Laçın kimi oğlan, qəhrəman - Ceyhun
"Darda qalmış
yoldaşlarının köməyinə çatan Ceyhun da
düşmən gülləsindən ağır yaralandı
və gözlərini əbədi yumdu"
Qarabağ savaşında canını çox gənc yaşında bu torpaq üçün fəda edənlərin sayı yetərincədir. Onların milli qəhrəmanlıq ənənələrinin qorunub-saxlanılmasında xüsusi xidmətləri var, onlar bu günki gənclik üçün örnəkdirlər. Hər birimiz üçün örnək ola biləcək şəhidlərimizdən, qəhrəmanlarımızdan biri də Ceyhun İsmayılovdur.
Ceyhun İsmayılov 1973-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. Qəsəbə orta məktəbini bitirdikdən sonra sürücülük kursunda oxuyub. O, hərbi xidmətin ilk aylarını Neftçala və Ağdam rayonları ərazilərində keçirib. Xidmət etdiyi az bir vaxtda hərbi hissə komandanlığının xüsusi hörmətini qazanıb. Təsadüfü deyil ki, qısa müddət ərzində xidmətdə olmasına baxmayaraq o baş çavuş rütbəsi verilib, əsgərlərə təlim keçmək vəzifəsi ona həvalə edilib.
Ceyhunun anası Şəfiqə xalanın dediyinə görə, oğlu hərbi xidmətə gedəndən sonra hərdən evə məktub göndərirmiş. Yazırmış ki, hər şey yaxşıdır, narahat olmayın, tezliklə düşmənləri torpaqlarımızdan qovub geri qayıdacağıq.
Axırıncı dəfə Ceyhunun üzünü isə dostu, sinif yoldaşı İlhamın toyunda görüblər: "Yaxşı qulluq etdiyinə görə komandirlərin hörmətini qazana bilmişdi, ona qısa müddətli məzuniyyət vermişdilər, toy günü səhər tezdən gəldi, axşamı isə hərbi hissəyə yola düşdü. Bundan sonra ondan xəbər ala bilmədik. Məktublar da kəsilmişdi".
Günlərin birində isə Ceyhunun şəhid olması xəbərini eşidirlər. Şəfiqə xala həmin günü belə xatırlayır: "Ceyhunun qardaşı Həsən avtobus şoferi idi. Hər gün sübhdən işə gedirdi. Həmin gün tezdən yuxudan duranda gördüm ki, Həsən hələ evdədir, işə getməyib. Soruşdum ki, nə olub, niyə işə getməməsin? Cavab verdi ki, kənd sovetindən çağırıblar. Deyirlər ki, Ceyhun yaralanıb. Həyəcan içində kənd sovetinə yollandıq, bəlli oldu ki, oğlum şəhid olub".
1993-cü ilin yanvar ayının əvvəllərində Laçın rayonunun bir sıra kəndlərində vəziyyət son dərəcə gərginləşib. Erməni silahlı dəstələri kəndlərimizi daim atəş altında saxlayır, ələ keçirdikləri yerlərdə amansız vəhşiliklər törədirmişlər.
Yada salaq ki, bu vaxt artıq Laçın işğal olunmuşdu.
İşğal nəticəsində 264 nəfər şəhid, 103 nəfər qazi olub, 65 nəfər girov götürülüb. Rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Ümumiyyətlə Laçın tarix, mədəniyyət və arxeologiya abidələri ilə zəngin olan bir ərazidir.
Onu da qeyd edək ki, ermənilər həmişə bu ərazini ələ keçirmək dəridən-qabıqdan çıxıblar. 1918-ci ildə türk düşməni Andronikin başçılığı ilə erməni hərbi birləşmələri indiki Laçın ərazisindən keçməklə Qarabağa daxil olmaq və Qarabağı birdəfəlik işğal etmək istəyirdilər. Zabux dərəsində Andronikin ordusunun qarşısının kəsilir. Məşhur Soltan bəy bir mülkədar, Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndəsi kimi öz var-dövlətini doğma torpağın müdafiəsinə sərf edir, əhalini səfərbər olmasında müstəsna xidmət göstərir, əvvəlcə məxfi şəkildə Türkiyədən zabit gətizdirir, döyüş planı çəkdirir, ciddi hazırlıq işləri gördükdən sonra Zabux dərəsində Andronikin rəhbərlik etdiyi erməni hərbi birləşmələrini darmadağın edərək, onların Qarabağa gedən yolunu kəsmişdi. Ermənilər 1992-ci ildə məqsədlərinə çatsalar da savaş hələ bitməyib... Ümid edək ki, bir gün ermənilər növbəti dəfə cavablarını alacaqlar.
Laçın rayonu və rayonun bir sıra kəndləri işğal olunsa da, bu istiqamətdə çox ağır döyüşlər işğaldan sonra davam edib. 1993-cü il yanvar ayının 4-də düşmənin Laçın rayonunun Haqnəzər kəndində başlanan növbəti hücumu bütün günü ara verməyib. Kəndi müdafiəsində duranlar son dərəcə igidliklə vuruşub, yağı düşməni yaxına buraxmayıblar. Lakin heç bir yerdən kömək almayan döyüşçülərimiz qeyri-bərabər döyüşdə mühasirəyə düşüblər.
"N" saylı hərbi hissənin komandiri, leytenant Ramiz Qasımovun "Qarabağ" qəzetinin 13 may 1993-cü il sayına dediklərindən:"Yanvar ayının 5-də saat 6-da "N" bölüyünün komandiri leytenant Vasif Hüseynovla telefon danışığı zamanı öyrəndim ki, təcili onlara kömək lazımdır. Biz dərhal rotanı həyəcan siqnalıyla qaldırıb, onlara kömək etdik. Kəndə çatanda yaxınlıqdakı yüksəklikdə dayanmış "N" bölüyünün bir hissəsi onların köməyinə gəlmişdi. Baş serjant Ceyhun İsmayılov da həmin bölüyün tərkibində vuruşurdu. Erməni quldurları kəndi ələ keçirdiyindən axşama qədər ağır döyüş getdi. Və yalnız axşam biz kəndi yağı düşməndən xilas edə bildik. Ermənilər 100-dən çox itki verərək geri çəkildilər. Darda qalmış yoldaşlarının köməyinə çatan Ceyhun da düşmən gülləsindən ağır yaralandı və gözlərini əbədi yumdu.
Şəfiqə xala baş verənləri bir az fərqli şəkildə nəql edir. Onun sözlərinə görə, Ceyhungil 3 gün müsahirədə qalıblar. 3 gün ərzində həddindən artıq ağır döyüş gedib. Ceyhun və komandiri mühasirəni yarmaq üçün döyüşə-döyüşə irəliləyirmişlər. Artıq 10-15 ermənini sıradan çıxarmağa da müvəffəq olublar. Ermənilər vəziyyətin çətin olduğunu görərək, snayperləri işə salırlar. Həm Ceyhun, həm də komandiri snayperlə vurulur. Ceyhunun sifətindən dəyib, boynunun arxasından çıxan güllə ölümcül olur.
Şəfiqə xala bildirir ki, həmin döyüşdə ümumumilikdə 25 nəfər əsgər və zabitimiz şəhid olub.
Şəfiqə xalanın sözlərinə görə son zamanlarda onlarla heç kim maraqlanmayıb: "Gəlib soruşan, maraqlanan yoxdur ki, necəsiz, necə yaşayırsız. Amma 1993-cü ildə çox maraqlanırdılar, tez-tez gəlib gedirdilər. İndi prezident təqaüdü alırıq, amma gəlib-gedən yoxdur. Əslində bizim kimdənsə bir istəyimiz-filan yoxdur, ancaq şəhid ailələrinə diqqət göstərilməsi hər halda pis olmazdı".
Ceyhun müqəddəs Şəhidlər Xiyabanında uyuyur. Mehdiabad qəsəbəsində adına küçə var. Şəfiqə xalanın dediyinə görə, yeganə təsəllisi qeyrətli övladın Vətən yolunda canını fəda etməsidir.
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2010.- 17 dekabr.-
S.10.