Vali
və Şükrinin lirik şeirlər toplusu
Tehranın Məclisi-Şurayi-İslami kitabxanasında iki Azərbaycan şairi – Vali və Şükrinin lirik şeirlər toplusu divanları aşkar edilmişdir. Onlar barədə təzkirələrdə, digər mənbələrdə heç bir məlumata rast gəlmirik.
Valinin öz divanından və Tehranın Məclisi Şurayi-İslami kitabxanası kataloqundan şairin mühiti barədə müəyyən məlumatlar əldə etmək mümkündür. Vali divanının əlimizdə olan yeganə nüsxəsinin köçürülmə tarixi bəlli deyil. Əvvəldən və sondan naqis olan bu nüsxənin ortadan da bəzi vərəqləri düşmüş, sonradan cildlənərkən bəzi vərəqlərin yeri səhv düşmüşdür. Adı çəkilən katalo¬qun müəllifi Əbdülhüseyn Hayeri «Vali» təxəllüslü şairmizin «Gənci» ləqəbinin də olduğunu ehtimal edir. Tədqiqatçı Valinin farsca bir neçə qitəsində II Şah Abbasın (1642-1666) taxta çıxmasına və Şah Səfinin (1629-1642) vəfatına, Şah Səfinin İrəvanı osmanlılardan geri almasına (1636) dair maddeyi-tarixlər tərtib etdiyini göstərərək (bu qitələr divanda vardır), haqlı olaraq, şairin bu iki şahın hakimiyyəti illərində yaşadığı qənaətinə gəlir. Türkcə şeirlərindən birində şairin Şah Səfini mədh etdiyini görürük:
İnqilabi-çərxi-dunpərvərdən, ey dil, fariğ ol,
Xosrovi-sahibgiran Sultan
Səfidir şahımız.
Ə.Hayeri Valinin Busərab, Zeynalabdin və Heydər adlı
üç oğlunun təvəllüdünə dair
maddeyi-tarix tərtib etdiyini, ehtimal ki, Meşkanda yaşayan
dostu, şair Sadığı yad etdiyini, Kermanlı Cəmali
və Kəmali adlı şəxsləri yad edib, Kəmalinin
ölümünə dair maddeyi-tarix yazdığını
göstərir.
Vali divanı əlyazma
məcmuəsi tərkibindədir. Birinci hissəyə
müxtəlif qəsidələr, ikinci hissəyə Valinin
əsərləri daxildir.
Ümumi həcmi 112
vərəq olan, əsasən farsca şeirlərdən
ibarət bu divan qəzəl, rübai və
məsnəvilərdən və bir saqinamədən
ibarətdir. Bu lirik şeirlər toplusunda şairin Azərbaycan
türkcəsində cəmi 38 qəzəli vardır ki, bunlar
da 193 beytdir. Türkcə
qəzəllərin əksəriyyəti – otuz ikisi 5,
üçü 6, ikisi 4 və biri 7 beyt həcmindədir.
Ana dilində
yazdığı şeirləri nəzərdən
keçirdikcə, Valinin saf məhəbbəti təbliğ
edən, həyatdakı bütün
məsələlərə bir aşiq gözü ilə baxan
lirik şair olduğunu görürük. O, özünü klassik
ədəbiyyatın aşiq surətləri – Fərhad və
Məcnunla müqayisə edərək, bu yolun kamil
yolçularından olduğunu, zöhd və riyadan imtina edib
məhəbbət dininə tapındığını elan
edir:
Eşq irşadına kamildir cünunim dərs
üçün,
Gərmdir Fərhadü
Məcnun ilə xoş bazarımız.
Girmişik zövdü riyadən ta məhəbbət
dininə,
Bağladı piri-Muğan
təkbir ilə zünnarımız.
Şair özünü «eşq diyarının
sultanı» adlandıraraq, «mənəm, Vali, diyari-eşq sultanı
Süleyman tək» deyir, məhəbbət
nəşəsinə, eşq divanəliyinə üz tutaraq,
onu dünyanın bütün qayğılarından
qurtarmalarını xahiş edir:
Ey məhəbbət nəşəsi, qurtar məni
hər qeyddən,
Vey cunun şuri, məni
qeydi-cəhandan qıl xilas.
XVII əsr anadilli
şairlərimizin əksəriyyəti kimi, Vali
yaradıcılığında da Füzuli poeziyasının
təsirini görürük. Füzuli kimi o da
eşqi insanı kamillik də¬rəcəsinə
çatdıran qüvvə sayır. Əgər dahi
şair:
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni,
– deyirsə, Vali eşqin insanın
əyarını, keyfiyyətini yüksəltmə
gücünə malik olduğunu bildirir:
Ey dil, güzari-eşqdə cismim nizar qıl,
İksiri-eşq ilən
məni kamiləyar qıl.
Dövrünün digər
şairləri kimi, irfani poeziyanın obrazlarından
istifadə etsə də, Valinin qəzəllərində
əsasən real, dünyəvi eşqin vəsf edildiyini
görürük. Onun qəzəllərinin obyekti real bir
insan, konkret məşuqədir. Şeirlərindən
birində şair sevglisinin onu unutmasından, ona yad
olmasından səmimi bir dillə şikayət edir:
Yar oldu yad, etmədi yad, ey nəsimi-sübh,
Əsdikcə bir
xəbər yetir ol gülüzardən.
Burada müəllif «yad»
sözünün iki mənasından («özgə» və
«xatırlama») bəhrələnməklə cinas
sənətindən istifadə etmişdir. Əlimizdə
olan anadilli şeirlərinin çoxunda vüsala çata
bilməyən aşiqin hicran qəmindən danışan
Vali, «Getdi hicran inqilabı, gəldi dövrani-nişat»
deyərək, məşuqə ilə
görüşməyin sevincini də qələmə
almışdır. Şairin lirik
qəhrəmanının məhəbbəti elə
güclüdür ki, sevgilisi ona bircə dəfə baxarsa,
bütün bədəni başdan-ayağa bir
günəşə çevrilə bilər:
Əgər bir ləhzə əl versə anın
nəzzarəsi, Vali,
Vücudimni sərapa məhz
eyni-aftab eylər.
Valinin şeirlərində
didaktik məqamlara da rast gəlirik. Qəzəllərindən
birində şair, ömrünü eyş-işrətlə
keçirib xalqın dərdini unudan hökmdarlara üz
tutaraq, onlara insanların bu dünyada bir qonaq olduğunu,
axirəti düşünüb savab işlər
görməyin gərəkliyini xatırladır.
Ənuşirəvanın bir zamanlar tikdirdiyi sarayın xarabaya
çevrildiyini nümunə gətirərək, bundan
ibrət götürməyi məsləhət görür:
Zadi-rahin gör ki, olmaz dəhr əglənmək yeri,
Sən müsafirsən bu
yerdə, çərx bir viran ribat.
Taqi-Kəsradən bu rəmzi-ibrətəfəzadır
sərih
Kim, bu yerdə eyşü
üçün saldı Nuşirəvan bisat.
Bəzi şeirlərində
şair yaşadığı zamandan
narazılığını bildirir, «aləmdə yoxdur
ədlü dad» deyərək dövrünü ittiham edir. «Ruzigari-namüvafiq
natəvan etdi bizi» deyən Vali belə hesab edir ki,
insanların zəif, gücsüz olmalarına səbəb pis
zəmanədir. Şair həyatının uyğunsuz
bir dövrdə püç olduğundan acı-acı
şikayət edir:
Ruhzigari-namüvafiqdən fərağbal ilən,
Gömədi bir ləhzə
rahət, keçdi, Vali, mahü sal.
Şairin Azərbaycan
türkcəsindəki əsərlərinin dilini
nəzərdən keçirdikdə görürük ki,
şeirlərinin əksəriyyətini farsca yazmasına
baxmayaraq, Vali ana dilinin incəliklərinə bələd
olmuş, danışıq dilindən gələn
ifadələri yeri gəldikcə məharətlə
işlətmişdir. Şairin bədii dilinin səciyyəvi
cəhətlərindən biri də onun
əsərlərində ağlar oldu, axmaz oldu, deyər oldu,
bağlar oldu kimi fel birləşmələrindən istifadə
edilməsidir. Bəlli olduğu kimi, bu
cür fel birləşmələri «Kitabi-Dədə Qorqud»
abidəsinin dili üçün xarakterikdir.
Şükrinin 138 səhifə həcmində olan farsca
divanına daxil edilmiş az saylı
Azərbaycan türkcəsindəki şeirlərdən
müəllifin türkdilli poeziyanı gözəl bilən,
bu dildə dəyərli əsərlər yaradan
müqtədir bir ədib olduğunu görürük. Şükri divanı müəllifin özü
tərəfindən köçürülmüşdür.
Bəzi şeirlərin yanında
«Qəzəli-ixtiya¬riye-bəndə», «Qəzəli-ixtiyariye-
fəqir», «Qəzəli-ixtiyariye-xiş» sözlərinin
yazıl¬ması bunu sübut edir.
Şükri divanı farsca
tövhid, nət və imamların mədhinə həsr
edilmiş şeirlərlə başlanır. Farsca
əsərlər qəzəl, qəsidə və
qitələrdən ibarətdir. Müxtəlif
hadisələrə həsr edilmiş bir sıra
qitələrdə şair maddeyi-tarixlər tərtib
etmişdir.
Divanındakı
şeirləri oxuduqca Şükrinin XVII əsrin ikinci
yarısı – XVIII əsrin əvvəllərində
yaşadığını, təbrizli olduğunu, bir
müddət Hindistanda, divan tərtib etdiyi dövrlərdə
Bəsrə şəhərində yaşadığını
görürük. Əsərlərində şair
Hindistanın Benqal, Hanpur, Heydərabad
şəhərlərindən danışmış,
h.1100-cü ildə (m.1688) Nəvvab Qasım xan
tərəfindən Balapur şəhərinin tutulmasına
qitə həsr etmişdir. Şükrinin divanında
onun h.1111-ci ildə (m.1699) Bəsrədə taun
epidemiyasının yayılmasına, Dərgahqulu adlı
dövlət xadiminin h.1108-ci ildə (m.1696)
övladının dünyaya gəlməsinə, h.1111-ci
ildə (m.1699) həmin şəxsin Bəsrədə ictimai
binalar kompleksi tikdirməsinə, h.1100-ci ildə Hacı Zaman,
h.1111-ci ildə Mir Əli Əkbər adlı
şəxslərin vəfatına dair tərtib etdiyi
maddeyi-tarixlərə rast gəlirik. Bu topluda müəllifin
Təbriz şeyxülislamı Mirzə Saleh Təbrizi,
Vəhid Qəzvini, Saib Təbrizi, Nasir Əli Hindi, Mirzə
Cəlal Əsir, Şah Talib Azadə, Hidayət xan, Miskin,
Səxa, Mirzə Məhəmməd Müqim Faizi və b.
şairlərin farsca şeirlərinə yazdığı
nəzirələri də vardır. Əsərlərindən
görürük ki, Şükri başqa
məmləkətlərdə yaşasa da, vətəni
ilə əlaqəsini itirməmiş,
həmvə¬tən¬ləri ilə məktublaşmış,
onların şeirlərinə cavablar yazmışdır.
Məsələn, burada Mir Hüseyn adlı
şairin ona vətəndən göndərdiyi farsca
qəzəli və Şükrinin bu şeirə
yaz¬dığı nəzirə də özünə yer
tutmuşdur. Şairin bu divanında Azərbaycan
türkcəsində cəmi 11 qəzəl, 1 qəsidə, 1
təxmis, 2 qitə və 2 müləmmə vardır ki,
bunlar da 164 beytdən ibarə¬tdir. Şükrinin
qəzəlləri lirik-aşiqanə mövzudadır, bu
şeirlərdə real insani münasibətlərin,
dünyəvi məhəbbətin
tərənnümünə üstünlük verildiyini
görürük.
Şükrinin anadilli
şeirləri içində janrını müəyyən
etməkdə çətinlik çəkdiyimiz bir
əsər diqqətimizi cəlb edir. Səkkiz beytdən
ibarət olan, qəzəl kimi qafiyələnən bu
şeirin vəzni yoxdur. Əsər danışıq
dilində qələmə alınmışdır, burada
şairlərin klassik qəzəl dilinə
yaraşdırmadığı söz və
ifadələrə rast gəlirik:
Ta ki, tutdum o nəğməsaz ətəgin, bəni
tənbur tək əlinə alıb,
Hər zəman bir qulaqburma
verür, həm qıdıqlar bəni ki, ağlamıyam.
Belə ay üzlü saqi yanında tövbəgər
yüz qəd üstə peyda olmaz,
Bən bu gündən sonra, əlacım yox bu kətan
parəsin yamaqlamıyam .
Danışıq dilində
yazılan bu vəznsiz əsəri mənsur şeirdən
fərqləndirən əsas cəhət onun qəzəl kimi
sabit qafiyə sisteminə malik olmasıdır. Burada
məhəbbətin, aşiqin məşuqla
münasibətlərinin yumorla, ondan da daha çox
lağlağı ilə ifadə edilməsi klassik poeziyaya
parodiya kimi səslənir. Əsərin gülüş
doğurmaq məqsədi ilə yazıldığını, müəllifin
lirik poeziyanın ifadə tərzinə ironik
münasibətini görməmək mümkün deyil:
Böylə hindu qızı
könül apara, qeyrət deyən olmasın ki, əgər
Bən diş ilən onun dodaqların qan yenişləri
kibi boyaqlamıyam.
Fikrimizcə, bu şeirdə
artıq XVII əsrin sonlarında şairin klassik poeziyanın
tez-tez təkrarlanan obrazlarına, bədii ifadə
vasitələrinə, yeksənəq görünən
məqamlara tənqidi, yumorlu münasibəti əksini
tapır. Belə çıxır ki, poeziyada sonrakı
dövrlərdə gedəcək islahatlara,
dəyişikliklərə olan ehtiyac əvvəllər də
hiss olunmuşdur.
Şükrinin nəzirə
və təxmisləri onun bədii zövqü,
yaradıcılığının əsas istiqamətləri
barədə daha hərtərəfli fikir söyləməyə
imkan verir. Şair divanında əksər hallarda tənzir
və ya təxmis etdiyi şeiri də
köçürmüş, bununla da oxucuya onun məharətini
dəyərləndirmək imkanı vermişdir. Şükri divanının 72-73-cü
səhifələrində müasiri olan Azərbaycan şairi
Vəhid Qəzvininin farsca qəzəlini, Musəvi xanın bu
əsərə nəzirəsinin mətlə beytini,
nəhayət, özünün nəzirəsini
köçürmüşdür.
Şairin bu toplusunda Füzulinin
«Ətəgin» rədifli qəzəli, onun bu qəzələ
yazdığı nəzirə və təxmis vardır. Füzuli
əsərlərinin müasir nəşrlərində onun
«Ətəgin» rədifli qəzəlinə daxil olan 7 beytin
hamısı burada vardır. Fərq ondan
ibarətdir ki, Füzuli divanında 6-cı yerdə olan beyt burada
3-cüdür. Bir neçə
sözdə də fərq görürük. Qəzələ yazılan nəzirə 9 beytdən
ibarətdir. Şükri bir sıra
beytlərində Füzuli qafiyələrini təkrar etmir.
Qafiyəsi təkrar olunan beytləri də o,
özünəməxsus, fərqli şəkildə
mənalandıra bilmişdir.
Şükrinin Füzulinin bu
qəzəlinə yazdığı 6 bəndlik bir təxmisi
də vardır. Həmin təxmisin bəndlərində müəllifin
Füzuli beytlərindən əvvəl gələn
misraları elə bil ki, dahi şairin sözlərini
tamamlayır, onların mənasını daha qabarıq
nəzərə çarpdırır:
Getdi Leyli ki, məgər kam ala ondan Məcnun,
Göstərüb hər nə olur
əhli-vəfalərdə fünun,
Vəsli-yar etmədi ol pak dili digərgün,
«Belə üryan gərək avareyi-səhrayi-cünun
Ki, təəllüq
tikəni tutmaya qət’a ətəgin».
Şükrinin Qövsi
Təbrizinin «Nə istər, bilmənəm» rədifli
qəzəlinə yazdığı nəzirə də
diqqətəlayiqdir.
Şükrinin
şeirlərinə nəzirə yazdığı,
adını ehtiramla yad etdiyi sənətkarlardan biri də
böyük Osmanlı şairi Baqidir. Bunun bir səbəbi
də, bəlkə, Şükrinin bir müddət Osmanlı
imperatorluğu ərazisində yaşaması ilə
bağlıdır.
Şükrinin Bəsrədə olduğu zaman yazdığı, yaşadığı cəmiyyətdəki ədalətsiz¬likləri, zəmanənin haqsızlıqlarını, insanların pozulmuş mənəviyyatını tənqid etdiyi 23 beytlik şeir məzmununa, ictimai tənqid ruhuna görə Xaqaninin bəzi qəsidələri («Mədain xərabələri», «Həbsiyyə»), Füzulinin «Şikayətnamə»si, Ruhi Bağdadi¬nin «Sanmın bizi kim, şireyi-əngur ilə məstüz» misrası ilə başlanan tərkibbəndi, Vaqifin «Görmədim» rədifli müxəmməsi ilə səsləşir. Məmurların özbaşınalıq və rüşvətxorluğunu ifşa etdiyinə görə Füzuli əsərinə, insanlarda iman və sədaqətin, mənəviyyatın pozulmasını acı bir təəssuf və etirazla tənqid etdiyinə görə Vaqif müxəmməsinə yaxın olan bu əsər özünəməxsus cəhətləri ilə də diqqətimizi cəlb edir. Diqqətlə nəzərdən keçirdikdən sonra janrını ictimai-fəlsəfi məzmunlu qəsidə kimi müəyyən etdiyimiz bu əsər (divanında müəllif digər əsərlərindən fərqli olaraq bu şeirinin janrını qeyd etməmişdir) birinci misrasından («Səfa dövranı fövt olmuş, arada yası qalmışdır») dövrandan şikayətlə başlanır və bu şikayət getdikcə cəmiyyətdəki ədalətsizliklərə qarşı ittihamlara çevrilir. Şair cəmiyyətdəki haqsızlıqlar barədə dərin düşüncələrə dalır, ən müxtəlif peşə sahiblərinin, hakimlərin, din xadimlərinin, rəiyyətin mənəviyyatındakı dəyişikliyi yaranmış vəziyyətin əsas səbəbi kimi göstərir. Özündən əvvəlki klassik ədəbiyyatın ən dəyərli nümunələrindən bəhrələnən Şükrinin bu əsəri yarandığı dövrdə poeziyamızda irəliyə, həyat gerçəkliyinin realist əksinə doğru atılmış böyük bir addım idi. Bu əsərə qədər anadilli poeziyamızda kəskin ictimai məzmunu ilə diqqətimizi cəlb edən belə bir nümunəyə rast gəlmirik. Şairin mahir bir rəssam kimi, yaşadığı həyatın tablosunu çəkdiyi, mənzərəsini yaratdığı bu şeir ədəbiyyat tarixmizdə öz layiqli yerini tutmalıdır.
Vali divanı vərəqlərindən birinin kənarına köçürülmüş, başqa heç bir yerdə rast gəlmədiytmiz Füzuli müləmməsini oxucuların diqqətinə çatdırırıq. Məlum olduğu kimi, müləmmə ən azı iki dildə yazılan klassik poeziya janrıdır. Fikri¬mizcə, digər mənbələrdə nüsxələri tapılmadan hələlik bu əsəri Füzuliyə aid edilən şeir kimi nəzərdən keçirməliyik:
Yek dəm biyavü nişin, ey türki-ruyi-susən,
Mimirəm əz fərağət, məni-salub gedirsən.
Besyar can bedadim ta amədi bedəstəm,
Kəsra süxən
nəbaşəd, gər qanımı tökərsən.
Ey mədəni-bəlağət, ey
hüsni-gənci-afət,
Sərha fədayi-rahət
ordan ki, sən keçərsən.
To hakimivü sultan, ma xümlə bəndəqurban,
Emruz ruzi-lütf əst,
gər əlimi tutarsən.
Əz eşqi-to Füzuli besyar zari giryəd,
Əknun çe
çarə sazəm, mən ağlaram, gülərsən.
Uğur
Xalq
Cəbhəsi.- 2010.- 21 dekabr.- S.14.