Cavad xandan yadigar "Lisanüt-teyr"...
Gəncə xanının sifarişilə Möhsün
Nəsirinin yazdığı "Quş dili"ndə
Füzulinin "Hədiqətüs-süəda" əsərinin
təsiri duyulur
Anadilli ədəbiyyatımız
hər şeydən öncə dilimizin
varlığının təsdiqidir. Araşdırmaçı
Möhsün Nağısoylu deyir ki, Azərbaycan türk dilində
ədəbiyyatımızın ayrılmaz qolunu təşkil
edən bədii nəsr uzun bir inkişaf yolu keçsə də,
"Kitabi-Dədə Qorqud" dastanları nəzərə
alınmazsa, şeirlə müqayisədə çox az öyrənilib: "Azərbaycan klassik bədii
nəsr nümunələrinin çoxu
araşdırıcıların diqqətindən
yayınıb, bir növ kölgədə qalıb. Bu, bir
yandan, ümumiyyətlə, orta yüzilliklərdə şeirə,
poeziyaya meylin daha güclü olması üzündən bədii
nəsrin ağır və ləng inkişafıyla izah
olunursa, o biri yandan da Azərbaycanda uzun müddət klassik irsə,
xüsusilə də bədii nəsr nümunələrinə
olan birtərəfli və biganə münasibətlə. Belə ki, orta çağ Azərbaycan bədii nəsrinin
bir çox nümunələri indiyə kimi ya sırf dini əsərlər,
ya da ikinci dərəcəli tərcümələr
sayılıb. Ana dilimizdə
yaranmış klassik bədii nəsr nümunələrindən
biri də Möhsün Nəsirinin "Lisanüt-teyr"
("Quş dili") əsəridir. Onun əldə
olan bu yeganə əsəri Gəncə xanı Cavad xan
Ziyadoğlu Qacarın sifarişilə qələmə
alınıb. Müstəqil siyasət
yürütmüş Cavad xanın hakimiyyəti
dövründə (1785-1804) Gəncə xanlığı
güclənib, inkişafının zirvəsinə
çatıb.
Çağdaşlarının
yazdığına görə, Cavad xan möhkəm xarakterli,
qətiyyətli, cəsur və natiq bir şəxsiyyət
olub. Nəsirinin
doğulduğu yer, il və ölüm
tarixi haqqında əlimizdə heç bir bilgi yoxsa da,
"Lisanüt-teyr"əsərinin XVII yüzilliyin
sonlarında qələmə alındığını və
bu zaman müəllifin yetkin yaşda olduğunu söyləyə
bilərik. Əsərin girişində Cavad
xanın diliylə göstərilir ki, Nəsiri öz
dövrünün savadlı, məlumatlı şəxslərindən
olub. Kitabın sonunda işlənmiş
"sahibxame" (qələm sahibi) sözünə əsasən,
Nəsirinin saray tarixçisi olduğunu da güman etmək
olar".
"Lisanüt-teyr" əsəri
göstərir ki, Nəsiri klassik Şərq, o sıradan Azərbaycan
ədəbiyyatına dərindən bələd olub, ərəb
və fars dillərini mükəmməl
bilib: "Əsərdə Sədi, Hafiz, Cami
yaradıcılığına üz tutulması, onların qələmindən
çıxmış şeir parçalarının nəsr
arasında ustalıqla və yerində işlədilməsi
bunu aydın təsdiqləyir. Ancaq Nəsirinin
daha çox bəhrələndiyi,
yaradıcılıqlarına üz tutduğu, şeirlərindən
nümunələr gətirdiyi şairlər onun öz
doğma sələfləridir - Nizami, xüsusilə də
Füzulidir. Bəlli olduğu kimi, anadilli
klassik bədii nəsrimiz ərəb ədəbiyyatının
təsirilə uzun müddət qafiyə ilə - səclə
yazılıb. Azərbaycan ədəbiyyatı
tarixində qafiyəli nəsr özünün yüksək
zirvəsinə Füzulinin "Hədiqətüs-süəda"
əsərində çatıb. "Lisanüt-teyr"də
Füzulinin bu məşhur nəsr əsərinin təsiri
açıq duyulur".
Nəsirinin bu əsəri
haqqında geniş bilgini Azərbaycan MEA-nın müxbir
üzvü, professor Əlyar Səfərli verib. Əsərin qaynaqları,
ideya-bədii xüsusiyyətləri üzərində ətraflı
dayanan Əlyar Səfərli onu "Tutinamə"
adlandırıb: "Müəllif hekayə və rəvayətlərin
tutinin və heyvanların dilindən söyləndiyinə
görə, sözlə mənanın
bağlılığını nəzərə alaraq əsərin
adını "Lisanüt-teyr" ("Quş dili") qoyub. "Lisanüt-teyr" adlı başqa bir əsərin
Şərq ədəbiyyatında ilk dəfə böyük
özbək şairi Əlişir Nəvainin
yazdığı bəllidir. Nəvai bu əsərini məşhur
sufi şairi Şeyx Fəridəddin Əttarın
farsca yazdığı "Məntiqüt-teyr" əsərinin
təsirilə qələmə alıb. Çox
güman ki, Əlişir Nəvainin bu əsərindən Nəsirinin
xəbəri olub və onun təsirilə kitabına bu adı
seçib. Nəsirinin bu əsərinin Azərbaycanda
"Tutinamə" adıyla tanınması, şübhəsiz,
təsadüfi deyil. Məsələ burasındadır
ki, Nəsirinin "Lisanüt-teyr"i məzmunca Ziyaəddin
Nəxşəbinin fars dilində
yazdığı məşhur "Tutinamə" əsərilə
demək olar, eynidir. "Tutinamə"nin
kökləri, qaynaqları qədim hind folkloru və ədəbiyyatı
ilə bağlı olsa da, bu mövzu Yaxın və Orta Şərq
ölkələrində daha çox yayılıb. Nəxşəbinin "Tutinamə"si (1330) tez
bir zamanda bütün müsəlman Şərqinə
yayılıb, müəllifinə dünya şöhrəti
qazandırıb. Əsər orta yüzillərdə
bir sıra dillərə, o sıradan türk, türkmən,
özbək, tatar və başqa dillərə tərcümə
olunub. Bunların ən qədimi Nəxşəbinin
"Tutinamə"sindən təxminən 100 il
sonra Sultan Bayəzid üçün edilmiş türkcəyə
tərcümə sayılır. Otuz
görklü hekayətdən ibarət bu məşhur tərcümə
keçən yüzilin ortalarında alman dilinə də
çevrilərək çap edilib".
Azərbaycan ədəbiyyatında
"Tutinamə" mövzusunda qələmə
alınmış ilk əsər hələlik Möhsün Nəsirinin
"Lisanüt-teyr"i sayılır: "Cavad xan maraqlı
və ibrətamiz hekayətlərlə dolu bir əsərin -
"Tutinamə"nin insanların əxlaqında,
dünyagörüşündə müsbət rol
oynayacağını düşünərək onun ana dilində
yazılmasını buyurub. Nəsiri əsəri yazmaqda əvvəlcə
tərəddüd etsə də, sonralar özündə belə
bir bacarıq olduğunu duyub, tarixin "gizlinclərində
unudulub qalmış" "Tutinamə"ni
təzədən işləyib, ona yeni don geyindirərək
"Lisanüt-teyr" adlandırıb. Müəllifin
özünün yazdığı kimi, onun dilsiz heyvanları,
şüursuz quşları "danışdırmaqda" məqsədi
bu yolla insanları düzgünlüyə
çağırmaq, çağdaşı olduğu olaylar
barədə düşüncələrini oxuculara
çatdırmaqdır. Ancaq Nəsiri
"unudulmuş" bu əsərin adını və müəllifini
göstərmir. Görünür, Nəxşəbinin
"Tutinamə"si yuxarıda göstərdiyimiz kimi,
çox məşhur olduğundan Nəsiri buna ehtiyac
duymayıb. Həm də bir qayda olaraq orta yüzilliklərin
tərcümə əsərlərində onların fars dilindən tərcümə olunduğu
göstərilirsə də, əsl qaynaq və müəllifin
adı çəkilmir. Nəxşəbi ənənəvi
mövzuda əsər yaratsa da, onun əsəri orijinal
sayılır. "Lisanüt-teyr"lə
Nəxşəbi "Tutinamə"si arasında
yaxınlıq, oxşarlıq olduqca çoxdur. Təkcə bunu xatırlatmaq yetər ki, hər iki əsər
məzmunca və quruluşca demək olar, eynidir. Nəxşəbidə olduğu kimi, Möhsün Nəsiridə
də hekayətlər Şərqdə müdriklük simvolu
sayılan tutuquşunun dilindən söylənilir. Əri səfərdə olan gənc qadına
tutuquşu hər gecə bir ibrətli hekayət
danışmaqla onu pis yoldan çəkindirir. Nəsirinin əsərindəki 49 hekayətin
hamısı "Tutinamə"də olduğu kimi
başlayır, olaylar eyni biçimdə cərəyan edir,
eyni sonluqla bitir. Nəsiri "Tutinamə"dəki
şəxs adlarına, coğrafi adlara da toxunmayıb. Nəsiri "Tutinamə"yə məzmun
baxımından sadiq qalsa da, onun üzərində əsl
yaradıcılıq işi aparıb, qafiyəli nəsrlə
qələmə aldığı əsəri ana dilinin folklor
incilərilə, bədii ifadə vasitələri ilə zənginləşdirib,
bir növ yeni əsər ərsəyə gətirib. Nəsiri
"Lisanüt-teyr"i orijinal bənzətmə və məcazları
ilə bəzəyib, "Tutinamə"ni,
doğrudan da, bədiilik, söz sənəti baxımından
yenidən işləyib, onun üzərində əsl yaradıcılıq
işi aparıb. Nəsirinin öz işinə
yaradıcı münasibəti əsərdə olan şeir
parçalarında daha qabarıq şəkildə
özünü göstərir. O, əsərə yeri gəldikcə
məharətlə həm öz şeirlərini daxil edib, həm
də Nizami, Sədi, Hafiz, Cami, Füzuli, Qövsi kimi söz
ustalarının seçmə şeirlərindən bəhrələnib.
Nəxşəbidə şeirlərin
hamısı onun öz qələmindən
çıxıb".
Araşdırmaçı
bildirir ki, didaktik-nəsihətamiz əsər olan
"Lisanüt-teyr"dəki hekayətlərin çoxunda
qadın və onun əxlaqından danışılır. Müəllifin
fikrincə, istər qadın, istərsə də bütün
insanlar üçün başlıca keyfiyyət onun daxili
saflığı, əxlaqi təmizliyidir. İnsan məhz
bu kefiyyətlərə söykənərək mənəvi
kamilliyə ucala və öz arzu-istəyinə nail
ola bilər. Hekayətlərdəki hadisələr
daha çox Yaxın və Orta Şərq şəhərlərindən
"Lisanüt-teyr"in əldə
olan beş əlyazma nüxsəsinin
hamısı Azərbaycanın Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanılır. Bu nüxsələrin
beşi də XIX yüzilliyin 30-40-cı illərində Quzey
Azərbaycanda köçürülüb. "Lisanüt-teyr"in əlyazmalarından biri
yarımçıq, dördü isə tamdır. Tam nüsxələrdən ikisini 1833-1834-cü illərdə
eyni katib - Rəsul Allahverdi oğlu Nəsirzadə
köçürüb. Araşdırmaçı
Söhrab Bayramlı həmin beş
nüsxə əsasında "Lisanüt-teyr"in elmi tənqidi
mətnini hazırlayıb.
Elçin Qaliboğlu.
Xalq Cəbhəsi.- 2010.- 19 fevral.- S.14.