"Qəhrəmanlığın aşıq ruhu...", yoxsa şər, böhtan?

 

 Hörmətli redaksiya! Bu müraciəti Sizə göndərməyimə səbəb "Xalq cəbhəsi" qəzetinin 18 dekabr 2010-cu il tarixli nömrəsində Cavid adlı müəllifin dərc etdirdiyi "Qəhrəmanlığın aşıq ruhu..." adlı yazısıdır. Və bəri başdan deyim ki, təkcə ona görə yox ki, həmin yazıda Azərbaycan Aşıqlar Birliyinin, onun sədri, xalq şairi Zəlimxan Yaqubun və haqqında söhbət gedən "Ozan-aşıq dünyası" kitabının müəllifi kimi mənim ünvanıma Hüseyn adlı şəxs haqsız iradlar, şər-böhtan səsləndirib.

 

Azərbaycan Aşıqlar Birliyinin katibi,

"Ozan dünyası" jurnalının baş redaktoru

 

Daha çox ona görə ki, adı "Qəhrəmanlığın aşıq ruhu..." olan məqalədə nə qəhrəmanlıq, nə də aşıq ruhu hiss olunur.

Görmüşük ki, hər hansı kitab haqqında həmin sahənin mütəxəssisi rəy bildirər, kitabın uğurlu və çatışmayan (təbii ki, əgər varsa) cəhətlərini göstərər. Olmazdımı ki, müəllif belə ciddi mövzuya səthi yanaşmayaydı, Azərbaycan Aşıqlar Birliyinə, kitabın müəllifinə də müraciət edib münasibət öyrənəydi. Əgər bu müraciəti özünə rəva bilmirdisə, folklorşünaslarla əlaqə saxlayaydı. Bunların heç birini etmirdisə, heç olmasa yanlış fikirlərini, şər-böhtanını tirajlayıb oxuculara çatdırdığı Hüseyn kişidən soruşaydı ki, o, hansı peşənin yiyəsidir və bu kitab haqqında yanlış rəy formalaşdırmağa nə qədər səlahiyyəti çatır (bir oxucu kimi hər kəs öz münasibətini bildirə bilər, amma bunu ictimaiyyətin fikri kimi sırıya bilməz).

Təbii ki, hər bir işdə qüsur olar (bu, heç də Hüseyn kişinin söylədiklərinin etirafı demək deyil) və bu iradı mütəxəssislər bildirə bilər. Amma təəssüf doğuran odur ki, cəmiyyətdə özünəməxsus mövqeyi ilə seçilən bir qəzet ciddi bir işə adi sürücü səviyyəsində münasibət bildirir. Yəni bizim folklorşünas alimlərimiz, ustad aşıqlarımız müəllif üçün bu qədər əlçatmaz idi? Elə buradaca qeyd edim ki, Cavid bəy ən azından son dövrün mətbuatını internetdə izləsəydi görərdi ki, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov "525-ci qəzet"in 5 noyabr tarixli sayında və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Səməndər Məmmədov "Şərq" qəzetinin 14 dekabr 2010-cu il tarixli sayında bu kitabla bağlı hansı fikirləri səsləndiriblər. Və bir də Hüseyn kişidən soruşardı ki, hər gün Aşıqlar Birliyində olub təriflədiyi, hətta Milli Kitabxanada keçirilən təqdimat mərasimində aiızdolusu çıxış etdiyi bir kitabın "qüsurlarını" niyə indi gördü? Və məsələyə bir qədər diqqətli yanaşsaydı torbadakı pişiyi - Hüseyn kişinin qərəzinin səbəbini görərdi. Müəllif tuta bilməsə də, diqqətli oxucu onun yazısından bunu aydınca görür: "...Sonra mən getdim onun yanına, dedi ki, sizin mənə verdiyiniz şəkillərin altında yazacam ki, onlar Aşıq Ələsgər muzeyindən götürülüb. Razılaşdım, dedim ki, mənim adım olmasa da, Aşıq Ələsgər muzeyinin adı kitaba düşsün". Təbii ki, Hüseyn kişinin dilindən verilən bu iki cümlədəki ziddiyyətli fikri onun özünə izah etmək çətindir və mən heç o fikirdə də deyiləm. Amma gərək müəllif buna diqqət yetirəydi: əgər mən ona demişdimsə ki, şəkillərin altında Aşıq Ələsgər muzeyindən götürüldüyünü yazacam, daha onda Hüseyn kişi mənə niyə deyirdi ki: "mənim adım olmasa da, Aşıq Ələsgər muzeyinin adı kitaba düşsün". Hüseyn kişinin bu günkü dedi-qodusunun bir səbəbi odur ki, niyə onun təklif etdiyi şəkillərin hamısından istifadə olunmayıb və adı kitabda çox hallanmayıb.

Hüseyn kişi deyir ki, "kitabda aşıq İslam Yusifovun şəkli verilib. Amma adı Əsgər yazılıb". Bəs bu "yanlışlığın" hansı səhifədə olduğunu niyə deməyib?

Düşünə bilərsiniz ki, niyə mən bütün iradlarımı Cavid bəyə ünvanlayıram. Əvvəla ona görə ki, yazının müəllifi odur və yəqin ki, ali təhsillidir. İkincisi də ona görə ki, Hüseyn kişinin şər-böhtanına cavab vermək, ona nəyisə izah etmək üçün ən azından gərək onun öz dilində-küçə söyüşləri səviyyəsində (bunu sübut etmək üçün əlimdə kifayət qədər əsas var) danışasan ki, bu da mənim tərbiyəmə yaddır. İkincisi ömrünün 84-cü ilini yaşayan bir adam kiməsə münasibətdə yaşına uyğun ağsaqqallıq sərgiləyə bilməsə də, ən azından onun yaşına hörmət mənim borcumdur.

Cavid bəyə və onun məlum yazısını oxuyan oxuculara bir şeyi çatdırmaq istəyirəm ki, Hüseyn kişi vaxtilə sürücü olub və təbii ki, aşıq sənəti üzrə mütəxəssis deyil, olsa-olsa bu sənətin vurğunudur, pərəstişkarıdır və burada da qeyri-adi bir şey yoxdur. Öz tarixinə, kökünə hörmət edən hər kəs bu sənəti sevir. Aşıq sənətinə bu qədər vurğunluğunda qeyd olunası bir cəhət odur ki, o, son bir neçə ildə aşıqların fotoşəkillərini əldə edərək mənzilinin divarlarına vurub, onların vallarını toplamağa çalışıb ki, bu, təqdir olunasıdır. Amma "Aşıq Ələsgər muzeyi" adlandırdığı mənzilində bu böyük sənətkara aid onun şəklindən başqa hansı eksponatlar olduğunu özü desə daha yaxşı olar. Və elə buradaca onun həmin məqalədəki bir fikrinə münasibət bildirmək istəyirəm: "Ələsgərin qardaşı oğlu Növrəs İmanın şəklini vermişəm ona, əlində saz. Götürüb sazsız şəklini veriblər. Aşıq Ağayarın əlində saz olan şəklini vermişəm. O da Ələsgərin şagirdi olub. Kitabda əlində saz olmayan şəklini veriblər". Burada soruşmaq istəyirəm, əvvəla kitabda şəkli sazsız verilən aşıqlar bircə bunlardırmı və əlində saz olmayan şəkillərinin verilməsi Növrəs İmanın, Aşıq Ağayarın aşıq olmamasımı deməkdir? İkincisi, Hüseyn kişi həm Növrəs İmanın, həm də Aşıq Ağayarın əlində saz olan şəklinin orijinalını mənə də olmasa, heç olmasa gətirib redaksiyada Cavid bəyə göstərə bilərmi? Üçüncüsü, həmin aşıqların montaj yolu ilə sinsəsinə saz qoyulmuş şəkillərinin verilməsi nə dərəcədə düzgündür? Dördüncüsü, Hüseyn kişi Növrəs İman və digər aşıqlarla bağlı görkəmli folklorşünas alim, Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərdən çoxmu məlumatlıdır və Aşıq Ələsgər ocağına ondan çoxmu can yandırır? Elə isə Növrəs İmanın sazla olan şəklini niyə İslam müəllimə də vermirdi ki, onun toplayıb tərtib etdiyi və 2004-cü ildə "Səda" nəşriyyatında işıq üzü görmüş kitabda (Növrəs İman. Seçilmiş əsərləri.) həmin şəkil veriləydi. Beşincisi, Hüseyn kişiyə xatırlatmaq istəyirəm ki, onun təklif etdiyi və mənim də istifadə etmədiyim montaj olunmuş şəkillər təkcə Göyçə aşıqlarının deyil, onlar arasında Şirvan və digər bölgələrin aşıqları da var. Bircə fakta diqqət yetirin: Şamaxıdan olan aşıq Məzahir İsrafilovun şəklini montaj edərək sinəsinə saz yerləşdirib, üstəlik sazın üstündə onun adını və doğum tarixini (1929-cu il) yazdırıb. Aşıq sənətindən az da olsa başı çıxanlar bilir ki, aşıqların sazının üstündə onların doğum tarixi yox, sazın düzəldildiyi tarix yazılır.

Hüseyn kişi deyir ki, kitabda 103 aşıq var, əslində isə burada 220 nəfərdən çox aşıq haqqında yazı və şəkillər var ki, əgər kitaba baxmışdısa gərək müəllif heç olmasa bu yanlış məlumatı tirajlamayaydı.

Cavid bəy isə doğrudan da aşıq sənəti ilə bağlı yazı yazmaq istəyirsə buyurub gəlsin Aşıqlar Birliyinə. Və biz istər Aşıq İslam Yusifov, istər E.Abuşev və digərlərinin fotoşəkillərini haradan götürdüyümüzü, həmin şəkillərin hansı ildə kim tərəfindən çəkildiyini və hazırda harada saxlandığını deyək. Yox əgər bura gəlmək istəmirsə, Hüseyn kişini də götürüb üz tutsun Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədlər Arxivinə və Əməkdar incəsənət xadimi aşıq İslam Yusifovun 1961-ci il aprelin 27-də Moçeykis tərəfindən çəkilmiş şəklini (arxivdəki saxlanma nömrəsi 16520) kitabdakı şəkillə tutuşdursun. Elə orada Eyvaz Abuşevin 1969-cu ildə Həmidli familiyalı fotoqraf tərəfindən çəkilmiş şəklinə (nömrə 33808) də diqqət etsin. Görsün orada heç ad varmı ki, mən də Hüseyn kişiyə ya İlyas, ya da başqa ad deyim. Həmin şəkillə bağlı Hüseyn kişi qəzetdə deyir: "...dedim ki, o şəkli ver mənə, Göyçədə (?) onu tanıyanları tapmışam. Onun övladları Sabunçuda, Zabratda yaşayırlar". Əgər Hüseyn kişi doğrudan da onun övladlarını tapmışdısa və mən də ona şəkli vermirdimsə niyə həmin ərəfədə onlara xəbər vermirdi? İkincisi, artıq iki aydır kitab işıq üzü görüb və bir aydır ki, Hüseyn kişi şantajla məşğuldur. İndi ki, kitab əlindədir, Zabrata gedib həmin şəkli E.Abuşevin övladlarına göstərməyə kim ona mane olur? Elə redaksiyaya da onun övladı ilə gəlməsi daha yaxşı olmazdımı? Yoxsa bu yaşında kiməsə vəkillik etməyi öz üzərinəmi götürüb?

Hüseyn kişi deyir ki, Aşıq Əsədin sazının üstündə "Qazaxlı" yazılıb və guya bunu biz bilərəkdən etmişik. Burada əvvəla soruşuram, görəsən mən bunu niyə saxtalaşdırmalıydım? İkincisi, yenə müəllifə məsləhət görürəm ki, kitaba yaxşı baxsın, Hüseyn kişi yaşlı adamdır, üstəlik içindəki qərəz ona imkan vermir ki, həqiqəti görsün.

Burada mən Hüseyn kişinin köməyinə çatmaq istəyirəm, görünür o, Aşıq İslam Yusifovu nəzərdə tuturmuş (bir başqa yerdə onun adını çəkib), sadəcə olaraq onun üçün fərqi yoxdur kimin adını çəkdi, yetər ki, bizim ünvanımıza şər desin. Bəli, İslam Yusifovun sinəsindəki sazın üstündə "Qazaxlı" yazılıb və mən həmin şəklin ünvanını yuxarıda qeyd etdim. Buyurun, baxın!

Nəhayət, Hüseyn kişini ən çox "narahat" edən 129-cu səhifədəki şəkil barədə. Məni həmin şəkildəkiləri tanımamaqda suçlayan Hüseyn kişi buyurub özü desin oradakıların adlarını. Deyir ki, orda erməni, gürcü, yəhudilər var. Görəsən Hüseyn kişi şəklə baxmaqla insanların milliyyətini necə təyin edə bilir ki, orada yəhudi və gürcünün də olduğunu söyləyir. Bəlkə o, insanların milli mənsubiyyətini təyin etmək üzrə ekspertdir, bizim xəbərimiz yoxdur. Yaxud Hüseyn kişi hansı yəhudi və gürcü aşığını tanıyır? Onun dediklərinə fikir verin: "Bu şəkildə 12 aşıq var. Bunlardan yalnız ikisi Tovuzun tanınmış aşıqları Hüseyn Bozalqanlı və Mirzə Bayramovdur. Biri də azərbaycanlıdır". Necə yəni ikisi tovuzlu, biri isə azərbaycanlıdır. Bəyəm tovuzlular azərbaycanlı deyil? Bəs qalanları kimdir və onların adını niyə demir? Düşünmürmü ki, erməni, gürcü, yəhudi adlandırdığı aşıqların ruhu onu bağışlamaz. Şəkildəkilərdən uzaqbaşı 3-4 nəfəri qeyri millətin nümayəndəsi ola bilər. Və biz kitabın hazırlanması mərhələsində yaşlı nəslin nümayəndələri olan ustad aşıqlara, mütəxəssislərə də həmin şəkli göstərdik, Hüseyn kişinin özündən də soruşduq. Heç kəsin oradakıların hamısını tanıya bilmədiyinə görə qərara aldıq ki, yanlışlıq olmasın deyə bu dəfə şəklin altında konkret adlar yazmayaq. Düşündük ki, kitab çıxandan sonra bəlkə kimsə oradakıları daha yaxşı tanıdı və biz də o zaman axtarışlarımızı davam etdirib növbəti nəşrlərdə daha müfəssəl məlumat verə bilərik.

Bizi bu kitabda Göyçə aşıqlarına qarşı ögey münasibətdə suçlayan və guya bunun bütün Göyçə ziyalılarını hiddətləndirdiyini deyən Hüseyn kişidən soruşmaq istəyirəm ki, Göyçəli Aşıq Orucun oğlu, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədovun kitabın təqdimatındakı çıxışını nə tez unutdu? Əgər doğrudan da unudubsa, o zaman hörmətli professorun "525-ci qəzet"in 5 noyabr 2010-cu il tarixli sayında dərc olunmuş məqaləsini oxusun.

Bütün bunlardan sonra diqqətli oxucu özü nəticə çıxarsın ki, Hüseyn kişi Aşıq sənətinin təbliğinə xidmət edir, yoxsa onun gözdən salınmasına. Əgər doğrudan da niyyəti aşıq sənətinin təbliğinə xidmət olsaydı o zaman gərək bunu da deyəydi ki, "Ozan-aşıq dünyası" kitabı bu sənətin tədqiqi tarixində ilk kitabdır ki, bütövlüklə dünyasını dəyişmiş aşıqların ruhuna bağışlanıb. Burada elə aşıqlardan da söhbət açılıb, arxivlərdən şəkilləri tapılıb ki, indiyədək geniş ictimaiyyət onları tanımayıb. Hətta elə fotoşəkillər var ki, heç həmin aşıqların övladlarında belə yoxdur. Dünyasını dəyişmiş aşıqlarımızla bağlı böyük zəhmət hesabına üzə çıxarılan bu kitaba kölgə salmaq təkcə insafsızlıq yox, həm də həmin aşıqların ruhuna hörmətsizlikdir.

Hüseyn kişinin davası yorğan davasıdır, mənzilini muzey kimi qeydiyyata aldırmaq istəyir. Amma gərək adam imanını yandırıb, insafı unutmasın. Kim bilməsə də, Hüseyn kişi özü yaxşı bilir ki, onun gördüyü işlərə muzey statusu verilməsi üçün Zəlimxan Yaqub Mədəniyyət və Turizm Nazirliyinə neçə dəfə müraciət edib.

Sonda xalq şairi Zəlimxan Yaqubu Aşıq Ələsgərə və bütün göyçəlilərə sayğısızlıqda suçlayan Hüseyn kişiyə bir şeyi xatırlatmaq istəyirəm ki, Göyçə mövzusu Zəlimxan Yaqubun bütün ədəbi fəaliyyəti dövründə ən çox müraciət etdiyi mövzudur və yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Göyçəlilərin doğma yurd-yuvalarından didərgin düşməsinə dözməyən şairin yazdığı "Didərginlər" poemasını Hüseyn kişidən fərqli olaraq qədirbilən göyçəlilər unutmayıb. Onun hər zaman ozan-aşıq sənətinin şahı adlandırdığı Aşıq Ələsgərə həsr olunmuş poeması isə hələ 25 il bundan əvvəl Azərbaycanda teatr səhnələrində oynanılıb və o zamanlar Hüseyn kişi aşıq şəkilləri toplayıb montaj etdirməklə məşğul deyildi. Onda yollarda idi, Allah yolunu indi də açıq eləsin.

Aşıq Ələsgərin gələn il qeyd olunacaq 190 illik yubileyi ilə bağlı da narahat olmasın. Bu yubiley dövlət səviyyəsində ölməz sənətkarın adına layiq şəkildə qeyd olunacaq və tədbirlərə həmişəki kimi onu da dəvət edəcəyik. 

 

 Musa Nəbioğlu

Xalq Cəbhəsi.- 2010.- 23 dekabr.- S.13.