Azərbaycan pəhləvanlıq sənəti

 

Azərbaycanda pəhləvanlığın milli kökənli, qədim, bənzərsiz təməl ənənələri var. Bu, əzəli, əbədi döyüşkənliyimizin ifadəsi olmaqla yanaşı, xalq ruhunun ayrı-ayrı fərdlərdə yaşamasının bariz nümunəsidir. Hər xalq pəhləvan yetirə bilmir. Pəhləvanlıq türk ruhunun yenilməzliyinin ifadəsidir. Burada hər bir hərəkət məzmunludur. Bu gün Azərbaycanda pəhləvanlıq ənənəsi az-çox yaşadılır. Amma təəssüf ki, pəhləvanlığın böyük mənada ənənəviləşməsi, ömrümüzə, ruhumuza, qanımıza keçməsi o qədər müşahidə edilmir. Bütün çatışmazlıqlara baxmayaraq, Azərbaycanda pəhləvanlıq ənənəsi zənnimizcə, qloballaşan, milli dəyərlərə arxa çevirən dünyanın indiki çağında yeni bir mərhələyə qədəm qoymalıdır. Təəssüf ki, bu gün Azərbaycanda qədim el adət-ənənələrini yeni dəblər üstələyir. Bu onunla şərtlənir ki, hazırda Azərbaycan toylarının hətta kəndlərdə qəsəbələrdə belə restoranlaşması dəb halını alıb. İndi çoxu toylarda pəhləvanların qurşaq tutmasına az qala lağ edir, bunu müasir qaydalara tamamilə yad sayır. Əvvəllər Azərbaycanın kəndlərinə pəhləvanlar tez-tez gedər, müxtəlif maraqlı proqramla camaatın qarşısında çıxış edərdilər. Sovet dövründə hələ kəndlərdə televiziyanın olmadığı bir vaxtda pəhləvanın çıxışları daim camaatda milli ruha bağlılıq ənənəsi yaradırdı. Azərbaycanda pəhləvanlıq ənənəsinə, tarixinə qısaca da olsa nəzər salaq. Bu mövzuda araşdırmalar aparmış tanınmış mərhum folklorçu-alim, filologiya elmləri doktoru, professor Mürsəl Həkimovu yaxşı xatırlayıram. O, özü gəncliyində pəhləvanlıq sənəti ilə məşğul olub. 1945-1946-cı illərdə Qazax mahalında el pəhləvanı kimi tanınırdı. 1948-ci ildə Qazağın mal meydanında iki saata yaxın SSRİ idman ustası Yengəbiryanla güləşmiş onun kürəyini yerə vurmuşdu. O, bu hadisəni belə xatırlayırdı:

"O zaman mən Qazaxdakı Müəllimlər İnstitutunun tələbəsi idim. Gördüm bu Yengəbiryan meydan oxuyur. İnstitutun direktoru Xanməmməd Mirzəyev üzünü tələbələrə tutub dedi ki, görəsən, İncə dərəsində, Daş Salahlıda bir ürəyi təpərli yoxdurmu ki, erməninin qabağına çıxsın? Direktor dedi ki, kim ermənini yıxsa, institutu qurtarana kimi günorta yeməyi məndəndir, həmçinin bir aylıq əlaçı təqaüdü verəcəyəm. Təqaüd yemək barədə belə fikirləşmədən ermənini yıxmaq eşqiylə meydana çıxdım. Zurnaçıdan xahiş etdim ki, qulağımın dibində bir dəli "Cəngi" çalsın. Nərə çəkib erməninin kürəyini yerə vurdum. Ondan sonra el pəhləvanı kimi məşhurlaşdım". Xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi bu gün öz formasını qoruyub saxlayan güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, kəndirbazlıq etmək yalnız oğuz-türk xalqlarının deyil, həm də bütün dünya xalqlarının dinamik-dramatik oyunları olub, tamaşaçıların zövqünü oxşayıb. Zorxana, pəhləvanlıq xalq tamaşaları Bahar-Novruz mərasimlərindən sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə, peşəyə çevrilib. Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrimizdə belə pəhləvan obrazı son dərəcə bənzərsiz, bitib-tükənməyən güc rəmzi kimi təqdim edilir. Pəhləvan obrazının xalq ruhunda yenilməz, məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb. Pəhləvan xalq ruhundan doğan real bir obraz idi. O, zorxanaya çıxanadək bərkdən-boşdan keçir, sözün əsl mənasında yetkinliyə çatırdı. Pəhləvanların öz qüvvəsini sınaması zorxana tamaşalarında daha böyük maraq doğurur. Zorxana xalq milli oyunlarını təkcə bahar mərasimi ilə məhdudlaşdırmaq olmaz. Zorxana xalqın adət-ənənəsinə daxil olmuş sinkretik tamaşa mərasimidir. "Pəhləvanı el saxlar"- demişlər. Zorxana ən çox Bahar bayramı mərasimlərində, meydan tamaşalarında keçirilir. Görəsən, qədim təməlli, milli adət-ənənələrimizdən soraq verən pəhləvanlıq sənətinin daşıyıcıları barədə bilirik? Azərbaycan türklərinin 18-ci əsrdən etibarən adlı-sanlı, yenilməz, güclü pəhləvanları artıq dünyada tanınmağa başlamışlar. Bu baxımdan 18-ci əsrin sonlarında Çin, Hindistan, İran Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Balaxanı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar. 19-cu əsrin sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov Salar Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın pəhləvanlığı haqqında bunları oxuyuruq:

"Məşhur pəhləvan İvan Poddubnının rəhbərliyi ilə beynəlxaq yarışlara hazırlaşan Sali Süleyman tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-London, Paris, Praqa, Roma başqalarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada başqa şəhərlərdə özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu. Dünyada məşhur olan Rəşid Yusifov yenilməz pəhləvanlar Eldar Göyçaylının, Məmməd Hüseynovun, Əşrəf Sultanovun, Sabir Məmmədovun, İsgəndər Hacıyevin, Qiyas Nuriyevin, Məmməd Abdullayevin ustadı olub. Mürsəl Həkimov bənzərsiz bahadırların hünər yolunu davam etdirən yeni pəhləvanlar nəsli barədə danışırdı: "Qazax bölgələrindən Sabir Qazaxlı, Laylabaşoğlu, Qənbər Salahlı, Tovuzlu Məmməd Muradov, Qəbələli Əbdürrəhman Atakişiyev, Köçəri Beyləqanlı, Göyçaylı Rasim Məmmədnəbi, Qaçay Hüseynov oğulları Təvəkkül, Allahverdi, Şəkili Gəray Löymanov, Famil Löymanov başqalarının adı həmişə el arasında məşhur olub." Mürsəl Həkimov "Həkimlilər" soyundan olan pəhləvan Müsəllim Həkimlinin igidliyindən, soyunun pəhləvanlığından da danışırdı: "Müsəllimin əsil-nəcabətində babalarından Rüstəm Zal, Mehdi Bayramoğlu, Şaqqulu oğlu Məmməd kimi el pəhləvanları Qazax, Borçalı bölgələrində məşhur olmuşlar. 19-cu əsrdə yaşamış Rüstəm Zal Zaqatalaya səfər edərkən yolda qəfildən pələnglə rastlaşıb, onun cəngini ayıraraq öldürüb. O, həmişə el toylarında sərrast gülləsinə görə nəmər alıb. Mehdi Bayramoğlu isə Gəncəbasarda ən sərrast güləşən el pəhləvanı olub. Mehdi pəhləvan ölənədək meydanda məğlubiyyət olduğunu bilməyib". Azərbaycan ruhu yenilməzdir, məğlubedilməzdir. Çox zaman fitrətimizin dərinliklərə çəkilməsinə göz yumur, imkanlarımızı səfərbər etməyə girişmirik. Unuduruq ki, olanları nəinki qorumaq, hətta artırmaq hava-su qədər gərəklidir. Əks təqdirdə milli müəyyənliyimizdən, xəlqi keyfiyyətlərimizdən uzaq düşürük. Təkcə "Dədə Qorqud dastanları"nda pəhləvanlığın kifayət qədər daşıyıcılarına rast gəlmək mümkündür.

 

Qaliboğlu Elçin

Xalq Cəbhəsi.- 2010.- 25 dekabr.- S.11.