Milli teatrımızın fanat aktyorları

 

Məhəmməd bəy Əlvəndi və Ələkbər Seyfinin yaradıcılığına bir baxış

 

Teatr ümumiyyətlə, bütün xalqların həyatında müstəsna rol oynayıb. Tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü İnqilab Kərimov deyir ki, hər bir dövrün özünə xas problemləri olur: "Teatr hədsiz həssas bir sənət növüdür. Bu səbəbdən də teatr həmişə ictimai həyatımızda baş verən hadisələri özündə əks etdirir. Bir vaxtlar Azərbaycan teatrında aktrisa problemi vardı. Hətta azərbaycanlı qadınlar teatr tamaşalarına belə gedib baxa bilməzdilər. H.Tağıyevin həyat yoldaşı Sona xanım ilk azərbaycanlı qadın tamaşaçı olmuşdu. Bu hadisə cəmiyyətdə böyük səs-küyə səbəb oldu. Sonradan teatrlarda örtülü lojalar əmələ gəldi. Hələ 1909-cu ildə Minasazov yazırdı ki, teatrın imkanlarını artırmaq, aktyorları maddi cəhətcə təmin etmək lazımdır. Aktyor öz teatrına möhkəm bağlanmalıdır. Cahangir Zeynalov, Mirzağa Əliyev komediya aktyorları idilər. Xaraktercə ciddi adam olan Mirzağa Əliyev səhnəyə çıxan kimi camaat ona gülürdü. Ələkbər Ələkbərov həm faciə, həm də komediya aktyoru idi. Cavanlar ona böyük hörmət bəsləyirdilər. Sənət və şəxsiyyət məsələsi həmişə biri-birilə sıx bağlı olub. Bir vaxtlar Əbülfətvəli adlı aktyor vardı. Deyirdi ki, aktyor səhnədə bir gün şah, o biri gün qatil, başqa bir gün isə dilənçi obrazlarını yaradır, cilddən-cildə girir. Ancaq həyatda şəxsiyyəti daim ali olmalıdır ki, insanlar ondan nümunə götürə bilsinlər. Gərək aktyor şəxsiyyəti xırdalanmasın".

Azərbaycan teatrının səhnəsində Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi nəhəng sənətkarların əsərləri daim oynanılıb. Bu gün də onların yaradıcılığına müraciət edilir. Şübhəsiz, güclü dram əsəri olmasa, böyük teatr yaranmaz. Azərbaycanda dramaturgiyanın özümüzəməxsus ənənəsi var. Azərbaycan teatrının mövcudluğu şübhəsiz, cəfakeş sənət fanatlarının hesabına mümkün olub. Belə cəfakeş sənətkarlardan biri də aktyor Məhəmməd bəy Əlvəndidir.

Bu dövrdə peşəkar aktyorların istənilən səviyyədə olmaması təbii idi. Məhz belə bir zamanda professional aktyorların birdən-birə yetişməsi mümkün deyildi. İ.Kərimov hesab edir ki, müasir ölçülərlə yanaşsaq, M.Əlvəndi həvəskar bir aktyor idi: "Burada heç bir qəribəlik yoxdur. Çünki inqilabdan əvvəlki Azərbaycan teatrını yaradıb inkişaf etdirən ziyalılar məhz həvəskar olmuşdular. Peşə sahibi olmaq baxımından Hüseyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla professional aktyor sayılırlar. Onlar səhnəyə müqəddəs məbəd kimi baxır, peşəni səhnə fəaliyyətində görür, heç yerdə işləmir, əsasən teatr truppasının əldə etdiyi gəlirdən paylarına düşən cüzi təminatla dolanırdılar.

Məhəmməd bəy Əlvəndi dövrünün mütərəqqi fikirli ziyalıları, xüsusən Əbülfət Vəli, Hüseyn Ərəblinski, Mehdi bəy Hacınski, Cahangir Zeynalov kimi aktyor dostları ilə çiyin-çiyinə duraraq Azərbaycan teatrının geniş xalq kütləsi içərisində nüfuzunun artmasına var qüvvəsilə çalışırdı. Xalq artisti Hacıağa Abbasovun xatirələrinə əsaslansaq, o, uca boylu, möhkəm bədənli, sağlam düşüncəli bir şəxs, sözün əsil mənasında səhnənin dəlisi idi. Onun bu dəliliyi ağıllı zəhmətindən qidalanan qüvvətli istedadından doğurdu".

Azərbaycan teatrının inkişafında mühüm xidmətləri olan aktyorlarımızdan biri də Ələkbər Seyfidir. Əməkdar mədəniyyət işçisi Maarif Teymur Ələkbər Seyfi ilə 42 il qabaq olan ilk görüşünü belə xatırlayır: "1968-ci ilin baharı idi. Gəncənin qədim məhəllələrinin birində bəstəboy, qıyıq gözlü, üzündən nur yağan bir nəfərlə utana-utana görüşdüm. Sonra Gəncə çayının lal axını istiqamətində Abbas Səhhətin büstünə tərəf gəldik. Onun heç kəsə bənzəməyən sakit danışığı məni məftun etmişdi: "Deməli, oğul, sən Bakıdan gəlmisən. Gəncədə yaşayıb-yaradan ədəbiyyat və incəsənət xadimlərinin yaradıcılığına aid sənədləri toplayıb Bakıya aparacaqsan. Yaxşı işdir, uğurlar olsun". Elə bil ki, bu görüş dünən olmuşdu. 42 ilə yaxındır ki, gündəliyimdəki qeydlər həmişə məni Ələkbər Seyfi ilə görüşdürərkən ruhumda, yaddaşımda yaradıcı, qayğıkeş, doğma bir insan obrazı yaranır. Mən hələ onun sənətkarlığını demirəm. Ələkbər Seyfi ilə ikinci dəfə 1970-ci ilin oktyabrında yenə də Gəncədə görüşdük. Bu dəfə onunla söhbətimiz daha yaxşı tutdu. O, mənə həmişə mehribanlıqla "oğul" deyə müraciət edərdi. Söhbətdən, yadımda qalan bu oldu ki, Ələkbər Seyfi Novruz bayramı qabağı anadan olub. Onun həmin məqamda dediyi sözlər eyniylə yadımdadır: "Oğul, mən Tiflisdə anadan olmuşam. Özü də Novruz bayramına düz bir gün qalmış. 1901-ci ilin 19 martı mənim doğum tariximdir. Fəhlə ailəsindənəm".

Sonra Ələkbər müəllim üzünü günəşə tutub dedi: "Elə ilk təhsilimi də Tiflisdə almışam. Orta məktəbdə oxuyarkən dram dərnəyinə getmişəm. Teatra böyük sevgisi olan bir həvəskar kimi o dövrün tanınmış aktyorları ilə yaxından tanış olmuşam. 1911-ci ildə 10 yaşımda Şəmsəddin Saminin "Dəmirçi Gavə" tamaşasında epizodik rol olan Kavənin oğlu Bəhram rolunu oynamışam". O, Ələkbər Seyfi ilə dəfələrlə bu cür söhbətləşib. Onunla olan söhbətlərini həmişə böyük bir qayğı ilə qələmə alıb: "Ə.Seyfi 1917-ci ildən 1920-ci ilə qədər Tiflis şəhərində məşhur olan Zuvalov adına Xalq Evində təşkil olunmuş müsəlman dram cəmiyyətində aktyorluq edib. 1929-cu ilə qədər Tiflis Azərbaycan dövlət dram teatrında çalışıb. 1926-cı ildə isə Ələkbər Seyfi Bakıya köçür, Türk-Azərbaycan İşçi teatrında aktyorluğunu davam etdirir. 1933-cü ildə isə həmin teatrla birlikdə Gəncəyə köçür. İnsani keyfiyyətlərə malik olan Ələkbər Seyfi həm Tiflisdə, həm də Bakı və Gəncədə məhz bu keyfiyətləri ilə özünə əbədi hörmət qazanmışdı".

1938-ci ilə qədər Gəncədə çalışan Ələkbər Seyfi bir çox dəyərli, yadda qalan obrazlar yaratmağa müvəffəq olub. "Nadir şah"da Rzaqulu, "Hacı Qara"da Kərəməli, "Ölülər"də Məşədi Oruc, "Şeyx Sənan"da Şeyx Kəbir, "O olmasın, bu olsun"da Hambal, Həsənqulu bəy, "Arşın mal alan"da Vəli, "Müfəttiş"də Dobçinski, "Yanğın"da aqronom, "İncə"də Kərim və başqa rolları müvəffəqiyyətlə yaradıb. Maraqlıdır ki, Ələkbər Seyfi təkcə aktyorluqla məşğul olmayıb. O, həm də teatr üçün bir sıra tərcümələr edib. Həmin əsərlər səhnədə müvəffəqiyyətlə oynanılıb. R.Taqorun "Fəlakət", Lope de Veqanın "Kələkbaz sevgilim", Şillerin "Qaçaqlar", Q.Fiqeyredonun "Tülkü və üzüm", A.Salinskinin "Təbilçi qız", H.Muxtarovun "Şeytan nəsli", M.Lavrovun "Sabahın xeyir", B.Brextin "Üç qəpiklik opera", E.Kaplinksayanın "Növbədə" əsərlərini Azərbaycan türkcəsinə müvəffəqiyyətlə tərcümə edib: "Ələkbər Seyfi unudulmaz və yaradıcı sənəkar olmaqla yanaşı, həm də bacarıqlı rəhbər təşkilatçı kimi də mədəniyyət tariximizdə xüsusi yer tuturdu. Belə ki, o, ötən yüzilin 30-cu illərində Gəncədə Cəfər Cabbarlı adına Dövbət Dram Teatrında direktor vəzifəsində çalışıb. Sonradan Ələkbər Seyfi 1937-ci ilin günahsız qurbanı kimi həbs edilib. Sapı özümüzdən olan baltalar "Bomba" əsərini səhv başa düşərək onun sovet ideologiyasına qarşı çıxdığını bəhanə gətiriblər. Uzun müddət həbsxana həyatı yaşayan Ələkbər Seyfi partiyanın Stalindən sonrakı rəhbərləri Xruşşova, Malenkova və başqalarına ərizələrlə müraciət edib. Nəhayət o, azadlığa buraxılıb. 1962-ci ildə Ə.Seyfi yenidən Gəncə Dram Teatrında direktor vəzifəsinə təyin olunub, bir müddət orada çalışıb. O, daim yaradıcılıq ruhu olan sənətkar olub.

O, dayanmadan öz üzərində çalışırdı. Avropa və Rusiya klassiklərini mütaliə edirdi. Stanislavski kimi böyük səhnə islahatçısının demokratik fikirlərini öyrənir, həmin fikirləri məharətlə öz yaradıcılığında tətbiq edirdi: "Həmişə nikbin idi. Onun haqqında deyilmiş bəzi böhtanları da özünəməxsus təmkinlə qarşılamış, canından artıq sevdiyi səhnəni, aktyorluq sənətini, teatrı həmişə uca tutmuşdu". Ə.Seyfinin həmin dövrün keşməkeşli durumu ilə bağlı yazdığı qeydləri daxili aləmini, xarakterini çox gözəl açır. O, yazırdı: "Tiflis teatrının yetirmiş olduğu bir artist kimi yaradıcılıq yolunda böyük mayak olan bacarıqlı və istedadlı gürcü rejissorlarına, aktyorlarına minnətdaram. Professor Ş.Ağsabadze və görkəmli gürcü rəssamı İ.Qamrekelinin yaxından yardımı ilə Kirovobad (Gəncə) Dövlət Teatrında tamaşaya qoyulmuş olan "Otello" və "Divan" əsərlərinin tamaşaçılar tərəfindən necə rəğbətlə qarşılandığını sevinclə qeyd etməliyəm".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 16 fevral.- S.14.