Su yenilənən
gün
Bu gün su çərşənbəsidir
Qədim el inancına görə, çərşənbələr su, od, yel və torpaq adıyla sıralanır. Su çərşənbəsi ilə bağlı danışan AMEA Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılov bu qənaətdədir ki, hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur: "Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbələrində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir".
Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Professor Azad Nəbiyev deyir ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb: "Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir. Bu isə ümumilikdə Novruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Novruza hazırlıq dekabrın 21-dən başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ - Böyük Çillə ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral). İkinci mərhələ - Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral). Üçüncü mərhələ - dörd həftəlik axır çərşənbələri əhatə edən Boz Aydır. Bundan sonra isə Novruz gəlir. İlaxır çərşənbələrin sıra düzümündə Su, Od və Yel çərşənbəsindən sonra Torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır". Ümumiyyətlə, su türklərin ruhunda çox rəmzləşib.
Çərşənbələrdə adətən tonqallar qalanır, insanlar tonqalın üstündən
atılıb ağrı-acılarının
oda tökülməsini
arzu edirlər. Burada məqsəd qışda qalan ağırlığın, ağrı-acının
candan tökülməsi,
insanın sağlam ruhla, saf qəlblə
bayrama qovuşmaq istəyidir. Boz ayın çəşənbələrindən
ilki olan su çərşənbəsi
xalq arasında həm də "əzəl çərşənbə",
"gözəl çərşənbə",
"gül çərşənbə",
"sular Novruzu" adları ilə deyilir. İnanca görə, su çərşənbəsində su yenilənir. Su çərşənbəsi
suya sitayişlə başlayar. Qədimdən
bəri insanlar günəş doğmadan
bulaq başına gedər, təzə suda əl-üzünü
yuyar, suyun üstündən atlanar, yaralıların yarasına
çərşənbə suyu səpərdilər. O gün suyun
ətrafına bir sıra mərasimlər keçirilərdi. İnanca
görə, səsi batıb danışa bilməyənlərə çərşənbə
suyu içirirlər.
İnanca görə,
su çərşənbəsində
sübh tezdən gedib axar bulaqdan,
çaydan və ya arxdan "lal su" (suyu
evə gətirənə
qədər heç kimlə
danışmaz) gətirərlər.
Bu suyu qablara
doldurarlar. Axşam bütün qızlar
toplanar, hər biri bəxti üçün üzüyünü
saçına sürtüb
atar. Üzük qabın kənarına toxunub cingildəyər. Üzük neçə dəfə cingildəyərsə,
o qızın bəxti də o sayda il
sonra açılar.
Yazın nəfəsinin
ilk duyulduğu su çərşənbəsində
inanca görə, sulara ixtiyar verilir, yəni həmin gündən daha sular donmur,
şaxta-qış onu
dondurub ixtiyarını
əlindən ala bilmir.
Gününüz su kimi aydın olsun!
Bu gün çərşənbələrin birincisi- su çərşənbəsidir
Artıq boz ayın ilk günlərini
yaşayırıq. Bu
gün isə su çərşənbəsini
qeyd edəcəyik. Dörd çərşənbədən
sonra isə Novruz bayramını-Bahar bayramını təmtəraqla
keçirəcəyik.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.-23
fevral.- S.14.