Tarixə və bu günə fundamental baxış
Füzuli
İsmayılovun "Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi
kökləri və müasir dövr" əsəri haqqında qeydlər
Son illər Ermənistan-Azərbaycan
münaqişəsilə bağlı
yazılan tarixi və publisistik əsərlərin, araşdırmaların
sayı artmaqdadır.
Heç şübhəsiz
ki, tarixi həqiqətlərin gələcək
nəsillərə çatdırılması,
dünyanın daim dəyişməkdə olan
geosiyasi temporitminin, qloballaşmanın və müasir texnologiyanın gətirdiyi mədəni-mənəvi
naqisliklərin qarşısında
xalqımızın qan
yaddaşının, mənəvi
bütövlüyünün, dünyagörüşünün qorunub saxlanılması baxımından millətimiz
və dövlətimiz
üçün həyati
əhəmiyyət kəsb
edən bir məsələ ətrafında
geniş elmi müzakirələrin açılması,
yeni və fundamental yanaşmaların ortaya çıxması pozitiv bir hal kimi
nəzərə alınmalıdır.
Lakin bu da sirr deyil
ki, bəzən belə bir taleyüklü
məsələ ilə
bağlı olduqca bəsit, gerçək tarixi həqiqətlərin
müasir geosiyasi reallıqların nəzərə
alınmadığı "əsər"lərlə də
qarşılaşmalı olursan.
Məhz bu səbəbdən, tarixi, milli, mədəni və mənəvi məsələlərdə
say göstəricilərinin qabardılmasının əleyhinəyəm
və bu tendensiyanı zərərli
sayıram. Eyni zamanda
hesab edirəm ki, Azərbaycan xalqının dövlətçilik
tarixinə, qonşu xalqlar və dövlətlərlə münasibətinə,
xüsusilə də ərazi bütövlüyümüzlə
bağlı olan məsələlərə tarixi
xronologiya müstəvisindən
yanaşılması, proseslərin
Sovet tarixçiliyindən
miras qalan statistik göstəricilər
müstəvisində dəyərləndirilməsi
olduqca ziyanlıdır.
Qənaətimə görə, tariximizə,
xüsusilə də Azərbaycan türklərinin
bir millət kimi formalaşması prosesinə, milli-mənəvi-mədəni
dəyərlər sisteminə,
milli dövlətçilik
ənənələrinə, sərhəd və ərazi bütövlüyü
anlayışına münasibətdə
yalnız tarixçi olmaq yetərli deyil. Bu məsələlərə
yanaşmada geniş siyasi dünyagörüşü,
analitik düşüncə
tələb olunur.
Tarix elmləri
namizədi Füzuli İsmayılovun "Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi
kökləri və müasir dövr" kitabını varaqladıqca
Azərbaycan tarixinə
və milli mücadiləmizin ana xəttini təşkil edən Qarabağ davamıza yeni, həm də arzuladığım və
təqdir etdiyim bir yanaşmanın şahidi oldum. Bu yanaşma isə
Azərbaycan tarixinin gerçəkliklərini, Ermənistanın
işğalçılıq siyasətinin mahiyyətini
müasir oxucuya təqdim etmək üçün tək və yeganə yoldur.
Füzuli İsmayılovun
kitabında yer alan ən
önəmli məqamlarda
biri müəllifin Ermənistan-Azərbaycan münaqişəsinin
tarixi köklərinə
müxtəlif prizmalardan
yanaşma bacarığıdır.
İstifadə edilən
ədəbiyyat və
istinad olunan mənbələr Füzuli
İsmayılovun problemə
sadəcə bir tarixçi kimi yox, həm də
müasir dünyanın
reallıqlarını yaxşı
başa düşən
və Azərbaycan həqiqətlərinin təqdimatı,
düzgün qavranılması
üçün cağdaş
informasiya texnologiyalarından
istifadə etməyi bacaran, vətəninə bir anlıq, pafoslu emosiyalar vasitəsilə deyil analitik təfəkkürü
ilə xidmət etmək məqsədi güdən bir vətəndaş kimi yüksək keyfiyyətlərini
nümayiş etdirir.
Bu fikirləri
əsaslandırmaq üçün
Füzuli İsmayılovun
"Ermənistan-Azərbaycan münaqişəsinin tarixi
kökləri və müasir dövr" kitabından bir neçə sitat gətirmək yetərlidir:
"...Erməni politoloqları
və onların havadarları sovet hökuməti ilə erməni hərbi komandanlığı arasında
heç bir hüquqi əsasın olmayan 1920-ci il
aprel sazişini çox qabardırlar. Heç bir qüvvəsi olmayan (xüsusilə SSRİ-nin dağılmasından sonra)
həmin müqaviləyə
görə, Qarabağ,
Naxçıvan, Laçın,
Kəlbəcər və
zəngilan qəzaları
Ermənistana verilməli,
erməni ordusu isə təslim olaraq İran ərazisinə (?) keçməlidir.
Halbuki SSRİ-nin dağılmasınadək ləğv
olunmamış və
indi də qüvvədə olan
"Lenin-Atatürk paktı"na
görə, Qarabağ,
Naxçıvan, Laçın,
Gəlbəcər və
Zəngilan Azərbaycanın
tərkibində saxlanılmış,
özü də rəsmi olaraq Naxçıvanın da Azərbaycan ərazisi kimi hüquqi təminatı təsbit olunmuşdur. Lakin bəzi müəlliflər
nədənsə bunu
"gizli saziş"
adlandırırlar. Bu günə kimi ləğv olunmamış
rəsmi sənəd gizli saxlanıla bilərmi?"
Qeyd edim ki, müəllifin tarixi həqiqətləri
diqqətə çatdırmaq
üçün nəinki
ermənilərin, hətta
əksər Azərbaycan
və Türkiyə tarixçilərinin ehtiyatla
danışdığı "Lenin-Atatürk paktı"nı
nümunə gətirməsi
istər tarixi, istərsə də hüquq baxımdan tamamilə doğru yanaşmadır. Çünki
müstəqil hüququn
iki ayrı-ayrı subyekti arasında deyil, sadəcə bolşeviklərlə erməni
hərbi komandanlığı
arasında imzalanmış
1920-ci il müqaviləsi heç bir halda beynəlxalq
hüquqi sənəd
sayıla bilməz. "Lenin-Atatürk paktı" isə Qars müqaviləsi də daxil olmaqla
birinci dünya müharibəsinin şərtlərinə
uyğun olaraq iki qarant dövlət
arasında imzalanmış
digər anlaşmalar kimi bu gün
də qüvvədən
düşməyib.
Kitabın "Azərbaycan-ABŞ beynəlxalq
dialoqunda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
konflikti" bölümü
təxminən 12 illik
fəaliyyət təcrübəsi
olan bir siyasi şərhçi kimi diqqətimi daha çox cəlb etdi. Doğrudur, müəxtəlif
illərdə bu mövzuda analitik yazılarla qarşılaşmışam.
Ancaq Füzuli İsmayılovun bu mövzuda çoxlu sayda, həm də kompetensiyalı mənbələrə istinad
etməsi, ABŞ-Azərbaycan
münasibətlərinə məhz Dağlıq Qarabağ münaqişəsi
kontekstində fundamental yanaşma
tərzi marağıma
səbəb oldu və zənnimcə, müəllif bu mövzunu münaqişənin
tənzimlənməsi prosesində
bilavasitə və dolayısıyla iştirak
edən ölkələrə
münasibətdə də
davam etdirməlidir.
Füzuli İsmayılovun kitabında məni ən çox qane edən və sevindirən cəhətlərdən biri də müəllifin proseslərə münasibətdə tərəfsizlik və obyektivlik nümayiş etdirməklə yanaşı vətəndaş mövqeyini də qorumaq bacarığıdır. Etiraf edim ki, bəzi tarixçilərimizin və siyasi ekspertlərimizin bu məsələ ilə bağlı müəyyən kompleksləri var. Azərbaycanlı tarixçilərin və politoloqların bir qismi bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirak edən beynəlxalq təşkilatların və aparıcı güclərin, yaxud problemin çözüm yolları ilə bağlı mütəmadi hesabatlarla çıxış edən ayrı-ayrı araşdırma institutlarının, eləcə də ekspert və konfliktoloqların fikirlərinə istinad edərkən tərəfsizlik prinsiplərinə əməl etməkdən çəkinir, bunun ictimaiyyət tərəfindən düzgün qəbul olunmayacağını düşünürlər. Amma kimsəyə sirr deyil ki, bəzən ən ziddiyyətli fikirlərdə belə obyektivliyi görmək və onu tam çılpaqlığı ilə təqdim etmək mümkündür. Füzuli İsmayılovun bir-birilə tamamilə ziddiyyət təşkil edən fikirləri bir araya gətirməsi və müqayisəli şəkildə təhlil etməklə münaqişənin tarixi kökləri, təqdimatı və qavranılması müstəvisində mövcud olan problemləri ortaya çıxarması olduqca önəmli bir faktor kimi dəyərləndirilməli və zəruri yanaşma nümunəsi kimi qəbul olunmalıdır.
Hesab edirəm ki, Füzuli İsmayılovun "Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və müasir dövr" əsərinin sadəcə dərs vəsaiti kimi təqdim olunması müəyyən qədər məhdudlaşdırıcı xarakter daşıyır. Zənnimcə, kitab daha geniş oxucu kütlələri nəzərdə tutulmalıdır. Əsərin müasir Azərbaycan türkcəsində, hamının anlaya biləcəyi bir dildə qələmə alınması da onun oxucu auditoriyasının genişləndirilməsinə imkan yaradır.
Ümid edirəm
ki, müəllif mövzunu
yuxarıda sadaladığım istiqamətlərdə də uğurla davam etdirəcək,
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərinin tədiq olunması, eləcə
də bu problemin müasir dövrdə cərəyan edən
proseslər müstəvisində şərh olunması
baxımından yeni və fundamental araşdırmalara imza
atacaqdır.
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi.- 2010.-20 fevral.- S.7.