"Unutma ki, vətən bizi gözləyir"

 

 "Sən özün də istəməzdin ki, mənə bəxş etdiyin səadəti, xoşbəxtliyi belə tez alasan əlimdən. Ömrümü belə tez dumana - çənə qərq eləyəsən, istəməzdin. Bilirəm bu sənin istəyincə olmadı, qardaş. Sən istəməzdin mənə - Arzuna əbədi ayrılıq, acı göz yaşları, dərdli ürək bəxş edəsən.

Səndən sonra İlahidən heç vaxt səadət, tərəqqi ummayacağam. Onları mənə sən vermişdin, sən də aldın, qardaş. Yalnız və yalnız sənə çatmaq, sənli həyata layiq olmaqdır arzum.

İstərdim ki, sənin ülviliyin, paklığın müqabilində heç olmasa nə isə edə bilim. O zaman sənin yanına rahat gələ bilərəm..."

Bu misralar 21 yaşında dünyasını dəyişən Hüseyn Mövsümovun bacısı Arzu Hüseynlinin qardaşının ölümündən bir il sonra xatirəsinə yazdığı "Təsəllidir sənə xatirələrim" adlı kitabındandır. ("Təbib" nəşriyyatı, 1997-ci il)

...Hüseyn Mövsümov 1975-ci il avqustun 28-də Qarabağın gözəl guşələrindən olan Ağdamda dünyaya göz açıb və 1982-ci ildə rayonun Şahbulaq kəndində məktəbə gedib. Böyük arzularla, amallarla yaşayan Hüseyn taleyin ilk zərbəsini hələ 1988-ci ildə erimənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası ortaya düşəndə daddı. 1990-cı ildə sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğını isə ümidlərini çilik-çilik etdi. Daxilindəki haqq səsinə qoşularaq vətəninin müdafiəsinə qalxmaq istədi. Amma o vaxt cəmi 15 yaşı vardı. Beləliklə, Hüseyn hüquqşünas olmaq, haqqı tapdanan xalqın haqqını müdafiə etmək arzusuyla böyüyürdü. Tarixi, xüsusən Azərbaycan tarixini dərindən öyrənir və ona qaranlıq görünən nöqtələri özlüyündə araşdırırdı. Hüseyn heç nəyə baxmadan, anasının xeyir-duaları altında döyüşə yollandı. O, Şuşanın, Ağdərənin, Ağdamın müdafiəsində neçə-neçə qəhrəmanlıqlar göstərdi. Hər dəfə döyüşə yollananda deyirdi: "Uşaqlar, biz Şah İsmayılın, Soltan bəyin, Cavad xanın varisləriyik. Əgər vətən torpağı yağı tapdağında qalsa Onların ruhu bizi bağışlamaz".

1991-ci ildə Ağdərənin müdafiəsində Hüseyn ağ ciyərindən ağır qəlpə yarası aldı. Amma həkimlərin səyi nəticəsində sağ qaldı. Sonralar Şuşa, Xocalı, Ağdərə, Ağdamın işğalını görəndə sağ qalmasına nə qədər yanıb-yaxıldı Hüseyn.

 

Martın soyuqluğu

 

1992-ci ildə Azərbaycan Fasiləsiz Təhsil Kompleksinin hüquq fakültəsinə daxil oldu. İnstitutuda da özünəməxsus keyfiyyətlərilə hamının sevimlisi oldu, bu qarabağlı oğlan. Həmişə hərbi məktəbdə oxuyan qardaşı Şirinə deyərdi: "Möhkəm ol, institutu qurtaraq. Birgə başlayaraq xalqımızın müdafiəsinə. Unutma ki, vətən bizi gözləyir".

"İki sahil" qəzetində Qarabağ bölgəsi üzrə müxbir idi. Hər dəfə cəbhə bölgələrinə gedib əsgərlərlə söhbət edəndə "vətənin müdafiəsi mərd oğulların əlindədir", deyərdi. Artıq dördüncü kursda idi. 1996-cı ilin martı Hüseyn üçün bir soyuqluq gətirmişdi. Sanki bu ayda ömür qatarından düşəcəyini bilirdi. Martın 18-də Hüseyn dostları ilə söhbət edir və adəti üzrə xalqımızın bəlalarından danışırdı. Ancaq sözü yarımçaq qaldı- ömrü kimi, arzuları kimi. Həkimlərin müayinəsindən sonra aydın oldu ki, ürək infarktıdır. Bax beləcə bu dərdlərə tab gətirmədi, düşmən gülləsinə tab gətirən ürək. İndi də anası onun ən çox sevdiyi və tez-tez dediyi hansı filosofunsa kəlamını yana-yana xatırlayır: "Oğul ki, var misir karvanıdır, o qırx ildən bir gələr".

 

"Taleyin dönüklüyünə bax"

 

Hüseynli, Hüseynsiz günlər belə xatırlanır. Dostu Asif Həsənov: "Axı sən Ağdam, Şahbulaq nisgilli idin. Taleyin dönüklüyünə bax, heç olmasa səni hicriylə yandığın o torpağa da qovuşdura bilmədik. Əmanətdən heç xoşun gəlməzdi. Qismətə bax, indi özün əmanətsən. Hər dəfə məzarın üstünə gələndə diz çöküb o torpağa yalvarıram: "Biz qoruya bilmədik, barı sən qoru Hüseyni. Axı o əmanətdir, heç olmasa onu həsrətilə köçdüyü Ağdamına çatdıraq" deyirəm".

Dostu Etibar Nuriyev: "Tez-tez bir yerə yığışardıq və Hüseynin təmiz, saf və mənalı söhbətlərindən doymazdıq. Onun söhbətlərindən daxilən saflaşırdıq. "Ömrümə bircə gün qalsa da o, paqonları taxacam" deyərdi. Amma arzuları yarımçıq qaldı. Dünyamızdan həmişə narazı idi. Deyirəm elə bəlkə küsüb getdi bu çirkablar içində boğulan dünyamızdan saf amallı, təmiz ürəkli bu Hüseyn. Həmişə Bəxtiyar Vahabzadənin:

"Doğulduğun, böyüdüyün vətənində,

Haqqa tapdanıb, şər udulsa vay halına.

Səxavətin unudulsa qəm eləmə,

Ləyaqətin unudulsa vay halına"

misralarını deyərdi və deyərdi ki, bu misralar elə mənim qəlbimin səsidir. "Qarabağ dərdi ən böyük dərddir bizim üçün" deyərdi".

Dostu Fuad Nəcəfov: "Hüseyndə vətənə məhəbbət, torpaq yanğısı güclü idi. Həmişə Ağdamdan, Şahbulaqdan təəssüf hissilə danışardı. Elə bil hamının yerinə özünü günahkar bilərdi. Müharibədə yararlanmağına baxmayaraq vəziyyət gərginləşən kimi elinə-obasına baş çəkərdi. İnstitutda səfərbərlik olan kimi birinci adını yazdırardı. Cəbhə bölgəsinə gediləndə birinci onun səsi eşidilərdi"

Müəllimi Müəzzəm Muxtar oğlu: "Qarabağ hadisələri Hüseyni bərk narahat edirdi. Elə vaxtlar olurdu ki, biz top, qrad atəşləri altında dərs keçməli olurduq. Artıq buna şagirdlər də öyrəşməyə başlamışdılar. Hüseyn ermənilərin törətdikləri vəhşiliklərə dözə bilmirdi. Onda daxilən bir narahatlıq, gərginlik yaranmışdı. Xüsusən Xocalı soyqırımı onu dərindən sarsıtmışdı. Mən bir pedaqoq kimi bunu hiss edirdim. Son vaxtlar mən onun cəbhə bölgələrində ezamiyyətdə olduğunu eşidirdim. Biz çox sevinirdik ki, Hüseyn kimi bir oğlumuz var. Nə deyim taleyin vəfasızlığına, üzüdönüklüyünə. Gözüm önündə sənin on bir illik məktəb həyatın yenidən canlanır. Özüm-özümə deyirəm, sənin nə qəribə taleyin varmış, oğlum. Belə tale hamıya nəsib olmur. Sən hamımızın qəlbində əbədi bir iz qoydun, Hüseyn!".

Həmkəndlisi Məhluqə Atakişiyeva: "1993-cü ildə biz Ağdamı tərk etməli olduq. Kəndi son tərk edənlər arasında Hüseyn də vardı. O Bakıda olurdu. Ağdamın süqutunu eşidib gəlmişdi. Biz sonuncu dəfə kənddən çıxanda Hüseyn çönüb dağlara necə həsrətlə baxdısa, elə bil bütün ümidlərim çilikləndi. Dedim ki, ay Hüseyn niyə belə ümidsizsən, axı sən həmişə nikbin olmusan. Heç nə demədi, qəmli-qəmli üzümə baxdı və yenidən üzünü dağlara sarı çevrib ahəstə səslə: "Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal" misralarını söylədi. Daxilim üşüdü sanki, elə bil hər şeyi bilirmiş Hüseyn..."

 

Özünü ölümə hazırlayırdı

 

Atası Əfqan Mövsümov: "1996-cı ilin qışı idi. Arzu evə məktub yazmışdı ki, Hüseyn xəstədi. Axı Hüseyn heç vaxt xəstələnən deyildi. Elə məktubu alan günü Bakıya gəldim. Yolboyu nə hisslər keçirirdim, yəqin onu ata olanlar bilər. Mən gələndə o artıq yaxşılaşmışdı. Məni görəndə kövrəldi. Düzü bir az təəccüb etdim. Axı Hüseyn çox həssas olsa da iradəli, daxilini hər zaman biruzə verən deyildi. Gəldiyim gün ikimiz də şəhərə çıxdıq, Şirinlə görüşməyə getdik. Mən hiss edirdim ki, Hüseyn necə də sevinir, mənim gəlişimə. Anasını soruşdu, darıxdığını dedi. İki gün yanlarında qaldım və arxayın rayona qayıtdım. Amma fələk sən saydığını say deyirmiş. Bax beləcə oldu mənim Hüseynimlə - oğlumla son görüşüm. Bəli, bu bizim son görüşümüz imiş sən demə. Hüseyni kövrəldən də elə bu vida görüşü imiş yəqin. Məni yenə də vağzala özü gətirdi. Ayrılanda "Özünə qulaq as, ata" dedi. Sanki bilirmiş məni belə ağır yük altında qoyacağını. Əvvəlcədən hazırlayırmış elə bil məni. Həyatda hər şeyə qarşı, ən ağır faciələrə qarşı dözüm tapmışam özümdə. Bircə Hüseyn yoxluğuna, Hüseyn itkisinə hazırlaya bilmirəm özümü".

Anası Qüdrət: "Hüseyndən sonra dünyadan küsmüşəm. Dərgahına dualar etdiyim İlahi də eşitmədi məni. Cəhənnəmi bu dünyada göstərdi mənə. Övlad dağı verdi mənə. Hüseyn mənim qibləm idi, qibləmi itirmişəm. Atasız böyüdüm ümidsiz olmadım. Qardaşsız yaşadım, küskün olmadım belə. Amma oğul itkisi, Hüseynsizlik küsdürüb məni özümdən. Heç kimsəni övlad dağı görməsin, həyatda nəyə dözsən də övlad dağına dözmək dəhşət olur".

Qardaşı Şirin: "Martın 17-dən 18-ə keçən gecə yuxu gördüm. Gördüm ki, Hüsyenlə gedirik. Hər tərəf yaşıllıqdır, meşəlikdir. Qarşımızda bir göl var. Gölün yanından keçəndə qəflətən bir öküz çıxdı. Hava qaraldı, qatı duman hər tərəfi bürüdü. Öküz Hüseyni aldı başına və qatı dumanlıqdı yoxa çıxdı. Yuxudan dəli kimi oyandım, gecə saat 3 olardı. Nə qədər elədim gözümə yuxu getmədi. Nəzir dedim, Allaha yalvardım ki, İlahi sən özün bu yuxunu xeyirliyə yoz. Martın 18-də yuxum qeybə çəkilmişdi. Gecə saat ikiyə kimi yatağımda fırlındım. Saat ikidə məni telefona çığırdılar. Telefonu götürmədim elə bildim səhv düşüblər. Sən demə.. Üçün yarısında tələbə yoldaşı içəri girdi. Dedi ki, Hüseyn yaralanıb. Bir anlığa qıçlarım tutuldu. Özümü güclə ələ aldım. Bildim ki, bu yaralanmaq söhbəti deyil. Çünki əgər yüngül iş olsa Hüseyn mənim narahatçılığıma razı olmazdı. Bir də elə bil nəsə duymuşdu yrəyim, amma özümə heç nəyi yaxın qoymaq istəmirdi. Nə isə... Mənə heç nə demədilər. Bölükdən çölə çıxdıq. Necə qar yağırdı İlahi. İstər-istəməz göyə baxdım. Axı cəmi bircə gün əvvəl o yuxunu görəndə mən Allahdan kömək diləmişdim Hüseyn üçün. Həqiqəti mənə yolda dedilər. Dəli kimi idim. Bilmirdim nə edim, kimə üz tutum. Axı həmişə dar günümün köməkçisi Hüseyn olub. Bəs indi kimə üz tutum?"

Bacıları Təzəgül, Eyzangül, Xəzangül, Xuraman və Vəsilə də Hüseynin yoxluğundan danışırlar. "Gəlmişəm səninlə görüşə qardaş, yenə də vüqarla qarşıla məni" deyən bacıların hər birinin sinəsi dağlıdır.

"Səni axtarıram", "Axtarsan məni", "Amandır", "Necə yaşayım", "Harda?", "Qardaş", "Dözə bilmirəm", "Ölürəm", "Qoyma həkim qardaş, Hüseyn ölsün" kimi onlarla şer Hüseynin xatirəsinə ithaf olunub.

Səni son mənzilə yola salırıq,

Göz yaşım sel kimi çağladı qardaş.

Dərdinə göylər də dözə bilmədi

Buludlar ah çəkib ağladı, qardaş

(Qurban Təbiətoğlu)

Yazı KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliği" layihəsi çərçivəsində təqdim olunur.    "Altılıq" İranla danışıqlara başlayır

Rusiya, ABŞ, İngiltərə, Fransa, Çin və Almaniyanın yaratdığı "altılıq" bu gün Cenevrədə Tehranın nüvə poqramı ilə bağlı yenidən İranla danışıqlara başlayacaq. Tərəflər sonuncu dəfə bu məsələ ilə bağlı 14 ay bundan əvvəl müzakirələr aparmış, ancaq İran görüşdə əldə olunan razılıqdan imtina etmişdi. Bu isə danışıqlar prosesinin dondurulması ilə nəticələnmişdi.

 

 

Cavid 

Xalq Cəbhəsi.- 2010.- 7 dekabr.- S.11.