Qapı həsrəti

 

Bir tərəfi yamyaşıl meşə, bir yanı göz yaşı kimi təmiz, axar sulu çay, bir tərəfi təpəlik. Bu mənzərəni qonağı olduğumuz evin divarından asılmış Seyid Əşrəf Ağanın çərçivəli portreti fonunda sezmək mümkündür. Seyid tərifini vermək istədiyimiz kənddən olmasa da, onunvaxtsa burada çəkdirdiyi şəkil Füzuli rayonu Dövlətyarlı kəndində ömür-gün sürmüş, indi Bakıda yaşamaq məcburiyyəti qarşısında qalanlar arasında çox yayılıb. Ev sahiblərindən biri Günay Talıbovanın dediyinə görə, Bakıda məskən salmış dövlətyarlıların demək olar ki, hamısının evində bu şəkildən var. Onun sözlərinə görə, kənddə buz kimi bulaqlar da varmış, suyun soyuqluğundan yarım stəkanı güclə içmək olurmuş, bu bulaqlar indi heç bir şəkildə yoxdur: "Kəndimiz çox gözəldi. Ancaq mənim buralara vurğunluğum, sevgim gözəlliklə bağlı deyil. Buralar boş düzəngahlıq olsaydı belə, yenə də sevərdim kəndimizi. Necə ki, mərmilər, güllələr bu gözəl kəndi düzəngahlığa çevrində bizim sevgimiz azalmadı, artdı. Daha doğrusu, sevgi yanğıya çevrildi, əvvəl çölümüz, sonra içimiz yandı".

Günay 1981-ci ildə bu kənddə doğulub. Kəndləri işğal olunanda 12 yaşı varmış. Orta ali məktəbi Bakıda bitirib. Bakı Məktəbəqədər Pedaqoji Texnikomunda müəllimədir. Ailəlidir, bir qızı var. Onun doğulduğu kənd-Dövlətyarlı Füzuli rayonunun mərkəzindən 4 kilometr şimalda, Köndələn çayının sol sahilində yerləşir. 1993-cü il avqustun 15-də ermənilər buranı işğal edib. Kəndin əhalisi işğaldan əvvəl təxminən 1500 nəfər imiş (təxminən 250 ev). Füzuli rayon mərkəzi, Zərgar, Qaraməmmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Qərbənd Şəkərcik kəndləri Dövlətyarlı kəndi ilə qonşuluqda yerləşən yaşayış məntəqələridir. Sovet hakimiyyətinin ilk illərində kənd əhalisi əsasən maldarlıq və taxılçılıqla məşğul olurmuş. Kəndin adının da elə buradan götürüldüyü ehtimal olunur. Sonradan üzümçülük əsas sahəyə çevrilib. 1988-ci ildən taxılçılıq kənddə yenidən inkişaf etməyə başlayıb. Həmsöhbətimiz artıq 17-ci ildir ki, doğulduğu torpağın həsrəti ilə yaşayır. Deyir bu müddət sizə az gəlməsin, 17 il az qala bir igidin ömrüdür. O vaxtlar cəmisi 17 yaşında itirdiyimiz o qədər igidlər vardı ki... Gözünün önündə baş verən dəhşətli hadisələrin üstündən illər keçməsinə baxmayaraq xatirələrini həyəcansız, həmin günləri bir daha yaşamadan danışa bilmir. Uşaqlıq xatirələrinin qanlı-qadalı illərlə bağlı olduğunu söyləyir. Dünyanın düz vaxtını demək olar ki, xatırlamır, müharibədən öncəki uşaqlıq yaddaşından silinib. O, ancaq müharibəni xatırlayır.

Başa düşüləndir... Əslində Günayın yaşadıqları heç yüz ilə unudulası dərd deyil. Heç min ilə də bu dərdi unutmaq olmaz. Bu dərd nəsilən-nəslə keçib yaşamalıdır ki, bizdən sonra gələnlər başımıza nələrin gəldiyini bilsin.

Günay uşaqlıq illərinin qırıq-qırıq acı xatirələrdən ibarət olduğunu deyir: "Müharibənin həyatıma bəxş etdiyi dəhşətli hadisələr çoxlarına təbii görünə bilər. Amma özünüzü həmin hadisələrin içində təsəvvür etsəniz, bəlkə də nələr yaşadığımı başa düşərsiniz. Yadımdadı, yazın gəlişi vaxtı idi. Dinc yerlərin sakinləri olan uşaqlar "salamladıq bülbülü, açıldı novruzgülü" -deyib şənlənərkən, bizi düşmən təyyarəsindən həyətimizə düşən bombalar salamlayırdı. Bunlar bizimçün adiləşmişdi artıq. Hər dəfə kənd daha çox atəşə məruz qalanda, müvəqqəti olaraq qonşu kəndlərin dövlət binalarında- məktəblərdə, xəstəxanalarda gecələyib ertəsi gün yenə kəndə qayıdırdıq. Bir gün yenə kəndimizə bombalar, mərmilər atıldığı vaxt bütün qohum-qonşu yığışıb dayımın iri yük maşınında kənddən çıxmaq istəyirdik. Bəlkə inanmazsınız. Bir film kimi idi. Düşmən bizim maşını hədəfə almışdı. Atılan mərmilər gah maşının önünə, gah da arxasına, yanlarına düşürdü. Dayım təcrübəli, özünü itirməyən biri olmasaydı, bəlkə böyük bir fəlakət baş verərdi. Belə vəziyyətlər artıq adiləşmişdi bizimçün. Bir dəfəgüclü atəş vaxtı kənddən çıxmaq mümkün olmayanda hamılıqla yığışıb təhlükəsiz hesab etdiyimiz evin alt mərtəbəsinə toplaşmışdıq. Uşaqlı-böyüklü otuz nəfərə yaxın idik.

Bomba da gəlib elə həmin evin üstünə düşdü. İnanılmaz idi ki, o dəhşətdən itgisiz qurtulduq. Amma nənəmlə babamın qulaqları o tutulandı, hələ də eşitmirlər. Kəndimizdə yerləşən hərbi hissənin əsgərləri daşın-taxtanın altından çıxardı hamımızı".

Günayın sözlərinə görə, bir-birinin ardıncada baş verən dəhşətli hadisələrdən sonra atası onuiki bacısını Bakıya yollayıb: "Məktəb bağlanmışdı, dərslər keçirilmirdi. Atam bizim təhlükəsizliyimizdən bəlkə də daha çox təhsilimiz haqqında düşünürdü. Ona görə də bizi-məni və böyük bacımı Bakıya əmimgilə yola salmışdı. Amma Bakıda olduğumuz günlər bizim üçün daha dəhşətli keçirdi. Ata-anamız güllə və mərmi altında, biz isə Bakıda. Həm valideynlərimizin, həm də qohum-əqrabanın taleyindən çox narahatdıq. Əmimgil bizə ordakı vəziyyətlə bağlı heç demirdilər. Biz isə uşaq ağlımızla başa düşürdük ki, yəqin çox dəhşətli hadisələr baş verir. Onlar öz aralarında çox alçaq səslə nələrisə müzakirə edir, bizim isə bu söhbətləri eştiməyimizi istəmirdilər. Buna baxmayaraq, televizordan Füzuli rayonu, Dövlətyarlı kəndinin bombalandığını eşdirdik. Təsəvvür edin, ata-anasının, qohum-əqrabasının olduğu kəndin bombalanması xəbərini eşidən uşaq vəziyyətə düşər. Dözə bilmirdik, durmadan ağlayırdıq. Axırda naəlac qalıb bizi yenidən kəndə yola saldılar".

Günay o acı günlərdə maraqlı məqamların da oluduğunu söyləyir: "Yadıma düşəndə həm gülməyim gəlir, həm də pis oluram. Babamın bir iti vardı. Həmişə ətrafımızda dolaşırdı. Düşmən tərəfdən gələn top-mərmi səsini eşidən kimi bizimlə bərabər qaçıb təhlükəsiz bildiyimiz "padval"a girirdi. Çox qorxanda hətta bizim üstümüzdən tullanıb keçirdi. Erməni vəhşiliyi insanlar kimi, heyvanların da ürəyində qorxu və nifrət hissi yaratmışdı".

Həmsöhbətimiz dayısı və onun ailəsinin başına gələnlər haqqında danışanda isə adamın ürəyi parçalanır:

"Yaşadığımız hər dəqiqə qorxu içində keçirdi. Kəndimiz arası kəsilmədən atəşə tutulanda müvəqqəti olaraq oranı tərk edib qonşu kəndlərə getsək də, qərar tutmayıb yenə evimizə qayıdırdıq. Günlərimizin odun-alovun içində qorxu və həyəcanla keçməsinə baxmayaraq, heç kim doğma yurdundan, isti ocağından ayrılmaq istəmirdi. Bir tərəfdən qarşıda bizi gözləyən daha böyük fəlakətlərdən xəbərsiz idik. Dayımgilin faciəli şəkildə şəhid olduğu gündən sonra artıq kəndi tərk etmək istəməyənlərin də ürəyində xof yarandı. Dörd qız, bir oğul atası olan Hümbət dayım həyat yoldaşı, oğlu bir qızı ilə erməni terrorunun günahsız qurbanları oldu. Həm tükürpədici bir formada. Mərmi düz həyətdə oturduqları masanın üstünə düşmüşdü. Hər birinin cəsədini parça-parça topladılar. Ürəyimizi daha da dağlayan dayımın sifətinin heç bir yerdən tapılmaması idi. O hadisə təkcə bizləri deyil, eşidib-bilən hər kəsi sarsıtdı. Yerli mətbuatla yanaşı, xarici ölkələrdən gələn jurnalistlər də bu faciəni ürək ağrısı ilə işıqlandırdı. Artıq kənddə qalmaq olduqca təhlükəli idi. Biz dayımgilin dəfnindən sonra qonşu kəndin orta məktəb binasında məskunlaşdıq. Bu binada digər kəndlərdən gələn köçkünlərlə yanaşı, hərbi hissə də yerləşdirilmişdi. Bura, nisbətən təhlükəsiz idi. Məktəbin həyətində hərbi xidmətə yenicə gəlmiş gənc, təcrübəsiz əsgərlər təlim keçirdilər. Bir gün təlim vaxtı ehtiyatsızlıq ucbatından partlayan mina gözümüzün önündə qanlı-qadalı əsl müharibə mənzərəsi yaratdı. Bu fəlakət komandirin məsuliyyətsizliyi səbəbindən baş versə də, minanı ora çox güman ki, ermənilər yerləşdirmişdi. Beş dəqiqə əvvəl sağ-salamat deyib-gülən cavan oğlanlar indi tikə-tikə olmuşdular. Əsgər çəkməsinin içində qırılıb qalan ayaq, paltarı bədəninə yanıb yapışmış cəsəd...Bu hadisə sanki bir xəbərdarlıq idi. Artıq nədənsə hər kəs təlaş içində ordan da uzaqlaşmaq istəyirdi. Sən demə, bu, Füzulidə keçirəcəyimiz son günlərimiz imiş. Həmin gecə biz ailəmizlə Bakıya gəldik. Bütün ağrı-acılarımızla birlikdə. Şahidi olduğumuz dəhşətli hadisələr gözümüzün önündən getmirdi. Artıq Bakıda idik. Atam oxumağımız üçün pənah gətirdiyimiz sığınacağa yaxın olan 190 saylı orta məktəbə getdi. O vaxt 1993-cü ildə direktor Sona xanım Tağıyevanın bizi necə qəbul etməsi heç vaxt yadımızdan çıxmaz. Atama demişdi ki, sinif otaqlarımızda yer olmasa da, hətta başqa şagirdləri ayaq üstə saxlamaq bahasına belə, sizin uşaqları oxudacağıq. Onun sözləri bizi ürəkləndirdi, sözün əsl mənasında qol-qanad verdi. Bu gün biz üç bacı müxtəlif peşə sahibləri olaraq həmin məktəbin müəllimlərinə və rəhmətlik Sona müəlliməyə çox şey borcluyuq. Kimya müəlliməmiz Şəfiqə Əliyevanı da yad eləməyimi özümə borc bilirəm. Ali təhsil aldığım vaxt xeyriyyəçəlik edərək çox böyük köməklik göstərdi. Artıq uşaqlıq illərim çox arxada qalıb. Kəndimizdən də, ancaq tozlu-dumanlı müharibə mənzərəsindən, yaşadığım faciələrdən başqa bir şey xatırlamıram. Dünyanın dinc vaxtından isə ağlımda qalan bircə şey var. Qapımızın cırıltısı. O səsdən ötrü burnumun ucu göynəyir".

Həmsöhbətimizin Qarabağa qayıtmaqla bağlı mövqeyi doğrusu bizi bir qədər təəccübləndirdi: "Əlbəttə, hər birimizin ən böyük arzusu Qarabağ torpaqlarının işğaldan azad olunmasıdır. Mən də bunu istəyirəm. Amma onu da deməliyəm ki, mənim bir daha o torpaqlarda həmişəlik yaşamağım təkcə məndən asılı olan məsələ deyil. Çünki Bakıda ailə həyatı qurmuşam, burada işləyirəm. Həyat yoldaşım da iş-güc sahibidir. Mənim Qarabağda yaşamağım üçün təkcə mənim hansısa qərar verməyim kifayət deyil, həyat yoldaşım da gərək bu qərarı dəstəkləsin. Dəstəkləməsə, geri qayıdıb oralarda yaşamaq mümkünsüz olacaq. Digər tərəfdən Qarabağ torpaqlarında işləmək, gündəlik ehtiyacları təmin edə bilmək üçün gərək infrastruktur qurula. Bu isə bir xeyli vaxt aparacaq. Çünki ermənilərin terror işğalçılıq siyasətinin nəticəsi olaraq oradakı infrastruktur demək olar ki, məhv edilib. Onu da bilirəm ki, qapı-bacamızdan heç nə qalmayıb. Ancaq o qapını bir daha açacağıma çox ümidliyəm".

Yazı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

           

Ağa Cəfərli

 

Xalq Cəbhəsi.- 2010.- 10 fevral.- S.7.