Mətbuat Şurası 135 illiyə hazırlaşır

 

Ötən gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Şura sədri Əflatun Amaşov tədbirin gündəliyini İH üzvlərinin müzakirəsinə təqdim edib.

İclasda öncə Mətbuat Şurasının milli mətbuatımızın 135 illiyi münasibətilə həyata keçirəcəyi tədbirlər siyahısı müəyyənləşdirilib. Bu sırada mediamızın tarixinə, aktual, həlli vacib problemlərinə dair silsilə konfransların, müxtəlif bölgələrdə regional bayram tədbirlərinin düzənlənməsi nəzərdə tutulub. Yekun tədbirin isə iyulun 21-də Bakıda "Gülüstan" sarayında təşkili gözlənilir. Həbsdə olan jurnalistlərin əfvi, KİV təmsilçilərinin təltifi və digər məsələlərlə əlaqədar Mətbuat Şurasının ölkə prezidentinə müraciətlərinin ünvanlanması da bu sırada yer alıb. İdarə Heyətinin üzvləri tədbirlər planını əsas kimi qəbul ediblər.

İclasda MŞ-nin "reket jurnalistika"ya qarşı mübarizəsinin ikinci mərhələyə qədəm qoyması prinsipcə müasir reallığa uyğun gələn adekvat addım kimi dəyərləndirilib. Bir sıra nəşrlərin Şuranın "qara siyahı"sından çıxarılmaları üçün MŞ-yə müraciətlərinə diqqəti yönəldən İH üzvləri məsələnin əsaslı həlli üçün araşdırma və monitorinqlərə zərurət duyulduğunu vurğulayıblar.

Qərara alınıb ki, bu iş MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq edəcəyi 5 nəfərlik qrupa həvalə olunsun. Həmin qrupa İH üzvlərindən Şura sədrinin müavini Müşfiq Ələsgərli, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas daxil edilib.

İclasda Azərbaycan Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı mübarizə tədbirlərilə bağlı bəyanatının ilkin mətni ətrafında da geniş diskussiyalar açılıb. Çıxışlarda qeyd edilib ki, Şuranın mövcud istiqamətdəki mübarizəsinin həlledici mərhələyə qədəm qoyduğu dövrdə belə bir sənədin ictimaiyyətə çatdırılması zəruridir. Bu, ümumi işin və məramın effektivlik əmsalını xeyli artıra bilər. Çünki adları "qara siyahı"da yer alan bəzi nəşrlər Mətbuat Şurasını məhkəmələrə verməklə kifayətlənməyərək öz səhifələrində qurumun İdarə Heyətinin üzvlərinin ünvanına təhqiramiz yazılar dərc edir, hədə-qorxular gəlirlər. Şura bu kimi media orqanlarının arxalarında bəzi dövlət məmurlarının dayanmalarına dair faktlara da malikdir.

Müzakirələrdən sonra bəyanatın müəyyən düzəlişlərlə ictimaiyyətə çatdırılması barədə yekdil qərar qəbul olunub.

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2010.- 19 fevral.- S.7.