Maarifpərvər ziyalı

 

Hüseyn Cavid: "Qurbanəli Şərifzadə böyük bir müəllim idi..."

 

S.Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivində zəngin ədəbiyyat və incəsənət soraqları qorunur. Bu soraqların daşıyıcılarından elələri var ki, bu gün onlar haqqında tam bilgiyə malik deyilik. Belələrindən biri də Məşədi Qurbanəli Hacı Ələsgər oğlu Şərifzadədir (1854-1917). Arxivin direktoru M.Teymur deyir ki, illər ərzində arxivdəki 255 saylı şəxsi fonddakı sənədləri nəzərdən keçirərkən maraqlı məqamlara rast gəlib: "Əziz Şərif uzun illər ədəbiyyat, mədəniyyət, incəsənət tariximizin bütün sahələrinə aid sənədləri səliqə ilə toplamışdı. Ömrünün sonunda həmin sənədləri hissə-hissə Moskvadan Vətəni Azərbaycana təhvil verdi. Cənazəsini isə 1988-ci ildə Naxçıvanda - atası Qurbanəli Şərifzadənin məzarının yanında torpağa tapşırmağı vəsiyyət etmişdi. Onun vəsiyyəti həmin dövrün qarışıq ictimai-siyasi vəziyyətinə baxmayaraq yerinə yetirildi".Əziz Şərifin səliqəli arxivində mühafizə olunan atası Qurbanəli Şərifzadəyə aid sənədlər diqqəti cəlb edir: "Əziz Şərifin sənədlərinin tərtib olunan elmi siyahısında belə bir bölüm var: "Atası Məşədi Qurbanəli Şərifzadəyə aid sənədli materiallar". Q.Şərifzadənin sənəd materialları arasında 100-ə kimi məktublar, o dövrün (1899-1915) işıq üzü görən bəzi qəzet və jurnalların redaksiyası ilə yazışmalar və s. bu qəbildəndir. Naxçıvanın maarifpərvər və millətpərəst simalarından olan Q.Şərifzadə həm də bacarıqlı iş adamı idi. Bununla yanaşı qazandığı maddi vəsaitini dünyanın ən qiymətli kitab, jurnal və qəzetlərini almağa səxavətlə xərcləyirdi. "Hikmət", "Şərqi-rus", "Kaspi", "İrşad", "Sultani-İran" və s. dövri mətbuat nümunələri ilə əlaqəsini bizə çatdıran sənədlər bir daha sübut edir ki, o, əsl xalq adamı idi".

Sabir, M.T.Sidqi, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, M.Tərbiyyət, Ö.Hemanzadə və başqalarının ona məktubları maraqlıdır. H.Cavid məktublarından birində yazmışdı: "Məşədinin xəstəliyinin bizi nə dərəcədə sıxdığını təsvir edəməm. Qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada böylə qorxunc bir xəbər beni daha ziyadə dəhşətləndirdi".

M.Teymur daha sonra bildirir ki, M.Qurbanəli zəngin ailəyə mənsub olmayıb: "Gənc ikən Naxçıvanı tərk etmiş, Bakıda, sonra da Türküstanda olmuşdu. Əziz Şərif "Atam və mən" kitabında yuxarıda adıçəkilən sənədlərdən, məktublardan geniş istifadə edib".

M.Teymur 1987-ci ildə Əziz Şəriflə görüşü zamanı onun təqdim etdiyi zəngin sənədlərdən, eləcə də son görüşlərindən söhbət açır: "1988-il mayın 31-də onunla son dəfə görüşdük. O müdhiş gecədə ondan ayrılandan 25 dəqiqə sonra gözlərini əbədi yuman Ə.Şəriflə cismən ayrıldıq. İyunun 9-da onu Naxçıvanda atasının yanında dəfn etdik". Q.Şərifzadənin vəfatı münasibətilə 1917-ci ildə "Açıq söz" qəzetinə Ə.Şərif belə bir teleqram göndərib: "Bu gün səhər atam vəfat etdi".

9 iyun 1917-ci ildə "Açıq söz" qəzetində "H.C." imzası ilə yazı dərc olunub: "Məmməd Əmin və Məmmədəli Rəsul-zadə, Hüseyn Cavid Məmmədəli Sidqi bugünlərdə Naxçıvan şəhərində sevgili millətpərəst maarifpərvər Məşədi Qurbanəli Şərimfzadənin tərki həyat etməsini kamali hüzn təəssüflə dostlarına xəbər verirlər". Yazının müəllifi Hüseyn Caviddir: "Səmimi millət xadimlərindən biri tərki-həyat etdi.... Qafqaziyanın bir çox mühərrirləri, ədibləri, sənətkarları və millət xadimləri mərhumu yaxından tanıyırdı. Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edirdi... Bir dürlə səsi çıxmazdı, çünki gurultudan, nümayişdən, alqışdan pək də xoşlanmazdı. "Sağ əlinin verdiyini sol əlin bilməsin" - üsuluna riayət edən, sadiq, fədakar, əhəmiyyətli bir sima idi. O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi. Həm müəllimlərdən fazla məlumata malik idi. Heç bir mədrəsə tərbiyəsi görmədiyi halda, türkcə, farsca, rusca oxuyar, yazardı, tətəbbö və mühakimələrdə bulunurdu. Bir an əvət, bir an belə elm maarif günəşinə pərəstiş etməkdən geri durmazdı. Onda son dərəcə böyük bir istedad məziyət var idi".       

 

             

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 9 fevral.- S.14.