21 yaşlı Milli Qəhrəman
Şahin Hacıyev:
"Etibar 15 yaşından ermənilərlə
döyüşlərə atılmışdı"
"Vətəni sevmək imandandır" - deyib peyğəmbərimiz. Vətəni sevmək isə ən son məqamda onun yolunda can vermək, qan tökmək deməkdir. Bu yolda can verənlərin hər birinin öz döyüş hünəri, rəşadəti, öz tərcümeyi-halı var. Onların hamısını eyni məqsəd, eyni amal birləşdirirdi- Azərbaycanın suverenliyi, dövlətçiliyi və torpaqlarımızın bütövlüyü.
Tarix XX əsrin
sonlarında bizi neçə-neçə sınaqlara çəkdi.
Biz 20 Yanvar qırğınından, Xocalı
soyqırımından keçdik, vətən torpağı
uğrunda gedən döyüşlərdə
saysız-hesabsız şəhidlər verdik. Onlardan misilsiz rəşadət
göstərən, qəhrəmanlıq zirvəsinə
ucalanlar da az olmadı. Biz torpaqdan boy atıb, torpaqdan
ucalmışıq. Torpaq bizim anamızdır. Torpaq
beşiyimiz və məzarımızdır. Böyük
türk şairi demişkən: "Torpaq - uğrunda ölən
varsa, Vətəndir!" Deməli, torpağı vətən
edən, onun adını al qanı ilə günəşli
üfüqlərə yazan - onun övladlarıdır.
Adları Azərbaycanın qızıl tarixinə əbədi
həkk olunan şəhidlər suverenliyimiz, dövlətçiliyimiz
və torpaqların bütövlüyü uğrunda
canlarını qurban vermiş və əbədiyyətə
qovuşmuşdur. Bu cəsur insanların tərcümeyi-halını
oxuyarkən görürk ki, bizim yurddaşlarımızla
yanaşı neçə-neçə xalqın namuslu
övladları da bizim haqq səsimizə səs vermişdir.
"Olum, ya ölüm!" onlar bu yoldan birini seçməliydilər.
Torpaq namusunu, torpaq qeyrətini, babaların vəsiyyətini hər
şeydən uca tutan igidlərimizin yumruqları düyünləndi,
ürəkdən nida qopdu: "Təki Vətən
yaşasın, təki Azərbaycan var olsun!" Onlar
ölümün üstünə yürüdülər,
döyüşlərdən-döyüşlərə
atıldılar, son damla qanlarına, nəfəslərinə
kimi vuruşdular. Əbədiyyətə qovuşanları da
oldu, gələcək günlərin əlini sıxanları
da!
Bu dəfə ölümündən 7 gün sonra Milli Qəhrəman adına layiq görülən Hacıyev Etibar Firudin oğlunun qəribə taleyindən və döyüşlərdə göstərdiyi şücaətlərindən danışacağıq. 21 yaşında şəhidlik zirvəsinə yüksələn Etibar Hacıyev 5 fevral 1971-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda ilşəyib. 1988-ci ildə Etibar ailəsilə birlikdə Kəlbəcər rayonuna pənah gətirib. Ermənilərin törətdiyi soyqırımdan canlarını qurtarmaq digər azərbaycanlılar kimi onlar üçün də o qədər asan olmayıb.
Xatırladaq ki, 1988-ci ilin yanvarından etibarən "türksüz Ermənistan" siyasəti planlı şəkildə həyata keçirilməyə başlamışdı. Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətdilər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldıldı, 250 mindən artıq azərbaycanlı öz ev-eşiyindən zorla qovuldu, 217 azərbaycanlını ermənilər qətlə yetirdi. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda dondu, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirildi, 35 nəfər işgəncələrlə öldürüldü, 115 nəfər yandırıldı, 16-sı güllələndi, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan öldü, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürüldü, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirildi. Təkcə Spitakda 36 nəfər qətlə yetirildi. Ermənilər bu azğınlıqla kifayətlənmədilər. Vəhşiləşmiş haylar yaşları 5-12 arasında olan 70 azərbaycanlı uşağı valideynlərinin gözü qarşısında əvvəlcədən hazırlanan, diametri 70 sm olan borunun içində doldurdular. 20 metr uzunluğu olan borunun hər iki tərəfini dəmir lövhə ilə qaynaqlayıb bağlayan ermənilər azərbaycanlı uşaqların olduğu bu borunu uçuruma atdılar.
27 uşaq isə naməlum istiqamətdə aparıldı və onların taleyi hələ də bilinmir. Bunlar, xalqımızın taleyindəki yeni faciə, o vaxtadək misli görünməmiş erməni vəhşiliklərinin növbəti mərhələsi, Dağlıq Qarabağda və ətraf rayonlarda hayların insanlıq tarixinə qanlı hərflərlə yazılacaq zooloji yırtıcılıq davranışlarının "ilkin qədəm"i idi.
Dağlıq Qarabağda ermənilərin separatçılıq çıxışlarının güclənməsi, Silva Kaputikyan, Armen Xanzadyan və Zori Balayan kimi türk qanına qənim kəsildiklərini aşkar deyən "məşhur erməni ziyalıları"nın bəyanataları ilə çağırışlarından sonra ermənilərin "Miasum!" bağıraraq Xankəndidəki partiya komitəsi binası qarşısına toplaşmalarından sonra Ermənistandakı yüz minlərlə azərbaycanlının həyatı real ölüm təhlükəsinə girdi.
1988-ci ilin yanvarın 25-də Ermənistandan qovularaq qaçqın salınan soydaşlarımızın ilk dəstəsi Bakıya gəldi. Onların arasında Etibarın da ailəsi vardı. Amma Etibar doğma kəndlərindən babası Fərrux kişi ilə birlikdə sonuncu çıxdı. Etibarın yaxın qohumlarının əksəriyyəti də erməni soyqırımına məruz qalaraq həyatlarını itirdilər, dağlarda donaraq öləni də oldu, sağlamlığını itirəni də. Etibar 1989-cu il 13 iyunda hərbi xidmətə çağırıldı və Perm şəhərində hərbi xidmətini başa vurduqdan sonra ailəsinin məskunlaşdığı Göygöl rayonuna (əvvəlki adı Xanlar olub) gəlir. 1992-ci ildə Etibar Hacıyev könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il iyun ayının 15-də Goranboy rayonunda Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olur.
Milli Qəhrəmanın əmisi oğlu Şahin Hacıyev onunla bağlı xatirələrindən danışaraq bildirdi ki, Etibarın ermənilərə nifrəti hələ yetkin yaşlarından başlamışdı: "16-17 yaşlı bir gəncin gözləri qarşısında ermənilərin azərbaycanlılara divan tutması onda qisas hissini oyatmaya bilməzdi. Etibar hələ 13-14 yaşlarından erməni vəhşiliklərinin şahidi olub. Tale elə gətirdi ki, 17 yaşında o, da ailəsilə birlikdə doğma yurdlarından didərgin salındı. Kənd camaatı indi də onun qəhrəmanlığından danışırlar. Çünki hələ o vaxt - ermənilərin soyqırımına məruz qaldıqları bir dönəmdə o, heç nədən qorxmayaraq kəndi sonda tərk etdi. Ayrılmaq istəmirdi doğma yurdundan. Hətta orada qalıb ermənilərlə mübarizədə ölməyi köçdən üstün tuturdu". 17 yaşından ermənilərin törətdiyi cinayətlərdən zərər çəkən Etibar doğulub boya-başa çatdıqları yurdlarından didərgin düşən minlərlə azərbaycanlının köməyində dayandı. Şahin Hacıyevin dediklərindən: "Ermənilərin soyqırım planı 1986-cı ildən planlaşdırılmışdı. İki ildən sonra isə həyata keçirdilər. 1986-cı ildə Etibarın 15 yaşı vardı. Məktəbdə oxuyurdu. Elə o vaxtdan Etibar gördüklərinə dözə bilmirdi və dəfələrlə ermənilərlə mübahisə etmişdi. Valideynləri onu sakitləşdirməyə müvəffəq olmuşdular, yoxsa 1988-ci il soyqırımında ermənilər onu da qətlə yetirəcəkdilər". Şahin Hacıyev onu da dedi ki, Etibar vətənin müdafiəsinə qalxdığı bir il müddətində böyük fədakarlıqlara imza atıb. Xüsusilə də Goranboy rayonunun Ağcakənd kəndinin azad olunmasında ermənilərə güclü müqavimət göstərib. Etibarın döyüş yoldaşlarının dediklərindən belə məlum oldu ki, o, ölümdən qorxmurdu, onun gözünə dik baxırdı: "21 yaşı olmasına baxmayaraq peşəkar döyüşçü idi. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərində ermənilərlə mübarizədə neçə-neçə ermənini susdurmuşdu. Bir neçə dəfə evə də gəlib. Həmişə də əsgərlərimizin döyüşlərdəki qəhrəmanlıqlarından danışardı. Etibar deyirdi ki, ermənilər çox qorxaqdırlar. Bir mövqeyi əldən verdiklərindən qorxub digərlərini də asanlıqla Azərbaycan əsgərlərinə təslim edirdilər. Azərbaycan əsgərinin səsi gələndə mövqelərini qoyub qaçırdılar". Etibar Hacıyev subay idi. Planlaşdırmışdı ki, müharibədən sonra evlənsin. Amma tale onun üzünə gülmədi. 1992-ci ildə vətənin müdafiəsinə qalxdı, elə həmin ilin 15 iyununda qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası
prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə
Hacıyev Etibar Firudin oğluna ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı fəxri adı verildi. Göygöl
rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Rayonun
Yeni Zod kəndindəki küçələrdən biri onun
adını daşıyır. Onun döyüş yolundan yerli mediada, kitab və
jurnallarda bəhs edilib. Qəşəm Məhərrəmov və
İntiqam Məhərrəmovun müəllifi olduqları
"Başı dumanlı Göyçə" (Gəncə,
2007. səh 42) kitabında Milli Qəhrəmanın fədakarlığından
söz açılır.
Göygöl rayonunun Şəhidlər Xiyabanı indi
müqəddəs bir ünvana çevrilib. Etibar Hacıyev
kimi onlarla şəhidin uyuduğu bir ünvan gələcək
nəsillərimizin qəhrəmanlıq örnəyidir.
Cavid
Xalq Cəbhəsi.-
2010.- 4 dekabr.- S.10.