Xocavənd soyqırımından
18 il ötür
İşğal altında olan rayon ərazisi
indi də ekoloji terrora məruz qalıb
Sabah Xocavənd
rayonunun işğala məruz qaldığı gündür.
Yəni 1992-ci il fevralın 17-də Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, eləcə də Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə
Xocavənd rayonu işğal olunub. Bu işğaldan artıq 18 il keçir. Xocavəndin işğalına nail olan erməni və rus hərbi birləşmələri növbəti işğalı və soyqırımı Xocalıda həyata keçirdilər. Şahidlərin dediyinə görə, ermənilər Xocavəndin işğalı zamanı da soyqırım törədiblər. Sadəcə bu faktları zamanında bütün bünyaya çatdıra bilməmişik.
Nə yazıqlar ki, bu və digər faciələrimizi yalnız ildönümlərdə xatırlayırıq, bundan artığını hələlik bacarmırıq. Uzaqbaşı ildönümlər yaxınlaşanda bir neçə kitablar nəşr etdirməklə, dəyirmi masalar düzənləməklə işimizi yekunlaşdırırıq. Yəni ermənilərin bu günə kimi başımıza gətirdikləri müsibətləri olduğu kimi dünya ictimaiyyətinə çatdıra, bu yöndə əməli iş görə bilmirik. (Başımıza gətirilən müsibətlərin müqabilində gördüyümüz işlər isə dəryadan bir damcıdır-red.) Biz yalnız Azərbaycanda özümüz deyib, özümüz də eşitməklə məşğuluq, bundan o yana gedə bilmirik. Ermənilər isə baş verməyən qondarma soyqırımlarını hər gün, hər saat yalan və şişirdilmiş informasiyalarla dünya ictimaiyyətinin beyninə yeridirlər. Çünki onlar qondarma soyqırımlarını təkcə uydurduqları tarixi gündə yad etmirlər, eyni zamanda hər gün olmayan tarixlərini bu və digər formada yada salırlar. Məsələn, Ermənistana gələn rəsmi və qeyri-rəsmi qonaqları İrəvanın mərkəzində ucaltdıqları qondarma soyqırım abidəsini ziyarət etmək üçün aparırlar. Qonaqları özlərinin guya ki, faciəylə üzləşdiklərini həm "soyqırım" abidəsi, həm də uydurduqları tarixdən hazırladıqları kitablar vasitəsilə inandırırlar. Məhz elə bunun nəticəsidir ki, iki il öncə Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner hansı ölkənin-Azərbaycanın, yoxsa Ermənistanın işğalçı ölkə olduğunu hələ də bilmədiyini söyləyirdi. Bu faktla birinci dəfə deyil ki, qarşılaşırıq. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri belə, Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildirmirlər. Hər dəfə Dağlıq Qarabağ probleminin həlliylə bağlı keçirilən danışıqlar zamanı işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyniləşdirirlər. Və hər ikisinin güzəştə getməsini məqbul sayırlar.
İstər Xocalı, istər Xocavənd, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm əsərlərində öz əksini layiqincə tapmayıb. Düzdür bəzi istisnaları çıxmaq şərtilə, hələ də bu istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik.
xxx
Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Naxulu, Salaketin, Günəşli, Xətai, Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ obası, Tuğ kəndi və s. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə-tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda yerləşən
Ermənistan hərbi birləşmələri, Rusiya
Silahlı Qüvvələrinin
Xankəndidə dislokasiya
olunan 366-cı motoatıcı
alayının hərbi
texnikasının və
canlı qüvvəsinin
dəstəyi ilə
1992-ci il fevral ayının 15-dən başlayaraq,
rayonunun azərbaycanlılar yaşayan
Qaradağlı kəndinə
hücuma keçirlər.
İki gün çəkən döyüşdən
sonra mühasirəni qıran ermənilər fevralın 17-də kəndi
işğal edirlər.
İşğal zamanı
Qaradağlı kəndi
tamamilə dağıdılır,
dinc, əliyalın, günahsız əhaliyə, uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulur. Qaradağlıdan girov götürülən
117 nəfər kənd
sakinindən 80-ə yaxını
xüsusi amansızlıqla
qətlə yetirilib,
6 nəfər itkin düşüb, 9 nəfərin
isə şahid ifadələrinə əsasən,
əsir götürüldüyü
sübut olunub. Şahidlərin sözlərinə görə, əsir götürülən
azərbaycanlıların 43 nəfəri Xankəndinin
2 kilometrliyində güllələnib.
Sonra isə onların bəzilərinin
başları kəsilib.
Aysel
Xalq Cəbhəsi.- 2010.- 16 fevral.- S.9.