Qəhrəmanlığın aşıq ruhu...

 

 Hüseyn Hacıqulu oğlu Həsənov 1927-ci ildə Göyçə mahalının Ardanış kəndində doğulub. Hələ cavan vaxtlarında Göyçənin tarixini, tanınmış şəxsiyyətləri, saz, söz ustadları haqqında bilgi əldə edib. Babası Məşədi Həsən 30 il kəndin kəndxudası olub.

Hüseyn dayı deyir ki, kənd əhalisi onun qəhrəmanlıqlarından çox danışıb: "1870-ci ildə babam çiynində tüfəng qonşu Cil kəndinə gedirmiş. Bir dağ başında bir dəstə maral görür və maralın buğasını vurur. Həmin dağ bu günə kimi babamın adınadır". Hüseyn dayı atası Hacıqulu kişinin də elinə-obasına sədaqətindən danışdı: "1922-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulandan bir il sonra oranın mərkəzi Komitəsin qərar çıxardı ki, Krasnıy rayonunun Ardanış kəndinin tabeçiliyində olan Göyçə gölündə böyük bir dağ-ada turizim zonasının yaradılması üçün Ermənistana ayrılsın. Ermənistan Mərkəzi Komitəsinin rəsmiləri gəliblər Dilcan rayon rəhbərliyinə ki, həmin torpaqların verilməsi ilə bağlı sənədlər hazırlansın. Oradan isə deyiblər ki, bəs həmin kəndin kəndxudası var Hacıqulu kişi, onsuz mümkün deyil. Gəlirlər kəndimizə, atamı çağırırlar və deyirlər ki, hökumətin belə bir qərarı var. Atam isə ermənilərə deyib ki, bu torpaq caamatındır, verə bilmərəm. Ermənilərin qanlı dəftərinə ilk dəfə atamın adı düşdü. Akt bağlayıb getdilər və 1928-ci ildə yenidən gəldilər ki, bəs Ardanış kəndində ev çoxdur, onlardan 40-nı Krasnı rayonundakı boş yerə köçürsün. Ermənistan Mərkəzi Komitəsinin qərarı var ki, həmin kəndə Hacıqulu kəndi adı verilsin. Atam ermənilərin təxribatını başa düşüb buna da razılıq vermədi. Ermənilər istəyirdilər ki, kəndi iki yerə parçalamaqla azərbaycanlılar bir-birindən ayrılsın. 1931-ci ildə atamı tutdular. Bir müddət həbsxanada qaldıqdan sonra buraxdılar. 1933-cü ildə dünyasını dəyişdi". Hüseyn dayı deyir ki, onlar sonra Gədəbəyə köçüblər. Bir müddət orada qaldıqdan sonra Bakıy pənah gətirib və 30 ildir ki, burada yaşayır. Aşıq Ələsgər adına bir muzey yaratmaq fikri 2001-ci ildə baş qaldırdı və həmin vaxtdan bu günədək bütün Azərbaycanı gəzib Aşıq Ələsgərə aid materialları toplayıb. Zəngin folklorumuzun ən qiymətli incilərindən olan aşıq sənətinə məhəbbət, sevgi anna südü kimi canıma, qanına hopub. Ermənilərin xəyanəti üzündən doğma yurdumuzdan didərgin düşüb Bakıda məskunlaşandan sonra aşıq mühitini itirdiyini düşünəndə ürəyi qübar edib. Doğma yurdun ətrini duymaq, eləcə də getdikcə unudulmaqda olan saz-söz sənətini yaşatmaq üçün evində Aşıqlar Muzeyini yaratmaq qərarına gəlib. Hazırda Aşıq Ələsgər muzeyi eksponatları arasında 500 aşığın valları, 150-dən çox kasetləri, xeyli lent yazıları, 150 aşığın şeir kitabı və onların yaradıcılıqları barədə əsərlər, dünyasını dəyişmiş və hazırdayaşayan görkəmli saz ustalarımızın şəxsi arxivlərindən 1520-dək şəkil və digər sənədlər var. Burada həmçinin keçən əsrdə buraxılan aşıq mahnıları, saz havaları, dasanlarımızın yazılmış valları, kasetləri səsləndirmək üçün 2 ədəd qrammafon, 3 ədəd patefon, 4 ədəd radioqəbuledici, eləcə də 5 ədəd xalça, 5 ədəd qədim stol və stul toplanıb. Aşıq Ələsgər muzeyinin sorağına Türkiyə televiziyasından gəliblər. Türkiyə televiziyasının çəkdiyi sənədli film peyk vasitəsilə dünyanın 250 ölkəsinə yayımlanıb. Yerli televiziyalar da bu məkandan çəkilişlər aparıblar. 2010-cu ildə mədəniyyə və turizm naziri Əbülfəz Qarayevin təşəbbüsüylə Aşıq Ələsgər muzeyindən sənədli film çəkilərək YUNESKO-ya göndərilib. YUNESKO-dan da Aşıq Ələsgər muzeyinə hədiyyə olaraq albom-kitabça təqdim edilib.

Hüseyn Həsənov Aşıq Ələsgər şəxsiyyətinə, saz və sözünə, sənətinə hörmətsizlik edənlərlə mübarizə apardığını da dedi. Buna isə Aşıqlar Birliyinin və Musa Nəbioğlunun müəllifliyi ilə bu yaxınlarda çap olunan "Ozan aşıq dünyası" kitabında verilən saxta şəkillər səbəb olub: "Bu təkcə mənim yox, Göyçə mahalı ziyalılarının, bütün Azərbaycanda tanınmış ziyalılarının hiddətinə səbəb olub. Ona görə ki, türk dünyasının böyük sultanı, günəşi sayılan Aşıq Ələsgər, Aşıq Ağayar, Nəcəf, Həsrət kimi dahilərin şəxsiyyətinə hörmətsizlik olub". Hüseyn dayı bizə çap olunan adıçəkilən kitabın 129-cu səhifəsini göstərib dedi: "Bu şəkildə 12 nəfər var. Bunlardan yalnız ikisi Tovuzun tanınmış aşıqları Hüseyn Bozalqanlı və Mirzə Bayramovudur. Biri də azərbaycanlıdır, amma hələlik kimliyi məlum deyil. Yerdə qalanlardan biri isə erməni aşığı Avakdır, digərləri isə gürcü müğənniləridirlər. Amma şəklin altında Göyçə aşıqları yazılıb. Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun özü Borçalıdandır. Niyə görə erməni-gürcü aşıqlarını Göyçə aşıqları kimi xalqa təqdim edir, nədir məqsədi? Bu əslən göyçəli Aşıq Ələsgərin yaradıcılığını, şəxsiyyətini alçaltmaqdır. Borçalıda iki-üç tanınmış aşıq var Kamandar, Hüseyn Saraclı və aşıq Sadıq Sultanov. İstəyir ki, onları aşıq Ələsgər zirvəsinə qaldırsın. Göyçəylə Tovuz yarı almadır. Tovuz deyəndə Göyçə yada düşür, Göyçə deyəndə Tovuz. Zəlimxan Tovuzda Məhərrəm Hüseynli kimilərini ələ alıb aşıq Ələsgərə hörmətsizlik edib". Hüseyn dayı deyir ki, artıq bununla bağlı materiallar hazırlayır və onları prezidentə, onun xanımına, Ədliyyə, Mədəniyyət və turizm nazirliklərinə göndərəcək. Ondan sonra isə Zəlimxan Yaqubu, kitabın müəllifi Musa Nəbioğlunu və aşıq Məhərrəm Hüseynlini məhkəməyə verəcək. Bu kitab hazırlananda sizə müraciət olunubmu sualımızı cavablandıran Hüseyn dayı dedi: "Kitab hazırlanmamışdan çox qabaq Zəlimxan Yaqub Musa Nəbioğlunu mənim yanıma göndərdi ki, bəs get Aşıq Ələsgər muzeyinə və oradan 40-50 ədəd aşıq şəkli gətir. O da gəldi şəkillərə baxdı və seçdiyi aşıqların şəkillərinin üzünü köçürdü. Sonra mən getdim onun yanına dedi ki, sizin mənə verdiyiniz şəkillərin altında yazacam ki, onlar Aşıq Ələsgər muzeyindən götürülüb. Razılaşdım, dedim ki, mənim adım olmasa da Aşıq Ələsgər muzeyinin adı kitaba düşsün". İki aydan sonra ona zəng edib kitabın çap olunduğunu bildirən müəllif Hüseyn dayıya deyib ki, gəl, kitabdan iki ədədini apar: "Gedib kitabı götürüb vərəqləyəndə dəhşətə gəldim. Altında Göyçə aşıqları yazılan şəkildə yəhudi, gürcü və erməni aşığının şəklini gördüm. Dedim, bu şəkil montaj edilib. Aşıq Bozalqanlı Hüseynin papağı dəyişdirilib, aşıq Mirzə Bayramov da ora salınıb. Onların arasında Şəmkirin Çardaxlı kəndindən olan erməni Avak da var. Bu yaxınlarda ölüb, ancaq Azərbaycan mahnıları oxuyardı. Mən ondan soruşdum ki, bu niyə belə olub. Dedi ki, şəkli dövlət arxivindən götürmüşük, texniki səhvdir. Dedim ki, dövlət arxivində heç bir səhvdən söhbət gedə bilməz". Hüseyn dayı kitabı Şəmistan Nəzərliyə göstərdiyini, onun da çaşqın vəziyyətə düşdüyünü dedi: "Şəkli montaj etdirmisən, yaxşı, bəs niyə altında Göyçə aışqları yazmısan. Bu təxribatdır. Ələsgərin qardaşı oğlu Növrəs İmanın şəklini vermişəm ona, əlində saz. Götürüb sazsız şəklini veriblər. Aşıq Ağayarın əlində saz olan şəklini vermişəm. O da Ələsgərin şagirdi olub. Kitabda əlində saz olmayan şəklini çap ediblər".

Hüseyn dayı kitabı vərəqləyərək bizə saxtalaşdırılan və yaxud da ad və soyadları səhv yazılan aşıqlarını şəkillərini bir-bir göstərdi: "Bu aşıq İmran Həsənovdur, tanınmış aşıqlardan biridir. Kitabda onun familiyası da əl ilə yazılıb. Görünür çapa hazırlayanda saxtalaşdırmaq istəyiblər sonra nədənsə fikirlərindən dönüblər. Kitabda 103 aşıq var onların heç birinin ad və familiyasında əllə dəyişiklik aparılmayıb. Bir bunda aparılıb. Kitabda aşıq İslam Yusifovun şəkli verilib. Amma adı Əsgər yazılıb". Hüseyn dayı dedi ki, Aşıq İslam 1918-ci ildə Gəncədə Nuru Paşanın qarşısında həftələrlə çıxış edib. Onda 25-30 yaşında olub: "Aşıq Əsədin sazının üstündən "qazaxlı" yazılıb. Hansı maraqa görə göyçəli aşıqlarının adları saxtalaşdırılır". Hüseyn dayı dedi ki, o, bütün aşıqları tanıyır. Kitab çapa getməmişdən qabaq Musa Nəbioğlu ona bir şəkil göstərib. Üstündə yazılmışdı ki, aşıq İlyas Göyçəli: "Göyçənin harasından idi, babası kim olub, heç nə yazılmamışdı. 10 gündən sonra yanına getdim dedim ki, o şəkli ver mənə Göyçədə onu tanıyanları tapmışam. Onun övladları Sabunçuda, Zabratda yaşayırlar, ver aparım onlara göstərim və məlumatları dəqiqləşdirim. Mənə dedi ki, aşıq İlyas şəkilidir. Dedim Şəkidə aşıq yoxdur. İki İlyas var - biri gədəbəylidir, biri də Tovuzdandır, hər ikisi də şairdir. Vermədi. 20 gündən sonra getdim ki, ver o şəkli böyüdüb muzeyə qoyum. Bu dəfə dedi ki, aşıq İlyas qazaxlıdır. Kitabdakı şəklinin altında isə aşıq İlyas E.Abışov kimi göstərilib. Axı niyə xalqı belə təxribatlarla çaş-baş salırlar?" Aşıq Ələsgər muzeyinin rəhbəri bizə dedi ki, dünən arixv idarəsində Maarif Teymurun yanında olub və saxtalaşdırılan şəkli ona göstərib və hadisəni ona danışıb: "Maarif Teymur mənə dedi ki, dövlət arxivində heç bir sənəd saxtalaşdırıla bilməz". Hüseyn dayı Aşıqlar Birliyində hamının Borçalıdan olduğunu da qəbul etmədiyini dedi. Onun sözlərinə görə, orda göyçəli, tovuzlu, şirvanlı da olmalıdır. Hüseyn dayı onu da bildirdi ki, 2011-ci il Aşıq Ələsgər ili olacaq: "Aşıq Ələsgər şöhrətinə ümumilli lider Heydər Əliyev hörmət göstərib, onun yubileyi keçirilib, 1944-cü ildə akademik Mir Cəlal Paşayev Ələsgərə aşıqların akademiki adını verib. Mirzə İbrahimov deyib ki, günəşə baxanda orada aşıq Ələsgər, aşağı baxanda o biri aşıqlar görünür. 1965-ci ildə Şıxəli Qurbanov deyib ki, aşıq Ələsgər yer üzündə türk dünyasının böyük ozanıdır, Mikayıl Azaflı deyib ki, aşıq Ələsgər aşıqların sultanıdır, Mikayıl Müşfiq isə deyib ki, aşıq Ələgər haqq aşığıdır. Səməd Vurğun isə deyib ki, hansı gülə-çiçəyə əl atdım ki, oradan yazam, hamısını Ələsgər əmi yığışdırıb, bizə heç nə qalmayıb".

 

 

 Cavid

Xalq Cəbhəsi.- 2010.- 18 dekabr.- S.10.