21 fevral-Beynəlxalq Ana Dili günüdür

 

Güney Azərbaycanda 35 milyondan çox soydaşımızın hələ də ana dilində təhsil almaq hüququ yoxdur. İran-fars rejimi böyük bir xalqı məhz dilinə sərt qadağa qoymaqla əsarətdə saxlayır. Bilir ki, millət dilinə sahib olduqdan sonra onu artıq əsarətdə saxlamaq mümkün olmayacaq. İran ümumən güneyli soydaşlarımızın əzmini qırmaq üçün Quzey Azərbaycana müxtəlif üsullarla təsir edir ki, bəlkə o zaman Güney Azərbaycan sarsıla, inadından əl çəkə. Ancaq 200 ildir ki, əsarətdə qalan xalqımızın Güneydə yaşayan əksər hissəsi əgər ruhunu, dilini itirməyibsə, bundan sonra sarsılıb tamam özgələşəcəyini düşünmək şübhəsiz, sadəlövhlük olardı. Qəhrəmandır dilimiz, tarixin çox dönəmlərində sarsılsaq, məğlub olsaq da, dilimiz məhv olmayıb, sarsılmayıb.

Azərbaycanın müstəqillik dönəmini yaşadığı bir vaxtda hər bir soydaşımız tərəddüdsüz olaraq yurddaşlıq sevgisi üstə köklənməlidir. Balalarımıza qoyulan ad yığcam, mümkün qədər milliliyi ifadə etməli, digər tərəfdən də mənalı olmalıdır. Ancaq bu gün təəssüf ki, soydaşlarımız arasında adqoyma məsələsində problemlər kifayət qədərdir.

Filologiya elmləri doktoru, tanınmış araşdırmaçı Minaxanım Təkləli bildirir ki, adlarımız özündə həmişə şərqiliyi, türk ruhunu saxlamalıdır. Ruslarda adlar slavyan və provaslav mənşəlidir. Burada o ənənəvi adlar rusların keçmişini, tarixini əks etdirir: "Əslində millətin şəxs adlarının çox olması düz deyil: o zaman sistem dağınıq olur. Yəni şəxs adlarında uydurmalara ehtiyac yoxdur. Şəxs adları nə qədər az dəyişilməyə məruz qalarsa, o qədər yaxşıdır. Rus xalqının şəxs adları elə də çox deyil: Nikolay, Pavel, Pyotr və başqaları çox təkrar olunur. Hər yerdə də bildirir ki, bu, rusdur. Bizdə mücərrəd, uydurma, saxta adlar çoxdur. Adların çoxluğuna qaçmayaq. Eyni adların çoxluğu belə onların Azərbaycan adı olmasından soraq verir".

Minaxanım Təkləli daha sonra hesab edir ki, ad həm də millətin birliyinə dəlalət edən faktordur: "Adlarda bu qədər sərbəstlik olmaz. Bugünkü soyadlarımız nəslimizin adıdırmı? Təəssüf ki, yox. Bu gün qədim adlarımızı ermənilər saxlayırlar: Yengibaryan, Basdırmacıyan, Aşçıyan, İgityan, Babayan, Atayan... Biz Bayatlılar, Şahsevənlər, Qızılbaşlar, Ustaclılar, Şəmsəddinlilər bu gün Ağayev, Babayev, Hüseynov və başqaları olmuşuq. Ruslar bura gələndə rus qulluğuna kim girmişdisə, əvəlcə onların familiyaları dəyişdi. Sovet dövründə artıq bu, kütləviləşdi. Əgər mən babamın adını soyad olaraq qəbul edirəmsə, bəs sonda babamın babası, ondan da neçə arxa dönəri harada qaldı? Bu, o deməkdirmi ki, nəslim buradan başlayır? Rusiyada Puşkin, Tolstoy familiyasından olduğunu deyən bir kəs o saat hansı nəsildəndir bilinir. Əslində soyad nəsli, aid olduğumuz qədim ailəni göstərməlidir. Əgər qədim nəsil adlarımızı saxlasaydıq, bugünkü uşaq qədim dönəmlərdəki babasını axtarıb tapacaqdı. Avropalının soyu 15-ci yüzildən gəlir, bugünkü uşağı bilir ki, onun babası kim olub. Ancaq biz halalca soyadlarımızdan uzaq düşdük. Özümüzü qədimliyimizdən nə ilə desən ayırırıq. Görəsən, keçmiş dəyərlərimizdən hansı cəhətləri saxlayırıq?"

Əslən Güney Azərbaycandan olan soydaşımız, şair və araşdırmaçı Aqşin Kəmərli uzun illərdir toponimika ilə məşğuldur. O hesab edir ki, yer adları hər hansı bir bölgədə yaşamış xalqların və onların qədim dillərinin bu günə gəlib çatmış qiymətli nümunələrdir. Bu adlar hər bir xalqın keçmişinin canlı şahididir. Bir çox qədim yer adlarının yaşı yazılı abidələrimizin yaşından qat-qat çoxdur. Bu toponimlərdə soykökümüzün, ən qədim dilimizin, tariximizin, dünyagörüşümüzün, əmək məşğuliyyətimizin soraqları mühafizə olunur. Deməli, onları qoruyub saxlamaq borcumuzdur. Hər hansı millətin varlığının əsas amillərindən biri onun yaşadığı ərazi, bu ərazi üzərində qurduğu mədəniyyətdir. Adlar nəsildən-nəslə gəlib çatıb: "Hətta ad qoyan xalq o ərazidən köçmüşsə də, ad yaşayıb, dövrümüzədək gəlib çatıb. Ancaq hakim şovinist dövlətlər tarixdə izlərimizi itirmək, assimilyasiya siyasətlərinə haqq qazandıra bilmək üçün yer adlarımızı dəyişdirib saxta, qondarma adlarla əvəz etməkdə, daha doğrusu, antitürk və antiazərbaycan siyasəti əsasında mədəni təxribata əl atıblar. 1923-cü ildən başlayaraq fars dili İranda məcburi şəkildə tam hakim dil oldu. Bütün başqa dillərdə yazıb-oxumaq qadağan edildi, ölkə boyu antitürk siyasəti gücləndirildi. O dövrdə ziyalılarımızın bir qismi beynəlmiləl, digər qismi isə panislamist düşüncələrlə yaşayırdılar. Qətiyyən xüsusi olaraq Azərbaycan türklüyünü düşünmürdülər. Nəticədə 1925-ci ildə ingilislərin əlilə Rza xan hakimiyyətə gəldi, "Bir millət, bir dil" şüarı altında fars dili dövlətin yeganə dilinə çevrildi. Başda Azərbaycan türkcəsi olmaqla bütün dillər "xarici dil" adlandırıldı".

1934-cü ildən başlayaraq Azərbaycanın Güneyində bütün mədəni fəaliyyətlər, yəni teatr, musiqi dayandırıldı. Bu məqamda coğrafi adların dəyişdirilməsinə xüsusi diqqət yetirildi: "Farsca yeni adları coğrafiya komissiyası hazırlayaraq rəsmi dairələrə veridi. Sonradan Fars Dil Qurumu - "Fəhrəngistan-e zəbane-farsi" yaradıldı. Bu qurum ölkə üzrə kütləvi şəkildə türk adlarını qondarma fars adları ilə əvəz etməyə, fars dilində işlədilən türk sözlərinin yerinə yeni farsca sözlər uydurmağa çalışdı. Çöllərin, yolların, küçələrin, dağların, kəndlərin, hətta kövşənlərin adı zaman-zaman dəyişdirildi. Kəndlərimizə bəzən elə adlar qoyuldu ki, xalq rəsmi dairələrdə bu adları yazmaqdan, yaxud deməkdən utanır". Ümumiyyətlə, indiyə kimi Azərbaycanımızın Güneyində on mindən çox türkcə yer adlarımızın dəyişdirildiyi bildirilir.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 23 fevral.- S.14.