Başqurdlar haqqında nə bilirik?

 

"Başqurd" dili və "başqurd" etnoniminə bir baxış

 

Başqurdlar Cənubi Uralda yaşayan türk qövmlərindəndir. Bu xalq haqda ilkin məlumatlar IX-X yüzil mənbələrində "başgird", "başkerd", "başçert", "başçart" və digər adlar altında bugünümüzə gəlib çatıb. Xalqın adı başqurddur. Başqurdstan Respublikasının adı və mənşəyi də elə bu etnonimə gedib çıxır. Başqurdstan və başqurdlar haqda respublikamızda məlumatlar azdır. Regional baxımdan Azərbaycan ərazilərindən son dərəcə kənarda yaşasalar da, bu xalqla bağlı tarixi, genetik, etnoqrafik, ədəbi, mədəni proseslərdən məlumatlı olmağımıza gərək var. Qədim yazılı abidələrdə başqurdların türk qəbilələrinə mənsubluğu konkret olaraq göstərilir. Məsələn, Mahmud Kaşğarinin "Divani-luğat-it türk" əsərində başqurd dilinin qırğız, qıpçaq, oğuz, tuxsi, yağmi və digərlərilə yaxınlığı sübut olunur. Bu əsərdə başqurdlar "iyirmi mühüm və ilkin türk qövmlərindən biri kimi" təqdim edilib.

Çağdaş başqurd dili üç dialektdən ibarətdir: cənub (Yurmatın) və şərq (Kuvakan), eləcə də qərb (yaxud şimali-qərb). Bu təsnifat XX yüzilin 30-cu illərindən başlayaraq başqurd dilçiliyində ifadəsini tapıb və bu gün də tapmaqdadır. Öz növbəsində bu dialektlərdən hər biri bir neçə şivəyə bölünür. Cənub dialektində Başqurdstanın mərkəzi, cənub, cənub-şərq rayonları, Rusiyanın Orenburq, Kuybışev, Saratov vilayətlərinin əhalisi danışır. Şərq dialektindən Başqurdstanın şimal-şərqində və şərqində yaşayan əhalisi - Rusiyanın Çelyabinsk və Kurqan şəhərlərində yaşayanlar danışırlar. Qərb dialekti əsasən respublikanın şimal-qərb və şimal rayonlarında yaşayan əhalinin dialektidir. Çağdaş başqurd ədəbi dili cənub və şərq dialektləri əsasında formalaşıb. Çağdaş ədəbi dil dövrünə qədər başqurd dili digər türk xalqlarında olduğu kimi ərəb qrafikasındakı "türki"yə söykənirdi. "Türki"də rəsmi sənədlər hazırlanır, məktublar yazılır, şəcərələr və ədəbi əsərlər işıq üzü görür, mədrəsə və məktəblərdə təlim aparılırdı. Başqurdlar ərəb qrafikasından XX yüzilin 20-ci illərinə qədər istifadə ediblər. 1928-ci ildən başlayaraq latın qrafikası, 1940-cı ildən isə rus qrafikasına söykənən və başqurd dilində spesifik səsləri bildirən doqquz əlavə hərf bu dilin əlifbasını təşkil edib.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən təşkil olunmuş mötəbər beynəlxalq "Ortaq ümumtürk keçmişindən ortaq ümumtürk gələcəyinə" konfransında iştirak edən başqurd alimi akademik Əhməd Süleymanovla söhbətimiz zamanı onların latın qrafikalı əlifbaya keçmələri ilə bağlı sual verdikdə, Rusiya rəhbərliyinin bu əlifbaya keçidə icazə vermədiyini, ancaq Başqurdstanda belə bir istəyin dərin olduğunu bizimlə fikir mübadiləsi zamanı bildirmişdi. Leksik və fonetik quruluşuna görə başqurd dili vahid Altay türk dillərinin qıpçaq qrupunun qıpçaq-bulqar yarımqrupuna aiddir. Arealın ucqarlarında yaşayan başqurdlar digər türk qövmlərindən xeyli dərəcədə izolyasiya olunublar. Bu, başqurd dilində qədim türk dilinin arxaik xüsusiyyətlərinin qorunmasına xidmət edib. Başqurd dilinin elə əlamətləri var ki, bu əlamətlər onu xakas, tuva, yaqut dillərilə yaxınlaşdırır. Bundan başqa başqurd dilinin monqol və tunqus-mancur dilləri, eləcə də fin-uqor və İran dillərinə xas olan yaxınlığı izlərini də görmək mümkündür. "Başqurd" etnoniminin yaranması ilə bağlı hazırda bir neçə baxış var. Başqurd rəvayətlərindən birində nə zamansa "Buxaradan müsəlman dinini yaymaq məqsədilə missionerlərin yola çıxdığı" göstərilir. Onlar hansı ölkəyə üz tuturlarsa, hər tərəfdə kafirlərlə rastlaşırlar. Belə olduqda onların qarşısına bir qurd çıxır və qurd onları Ural dağlarına aparır. Məhz orada başqurdların bütpərəst əcdadları yaşayırmış. Buradan başqurd adı, yaxud qurd başı adı götürülüb.

Əfsanənin digər variantları da ortaya çıxıb. Məsələn, bir əfsanəyə görə mifik canavar başqurdların başçısı kimi çıxış etməklə, Buxaradan (bəzi versiyalara görə Altaydan, yaxud Aral dənizinin sahillərindən) çıxaraq münbit torpaqlar axtarışında canavarla rastlaşıb və insanlar onun köməyi sayəsində Uralda vətənlərinə qovuşublar. Beləliklə, bu etnonimin mənası "baş qurd", "başçı qurd" kimi tərcümə olunub. "Başqurd" adının belə izahı nəinki xalq arasında, həm də araşdırmalarda geniş yer alıb. Qeyd edilənlərlə yanaşı "başqurd" sözünün "qurd" hissəsinin "arı" (başqurdlar arıya qurd deyirlər) kimi, etnonimin isə "baş arı", "ana arı", yaxud "baş arıçı" mənasında izahı da olub. Burada əlavə arqument kimi başqurdların məşğuliyyətinin ənənəvi arıçılıqla bağlı olduğu diqqət mərkəzinə çəkilir. Bu barədə XIX yüzil alimlərindən biri "Etnoqrafik oçerk" məqaləsində "Orenburq vərəqəsi" jurnalının 1885-ci il 2-ci sayında məlumat verib. Başqurdların həm özləri, həm də noğaylardan mənşə götürənlər özlərini "başqurd" adlandırırlar. Bununla belə ayrı bir mülahizə də "başqurd" etnonimi "başqa", "ayrı" və "yurd", daha doğrusu, "ayrı ölkə", "ayrı xalq" mənasını verdiyi bildirilir. Son dövrlər yeni fərziyyələr ortaya çıxmaqdadır. Bəzi müəlliflər hesab edirlər ki, "başqurd" etnonimi "biş" + "qurd" - yəni "beş qurd", "boz" + "qurd", "baş" + "kart" - "baş qoca", "ağsaqqal" mənasını verir. Digər araşdırmaçılar bu etnonimin "baş" + "qur" + "d", "başk(a)" + "ar" + "d" bölünməsi istiqaməti ilə gediblər. Bəzi araşdırmaçılar isə (A.N.Usmanov və A.Q.Biişev) "baş" komponentini "baş", "başçı", "qur"ı isə "dairə" daxilində oturan bərabərhüquqlu insanların yığıncağı "qəbilə" kimi nəzərdən keçirirlər. Bu mənada onların fikrincə, etnonim "baş qəbilə", tayfa və qəbilələrin başlıca birləşməsi mənasını verir. "D" komponentinin isə burada monqol dilindən alınmış cəm şəkilçisi affiksi olması kimi izah edilir. F.İ.Qordeyev versiyasına görə isə ("başq(a)" + "ar" + "d") etnonimi Başqa, yaxud Başqaus (Altay və Uralda bu adda çaylar var), "d" isə skif - sarmat İran dillərindən alınan cəm şəkilçisinin göstəricisi kimi olduğu bildirilir. Tanınmış türkoloq N.A.Baskakov "başqurd" etnoniminin "qurd", "arı", "qoca", "qəbilə" ilə bağlanan məqamları rədd edərək macar türkoloqu D.Nemetin etimologiyasını daha məntiqə uyğun sayır: "başqurd"-"beş" + "o qur" (oqur qəbiləsinin adı) + d (macar dilinin şəkilçisi). Beş (o) qurd. Başqurd - "beş oqur" (anologiyaya görə müqayisə et: "on oqur", "doqquz oğuz"). "Başqurd" etnoniminin mənşəyi ilə bağlı fərziyyələr əsasən söylədiklərimizdən ibarətdir. Bununla belə bu fərziyyələrdən heç biri kifayət qədər inandırıcı deyil. Elə bu da araşdırmaçıları yeni, daha mükəmməl versiyalar irəli sürməyə istiqamətləndirir. Eyni zamanda bunu da söyləməyə ehtiyac var ki, əgər sovet dövründə xalqın adı Azərbaycan dilində "başqurd", rus dilində "başkir", respublika "Başqırdıstan" - "Başkiriya" adlanırdısa, bu gün onlar müvafiq olaraq "başqurd", "Başqurdstan" və "Başkortstan adlanmaqdadır. Belə ad, heç şübhəsiz, xalqın bu günə qədər məlum olan "başqurd" adına və etnoniminə daha yaxın olduğunu sübut edir. Qeyd edək ki, başqurdlar mənşəyini hansı tarixi personajın adından götürməsi məsələsinin aydınlaşdırılmasına 150 il bundan əvvəldən cəhd edilib. Məsələn, 1870-ci ildə naməlum bir müəllif yazırdı ki, "başqurd" etnonimi Svyatoslav Vladimiroviçlə sıx əlaqədə olan qıpçaq xanı Başqurdun adı ilə bağlıdır. Bu sitatı əsas kimi gətirən V.M.Filonenko yazırdı: "Doğrudan da Başqurd, Başkord, yaxud Başkard XII yüzildə yaşamış qıpçaq knyazı olub. 1151-ci ildə knyaz Yuri Dolqoruki ilə knyaz Lzyaslav Mstislavoviçlə Rus çayı üzərindəki döyüşdə knyaz Vladimir öldürülüb. Belə olduqda Vladimirin arvadı qıpçaqlar tərəfinə keçərək Başkord xana ərə gedib. Ancaq V.M.Filonenko bu versiyanı inkişaf etdirməyərək ona o qədər də əhəmiyyət vermir. Görünür, müəllif XII yüzil qıpçaq xanı və başqurd arasında yaxınlıq axtarmağa o qədər də lüzum görməyə çalışmayıb. Digər bir məlumat da maraqlıdır: "Başgird xəzərlərdə ən yüksək vəzifələrdən olub". Bu mülahizəyə görə məhz "başqurd" etnonimi "Başgird" adından götürülmüş kimi təqdim olunur.

 

              .

Filologiya elmləri doktoru,

Bakı Slavyan Universitetinin professoru

 

Xalq Cəbhəsi.- 2010.- 11 fevral.- S.14.