Milli soyadları kim istəmir?
Məhərrəm Zülfüqarlı: "Ölkədəki bəzi
qüvvələrin gözü
və qulağı Rusiyadadır"
Ölkənin müstəqillik dönəmində növbəti dəfə gündəmə gələn soyadların milliləşdirilməsi məsələsi ətrafında müzakirələrin yeni dalğası başlayıb. Amma soyadlarımızın rus-fars sonluqlarından təmizlənməsi təşəbbüsü əvvəllər olduğu kimi yenə də birmənalı qarşılanmır. Əhalinin böyük bir hissəsinin bu prosesin vacibliyi qənaətində olmasına baxmayaraq, rus soyad sonluqlarından ikiəlli yapışanlar da az deyil. Həm də burada söhbət "ov"-lardan heç də adi vətəndaş səviyyəsində imtinadan getmir. Bu günlərdə parlamentin deputatı Anar Məmmədxanov mətbuata müsahibəsində nə olursa-olsun öz soyadını milliləşdirməyəcəyini qəti şəkildə bildirib. O, hətta uyğun qanunun qəbul olunacağı təqdirdə də, soyadının sonundakı "ov"u dəyişdirmək fikrindən uzaqdır. Deputatın sözlərinə görə, "beşbaşlı div də gəlsə", onu bu işə məcbur edə bilməz. Anar Məmmədxanov öz mövqeyini açıq şəkildə ortaya gətirib və əsaslandırmağa çalışıb. Buna nə dərəcədə nail olub-olmadığı isə başqa məsələdir. Amma ölkədəki müəyyən çevrələr soyadların rus sonluqları ilə qalmasından ötrü pərdə arxasında ciddi çalışmalara başlayıblar. Əks halda, soyadların milliləşdirilməsi kimi bir aksiomanın "isbat"ı bu qədər vaxt aparmazdı.
Tarix elmləri namizədi Məhərrəm
Zülfüqarlı soyadların
milliləşdirilməsinin əleyhinə çıxan
insanların gözlərinin
və qulaqlarının
Rusiyada "olduğunu"
düşünür: "Azərbaycanın dövlət
müstəqilliyinin bərpasını
bütün varlığıyla
arzulayan, bu yolda mübarizə aparmış insanların
əsas arzularından
biri də soyadların rus sonuqlarından qurtarılması
idi. Həmin şəxslər Azərbaycanın
müstəqillik qazanmasından
sonra, hətta bir çoxları o tarixdən də əvvəl öz soyadlarını milliləşdirməyə başlamışdılar.
Nəticədə əhalinin
müəyyən hissəsi
rus soyad sonluqlarından qopa bildilər. Mən özüm də müstəqillik dönəmində
çətinliklə də
olsa, soyadımı dəyişdirdim. Yəni Zülfüqarovu, Zülfüqarlı
elədim. Amma onu da deməliyəm
ki, soyadın dəyişdirilməsi çox
böyük bürokratik
əngəllərdən keçir.
Tanıdığım bir
çox adamlar məhz bununla bağlı süründürməçilikdən
bezdikləri üçün
bu işi başa çatdırmadan
geri çəkilməli
olublar. Bəli, həqiqətən də,
soyadların milliləşdirilməsinə
ümumi münasibət
birmənalı deyil. Bayaq dediyim kimi, insanların
bir qrupu müstəqillik dönəmində
öz soyadlarını
dəyişdiriblər - onları
nə buna məcbur ediblər, nə də ki, o addımı
qanunvericiliyin doğurduğu
zərurətə görə
atmayıblar. İnsanların
başqa bir qrupu isə soyadların milliləşdirilməsinə
qarşı çıxmasalar
da, bu prosesin məcburi qaydada aparılmasının
əleyhinədirlər. Buna
misal olaraq, deputat Anar Məmmədxanovu
göstərə bilərik.
Belə adamların fikrincə, coyadların dəyişdirilməsindən öncə
geniş maarifçilik
işləri görülməlidir
ki, insanlar bu yeniliyə mexaniki şəkildə qoşulmasınlar. Mən
onları da başa düşməyə
çalışıram. Hər
halda, bəzilərinin
uzun illər boyu daşıdıqları
soyaddan imtina etməyə hazır olmadıqları açıq
görünür. Eyni
zamanda, onu da deməliyik ki, soyadların dəyişdirilməsi kimi
məsələdə məcburiyyətin
tətbiqi bir qədər mübahisəlidir.
Məsələn, yeni
qanun qəbul olunsa və soyadımı dəyişib
Zülfüqarzadəyə çevrilməyim tələbi
ortaya çıxsa, mən də bununla razılaşmayacam.
Ona görə də, bir məsələni
qabardaq ki, soyadların milliləşdirilməsini
istəyənlər bütün
hallarda bunu reallaşdıracaqlar. Amma
soyadlara münasibət
sadaladığım iki
kateqoriya ilə məhdudlaşmır. Heç
kimə sirr deyil ki, Azərbaycanda,
o cümlədən də hakimiyyət daxilində Rusiyaya meylli olan xeyli
insanlar var. Onlar soyadların milliləşdirilməsinə qarşı
açıq çıxışlara
yol verməsələr
də, bunun baş tutmaması üçün bacardıqlarını
edirlər. Burada da təəccüblü heç nə yoxdur. Elə adamlar təpədən
dırnağa qədər
sovet psixologisının
daşıyıcılarıdır və indi də
gözləri və qulaqları Rusiyadadır ki, "bəlkə də qaytardılar". Şübhə yoxdur ki, Azərbaycan üçün növbəti
dəfə Rusiya təhlükəsi reallığa
çevrilərsə, o
adamlar əllərində
gül-çiçək rusların
pişvazına çıxarlar.
Təbii ki, bu qüvvələr nəinki soyadların milliləşdirilməsini, eləcə
də milli şüurun yüksəlişini
və Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsini
qətiyyən arzulamırlar.
Məncə, bu prosesin daha rahat
getməsi üçün
doğrudan da, maarifləndirmə işlərinə
ehtiyac var. Soyadların nəyə görə milliləşdirilməli
olduğuna dair əhalini məlumatlandırmaq
lazımdır. Belə
olarsa, tərəddüdlü
insanlar rus soyad sonluqlarından imtinanın vacibliyinə inanarlar".
Rahid Cəfərli
Xalq Cəbhəsi.-
2010.- 16 fevral.- S.10.