Bəşəriyyət uğrunda milli mübarizə...

 İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların sayı 400 min nəfərdən çoxdur ki, bu da ABŞ-ın itkisindən artıqdır

 

Ötən il Azərbaycan Silahlı Qüvvəllərinin bölüyünün Moskvanın Qızıl meydanından hərbi paradda yer alması, şərəflə addımlaması bizi qürurlandırdı. Bəlkə də 1945-ci ildən bəri ilk dəfə idi ki, Azərbaycan xalqının İkinci Dünya Müharibəsi-Böyük Vətən Müharibəsində oynadığı rola verilən ən böyük qiymətdir. Fikrimcə, bu dünyanın Azərbaycan xalqının qəhrəmanlığına, bəşəriyyət uğrunda fədəkarlığına verdiyi dəyərin bir nümunəsi idi.

 

Azərbaycan bölüyü Qızıl meydanda Rusiya, Ukrayna, Belorus, Qazaxıstan, ABŞ, Böyük Britaniya, Fransa və başqa 21 ölkənin hərbçiləriylə eyni meydanı paylaşırdı.

...İkinci Dünya müharibəsi bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətta bütün bəşəriyyəti təhlükə altına qoyub. Faşizm bütün ölkələri hədələdiyi kimi Azərbaycana da təhlükə törədirdi. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılıq etdiyi Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahının hazırladığı planda Qafqazın, xüsusilə Bakının işğalı mərkəzi yer tuturdu. Qafqazın işğalı planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusunun öhdəsinə buraxılmışdı. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə bölgə idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər tutulmalıydı. Faşistlər Bakı neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcək. Hitler "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".

Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığıyla Almaniyanın I-ci tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə deyib: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq". Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Mahaçqala-Bakı istiqamətində hücuma keçmək və təyyarələrdən desant endirmək haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Amma 1942-ci ilin avqustun sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər.

Həmin illərdə Böyük Britaniya hökuməti və Avropanın hərbi dairələri, ABŞ rəhbərliyi yəqin etdilər ki, Hitler Sovetlər İttifaqının Urala qədər ərazilərini və Bakı neftini də ələ keçirsə, onun dünya ağalığı ilə mübarizə aparmaq mümkün olmayacaq. Elə buna görə də çoxları deyirdilər ki, kim Bakı neftinə sahib olsa, o da qalib gələcək.

...Ümummilli lider Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda çıxışında deyib: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".

...II Dünya müharibəsindən artıq 65 il ötsə də, onun ağrı-acıları hələ yaddaşlardan silinməyib. İndiki nəsil o qanlı-qadalı illərdə baş verən hadisələr barədə daha dolğun və obyektiv məlumat almağa ehtiyac duyur. Azərbaycan xalqının müharibədə fəal iştirakını, onun qələbəylə başa çatması sahəsindəki fəaliyyətini tədqiq etmək və açıqlamaq mühüm əhəmiyyət daşıyır. Çünki qanlı Stalin repressiyasından, qətliamından çıxan sovet adamları böyük rəşadət və inanılmaz qəhrəmanlıq göstərərək dünyanı bürüməkdə olan "qara taun"un - faşizmin hücumunun qarşısını aldı, onu darmadağın etdi, dünya sivilizasiyasını faşizm təhlükəsindən qurtardı.

İkinci Dünya Müharibəsi illərində Azərbaycan övladları böyük qəhrəmanlıq göstəriblər. Faşizm üzərində qələbə xalqın qanı, külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə olunub. İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların sayı 400 mindən çoxdur ki, bu da müharibədə böyük mənfəət əldə edən ABŞ kimi ölkənin itkisindən artıqdır.

Böyük Vətən müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin benzininin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan göndərirdi. Azərbaycan "Hər şey cəbhə üçün, hər şey qələbə üçün " şüarı altında mübarizəyə qalxmışdı.

Xalqımızın qələbəyədək göstərdiyi qəhrəmanlıq və şücaət unudulmazdır. Azərbaycan 5 il bu müharibənin dəhşətlərini yaşayıb, onun ağırlığını çiyinlərində daşıyıb. Bütün qüvvəsilə döyüşüb, vuruşub, dözümlülük göstərib, var qüvvəsi ilə qələbə üçün çalışıb.

Müharibə başlanan kimi respublikanın bütün potensialı düşmən üzərində qələbəyə səfərbər edilib. İnsanlar könüllü olaraq ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə, "Qırıcı batalyon"lara yazılıblar.

Ümumilikdə, 1941-ci ilin iyunundan 1945-ci ilin mayınadək Azərbaycandan orduya 760 mindən çox yaxın insan səfərbər olunub ki, onların da 11 min 262 nəfəri qadın idi. Xatırlatmaq yerinə düşər ki, 1939-cu ilin siyahıyaalınmasına görə, Azərbaycan əhalisi ümumilikdə 3 milyon 274 min nəfər idi. Bu isə Böyük Vətən Müharibəsi illərində ölkə əhalisinin 20 fazinin ön cəbhədə vuruşmasını təsdiqləyir. Bu statistikaya qonşu ölkələrdə yaşayan azərbaycanlıların sayını da əlavə etsək, qələbənin nə qədər soydaşımızın qanı bahasına başa gəldiyi aydın olar.

Azərbaycan diviziyaları ayrı-ayrı ölkələrin, şəhərlərin azad edilməsində, Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında böyük rəşadət göstəriblər.

1941-ci ilin avqustunda Azərbaycanda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar yaradılıb.

Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub.

1941-ci ilin dekabrında Krımın müdafiəsinə qoşulan, Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirmiş 77-ci diviziya da 1942-ci ilin mayında respublikada yenidən komplektləşdirilib. Bu diviziyalar, eləcə də şəxsi heyətinin əsas hissəsi soydaşlarımızdan ibarət 55-ci, 396-cı, 418-ci, milli diviziyaların döyüş yoluna nəzər saldıqda görünür ki, onlar Stalinqrad və Qafqaz cəbhələrində fərqlənib, Simferopol və Odessa şəhərlərinin azad edilməsində hünər göstəriblər. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azadlığı uğrunda vuruşub, 416-cı diviziya isə Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. O vaxt 227-ci atıcı diviziya fəxri "Teymuruq" adı almışdı. 271-ci diviziyaya isə "Qorlovka" adı verilmişdi....

...İkinci dünya müharibəsində qələbənin qazanılmasında milli diviziyalarımız öz döyüş qabiliyyətlərilə təsdiqlədilər ki, xalqımız nəyə qadirdir və necə hünərvər bir millətdir. Qoşun birləşmələrilə yanaşı, ayrı-ayrı əsgərlərin də adı bütün müharibə boyu fəxarətlə çəkildi və nümunə oldu.

Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübarizə yolu keçdilər. Müharibə illərində 48 soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər, 30 nəfəri "Şərəf ordeni" ilə təltif olunublar. 170 min Azərbaycan əsgər və zabitləri SSRİ-nin müxtəlif orden və medallarıyla mükafatlandırılıblar.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığıyla xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstəriblər. Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benziniylə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha göstərdi. İkinci Dünya Müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən N.K.Baybakov deyib:" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü". Nikolay Baybakov təsdiqləyib ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi. Sovet-Almaniya müharibəsi cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmiş Sovet İttifaqı marşalları G.K.Jukov və K.K.Rokossovski müharibə illərində dəfələrlə bildirib ki, Azərbaycan neftçiləri motorlar müharibəsində faşist ordusu üzərində qələbədə cəbhəni yanacaqla fasiləsiz təmin etməklə həlledici xidmətlər göstəriblər: "Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır". Marşal A.A.Qreçko yazıb ki, "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi".

...Azərbaycan bəşəriyyətin xilasına canıyla, qanıyla xidmət etdi. Azərbaycanın nefti hesabına, iqtisadi gücü hesabına faşizmdən xilas olunanan Rusiya isə Azərbaycan torpaqlarını işğal edib, ermənilərə verib, 20 Yanvar faciəsini, Xocalı soyqırımını törədib.

İkinci Dünya Müharibəsi illərində bəşəriyyət uğrunda mübarizəyə qalxan Azərbaycan xalqı indi də faşizm ideyalarının hökm sürdüyü "erməni taun"u ilə üzləşib, Ermənistanın işğalıyla qarşılaşıb.

...Bu yazıda xalqımızın nəhəng bir qəhrəmanlıq səlnaməsindən qısaca danışmağa çalışdıq. Bu xalq döyüş meydanlarına bir milyona yaxın insan çıxara bilir, qələbə üçün canını, qanını fəda edir...

 

Bəhmən

Xalq Cəbhəsi.- 2010.- 21 dekabr.- S.10