər tamaşaçı izləyir.
Bununla bağlı dəqiq bir söz deyə bilərsinizmi?
- Bu sualı mənə
çox ünvanlayırlar. Sadəcə onu deyə bilərəm
ki, əgər söhbət reklam reytinqindən gedirsə, bu
yerüstü otürücülərlə hesablanır. Bu
gün Azərbaycanın İctimai Televiziyasını
bütün dünyadakı soydaşlarımız izləyirlər.
Biz iki ötürücü ilə - "Hotbird" və
"Turksat"la dünyanın təxminən yarısına,
internet vasitəsi ilə isə bütün dünyaya
yayımlanırıq. Təkcə Arazın o tayında bizim
on milyonlarla izləyicimiz var. Bir misal deyim, hər cümə
günü yayımlanan "Qərib axşamlar"
proqramına telefon vasitəsi ilə qoşulmaq istəyən
xaricdəki soydaşlarımızın sayı-hesabı olmur.
Əgər bu verilişdə hər hansı bir ləngimə
olarsa, xaricdəki soydaşlarımızdan çoxsaylı təpki
ilə üzləşirik. Eyni zamanda bizim keçirdiyimiz
sorğular onu deməyə əsas verir ki, İctimai
Televiziyanın çox geniş auditoriyası var.
- Sizin aparıcılar nə ilə fərqlənir?
- İntellektləri ilə,
ən azından danışdıqlarını bilmələri
ilə. Bizim proqramları diqqətlə izləyənlər
bilir ki, bütün aparıcılarımız həmin sahənin
mütəxəssisi qədər öz işlərini gözəl
bilirlər. Məsələn, musiqi proqramlarında Leyla Əliyeva,
Hüsniyə Məhərrəmova, Könül
Arifqızı həm də dərin musiqi savadına malikdirlər.
"Açıq dərs" proqramının
aparıcısı Cəsarət Valehov təhsili, ictimai-siyasi
verilişlərin aparıcıları Anar Yusifoğlu,
Füzuli İsmayılov və Vəsilə Vahidqızı isə
siyasi hadisələrin təhlilində heç də öz
qonaqlarından geri qalmırlar.
- İctimai Televiziya bu beş ildə hansı
resursları əldə edib?
- Biz ötən beş
ildə çox şey əldə etmişik. İctimai
Televiziyanın iki böyük inzibati binası var və burada ən
müasir şərait yaradılıb, şirkətimizdə ən
son texniki avadanlıqlar quraşdırılıb, ən
müasir studiyalarımız var. Şirkətimizin avtomobillərinin
saxlandığı qaraj deyərdim ki, çox müasir
studiyanı xatırladır. Hazırda istənilən yerdən
canlı proqramlar və telekörpülər qurmaq
üçün Səyyar Televiziya Stansiyalarımız var.
Bundan başqa, Qubanın gözəl guşələrindən
birində əməkdaşlarımız üçün 10
hektarlıq ərazidə ən müasir kotejlərdən ibarət
istirahət kompleksi yaradılıb.
- Buna nəyin hesabına
nail ola bilmisiniz?
- Dövlətimizin,
millətimizin, Prezidentimizin
diqqəti və qayğısı ilə. Bu qayğı olmasaydı
5 ildə bu işləri görmək
mümkün olmazdı.
Möhtərəm Prezidentimizin himayəsi
İctimai Teleradionun təşəkkülündə tam formalaşmasında və
inkişafında müstəsna
rol oynayıb. Gündəlik proseslərin əsas
icraçısı isə
İctimai Teleradionun kollektividir. Biz kollektivi müsabiqə yolu ilə formalaşdırmışıq.
İntellektinə və savadına
güvənən gənclər
İctimai Teleradioda cəmləşib. Biz onların peşəkarlıq
səviyyəsini artırmaq
üçün çoxsaylı
treninqlər təşkil
etmişik və bu işlər davam etdirilir. Xaricdəki həmkarlarımızla təcrübə
mübadilələrimizin də
kollektivin peşəkarlığının
artırılmasında rolu
var. Bu kollektiv İctimai
Teleradionun daim inkişafının təminatçısı
rolunda çıxış
edir. Bizim əsas fərqimiz
şirkətimizdə mövcud
olan yaradıcılıq
atmosferidir.-
- Bəs
hansı problemləriniz
var?
- İctimai Teleradionun ən böyük problemi onun peşəkar,
populyar əməkdaşlarının
başqa yerli və xarici telekanallara işə dəvət olunmasıdır. Bunun qarşısını
almaq şəxsən
mənim işim və qayğımdır.
- Büdcənizin azlığı
ilə bağlı fikirlər səslənir.
Bu, işinizə çoxmu mane olur?
- Yaradıcı
sahədə pulun deyil, intellektin azlığı faciədir.
Çox
güclü dövlətimiz
var, daim bizi dəstəkləyir.
Dövlətdən aldığımız
dəstək deyərdim
ki, az
büdcə ilə çox işlər görməyə və İctimai Teleradionu beynəlxalq səviyyəli
bir ictimai yayımçıya çevirməyə
imkan verir. Çətinə düşəndə ölkə başçısına
müraciət edirik və hər şey öz həllini tapır. Ona görə də gileylənməyə haqqımız
yoxdur.
Xalq Cəbhəsi.- 2010.- 31 avqust.- S. 9.